Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin tarixli iclasında çıxışı 1993-cü il 15 iyun

1991-ci ilin oktyabrında dövlət müstəqilliyini qazanmış Azərbaycan 1993-cü il iyunun 15 - nə qədərki müddətdə böhranlar, xaos və çaxnaşmalarla qarşılaşmışdı. 1992-ci ilin mayında Ayaz Mütəllibovun hakimiyyəti dövlətə zidd siyasət nəticəsində iflasa uğramış və Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gəlmişdi. AXC hakimiyyəti dövründə idarəetmədə müşayiət olunan kobud səhvlər, həmçinin yaranmış ağır sosial - iqtisadi gərginlik Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Cəbhədəki məğlubiyyətlər, torpaqların itirilməsi, ordu quruculuğunda yol verilən nöqsanlar ölkədə yeni - yeni faciələrin baş verməsinə səbəb olurdu. Gəncədə 1993-cü ilin iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Məhz bu anlarda xalqın və hakimiyyətin təkidli tələbi ilə böyük siyasətçi Heydər Əliyev Bakıya dəvət olundu. İyunun 9-da Bakıya gələn Heydər Əliyev məsuliyyətli məqamda xilaskarlıq missiyasını yerinə yetirdi. Heydər Əliyevin uğurlu siyasəti nəticəsində demək olar ki, daxili və xarici düşmənlərin bütün planları iflasa uğradı. Hadisələrin baş verdiyi Gəncəyə gedərək vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.(http://www.respublika.news.az/)

Heydər Əliyev həmin il iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini qeyd edib: \"Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm\".

İyunun 15-i Milli Qurtuluş Günü kimi tarixə düşüb. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü özünün 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş günü elan edib (http://www.meclis.gov.az/)

O vaxtkı prezident Əbülfəz Elçibəy iyunun 18-də Bakını tərk edib doğma kəndi Kələkiyə gedəndən sonra Heydər Əliyevin üzərinə düşən yükün ağırlığı daha da artdı. O, iyunun 24-də Milli Məclisin qərarı ilə prezidentin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il avqustun 29-da keçirilən ümumxalq səsverməsində səsvermə hüququna malik vətəndaşların 97.5 faizi AXC iqtidarına etimadsızlıq göstərdi. Həmin ilin oktyabrın 3-də beynəlxalq təşkilatların və xarici müşahidəçilərin iştirakı lə prezident seçkiləri keçirilirdi. Bu seçkilərdə Heydər Əliyev 98.8 faiz səs çoxluğu ilə prezident seçildi. (www. anl.az)

Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünya dövlətləri arasında özünə layiqli yer qazandı. Heydər Əliyevin qayıdışı ilə ölkənin ictimai - siyasi, sosial - iqtisadi, elmi - mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Milli Ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olundu. (http://www.az-customs.net/)

Heydər Əliyevin gəlişindən sonra dövlət müstəqilliyi qorunub saxlanıb, müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alıb, ölüm hökmü və senzura ləğv edilib, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib, milli - mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırılıb, əlifba islahatı həyata keçirilib.

Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də böyük siyasətçinin siyasi kursunu uğurla davam etdirir. Azərbaycan onun rəhbərliyi altında bir sıra uğurlara imza atıb. Uğurlu daxili və xarici siyasət, iqtisadiyyat, idman, mədəniyyət, sosial həyat və digər sahələrdə qazanılan uğurlar Azərbaycanın mövqeyini daha da gücləndirib. (http://www.nsfm.az/)

Tarixi arayış 15 may 2008-ci ildə yeniləşdirilib.