"NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə Azərbaycan ‎Respublikasının Prezidenti Heydər Əliyevin nitqi" (Vaşinqton, 26 aprel 1999-‎cu il) sənədinə tarixi arayış

1994-cü il mayın 4-də Brüsseldə Azərbaycan Respublikasının ‎Prezidenti Heydər Əliyev NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramını ‎imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf ‎etdirilməsi üçün şərait yaranıb. ‎

‎1999-cu ilin aprelində Vaşinqtonda NATO-nun 50 illik yubileyinə həsr ‎olunmuş dövlət və hökumət başçılarının sammiti Alyans tarixində dönüş ‎nöqtəsi olub. Bunu sammit zamanı qəbul edilmiş sənədlər əsasında söyləmək ‎mümkündür. NATO-nun yeni strateji ‎konsepsiyasının qəbul edilməsi əhəmiyyətli hadisə olub. ‎

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 aprel 1999-cu ildə ‎NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə çıxış edib. O, ‎Azərbaycanın "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə ‎əməkdaşlığa böyük əhəmiyyət verdiyini və Azərbaycanın Şimali Atlantika ‎Müqaviləsi Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsinə öz ‎tərəfindən hər cür kömək göstərəcəyini bəyan edib. ‎

‎1999-cu ilin may ayında NATO Parlament Assambleyasının ‎Polşada keçirilən sessiyasında Azərbaycana həmin qurumda müşahidəçi statusu verilib. ‎‎2001-ci il noyabrın 19-da isə Azərbaycan Respublikası NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edilib.‎

Azərbaycan - NATO əlaqələrinin inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövründə daha da sürətlənib.

‎Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ilin may ayında Brüsselə səfəri zamanı NATO-nun baş katibi ilə ikitərəfli əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, maraq doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan Prezidenti ölkəmizin hazırladığı "Fərdi tərəfdaşlıq üzrə ‎Əməliyyat Planı"nı NATO-nun baş katibinə təqdim edib. (Həsənov Əli. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005,)

Bu plana görə Azərbaycan Şimali Atlantika ‎Blokunun 300-ə yaxın proqramında iştirak etmək hüququ əldə edib. Fərdi ‎tərəfdaşlıq planında iştirak Azərbaycanın NATO ilə əməkdaşlığı sahəsində dönüş ‎nöqtəsi olub. ‎

Azərbaycanın NATO ilə əməkdaşlığının mahiyyəti ondan ibarətdir ki, Azərbaycan ‎bu qurumun imkanlarından istifadə edərək beynəlxalq təhlükəsizlik sisteminə ‎inteqrasiya edə bilər. ‎

Azərbaycan - NATO əlaqələri getdikcə daha da intensivləşir. Azərbaycan ‎ordusunun NATO standartlarına uyğun formalaşdırılması prosesi gedir. ‎Azərbaycanın nümayəndə heyəti bu təşkilat çərçivəsində keçirilən tədbirlərdə fəal ‎iştirak edir. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri NATO ilə əməkdaşlıq çərçivəsində Kosovo və Əfqanıstanda sülhyaratma əməliyyatlarına qoşulub.

‎2004-cü il noyabrın əvvəllərində təşkilatın Baş katibi Yaap de Hoop Sxeffer ‎Cənubi Qafqaz ölkələrinə səfər çərçivəsində Bakıda olub. Respublika rəhbərliyi ilə ‎aparılan danışıqlarda Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" ‎Proqramında iştirakı, Azərbaycan-NATO fərdi tərəfdaşlıq planının ‎gerçəkləşdirilməsi, beynəlxalq terrorizmlə mübarizə üzrə əməkdaşlığın inkişaf ‎etdirilməsi məsələləri müzakirə edilib.‎

8 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə, NATO-nun qərargahında təşkilatın baş katibi Yaap de Hoop Sxeffer ilə görüşüb. Görüşdən sonra Prezident İlham Əliyev Şimali Atlantika Şurasında çıxış edib. NATO-nun üzvü olan dövlətlərin Şuradakı daimi nümayəndələri, səfirləri ilə müzakirələr aparılıb. Müzakirələrdən sonra Prezident İlham Əliyev və NATO-nun baş katibi Yaap de Hoop Sxeffer birgə mətbuat konfransı keçiriblər. Azərbaycan Prezidenti və NATO-nun Baş katibi bəyanatlarla çıxış ediblər (http://www.president.az/)

28 sentyabr 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsi və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

2-4 aprel 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO sammitində iştirak etmək üçün Rumıniyanın paytaxtı Buxarestdə səfərdə olub. Bu sammit NATO-nun yarandığı 59 ildə alyansın ən böyük tədbiri hesab olunur (www.mediaforum.az). Sammitin son günü Şimali Atlantika Şurasının üzvü olan dövlət və hökumət başçıları NATO-nun Buxarest sammitinin yekun bəyannaməsini qəbul ediblər. Sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsinə də toxunulub. Sənəddə deyilir: "Biz Şimali Atlantika Alyansına üzv ölkələrin dövlət və hökumət başçıları Cənubi Qafqaz və Moldova Respublikasında regional münaqişələrin davam etməsindən narahatıq. Bizim xalqlarımız Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir. Biz həmin prinsipləri nəzərə alaraq bu regional münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyirik". (http://www.anspress.com/)

27 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib. Görüşdə Azərbaycan-NATO əməkdaşlığının hazırki vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. (http://www.president.az/)

Tarixi arayış 12 iyul 2008-ci ildə yeniləşdirilib.

***

Azərbaycan NATO əməkdaşlığı 1994-cü il mayın 4-də Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması ilə başlayıb. 1997-ci ilin noyabrında isə Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın NATO ilə əməkdaşlıq üzrə Dövlət komissiyası yaradılıb.

1999-cu il aprelin 22-də keçirilən NATO-nun 50 illik yubileyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarına səfər edən Heydər Əliyev Zirvə görüşündə çıxış edərək “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.145