Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın \"Tomen\" şirkətinin prezidenti Akixiro Tzuçi ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 24 fevral 1998-ci il

Hörmətli cənab Tzuçi!

İlk əvvəl ölkəmiz haqqında, Azərbaycan xalqı haqqında söylədiyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm.

Mən Yaponiyaya bu uğurlu səfərimdən çox məmnunam və bu səfəri ölkələrimizin, xalqlarımızın əlaqələri tarixində böyük hadisə kimi qiymətləndirirəm. Azərbaycan ilə bir çox sahələrdə sıx əlaqələr qurmağa xüsusi maraq göstərməyinizi, ölkəmizlə əməkdaşlığa dair bir sıra təkliflərinizi diqqətlə dinlədim və onları bəyəndiyimi bildirirəm. Baş nazir cənab Haşimotonun dəvəti ilə Yaponiyaya ilk rəsmi səfərim ölkələrimizin əməkdaşlığının inkişafında yeni mərhələ açacağına əminəm. Xəzərin Azərbaycan sektorundakı yataqlarının birgə işlənməsinə dair imzalanmış müqavilələrin həyata keçirilməsində dünyanın bir çox ölkələrinin ən nüfuzlu şirkətləri yaxından iştirak etmiş, respublikamızın qapıları xarici iş adamları üçün açıq olmuş və onların Azərbaycanda geniş fəaliyyət göstərməsinə hər cür şərait yaradılmışdır. \"Tomen\" şirkəti ilə də əməkdaşlığın hər iki tərəfə böyük faydalar verəcəyinə əmin olduğumu bildirirəm.

Coğrafi-siyasi cəhətdən çox əlverişli bir ərazidə yerləşən Azərbaycan təbii ehtiyatlarla zəngin bir ölkədir. Məhz buna görə də Azərbaycana rəhbərlik etdiyim dövrdə ölkəmizdə aparılan hüquqi demokratik dövlət quruculuğu və islahatlardan, son illər qazanılmış nailiyyətlərdən xəbərdar olduğunuz mənim üçün çox xoşdur. Mən çox razı qaldım ki, müstəqil respublikamızın öz iqtisadiyyatını Dünya Birliyi ilə çıx bağlamağa xüsusi əhəmiyyət verirsiniz. Siz, eyni zamanda Xəzərin Azərbaycan sektorundakı zəngin təbii ehtiyatların əməkdaşlıq üçün böyük perspektivlər yaratmasından razılıqla söhbət açdınız. \"Tomen\" şirkətinin hazırladığı külək enerjisi stansiyalarının Azərbaycanda qurulmasına ehtiyac vardır və bu sahədə əlaqələrin canlandırılması üçün tələb olunan texniki-iqtisadi əsaslandırma hazırlamaq lazımdır.