Quliyeva Səidə Zakir qızı. “HEYDƏR ƏLİYEVİN ƏSƏRLƏRİ AZƏRBAYCAN RESPUBLİKASININ İSLAM KONFRANSI TƏŞKİLATI İLƏ ƏLAQƏLƏRİNİ ÖYRƏNMƏK ÜÇÜN MƏNBƏ KİMİ” (2014)

İxtisas 5503.02 – Vətən tarixi

Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. XX əsr Azərbaycan tarixində baş vermiş ən əhəmiyyətli hadisə bir əsr ərzində iki dəfə dövlət müstəqilliyinin elan edilməsidir. Hər iki hadisə dünyada baş verən böyük dəyişiklərlə eyni vaxtda baş vermiş, hər iki dövrdə Azərbaycan xalqı bir sıra sınaqlarla yanaşı, erməni təcavüzü ilə qarşılaşmalı olmuşdur. 1991-ci ildə müstəqilliyin bərpasının elan edilməsi daha ciddi, daha ağır şərtlər altında baş vermişdi. Müstəqil dövlətin qorunması üçün zəruri olan bütün tələbləri həyata keçirmək vacib idi. Bu missiyanın öhdəsindən gəlmək, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömrünü təkrar yaşamamaq, müasir dünya siyasətində və beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin möhkəmlənməsi olduqca vacib idi. XX əsrin sonu – XXI əsrin əvvəllərində dünya siyasəti öz mürəkkəbliyi və rəngarəngliyi ilə fərqlənir. Qloballaşma, beynəlxalq inteqrasiya və sosial ziddiyyətlərlə dolu olan münaqişələr dövründə Azərbaycanın müstəqilliyini təmin etmək zəruri idi. Belə mürəkkəb tarixi şəraitdə görkəmli siyasətçi və dövlət xadimi, dünyada tanınmış və nüfuzlu şəxsiyyətin – Heydər Əliyevin hakimiyyətə gəlməsi, bu məsuliyyəti öz üzərinə götürməsi və uğurla həyata keçirməsi müasir Azərbaycan tarixinin qızıl dövrü kimi xarakterizə oluna bilər. (Mehdiyev R.Ə. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi / R. Ə. Mehdiyev; red.: İ.Ö.Vəliyev, K.Muxtarov. Bakı, 2001; Məmmədov N. Geosiyasətə giriş (iki cilddə). Bakı, 2011, c.II, s.240-292.) “Tarixi inkişafın mühüm amili, hərəkətverici qüvvəsi olmaq etibarilə şəxsiyyətin rolu mütləqdir. Tarixin bütün mərhələlərində şəxsiyyətlər ictimai inkişafın lokomotivi kimi çıxış edirlər. Bu o deməkdir ki, istisnasız olaraq, hər bir şəxsiyyət tarixin hərəkətverici qüvvəsidir.” (Mehdiyev R.Ə. Göstərilən əsəri, s.15) Müstəqilliyin ilk 10 ilində uğurlu xarici siyasətin aparılmasının Azərbaycanın gələcək həyatına mühüm təsiri oldu.

Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsi və dövlət quruculuğu istiqamətində atılan hər bir addımın tarixi əhəmiyyəti baxımından Azərbaycan tarixi üçün ən etibarlı və reallığı obyektiv əks etdirən mənbə hadisələrin mərkəzində olan dövlət başçısının əsərləridir. Çünki, “Görkəmli tarixi şəxsiyyətlər hər xalqın və bir dövlətin tarixinin fəal yaradıcılarıdır”. (Mehdiyev R.Ə. Göstərilən əsəri, s.13.) Heydər Əliyev irsinin tədqiq və təbliğ edilməsi istiqamətində tədqiqatların aparılmasının vacibliyi bir çox elmi məclislərdə səslənmiş, bu sahədə bir sıra tədqiqatlar aparılmışdır. (Mahmudov Y.M. Azərbaycan dövlətçiliyinin xilaskarı. Bakı, 1998; yenə onun, Yeni Azərbaycanın qurucusu // Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 1998, № 1;) Bütün bunlar nəzərə alınaraq, Azərbaycan– İKT əlaqələrinin inkişafında mühüm xidmətləri olan dahi dövlət xadimi Heydər Əliyevin əsərləri bu əlaqələrin öyrənilməsi üçün mənbə kimi elmi dövriyyəyə daxil edilir.

Mövzunun aktuallığını şərtləndirən amillər bir-biri ilə sıx bağlıdır:

- Dünya xalqlarının tarixində görkəmli şəxsiyyətlərin, dövlət və ictimaisiyasi xadimlərin əsərlərindən istifadə edərək onların yaşadıqları dövrün tarixini araşdırmaq ənənəsi mövcuddur. Belə tədqiqatlar, eyni zamanda xalqın tarixində şəxsiyyətin rolunun tədqiqi üçün xüsusilə maraqlıdır (Mehdiyev R.Ə. Göstərilən əsəri, s.16-17.). Dünya tarixində mövcud olan bu ənənə Azərbaycan tarixində də vardır. Bu metod bizə Azərbaycanın görkəmli şəxsiyyətlərinin əsərləri, memuarları əsasında onların yaşadıqları dövrün, konkret hadisələrin tarixini öyrənməyə imkan verir.

- Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət aparmış və xalqı öz ətrafında birləşdirməyi bacarmışdır. Heydər Əliyevin görkəmli tarixi şəxsiyyət kimi rolunun öyrənilməsi, həmçinin onun vəziyyəti düzgün qiymətləndirmək və hadisələri istiqamətləndirmək bacarığının, Azərbaycan tarixində mühüm xidmətlərinin araşdırılması tədqiqatın aktuallığını artıran cəhətlərdən biridir.

- Mövcud geosiyasi nəzəriyyələrdə Qafqaza və Azərbaycana aid yanaşmalarla tanış olan Heydər Əliyev, Azərbaycanın mühüm geosiyasi məkanda yerləşməsini nəzərə alaraq, beynəlxalq diplomatik əlaqələri düzgün qiymətləndirmişdir. O, dövlətimizin bütün beynəlxalq və regional, iqtisadi, mədəni və humanitar təşkilatlarda fəal iştirakına çalışmış və qarşılıqlı əlaqələr yaratmışdır. (Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 42 cilddə. Bakı, 1997-2012; Həsənov Ə. Geosiyasət. Dərslik. Bakı, 2010;) Qloballaşma dövründə Azərbaycan dünyanın bir çox ölkələri ilə əməkdaşlığını genişləndirməyə nail olmuş, sülh və əmin-amanlığın möhkəmləndirilməsinə marağı olan sülhsevər ölkə olduğunu bəyan etmişdir. Diplomatik əlaqələrin genişlənməsi bu əlaqələrin tarixinin tədqiqinə aktuallıq qazandırdı. Beynəlxalq münasibətlərin öyrənilməsində həmin prosesdə iştirak edən dövlət nümayəndələrinin fəaliyyətini əks etdirən əsərlər mənbə bazasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun Heydər Əliyevin əsərlərindən mənbə kimi istifadə etməklə öyrənilməsi çox geniş mövzu olduğundan dissertasiyanın konkret dövrü və tədqiqat istiqaməti kimi İslam Konfransı Təşkilatı (İKT, 2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı) ilə əlaqələrin tarixini araşdırmaq qərara alınmışdır.

- Azərbaycan 1991-ci ildən İKT-nin üzvüdür və bu təşkilat Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilatdır. İKT BMT-dən sonra dünya xalqlarının təmsil olunduğu və maraqlarının qorunduğu ikinci beynəlxalq dövlətlərarası təşkilatdır. İKT dünyada müsəlman xalqlarının rifahı və həmrəyliyi naminə siyasi təcrübə və bacarıqdan, elmi yeniliklərdən istifadə edən mütərəqqi təşkilat kimi fəaliyyəti ilə beynəlxalq dövlətlərarası təşkilatlar arasında nüfuza malikdir. Dünya siyasətində, həmçinin müharibə və münaqişələrdə dini amillərin təsirinin artması bu təşkilata marağı artırmışdır. Təşkilatın məqsədləri və fəaliyyəti, strukturu tədqiqatçılar tərəfindən universal qiymətləndirilir və daim maraq mərkəzindədir.

- Azərbaycanın İKT-yə üzv olmaq üçün müraciət etməyinin ciddi əsasları vardır. Belə ki, İslam dini qəbul edildikdən bu günə qədər Azərbaycan İslam sivilizasiyasının inkişafına öz töhfələrini vermişdir. İslam dini xalqın adətənənəsinin və milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Müasir dövrlərdə dünya müsəlmanları ilə əlaqələr qurulmasını öyrənmək Azərbaycan tarixinin tərkib hissəsidir və tədqiqata cəlb edilən aktual problemlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu barədə fikirləri tədqiqatın aktuallığını göstərir: “Azərbaycan xalqı və Azərbaycan islam dünyasının ayrılmaz parçasıdır. Bu, bizim tariximizdir, bu günümüzdür, ənənəmizdir, milli identifikasiyamızdır... Biz milli dəyərlərimizə çox sadiqik və bu dəyərlər bizim üçün hər şeydən üstündür.” (Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir. // Azərbaycan. 27 may 2012, s. 1-2). İslam dünyası ilə əməkdaşlıq Azərbaycan üçün təkcə iqtisadi və mədəni əlaqələrin inkişafı baxımından deyil, həmçinin ölkəmizin haqq səsinin dünyaya çatdırılması, beynəlxalq müstəvidə Qarabağ probleminə ədalətli münasibətin formalaşması və həllinə kömək üçün vacib amildir. Bunları nəzərə alaraq, İKT nümunəsində Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti, İslam dünyası ilə əlaqələri və mövqeyi, o cümlədən üzv-dövlətlərlə qarşılıqlı münasibətlərinin öyrənilməsi tədqiqatın aktuallığının göstəricisi kimi qeyd edilməlidir.

Tədqiqatın xronoloji çərçivəsi. Dissertasiyanın xronoloji çərçivəsi Heydər Əliyevin Azərbaycan Respublikasına prezidentliyi dövrünü – 1993- 2003-cü illəri əhatə edir. Araşdırılan problemin həllini tam izləmək üçün bəzən xronoloji çərçivədən kənara çıxılmışdır.

Problemin öyrənilmə səviyyəsi. Mövzu Azərbaycan tarixşünaslığında ayrıca bir elmi problem kimi tədqiqat obyekti olmamışdır. Tədqiqat işi bu məqsədi həyata keçirməyə ilk cəhddir. Bunu bir sıra səbəblərlə izah etmək olar.

70 il SSRİ-nin tərkibində olan Azərbaycanın müstəqilliyinin ilk illəri tarixin çox maraqlı mərhələsini təşkil edir. Keçid dövrü tarix elmində hər zaman maraq doğurur, çünki hər bir cəmiyyətdə bu dövrdə özünəməxsus proseslər baş verir. Bu proseslər isə digər cəmiyyətlər üçün təcrübə olaraq nəzərdən keçirilir. Azərbaycanın bu dövrü necə keçdiyini, qazandığı uğurlarını öyrənmək üçün müstəqillik əldə etdikdən 20 il sonra yaşanan hadisələrin şahidi kimi həmin tarixi dövrü qiymətləndirmək, keçmişə nəzər salıb tədqiq etmək və gələcək strategiyanın müəyyən edilməsi üçün əhəmiyyətlidir. Bu səbəbdən, mövzunun öyrənilməsi üçün indi əlverişli tarixi şərait yaranmışdır.

Qeyd etmək lazımdır ki, tədqiqata aid olan ayrı-ayrı problemlər qismən tədqiq edilmişdir. Onları şərti olaraq 3 qrupa bölmək olar:

1) Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti ilə əlaqədar olan tədqiqatlar; (Mehdiyev R.Ə. Göstərilən əsəri; Абдуллазаде Ф. Гейдар Алиев: политический портрет. Баку: Форт, 2003, )

2) Azərbaycan və İKT əlaqələri, o cümlədən İKT barədə tədqiqatlar;( İbayev V. İslam Konfransı Təşkilatı. Bakı, 1998; Ə)

3) Azərbaycanın müasir dövr tarixi barədə tədqiqatlar. (Əliyev İ.H. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar. /bur.məsul R.Ə.Mehdiyev. Bakı, 2008;)

Mövzunun tədqiqində 2-ci qrupa dair tədqiqatlara üstünlük verilmişdir. 1-ci və 3-cü qrupa aid ədəbiyyatlar köməkçi xarakterli tədqiqatlardır.

Birinci qrupa Azərbaycanın dahi dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti və dövlət quruculuğu, Azərbaycan tarixi və tarix elmi barədə fikirləri əks olunan tədqiqatlar aiddir. Akademik R.Mehdiyevin Heydər Əliyevin tarixi şəxsiyyət və lider kimi keyfiyyətlərini xarakterizə edən, dövlətçilik fəaliyyətinin fəlsəfi tərəflərini əks etdirən əsərlərinə üstünlük verilmişdir(Mehdiyev R.Ə. Göstərilən əsəri).

Heydər Əliyev irsinə tarixi mənbə kimi müraciət edilməsinə ilk cəhd AMEA-nın müxbir üzvü Y.M.Mahmudovun tədqiqatları hesab edilir. Y.M.Mahmudov Heydər Əliyevin dövlətçilik fəaliyyətini ilk dəfə “Azərbaycan dövlətçiliyinin xilaskarı” əsərində elmi tədqiqata cəlb edib. Alimin “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı fundamental tədqiqatında Heydər Əliyev irsdən mənbə kimi istifadə edilərək bir çox tarixi problemlərə dair müəyyən etdiyi istiqamətlərin, “Azərbaycan: qısa dövlətçilik tarixi” monoqrafiyasında isə Azərbaycanın dövlətçilik tarixi barədə fikirlərin elmi təhlili verilir, Azərbaycan ərazisində mövcud olmuş dövlət qurumlarının tarixini və onların inkişafının əsas mərhələləri tədqiq edilir. Müəllifin Heydər Əliyev irsini tarixi mənbə kimi tədqiq etməsi və araşdırılan faktları Azərbaycan tarixi fonunda təqdim etməsi çox uğurlu addım hesab edilir və məzmununa görə bu tipli yeganə tədqiqatdır(Mahmudov Y.M. Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı, 2005, 140 s. (kitab ingilis, rus və ukrayna dillərində də nəşr edilib)). Bu tədqiqatlarda Azərbaycanın İslam dünyası ilə əlaqələri barədə Heydər Əliyevin əsərlərindən faktlar təhlil edilmişdir.

Heydər Əliyevlə əlaqədar ilk dissertasiya professor İ.M.Hüseynovaya aiddir. İ.M.Hüseynova “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusunda 9 fəsildən ibarət doktorluq dissertasiyasında Heydər Əliyevin 1969-2003-cü illərdə siyasi və dövlətçilik fəaliyyətini hərtərəfli tədqiq edir. Eyni adlı monoqrafiyasının paraqraflarından birində Azərbaycan–İKT əlaqələrinə müəyyən yer ayrılıb. (Hüseynova İ.M. Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmlənməsində Heydər Əliyevin rol: tarix elm. dok... dis. avtoreferatı; yenə onun, Müstəqil Azərbaycan dövlətinin qurucusu.)

Bunlarla yanaşı, bir sıra tədqiqatlarda Heydər Əliyevin Azərbaycan tarixinin təbliği və tədrisi, metodoloji göstərişləri və apardığı ümumiləşdirmələri, tarix elminin inkişaf istiqamətləri və əldə edilən elmi nailiyyətləri öz əksini tapıb. Bu tədqiqatlar bir sıra nəzəri məsələləri sistemləşdirməkdə kömək ediblər. (Bayramov Q.M. Göstərilən əsəri; Hacıyev S.T. Azərbaycan tarixinin öyrənilməsinə yeni yanaşmanın banisi / Heydər Əliyevin anadan olmasının 85-ci il dönümü münasibətilə BDU Tarix fakültəsinin təşkil etdiyi elmi konfransın materialları. Bakı: 29 may 2008 və d.)

İkinci qrupa aid etdiyimiz tədqiqatlardan “Heydər Əliyev və Şərq” çoxcildliyini qeyd etmək vacibdir, çünki əsər İKT və ona üzv dövlətlər ilə əlaqələrin öyrənilməsi üçün kompleks sənəd və məlumat toplusudur. Çoxcildlikdə Azərbaycan Respublikasının İKT dövlətləri ilə əlaqələri barədə oçerklər təqdim edilir. Çoxcildliyin üstün cəhətlərindən biri topluya tarixi materiallar və oçerklərin, rəsmi sənədlərin daxil edilməsidir. Buna baxmayaraq, kitabda təqdim olunan materiallarda bir sıra faktlarda qeyri-dəqiqliklər mövcuddur.

Vətən tarixşünaslığında mövcud ədəbiyyatı təhlil edərək belə nəticəyə gəlmək olur ki, İKT-nin İslam dünyasındakı mövqeyi və Azərbaycanla əlaqələri qismən tədqiq edilmişdir. Azərbaycan–İKT əlaqələri, ümumiyyətlə İKT barədə ilk kitab hüquqşünas V.Ə.İbayev tərəfindən nəşr edilmişdir. Müəllifin “İslam Konfransı Təşkilatı” əsərində İKT-nin yaranması, strukturu, təşkilatın beynəlxalq hüquqi statusu tədqiq edilir. Əsərin bölmələrindən biri İKT və Azərbaycan əlaqələrinin 1991-1997-ci illəri əhatə edən tarixinə həsr edilmişdir. Kitabın digər bölməsi isə bütünlükdə İKT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hüquqi təhlilinə həsr edilir. Qeyd etmək lazımdır ki, “Heydər Əliyev və Şərq” toplusunda Azərbaycan–İKT əlaqələri barədə təqdim edilmiş mətn bu əsərdəki mətnin yenidən işlənmiş variantıdır.

Ermənistanın Azərbaycana təcavüzü, münaqişəyə beynəlxalq təşkilatların mövqeyi barədə tədqiqatlarda İKT-nin də mövqeyi və qətnamələri qiymətləndirilir. E.Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar” əsərində münaqişənin beynəlxalq təşkilatların müstəvisinə çıxarılması və problemin həlli istiqamətində gedən proseslər ilk dəfə elmi əsaslarla araşdırılır. Əsərdə İKT ilə əlaqədar yazılan məlumat, qətnamələrin mətninin verilməsi ilk tədqiqatlardan biri kimi müsbət qiymətləndirilir.

Azərbaycan tarixşünaslığında İKT barədə ilk dəfə 2007-ci ildə “İslam Konfransı Təşkilatı beynəlxalq münasibətlər sistemində (1969-2000-ci illər)” mövzusunda S.E.Eyyubova tərəfindən namizədlik dissertasiyası müdafiə edilmişdir. Tədqiqatçı İKT-nin yaranma tarixi və fəaliyyət istiqamətlərini araşdırmışdır. Dissertasiyanın III fəslinin 2-ci paraqrafında Azərbaycanın təşkilata üzv qəbul edilməsi və Ermənistanın Azərbaycana təcavüzü barədə İKT-nin mövqeyi göstərilir. İslam Konfransı Təşkilatı və Azərbaycan Respublikası arasındakı əlaqələrə aid “İslam Konfransı Təşkilatı və Azərbaycan Respublikası (1991-2006)” mövzusunda dissertasiya isə 2013-cü ilin dekabrında A.P.Əhmədov tərəfindən müdafiə edilir. Lakin bu tədqiqatda da Heydər Əliyevin əsərləri ilkin mənbə kimi istifadə edilməmişdir.

Göstərilən əsərlərdən əlavə, İKT barədə Rusiyada, Ermənistanda və Türkiyədə aparılan tədqiqatlar da xüsusi maraq doğurur. Tədqiqatlarda İKT-nin dünya müsəlmanlarının müasir problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində roluna dair təhlillər vardır. Rusiya Federasiyasında N.B.Jdanov, R.K.Xasanov, A.Balaşov, V.E.Dontsov və digər tədqiqatçılar İKT barədə tədqiqatlarında Azərbaycanla əlaqədar məsələlərə toxunurlar. E.Ş.Sultanov “İKT-nin fəaliyyətinin beynəlxalq-hüquqi aspektləri” mövzusunda müdafiə edilmiş namizədlik dissertasiyasında ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli üçün İKT-nin səylərinə toxunulur. A.S.Vartanyanın “Dağlıq Qarabağ probleminin həlli və beynəlxalq təşkilatların rolu” mövzusunda namizədlik dissertasiyasının III fəslinin 2.2 bölməsində İKT-nin mövqeyi təhlil edilir. Müəllif İKT-nin münaqişənin həllinə İslam həmrəyliyi prinsipindən yanaşdığını, lakin konkret əməli fəaliyyəti olmadığını, xüsusilə İKT-nin mövqeyinin Ermənistan və İslam dövlətləri arasındakı ikitərəfli əlaqələrə mane olmadığını faktlarla göstərir. İKT-nin bir neçə qurumunun Türkiyədə yerləşməsi İslamın beynəlxalq münasibətlərə təsirinin artması və Türkiyənin İslam dünyasındakı proseslərə təsirinin güclənməsi bu istiqamətdə tədqiqatları aktual etmişdir(Küreselleşme ve İslam Dünyası // İlmi Araştırma Dergisi. 03. sayı (Ocak 2002) 20. sayfada // http://www. ilmiarastirma.net/index.php; Türk-İslam Birliği Dünya Güvenliğine Zemin Olacaktır // İlmi Araştırma Dergisi 06. sayı (Aralık 2004) 42. sayfada //www.ilmiarastirma.net/index.php;).

Üçüncü qrupa Azərbaycan tarixi barədə ümumiləşdirilmiş əsərlər, xaricisiyasət və beynəlxalq əlaqələr, o cümlədən beynəlxalq təşkilatlarla əlaqələrə aid tədqiqatlar daxildir. Son illərdə İKT-yə üzv olan bir sıra dövlətlərlə ikitərəfli əlaqələrə dair tədqiqatlar aparılmışdır. Azərbaycanın xarici siyasəti, beynəlxalq təşkilatlarda fəaliyyətində əldə edilən nailiyyətlər dahi siyasətçi və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğundan bu istiqamətdə bir sıra uğurlu tədqiqatlar aparılmışdır. Həmçinin, Heydər Əliyevin xarici ölkələrə səfərlərində iştirak edən jurnalistlərin tədqiqatları da maraq doğurur. Bu əsərlərdən Heydər Əliyevin fəaliyyəti nəticəsində ikitərəfli və çoxtərəfli münasibətlərin əsasının qoyulması və inkişafı barədə materiallar əldə edirik. (Шукуров И. Дипломатия мира. Баку, Азербайджан, 1997, 392 с.; Ахундова Э.Г. Момент истины. Баку, «Дом сказки», 2003, 516 стр. və d.)

Tədqiqatın mənbə bazası. Tədqiqat zamanı müraciət edilmiş mənbələri, mövzuya aid faktların əks olunduğu sənəd və materialları iki qrupa ayırmaq olar: Heydər Əliyevin əsərləri və İKT-nin rəsmi sənədləri. Heydər Əliyev irsini sistemli şəkildə təhlil etmək üçün onu çıxışlar, nitqlər, müsahibələr, bəyanatlar, məktublar və qanunvericilik sənədləri adı altında qruplaşdırmaq lazımdır. Dövrü mətbuatda, elektron portallarda və çoxcildliklərdə əks olunmuş və Azərbaycan Respublikasının Milli Məclisində toplanmış bu materiallar əsas mənbə kimi tədqiqata cəlb edilmişdir(Azərbaycan qəzeti. 1993-2003; Heydər Əliyev. Elektron sənəd toplusu. http://heydaraliyev.preslib.az;).

Heydər Əliyevin əsərlərində Azərbaycanın bütün sahələrinə aid zəngin materialların olduğu, həmçinin bu geniş və çoxşaxəli mövzunun bir tədqiqat vasitəsilə araşdırmaq mümkün olmadığı nəzərə alınaraq, konkret istiqamət müəyyənləşdirilmiş və mənbə, əsasən, Azərbaycan–İKT münasibətlərinin öyrənilməsi məqsədilə mənbəşünaslığa daxil edilir.

Heydər Əliyev irsinin öyrənilməsi üçün əsas sənəd toplusu “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyidir. Toplu xronoloji çərçivəsinin və əhatə dairəsinin genişliyinə görə bu tipli yeganə mənbədir və çox böyük elmi-nəzəri və tarixi əhəmiyyətə malikdir. Çoxcildliyə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü ilin iyun ayından başlayaraq mühüm çıxışları, nitqləri, bəyanatları, məktubları, müsahibələri, məruzələri, müraciətləri daxildir(Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 1-ci kitab, Bakı, 1997, s.2.). Əsərlərin xronoloji ardıcıllıqla təqdim edilməsi tədqiqatçılar üçün geniş imkanlar yaradır. Sənədlərin bu şəkildə düzülüşü ilə hadisələrin inkişafını ardıcıl izləmək, onların eyni dövrdə baş verən digər hadisələrlə bağlılığını öyrənmək və müqayisəli tarixi təhlilini aparmaq mümkündür. Çoxcildlikdə Heydər Əliyevin Sammitlərdə iştirakı, İKT dövlətlərinə səfərləri, bəyanatları, məktubları və digər materiallar təşkilatla əlaqələrin inkişafını ardıcıllıqla öyrənilməsinə imkanı verir.

Heydər Əliyev irsinin təbliği və öyrənilməsi məqsədilə Heydər Əliyev Fondunun tərkibində “Heydər Əliyev İrsini Araşdırma Mərkəzi” və onun Beynəlxalq elektron kitabxanası fəaliyyət göstərir. Mərkəzin hazırladığı “Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında” adlı kitabda Heydər Əliyevin İslam Sammitlərindəki çıxışları, İKT-nin Azərbaycan ilə əlaqəli qətnamələri, Azərbaycan Respublikasının Prezidenti İ.Ə.Əliyevin təşkilatın tədbirlərində çıxışları, təşkilat barədə ümumi məlumat-soraq materialları təqdim olunur(Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında).

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı sərəncam, əmr, fərmanlar və digər rəsmi sənədlər – qanunvericilik sənədləri dissertasiyanın mənbə bazasında xüsusi əhəmiyyətə malikdir. Bu sənədlər dövlətlərarası münasibətlərin tarixinin izlənməsində ilk mənbə kimi qiymətlidir. Sənədləri təhlil edərək və ardıcıllığını izləyərək həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərin qanuni tənzimlənməsinin şahidi oluruq. “Azərbaycan Respublikasının Qanunvericilik toplusu”nun 1997-ci ildən başlayaraq nəşr edilməsinə baxmayaraq, Milli Məclisin arxivinin 2941 saylı fondunda saxlanılan sənədlərdən istifadəyə üstünlük verilmişdir. Çünki qəbul olunan Qanunlara Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təqdimatları, onun Milli Məclisin müzakirəsinə təqdim etdiyi sənədlərin əsilləri və tam mətnləri əlavə edilir. Qanunvericilik sənədləri əsasında ümumi olaraq və ya konkret mövzular üzrə mənbə kimi istifadə edərək tədqiqatı daha da zənginləşdirmək mümkün olmuşdur.

İKT-nin rəsmi sənədləri Azərbaycan tarixini öyrənmək üçün ilk dəfə elmi dövriyyəyə daxil edilir. Sənədlər, əsasən, təşkilatın rəsmi internet səhifəsindən əldə edilir. Saytda protokollar İKT qurumlarının tədbirləri üzrə qruplaşdırılmış və tarixlərinə görə ardıcıllıqla təqdim edilir. Bu sənədlərə əsasən İKT-nin orqanlarında Azərbaycanla əlaqədar qəbul olunmuş qərarları əldə edə bilirik. Eyni zamanda, bizim üçün maraqlı olan digər məsələlərlə, məsələn, İslam ölkələrinin problemləri, İKT-nin fəaliyyəti, Baş katibin hesabatları, digər beynəlxalq təşkilatlarla əlaqələr, həmin tədbirdə siyasi, iqtisadi, sosial, mədəni sahələrə aid aparılan müzakirələr və Yekun qətnamələrlə də tanış ola bilirik. (8 th session of The Islamic Summit Conference; 10th Extraordinary Conferences. Final Communique, Resolutions; Final Communique 20th Conference Of The Foreign Ministers;)

Bunlarla yanaşı, tədqiqat istiqamətinə uyğun olaraq, 1993-2003-cü illərə aid KİV və internet resurslarına da müraciət edilir. BMT və ATƏT-in Dağlıq Qarabağla əlaqədar iclaslarının protokolları və rəsmi sənədləri, İKTyə üzv dövlətlərin Xarici İşlər nazirlikləri, strateji araşdırmalar mərkəzləri, səfirliklər, elmi müəssisələrin saytlarında əks olunan materiallar ümumiləşdirilmiş, problemə kompleks yanaşmaq mümkün olmuşdur.

Eyni zamanda, xüsusilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Mədəniyyət və Turizm nazirliyinin, Təhsil nazirliyinin cari arxivindən və cari sənədlərindən istifadə edilmişdir.

Yuxarıda göstərilən mənbələr dissertasiyanın qarşısında qoyulan vəzifələri həll etməyə tam imkan verir.

Tədqiqatın məqsəd və vəzifələri. Mövzunun tədqiqində əsas məqsəd dahi dövlət xadimi və siyasətçi, Azərbaycan–İKT əlaqələrinin inkişafında müstəsna rol oynamış Heydər Əliyevin əsərlərinin Azərbaycan Respublikasının İKT ilə əlaqələrinin öyrənilməsi üçün mənbə kimi elmi dövriyyəyə daxil edilməsidir.

Problemin həlli üçün aşağıdakı vəzifələr müəyyən edilmişdir:

- Heydər Əliyevin əsərlərində İKT ilə siyasi, iqtisadi, sosial-humanitar sahələrdə əməkdaşlığa dair faktların aşkar olunaraq tədqiqata cəlb olunması;

- Bu faktların Azərbaycan–İKT əlaqələrinin tarixinin öyrənilməsində mənbə kimi istifadə edilməsi;

- Heydər Əliyevin əsərlərində Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra xarici siyasət istiqamətlərinin müəyyən edilməsi;

- Azərbaycanın İKT-yə üzv olması, əməkdaşlığın yaranması tarixinin İKT sənədləri əsasında araşdırılması;

- Azərbaycanın İKT-yə üzv dövlətlərlə çoxtərəfli və ikitərəfli əməkdaşlığının Heydər Əliyevin əsərlərində əksi;

- İKT və onun müvafiq qurumlarının tarixinin araşdırılması və Azərbaycanın həmin qurumlarla əlaqələrinin vəziyyəti;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məqsədilə İKT-nin fəaliyyətini və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının Heydər Əliyevin əsərlərində əksini araşdırmaq; - Azərbaycanın İKT vasitəsilə dünyaya inteqrasiyası vəziyyətini araşdırmaq;

- İKT-nin Azərbaycanla əlaqəli siyasətini nəzərdən keçirmək;

- İslam dünyasında baş verən hadisələrə Azərbaycanın mövqeyini və rolunu aydınlaşdırmaq.

Dissertasiyanın metodoloji əsası. Tədqiq edilən dövrdə regionda və dünyada baş verən hadisələrin Azərbaycana təsirini aydınlaşdırmaq vacibdir. Qafqazda toqquşan geosiyasi maraqları təhlil edərək bu vəziyyətdə İKT və ona üzv dövlətlərlə adət-ənənələrimizə uyğun həyata keçirilən xarici siyasətin beynəlxalq sistemin tərkibi fonunda ilk mənbələr əsasında öyrənilməsi maraq doğurur. Belə siyasətin tarixi şəxsiyyətlərin əsərlərinin təhlili ilə öyrənilməsi metodikası tədqiqat üçün faydalı olmuşdur. İKT ilə əməkdaşlığın və baş verən hadisələrin mahiyyətini araşdırmaq üçün mövzunun təhlilində tarixi tədqiqat, obyektivlik, sistemli yanaşma, mənbələrdə əks olunmuş materialların müqayisəsi, analizi və tənqidi qiymətləndirmə metodları əsas götürülüb.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat nəticəsində siyasi, sosial-iqtisadi və mədəni əhəmiyyət kəsb edən müddəalar əsaslandırılır. Elmi şərhə kömək edən cədvəl və xəritələr hazırlanmışdır. Dissertasiyada aşağıdakı elmi yeniliklər əldə olunub:

- Dissertasiya Heydər Əliyevin əsərlərinin Azərbaycan–İKT əlaqələrinin tarixini öyrənmək üçün mənbə kimi istifadə edilməsi sahəsində ilk tədqiqatdır.

- İKT və ona üzv dövlətlərlə əlaqələrin inkişafı üçün bu əlaqələrin qurulması və inkişafı strategiyası barədə Heydər Əliyevin əsərlərindəki materiallar elmi dövriyyəyə daxil edilir.

- İKT-nin rəsmi sənədləri, iclaslarının protokolları Azərbaycan–İKT əlaqələrinin öyrənilməsi üçün elmi dövriyyəyə daxil edilir.

- Heydər Əliyevin iştirakı ilə qəbul edilən dövlətlərarası sənədlərin siyahısı hazırlanmışdır.

- Azərbaycan və İKT-yə üzv dövlətlər arasında qarşılıqlı rəsmi səfərləri əks etdirən xəritə hazırlanıb ictimaiyyətə təqdim edilir.

- Heydər Əliyevin İKT və ona üzv dövlətlərlə əlaqədar fəaliyyətini əks etdirən xronologiya tərtib edilir.

- İKT-yə üzv dövlətlərlə əlaqələrdə səfirliklərin rolu araşdırılır və Heydər Əliyevin Azərbaycan Respublikasına prezidentliyi dövründə açılan səfirliklər barədə cədvəl ictimaiyyətə təqdim edilir.

- Azərbaycanın İKT təsisatları ilə səmərəli əlaqələrinin qurulması və perspektiv imkanları öyrənilir, təkliflər verilir.

- Ermənistanın işğalçılıq siyasəti barədə İKT-nin mövqeyinin formalaşmasında Heydər Əliyevin rolu və digər beynəlxalq təşkilatlarla münaqişənin həll edilməsi üçün İKT-nin səyləri araşdırılır.

- İKT-nin yaranması və Azərbaycanın təşkilata daxil olması prosesi vahid islam həmrəyliyi prosesinin daxilində araşdırılır.

- İKT-yə üzvlüyün üzv dövlətlərlə iqtisadi-siyasi və mədəni əlaqələrin güclənməsinə təsiri araşdırılır.

- Heydər Əliyevin İKT qurumları ilə əlaqələr barədə təklifləri və müasir mərhələdə həmin təkliflərin icrası vəziyyəti araşdırılır.

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Tədqiqatda əks olunmuş materiallar Heydər Əliyevin dövlətçilik təcrübəsinin və beynəlxalq təşkilatlarda fəaliyyətinin əsaslarının öyrənilməsində istifadə edilə bilər. Tədqiqatın elmi yeniliyi onun istifadə edilməsi üçün praktiki əhəmiyyətini artırır. Elmi nəticələrin tətbiqi barədə verilən tövsiyələr tarixi tədqiqatlar, beynəlxalq münasibətlər, regionşünaslar, politoloqlar, ilahiyyatçılar, həmçinin xarici siyasətlə məşğul olan dövlət orqanları tərəfindən istifadə edilə bilər. Tədqiqat və əldə edilmiş elmi nəticələr Azərbaycan tarixi, Azərbaycanın beynəlxalq münasibətləri tarixi, dünya tarixi üzrə ümumiləşdirilmiş dərsliklər və dərs vəsaitləri hazırlanarkən, həmçinin beynəlxalq münasibətlərə dair mühazirələrdə istifadə oluna bilər.

Tədqiqatın aprobasiyası. Dissertasiya işi BDU-nun Tarix fakültəsi “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” Elmi Tədqiqat Laboratoriyasında yerinə yetirilmiş və iki dəfə müzakirə edilmişdir. Dissertasiyanın əsas müddəaları ilə bağlı respublika və beynəlxalq elmi konfranslarda məruzə edilmiş, məqalələr nəşr edilmişdir. Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş elmi konfransda yüksək səviyyədə elmi çıxışına görə YAP Gənclər Təşkilatı tərəfindən I dərəcəli diplomla təltif edilib. Müəllif tədqiqatdan irəli gələn problemlərlə əlaqədar mövzu ilə BDU daxili “50+50” qrant layihəsinin qalibi olmuşdur. İKGF-nin Bakıda keçirdiyi İKT modeli: Beynəlxalq Münasibətlər Akademiyasında uğurla iştirak etmiş, Fəxri fərman və sertifikatlarla təltif olunmuşdur (2011, 2012, 2013). Təhsil Nazirliyi, Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyi və Atatürk mərkəzinin təşkil etdiyi Mustafa Kamal və Heydər Əliyev siyasi irsinə həsr olunmuş seminar-konfranslarda yüksək fəallığına görə I dərəcəli diplomla təltif olunmuşdur (2012).

Dissertasiyanın strukturu. Dissertasiya giriş, 8 paraqrafdan ibarət olan dörd fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir.

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

Dissertasiyanın Giriş hissəsində mövzunun aktuallığı və elmi əhəmiyyəti əsaslandırılmış, xronoloji çərçivəsi göstərilmiş, problemin öyrənilmə səviyyəsi araşdırılmış, mənbə bazası təhlil olunmuş, tədqiqatın məqsəd və vəzifələri müəyyənləşdirilmiş, metodoloji əsası aydınlaşdırılmış, elmi yenilikləri, nəzəri və praktiki əhəmiyyəti göstərilmişdir.

Dissertasiyanın “Heydər Əliyevin əsərlərində Azərbaycan-İslam Konfransı Təşkilatı əlaqələri” adlanan I fəsli 2 paraqrafa ayrılır. 1-ci paraqrafda Heydər Əliyev irsi Azərbaycan–İKT əlaqələrini öyrənmək üçün mənbə kimi təhlil edilir. Bu irsin dərindən və hərtərəfli tədqiqi həm Azərbaycanda, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyevin nəzəri və təcrübi fəaliyyətini, bilik və bacarığını, dövlət quruculuğunu əks etdirən irsi təkcə tarixçilər üçün deyil, müxtəlif sahələrdən olan tədqiqatçılar üçün qiymətli araşdırma mənbəyidir (Dennis Sammut. Müstəqillik əldə edəndən sonra Azərbaycanın xarici siyasəti: maraq, prioritet və taktikaların tənzimlənməsi // Azerbaijan Focus. Beynəlxalq münasibətlərə dair jurnal. № 1 (1) 2009, İyunAvqust. Azərbaycan Respublikası Prezidenti yanında strateji Araşdırmalar Mərkəzi, s.143-149;). Dissertasiyada Heydər Əliyevin fəaliyyətini əks etdirən materiallar dörd dövrə bölünür və tədqiqata uyğun olaraq, əsas üstünlük müstəqilliyin ilk illəri (1991–1993, iyun) və Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövrünə (1993–2003) aid materiallara verilir. XX əsrin 70-80 illik tarixinin canlı şahidi olmuş, fenomen yaddaşa malik Heydər Əliyev həm də ixtisasca tarixçi idi: dünya və Azərbaycan tarixini dərindən öyrənməsi onun görkəmli siyasətçi və dövlət xadimi kimi əldə etdiyi uğurlarında mühüm amil olur. Dahi dövlət xadimi Heydər Əliyevin əsərlərinin təhlili göstərir ki, o, Azərbaycanın İslam dünyası ilə tarixi əlaqələrinin xüsusiyyətini dəfələrlə vurğulayır. Çünki Azərbaycan türk-islam dünyasının əsas mərkəzlərindən biridir. Bu səbəbdən də, Azərbaycanın İKT ilə əlaqələrinin öyrənilməsi əhəmiyyətlidir. Əsərlərin təhlili göstərir ki, Sovet hakimiyyəti dövründə Azərbaycanın dünya dövlətləri ilə məhdudlaşdırılmış əlaqələri məhz onun fəaliyyəti sayəsində yenidən canlanmışdır. İslam ölkələri ilə münasibətlərin inkişafı üçün İKT çərçivəsində fəaliyyətlə kifayətlənməmiş, həm də Azərbaycanın milli maraqlarını təmin edən əməkdaşlığın, qarşılıqlı faydalı münasibətlərin inkişaf etdiril məsinə və qorunmasına çalışmışdır (Əliyev Heydər. Müstəqilliyimiz əbədidir; Heydər Əliyev və Şərq.). Bu məqsədlə İKT-yə üzv dövlətlərlə müxtəlif sahələrə dair sənədlər imzalanmışdır. Görülən bu tədbirlərin əsas məqsədi Azərbaycanın regionun və dünyanın təhlükəsizliyi və sabitliyinə istiqamətlənən siyasətidir. Azərbaycan Respublikasının prezidenti kimi İslam ölkələrindən ilk olaraq Türkiyə, İran və SƏK-ə səfər etmişdir. Heydər Əliyevin bu səfərlərinin və İslam Sammitlərində iştirakının Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsində və İKT-nin imkanlarından istifadə edilməsində mühüm rolu oldu. Heydər Əliyevin əsərlərindən görünür ki, o, Azərbaycanın İKT-nin fəaliyyətində iştirakını sistemləşdirir, təşkilatla mövcud əlaqələri, həmçinin müasir dövrün tələblərini təhlil edərək Azərbaycan diplomatiyası qarşısında konkret vəzifələr müəyyən edir.

Fəslin 2-ci paraqrafında Heydər Əliyevin İKT-nin rəsmi nümayəndələri ilə görüşləri və İKT-nin tədbirlərində iştirakına aid materiallar təhlil edilir. Dissertasiyada göstərilir ki, Heydər Əliyev Azərbaycanın mövqeyini dünyaya təqdim etməyə, regionun spesifik xüsusiyyətlərinə diqqəti cəlb etməyə nail olur. Çünki həmin dövrdə ikitərəfli əlaqələr yeni qurulurdu və uğurlu nəticə üçün başlanğıcda hər bir xüsusiyyətin təqdim edilməsi əhəmiyyətli idi. Bu əlaqələrin sistemli inkişafı üçün İKT-nin müvafiq orqanları ilə əməkdaşlıq məqsədəuyğun hesab edildi və hər bir qurumla əməkdaşlıq imkanları öyrənilməyə başlandı. Həmin dövrdə müharibənin yaratdığı ağır siyasi, sosial-iqtisadi gərginlik İKT ilə siyasi-iqtisadi əlaqələrə zərurət yaratdı, digər sahələrdə əməkdaşlığa tam imkan vermədi. Heydər Əliyev səfərlərin yekunu barədə bəyanatlarında və müsahibələrində İslam Sammitlərinə hazırlıq dövrü və qətnamələrin qəbulu prosesini, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini, sammitlərin İslam dünyası üçün əhəmiyyətini və Azərbaycanın qazandığı uğurları xarakterizə edir. Toplantıların imkanlarından istifadə edərək, həmin dövrdə ölkədə mövcud olan ağır sosial-iqtisadi vəziyyətin dünyaya çatdırılması və Azərbaycan üçün əhəmiyyətli qərarların qəbul edilməsinə nail olmağı ən vacib məsələ kimi qeyd edir.

Fəslin yekunu kimi tədqiqatçı belə nəticəyə gəlir ki, Heydər Əliyevin İKTnin rəsmi nümayəndələri ilə görüşləri və İslam Sammitlərində iştirakı Azərbaycan–İKT əlaqələrinin düzgün qurulmasında əhəmiyyətli olmuşdur və Azərbaycan hökuməti İKT tribunasından istifadə etməyi bacarmışdı. Buna görə də, dahi dövlət xadimi Heydər Əliyevin əsərləri Azərbaycan–İKT əlaqələrinin tarixinin öyrənilməsində mənbə kimi istifadə edilməlidir. Eyni zamanda, Azərbaycanın keçid dövrünün həmin dövrdə dövlət başçısı olan şəxsin əsərləri əsasında öyrənilməsi müstəqilliyin necə çətinliklə qazanıldığını və qorunduğunu əyani sübut edir. Heydər Əliyev irsi Vətən sevgisi, xalqın qorunması, müstəqil və uğurlu siyasət addımlarını öyrənməkdə böyük bir məktəbdir.

“Heydər Əliyevin əsərlərində Azərbaycanın İslam Konfransı Təşkilatı ilə əlaqələrinin yaranması problemi” adlı II fəsildə İKT-nin yaranması və Azərbaycanın təşkilata üzv olma məsələləri araşdırılır. Göstərilir ki, Azərbaycanın tarixən İslam sivilizasiyasının mühüm mərkəzlərindən biri olması səbəbindən İKT müstəqilliyin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilat olur. Heydər Əliyevin əsərlərində bu barədə olan faktlar təhlil edilir. Fəslin 1-ci paraqrafında Osmanlı imperiyasının süqutu ilə birlikdə xəlifəliyin də “aradan qaldırılması” nəticəsində həmin dövrdən başlayaraq müsəlmanların dini cəmiyyətinin yenidən vahid siyasi xətdə birləşməsi şüarı səslənməyə başlayır və Birinci dünya müharibəsindən sonra beynəlxalq təşkilat yaratmaq yolu ilə İslam dünyasının birləşdirilməsi ideyası formalaşır. (Хасанов Р.П. Организация Исламская Конференция и мусульманские государства СНГ.// Центральная Азия и Кавказ. 1997, №11. // http://www.ca-c.org; Балашов А. ОИК: Институциональный дизайн и основные направления развития в меняюшемся мире.) İlk beynəlxalq İslam təşkilatları İkinci Dünya müharibəsindən sonra dünya siyasətinə təsir etmədiklərinin şahidi oldular, çünki rəsmi dövlət səviyyəsində müsəlmanların maraqlarını qorumayan dövlətlərarası effektli mexanizm olmalı idi. 1969-cu ildə “İslam Konfransı Təşkilatı” adlı İslam ölkələrinin ilk beynəlxalq dövlətlərarası təşkilatı yaradıldı. Tezliklə dünyada gedən siyasi proseslərə təsir göstərməyə başlayan İKT beynəlxalq səviyyədə müvafiq beynəlxalq-hüquqi təsis sənədləri əsasında İslam dövlətlərinin problemlərinin həll edilməsi vasitəsi kimi formalaşmağa başladı. (Küreselleşme ve İslam Dünyası // İlmi Araştırma Dergisi. 03. sayı (Ocak 2002) 20. sayfada // http://www. ilmiarastirma.net/index.php; Донцов В.Е. Ислам в международных отношениях // Дипломатический Ежегодник. Москва: “Научная книга”, 1997, стр.62-89; Султанов Э.Ш. Международно-правовые аспекты деятельности организации Исламская конференция. Автореф.дис. канд. юрид. наук.) Dünya siyasətində İslam amilinin getdikcə artması İKT-nin beynəlxalq münasibətlərdə əhəmiyyətinin getdikcə artacağını göstərir. Dahi siyasətçi və dövlət xadimi Heydər Əliyev İKT-nin yaradılmasını İslam dünyasının həmrəyliyi və dünyada gedən proseslərin inkişafını təmin etmək üçün çox mühüm bir addım kimi yüksək qiymətləndirmişdir. (Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 3-cü kitab. Bakı, 1997. s. 9-41)

Fəslin 2-ci paraqrafında Azərbaycanın İslam Konfransı Təşkilatına daxil olması və əlaqələrin yaranması (1991-1993) barədə materiallar tədqiq edilir (Quliyeva S.Z.Azərbaycanın İslam Konfransı Təşkilatı ilə əlaqələrinin yaranması (1991-1993-cü illər) / “Dövlət və Din”.İctimai-fikir toplusu. Sentyabr, 2009.5(13),s.62-69;On ikinci Şeyxülislam. Bakı, 1999). Əsas hədəfi dünya siyasətində mövqeyini möhkəmləndirmək olan Azərbaycanın İKT-yə üzvlüyü onun beynəlxalq və regional təşkilatlarda təmsil olunması yolunda ilk addımı oldu və Azərbaycanın qarşısında yeni imkanlar açıldı. İslam dünyasının informasiya məkanından və siyasi dayağından istifadə imkanı əldə edən Azərbaycan Ermənistanın işğalçılıq siyasəti barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq fürsəti qazandı. Bundan sonra müstəqilliyin tanınması prosesi ilə paralel olaraq Azərbaycanla diplomatik əlaqələr qurmağa, beynəlxalq tədbirlərdə Azərbaycanın maraqlarını müdafiə etməyə başladılar. Azərbaycanın təşkilata üzv olduğu ilk illərə nəzər saldıqda bu dövrdə əlaqələrin ancaq humanitar və mənəvi dayaq səviyyəsində olduğunu görürük. İKT Baş katibliyi 1992-ci ilin martında Dağlıq Qarabağda gedən müharibə və onun nəticəsində yaranmış ağır sosial-iqtisadi vəziyyəti yerində öyrənmək məqsədilə Azərbaycana nümayəndə heyəti göndərir. Vəziyyətlə tanış olan heyət Azərbaycan hökuməti ilə problemin həlli yollarını müzakirə edir və Ermənistan, İran, Türkiyə və Rusiyaya səfərlər edərək rəsmi görüşlər keçirirlər. Ermənistan hərbi əməliyyatları dayandırmaq və işğalçı mövqeyini dəyişmək barədə razılığa gəlmədiyinə görə, İKT onunla danışıqları dayandırır. (nı əldə edən Azərbaycan Ermənistanın işğalçılıq siyasəti barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq fürsəti qazandı. Bundan sonra müstəqilliyin tanınması prosesi ilə paralel olaraq Azərbaycanla diplomatik əlaqələr qurmağa, beynəlxalq tədbirlərdə Azərbaycanın maraqlarını müdafiə etməyə başladılar. Azərbaycanın təşkilata üzv olduğu ilk illərə nəzər saldıqda bu dövrdə əlaqələrin ancaq humanitar və mənəvi dayaq səviyyəsində olduğunu görürük. İKT Baş katibliyi 1992-ci ilin martında Dağlıq Qarabağda gedən müharibə və onun nəticəsində yaranmış ağır sosial-iqtisadi vəziyyəti yerində öyrənmək məqsədilə Azərbaycana nümayəndə heyəti göndərir. Vəziyyətlə tanış olan heyət Azərbaycan hökuməti ilə problemin həlli yollarını müzakirə edir və Ermənistan, İran, Türkiyə və Rusiyaya səfərlər edərək rəsmi görüşlər keçirirlər. Ermənistan hərbi əməliyyatları dayandırmaq və işğalçı mövqeyini dəyişmək barədə razılığa gəlmədiyinə görə, İKT onunla danışıqları dayandırır. 1 1992-ci ildən başlayaraq İKT qurumlarının konfranslarında Ermənistanın Azərbaycan ərazilərini işğalı məsələsi müzakirə edilir, işğalçı siyasəti pisləyən qətnamələr qəbul edilir. Heydər Əliyev bu dövrü qiymətləndirərək bildirmişdir ki, “Ötən üç ildə Azərbaycan İKT ilə müəyyən əməkdaşlıq etsə də, bu, çox da səmərəli olmayıb... əgər bu müddət ərzində intensiv işlər görülsəydi, ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha möhkəm olardı, öz müstəqil siyasətini yeritmək üçün o, daha böyük imkanlara malik olardı...” III fəsil “Heydər Əliyevin əsərlərində Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında siyasi əlaqələrin əksi (1993-2003-cü illər)” adlanır. Fəslin 1-ci paraqrafında İKT-nin münaqişənin həllində səyləri, Heydər Əliyevin təşəbbüsü ilə ATƏT və BMT ilə əməkdaşlıq siyahısına daxil edilməsi, İKT-nin və ona üzv dövlətlərin Azərbaycanın mövqeyini müdafiə etməsi barədə faktlar araşdırılır. İKT, problemin beynəlxalq təşkilatlar səviyyəsində həllinə cəhd göstərən Azərbaycanın maraqlarını nəzərə alaraq, 1993-cü ildən başlayaraq ATƏT və BMT ilə birlikdə səy göstərməyə və Ermənistana təsir yollarını axtarmağa başlayır. Tədqiqat nəticəsində məlum olur ki, İKT beynəlxalq təşkilatlarla əlaqələrində Azərbaycanın maraqlarını daima müdafiə edir, Ermənistanın təcavüzkar siyasətinə son qoyulması tələb olunur. İKT, Ermənistanı təcavüzkar kimi tanıyan yeganə beynəlxalq təşkilatdır. BMT-də münaqişə ilə əlaqəli qətnamələrin qəbulunda İKT-yə üzv dövlətlər mühüm rol oynayırlar. İKTnin bütün səyləri nəticəsiz qalır və problemin həlli üçün konkret addımlar) 1992-ci ildən başlayaraq İKT qurumlarının konfranslarında Ermənistanın Azərbaycan ərazilərini işğalı məsələsi müzakirə edilir, işğalçı siyasəti pisləyən qətnamələr qəbul edilir. Heydər Əliyev bu dövrü qiymətləndirərək bildirmişdir ki, “Ötən üç ildə Azərbaycan İKT ilə müəyyən əməkdaşlıq etsə də, bu, çox da səmərəli olmayıb... əgər bu müddət ərzində intensiv işlər görülsəydi, ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha möhkəm olardı, öz müstəqil siyasətini yeritmək üçün o, daha böyük imkanlara malik olardı...”

III fəsil “Heydər Əliyevin əsərlərində Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında siyasi əlaqələrin əksi (1993-2003-cü illər)” adlanır. Fəslin 1-ci paraqrafında İKT-nin münaqişənin həllində səyləri, Heydər Əliyevin təşəbbüsü ilə ATƏT və BMT ilə əməkdaşlıq siyahısına daxil edilməsi, İKT-nin və ona üzv dövlətlərin Azərbaycanın mövqeyini müdafiə etməsi barədə faktlar araşdırılır. İKT, problemin beynəlxalq təşkilatlar səviyyəsində həllinə cəhd göstərən Azərbaycanın maraqlarını nəzərə alaraq, 1993-cü ildən başlayaraq ATƏT və BMT ilə birlikdə səy göstərməyə və Ermənistana təsir yollarını axtarmağa başlayır. Tədqiqat nəticəsində məlum olur ki, İKT beynəlxalq təşkilatlarla əlaqələrində Azərbaycanın maraqlarını daima müdafiə edir, Ermənistanın təcavüzkar siyasətinə son qoyulması tələb olunur. İKT, Ermənistanı təcavüzkar kimi tanıyan yeganə beynəlxalq təşkilatdır. BMT-də münaqişə ilə əlaqəli qətnamələrin qəbulunda İKT-yə üzv dövlətlər mühüm rol oynayırlar. İKTnin bütün səyləri nəticəsiz qalır və problemin həlli üçün konkret addımlar atılmır. Mənbələrdən məlum olur ki, Heydər Əliyevin apardığı məqsədyönlü iş sayəsində İKT konfranslarında Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar yaranan ağır sosial vəziyyəti tam əhatə edən qətnamələr qəbul edilir. Azərbaycanın İKT dövlətləri tərəfindən kifayət qədər müdafiə olunmasından narahat olan Ermənistan İslam dövlətləri ilə əlaqələrini genişləndirməyə çalışır (Вартанян А.С. Проблема урегулирования конфликта в Нагорном Карабахе и роль международных организаций. Автореф. дис... канд..полит.. наук. 216 с.;). Erməni icmasının fəal olduğu və Ermənistanın səfirliklərinin fəaliyyət göstərdiyi ölkələrdə onlar müəyyən mənada məqsədlərinə nail olurlar. Araşdırmalar göstərir ki, Azərbaycanın mövqeyini müdafiə edən üzv dövlətlərdən bəziləri Ermənistanla ikitərəfli münasibətlərini davam etdirirlər. Bir sıra İKT dövlətlərində Ermənistanın səfirliyi və konsulluğu, Ermənistanda isə İran, Misir, Livan, Suriya kimi İKT dövlətlərinin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir(Armenian Embassies, Consulates And Representations// http://www.armeniaforeignministry.com). Heydər Əliyev bu dövlətlərin mövqeyinə təsir etmək məqsədilə Azərbaycan hökuməti qarşısında konkret vəzifələr müəyyən edir(Quliyeva S.Z. İslam Konfransı Təşkilatının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə mövqeyinin formalaşmasında H.Ə.Əliyevin rolu (1991-2003) // Diplomatiya aləmi. Xarici İşlər Nazirliyinin jurnalı. Bakı: 27/2010, s.31-39;).

2-ci paraqrafda Heydər Əliyevin İslam sammitlərində və digər beynəlxalq tədbirlərdə üzv dövlətlərin dövlət və hökumət başçıları ilə görüşləri, çoxtərəfli və ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələri təhlil edilir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xarici siyasət istiqamətləri barədə məlumat verərkən İKT-yə daxil olan bütün dövlətlərin dəstəyini qazanmağı, inteqrasiya proseslərində fəal iştirak etməyi, bütün qonşu dövlətlərlə mehriban münasibətlər yaratmağı ön plana çəkmişdir (Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 1-ci kitab. s. 205-207;). Tədqiqatçı onun əsərlərində xarici siyasət istiqamətlərini təhlil edərək və bu mövzuda digər tədqiqatçıların əsərləri ilə müqayisə edərək xarici siyasətin əsas istiqamətlərindən birinin İKT və ona üzv dövlətlərlə fəal əməkdaşlıq olduğunu bildirir.

Fəslin yekununda belə nəticəyə gəlir ki, İKT bütün rəsmi sənədlərində və tədbirlərində münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycanın mövqeyini tam müdafiə etməsinə baxmayaraq, qətnamələrin tövsiyə xarakterli olması, üzv dövlətlərin müxtəlif maraqları münaqişənin həllində əhəmiyyətli nəticə əldə etməyə, Ermənistana siyasi-iqtisadi məhdudiyyətlər tətbiq etməyə imkan vermir. Bütün bu səbəblər isə münaqişənin həllini uzadır.

Dissertasiyanın IV fəsli “Heydər Əliyevin əsərlərində Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında sosial-iqtisadi və mədəni əlaqələrin əksi (1993-2003-cü illər)” adlanır. 1-ci paraqrafda Heydər Əliyevin əsərlərində rast gəlinən faktlar əsasında təşkilatla Azərbaycan arasındakı sosialiqtisadi əlaqələr araşdırılır. Göstərilir ki, ilk dövrlərdə müxtəlif yardımlar və güzəştlər əsasında qurulmuş iqtisadi əlaqələr Heydər Əliyevin İKT rəhbərləri ilə görüşləri zamanı bu istiqamətdəki fəaliyyəti nəticəsində tədricən bərabərhüquqlu münasibətlər səviyyəsində inkişaf etdirilməyə başladı. Bu bölmədə İKT-nin müvafiq orqanları və üzv dövlətlərinin müharibə dövründə Azərbaycana yardımları, sosial-iqtisadi əlaqələrin qurulması və bu istiqamətdə Azərbaycan Respublikasının Prezidentinin fəaliyyəti, İKT qurumları ilə əlaqələrin qurulması üçün mövcud iqtisadi imkanlar, qətnamələrin təkmilləşməsi və digər məsələlər araşdırılır. Heydər Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İKT tədbirlərində Azərbaycanın maraqlarına uyğun təbliğat aparır, müharibə nəticəsində əhalinin qarşılaşdığı sosial problemləri, xüsusilə, müharibənin sosial-humanitar vəziyyətin dünya ictimaiyyətinə çatdırılmasını nəzarətdə saxlayır, beynəlxalq təşkilatları və dövlətləri Azərbaycan əhalisinin hüquqlarının bərpasına və onlara maddi-mənəvi köməyə çağırırdı. Heydər Əliyev müharibədən ziyan çəkən əhalinin vəziyyəti ilə yerində tanış olmaları və problemlərin həlli üçün konkret nəticələr əldə edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirir: nümayəndələri Azərbaycana dəvət edir, beynəlxalq konfranslarda problemlərin həllinin müzakirəsinə nail olur.

Fəslin 2-ci paraqrafında İKT ilə Azərbaycan arasında Mədəni əlaqələr araşdırılır. Heydər Əliyev İKT və şərq dünyasının digər mədəni mərkəzləri ilə Azərbaycanın müvafiq strukturları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini bildirir, bu əlaqələrin İslam dünyasının zəngin irsinin, tarixinin və mədəniyyətinin öyrənilib təbliğ edilməsində mühüm rol oynayacağını xüsusi qeyd etmişdir. Heydər Əliyev tarixi ənənələri olan birgə qarşılıqlı anlaşma şəraitində yaşamanın qorunması və təbliği məsələlərinə də əhəmiyyət verir, bütün sivilizasiyaları dialoqa, dözümlülüyə çağırırdı. İKT-nin bu sahədə uğurlu siyasət müəyyən etdiyinin, 1999-cu ildən başlayaraq sivilizasiyalararası dialoq üzrə forumlar keçirildiyinin şahidi oluruq. Beynəlxalq təşkilatların və Azərbaycanın elmi mərkəzlərinin Azərbaycanda birgə təşkil etdiyi konfranslar və beynəlxalq tədbirlər Azərbaycanda bu sahədə tədqiqatların aparılması üçün zəngin baza olduğunu, Azərbaycan modelinin təbliğinin və öyrənilməsinin zərurətini göstərir. Bu proseslər Heydər Əliyevin Azərbaycanın dövlət qurumları və dünyanın elmi mərkəzləri qarşısında müəyyən etdiyi proqramın icrasının nəticəsidir. Son illərdə ardıcıl olaraq İKT-nin bu məzmunlu tədbirinin Azərbaycanda keçirilməsi bir daha Azərbaycanın sivilizasiyaların və dinlərin tarixi qovşağı olduğunu və bunun dünya tərəfindən qəbul edildiyini təsdiqləyir. Bu sahədə İKGF-nin fəaliyyətini də xüsusi qeyd etmək vacibdir.

Fəslin sonunda göstərilir ki, İKT və ona üzv dövlətlərlə sosial-iqtisadi və mədəni əlaqələrin inkişafı üçün irəli sürülən təkliflər elmi-praktiki cəhətdən əsaslandırılmış siyasət nəticəsində intensivləşmiş və fəallaşmışdır. İKT-nin siyasi, mədəni və digər sahələrdə tədbirlərinin Azərbaycanda təşkil edilməsi, eyni zamanda Azərbaycan nümayəndələrinin İKT-nin bütün tədbirlərinə dəvət olunması əlaqələrin inkişafında və Azərbaycanın nüfuzunun artmasında, etibarlı tərəfdaş kimi özünü doğrultmasına mühüm təsiri olur. Sonda sosial-iqtisadi və mədəni əlaqələrin inkişafına dair təkliflər verilir.

Dissertasiyanın Nəticə hissəsində göstərilir ki, tədqiqata cəlb edilən mənbələr İKT nümunəsində Heydər Əliyevin beynəlxalq təşkilatlarda fəaliyyətinin öyrənilməsi üçün qiymətli materiallardır. Bu mənbələr Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi prosesini ardıcıl olaraq izləmək imkanı verir. Tədqiqat zamanı əldə edilən elmi nəticələri aşağıdakı kimi ümumiləşdirmək olar:

- Heydər Əliyev irsinin əsasında Azərbaycanın İKT və ona üzvdövlətlərlə əlaqələri;

- Azərbaycanın İKT sistemində fəaliyyətinin İslam dünyası, region və Azərbaycan üçün əhəmiyyəti;

- İKT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün səyləri;

- Heydər Əliyevin fəaliyyəti və təklifləri əsasında Azərbaycan–İKT əlaqələrinin gələcək imkanları öyrənilmiş və əməkdaşlığın perspektivləri barədə aşağıdakı təkliflər verilmişdir:

- Heydər Əliyevin əsərlərinin Azərbaycan–İKT əlaqələrinə dair faktlarla zənginliyi nəzərə alınaraq, digər elmi problemlərin tədqiq edilməsində istifadə edilə bilər.

- Azərbaycanın İKT ilə əlaqələri Heydər Əliyevin əsasını qoyduğu xarici siyasətin, o cümlədən XXI əsr tarixinin tərkib hissəsi olduğundan İslam həmrəyliyi fonunda müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi zəruridir.

- Azərbaycanın tarix boyu sivilizasiyaların qovşağında yerləşməsi onun İKT-nin digər beynəlxalq təşkilatlarla birlikdə bütün dünyada həyata keçirtdiyi sivilizasiyalararası dialoq hərəkatında rolunu artırır və tarixi missiyasını müəyyənləşdirir. Bu sahədə elmi tədqiqatların, İslam tədqiqat mərkəzləri arasında əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq, İKT Parlament İttifaqının müvafiq qətnaməsinə əsasən dövlət orqanlarından birinin nəzdində Sivilizasiyalararası Dialoq mərkəzinin yaradılmasını təklif edirik.

- Avropa məkanında keçirilən tədbirlərdə birbaşa iştirak edən Azərbaycan, Türkiyə və Qazaxıstan kimi fəal İKT dövlətlərinin Avropada İslam irsinin qorunması və sivilizasiyalararası dialoqun həyata keçirilməsi istiqamətində fəaliyyəti sistemləşdirilməli və birgə siyasət hazırlanmalıdır.

- Azərbaycanla əlaqələri zəif olan İKT dövlətləri ilə əməkdaşlığın hərtərəfli inkişafına diqqət yetirmək vacibdir.

- Beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bitərəf mövqe tutan dövlətlərin mövqeyinin Azərbaycanın xeyrinə formalaşdırılması istiqamətində fəaliyyət göstərmək, digər ölkələrin nüfuzundan istifadə etmək məqsədəuyğundur.

- Ermənistanla ikitərəfli əlaqələri olan İKT dövlətlərinin ona təsir imkanlarını müəyyən edib bu istiqamətdə fəaliyyət planı hazırlamaq vacibdir.

- İKT çərçivəsində əlaqələrin inkişafı üçün birgə mütəxəssis hazırlığı proqramlarının tətbiqi zəruridir.

- İKT-nin qurumları tərəfindən həyata keçirilən bütün proqramlarda Azərbaycanın iştirakına,

- müntəzəm olaraq birgə biznes forumların təşkilinə və

- Azərbaycan elminin, tarixinin İKT-nin imkanlarından istifadə edərək təbliğinə nail olmaq lazımdır.

Bu təkliflərin həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, İslam dünyasında nüfuzunun artması və qorunması, regionun və Azərbaycanın inkişafı üçün vacibdir.

Azərbaycanın geosiyasi mövqeyi diplomatik əlaqələri tənzimləməklə uzunmüddətli xarici siyasət kursu həyata keçirməyi tələb edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin əsərləri bu siyasətin qurulmasını öyrənmək üçün əsas bazadır və tədqiqata cəlb edilən faktlar digər beynəlxalq təşkilatlarda fəaliyyəti təhlil etmək və əməkdaşlıq imkanlarını müqayisə etməyə imkan verir. Azərbaycan dövlətinin xarici siyasətinin, beynəlxalq mövqeyinin möhkəmləndirilməsinin yeni yollarının axtarışı üçün Heydər Əliyevin fəaliyyətinin və onun təcrübəsinin öyrənilməsi vacibdir.

Dissertasiyanın əsas məzmunu AAK tərəfindən tövsiyə edilmiş elmi nəşrlərdə və digər elmi jurnallarda çap edilmiş məqalə və tezislərdə öz əksini tapmışdır:

Məqalələr:

  1. Beynəlxalq islam təşkilatlarının yaranması istiqamətində atılan addımlar / Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. №1. Bakı, 2008, s.104-110.
  2. Heydər Əliyev irsinin təbliği barədə / YAP Gənclər təşkilatının təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. 2008, 28 aprel. – Bakı, YAP Gənclər təşkilatı, 2008, s.222-224.
  3. İslam Konfransı Təşkilatı islam dünyasının strateji maraqlarının müdafiəçisidir / Dövlət və Din. İctimai-fikir toplusu. Sentyabr, 2008, 3(7), s.58-69.
  4. Heydər Əliyev və Azərbaycan Respublikasının islam ölkələri ilə əlaqələrinin qurulması / “Dövlət və Din”. İctimai-fikir toplusu. May, 2008, s.92-102.
  5. İslam Konfransı Təşkilatı: yaranması və formalaşdırılması / “Dirçəliş – XXI əsr” jurnalı. İyun-iyul 2008, № 124-125, s.360-368.
  6. İSESKO və Azərbaycan əlaqələri barədə / “Dövlət və Din”. İctimaifikir toplusu. Fevral, 2009, 1 (9), s.50-56.
  7. İslam Konferansı Örgütü’nün İslam Dünyasında Yeri ve Önemi / 2023. Aylık dergi. Türkiye Cümhuriyyeti. Yıl: 8 Sayı 93. 2009. Yanvar, s.62-69.
  8. Azərbaycanın İslam Konfransı Təşkilatı ilə əlaqələrinin yaranması (1991-1993-cü illər) / “Dövlət və Din”. İctimai-fikir toplusu. Sentyabr, 2009. 5 (13), s.62-69.
  9. Yaqub Mahmudov Heydər Əliyevin əsərlərinin tarixi mənbə kimi öyrənilməsinin təşəbbüsçüsüdür / Tarix İnstitutunun Elmi əsərləri, Bakı, 2009, cild 30, s.45-51.
  10. 10.İslam Konfransı Təşkilatının Azərbaycanla əlaqəli qətnamələrində qaçqın və məcburi köçkünlər problemi // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi və nəzəri toplu. III buraxılış. Bakı, 2009, 287-290.
  11. 11.İslam Konfransı Təşkilatının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə mövqeyinin formalaşmasında H.Ə.Əliyevin rolu (1991- 2003) // Diplomatiya aləmi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin jurnalı. Bakı, 27/2010, s. 31-39.
  12. Heydər Əliyev irsi tarixi mənbə kimi / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Tarix fakültəsi professor-müəllim heyətinin və magistrantların elmi-praktik konfransın materialları. Bakı Universiteti nəşriyyatı, 2010, - 451 s. s.47-50
  13. Heydər Əliyev və Azərbaycanın tarixi missiyasının təbliği / Dövlət və Din. İctimai fikir toplusu. Bakı, May-iyun. 2010. 3 (157), s. 55-64.
  14. Организация Исламская Конференция и страны СНГ. // «Научное обозрение». Ежеквартальный сборник статей. Вып.49. Махачкала, 2010, s.46-49.
  15. Müasir mədəniyyət paytaxtları / Kulturoloqların II Milli forumunun materialları. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, 3 iyun 2010-cu il, – 506 s. s.387-393.
  16. Türk dövlətlərinin İslam Konfransı Təşkilatı tərkibində iqtisadi əlaqələri // “Türk dünyası: dünəni və bu günü”. 23-24 may 2011-ci il. Beynəlxalq elmi konfransın materialları, I cild. Bakı, VİKTORİ, 2012, s.159-166.
  17. Heydər Əliyev İrsi Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi // Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal.Bakı, 2012, №1. 241-247.
  18. Azerbaycan’la İslam İşbirliği Teşkilati Arasinda Kültürel İlişkiler: Dün, Bugün Ve Gelecek Perspektifler. // Proceedings book of International Symposium on Language and Communication: Research trends and challenges (İSLC). 10-13 June 2012. İzmir Universitety, s.1579-1588.
  19. Heydər Əliyev əsərlərində Azərbaycan – İslam Əməkdaşlıq Təşkilatı əlaqələri // Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Xüsusi Buraxılış. Bakı, 2013, №2. 180-188.
  20. The events of Organization İslamic Cooperation about the recognition of Khojaly genocide // Tarih araştırmalari dergisi. Ankara Universitesi Dil ve Tarih Coğrafya Fakültesi Tarih bölümü. Cilt XXXII. Sayı 54. Ankara, 2013, eylül. 63-78.

Tezislər:

  1. Heydər Əliyev irsi virtual aləmdə / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci il dönümü münasibətilə magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransının materialları. 2008, 30 aprel. Bakı, “Bakı Universiteti” 2008, s.39-42.
  2. Azərbaycan tarixi virtualda / Aspirantların və gənc tədqiqatçıların XIII respublika elmi konfransının materialları. İqtisad Universiteti, 6-7 mart 2009. Bakı, “İqtisad Universiteti”, 2009, s.102-103
  3. “İslam Mədəniyyətinin Paytaxtlari” layihəsi barədə / Bakı İslam mədəniyyətinin paytaxtıdır 2009. Beynəlxalq konfransın tezisləri. Milli Azərbaycan Tarixi Muzeyi, 9-10 noyabr 2009. “Elm və Təhsil”, s.10-12
  4. Azərbaycan elmi müasir islam dünyasında / Bakı Dövlət Universitetinin 90 illiyi münasibətilə beynəlxalq elmi konfransın materialları. Bakı Dövlət Universiteti, 30-31 oktyabr 2009. Bakı, “Bakı Universiteti”, s. 44-45.
  5. Azərbaycanın İslam ölkələri ilə siyasi əlaqələri (Heydər Əliyevin əsərləri əsasında) / Bakı Dövlət Universitetinin 90 illiyi münasibətilə beynəlxalq elmi konfransın materialları Bakı Dövlət Universiteti, 30-31 oktyabr 2009. Bakı, “Bakı Universiteti”, s. 45-47.
  6. Türk dövlətlərinin İslam konfransı tərkibində iqtisadi əlaqələri / Türk dünyası: dünəni və bu günü” Beynəlxalq elmi konfrans.23-24 may 2011-ci il, s.230-234.

 http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/tar/tar_n_qsz_10_05_14.pdf