"Şahdəniz" yatağında əldə olunacaq təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu ilə nəqlinə dair Azərbaycan Respublikası ilə Gürcüstan arasında sazişin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı - 29 sentyabr 2001-ci il

Hörmətli Prezident cənab Eduard Şevardnadze!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Biz Gürcüstan Prezidenti Zati-aliləri Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərinə yekun vuran sənədləri imzaladıq. Bu gün biz səmərəli görüş keçirdik. Gürcüstan Prezidenti ilə Azərbaycan Prezidenti arasında təkbətək görüş oldu. Gürcüstanın və Azərbaycanın nümayəndə heyətləri arasında görüşlər və danışıqlar oldu. Onların hamısı dostluq, qarşılıqlı anlaşma ruhunda, qardaşlıq şəraitində keçmişdir. Bu sənədlər çox böyük əhəmiyyətə malikdir.

Cənubi Qafqaz qaz kəməri haqqında, yəni "Şahdəniz" yatağından çıxarılacaq Azərbaycan qazının Gürcüstan vasitəsilə Türkiyəyə nəqli haqqında, daha doğrusu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında sənəd Azərbaycanın 1994-cü ildən başlayaraq Gürcüstan və Türkiyə ilə birlikdə həyata keçirdiyi neft strategiyasının, neft doktrinasının mühüm tərkib hissəsidir. Təbiidir ki, Azərbaycanın bu neft strategiyasının əsasını 1994-cü ilin sentyabrında Azərbaycanın neft şirkəti ilə Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Fransanın, Norveçin, Rusiyanın və digər ölkələrin ən iri neft şirkətləri arasında imzalanmış "Əsrin müqaviləsi" təşkil edir.

Əlbəttə, birinci müqavilə imzalandıqdan sonra vəzifə onu həyata keçirməkdən ibarət idi. Lakin biz onu həyata keçirməklə yanaşı, şübhəsiz, xarici şirkətlərin və Azərbaycan Dövlət Neft Şirkətinin birgə səyləri ilə çıxarılacaq neftin dünya bazarlarına ixracı barədə də düşünməli idik.

Ona görə də hələ o vaxt biz neftin ixracının müxtəlif variantlarını nəzərdən keçirirdik. İndi, müəyyən vaxt ötəndən sonra belə hesab edirəm ki, biz çox düzgün yol tutmuşduq. Neftin nəqlinin Şimal marşrutu adlandırılan Bakı-Novorossiysk boru kəməri, Qərb neft kəməri - Bakı-Supsa neft kəməri bu gün artıq reallığa çevrilmişdir. Əlbəttə, əsas niyyəti - Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini gerçəkləşdirmək üçün qarşıda böyük iş dururdu.

Bunların hamısı artıq arxada qalmışdır. Biz bu vəzifələri yerinə yetirdik, özü də uğurla yerinə yetirdik. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin və Azərbaycan Dövlət Neft Şirkətinin birgə səyləri ilə Azərbaycanda 1997-ci ildə ilkin neft çıxarılmağa başlandı, noyabrda biz bunu böyük bir hadisə kimi qeyd etdik, yeri gəlmişkən yenə də dostlarımızla birlikdə. Bu mərasimdə dostumuz Prezident Şevardnadze də iştirak edirdi. Bakı-Supsa neft kəmərini çəkdik. 1999-cu ilin aprelində bu neft kəmərinin açılışını təntənə ilə qeyd etdik. Artıq bu günədək Xəzər dənizinin Azərbaycan sektorundakı "Çıraq" yatağından 16 milyon tona qədər neft çıxarılmışdır. Bu neftin 14 milyon tonundan çoxu Bakı-Supsa neft kəməri ilə ixrac olunmuşdur.

Biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri proqramının gerçəkləşdirilməsi məsələsi ilə bir çox illər ərzində məşğul olduq və bunu edə bildik. 1998-ci ildə Ankara bəyannaməsini, 1999-cu ildə isə İstanbulda son sazişi imzaladıq. Sonra Azərbaycanla Türkiyə və Azərbaycanla Gürcüstan arasında sazişin imzalanmasına çalışmaq lazım gəldi. Bu da edildi. İndi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinə dair layihə əməli surətdə həyata keçirilir.

Lakin biz daha da irəli gedirik. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" sahəsində çox böyük qaz yatağı kəşf etmişik. İlkin hesablamalara görə onun ehtiyatları 1 trilyon kubmetrdir. Təbii ki, yenə də qarşıya qazın ixracı məsələsi çıxdı. Lakin bizim əvvəlki xəttimiz davam edir. Biz qazı Türkiyəyə Gürcüstan vasitəsi ilə ixrac etməyi qərara aldıq. Biz bunun üzərində xeyli işlədik və bu gün o işi başa çatdırdıq. Yəni, qaz kəmərinin şərtləri haqqında danışıqlar apardıq. Qazın Türkiyəyə Gürcüstan vasitəsilə göndərilməsi haqqında martın 12-də Ankarada Türkiyə hökuməti ilə Azərbaycan arasında saziş imzalandı.

Bundan sonra Gürcüstanla Azərbaycan arasında iş davam etdirildi. Deməliyəm ki, bu, çox çətin iş idi. Lakin Gürcüstan və Azərbaycan nümayəndələri bu sazişin hazırlanması ilə, məncə, gərgin və layiqincə məşğul oldular. Saziş hazırlandı və biz onu imzaladıq.

Cəsarətlə deyə bilərəm ki, bu, tarixi əhəmiyyətli hadisədir. Bu hadisənin ölkələrimiz üçün böyük əhəmiyyəti var. Cənubi Qafqaz üçün əhəmiyyəti var. Avropa regionu üçün də əhəmiyyəti var. Ölkələrimizin Qərb ölkələri ilə iqtisadi inteqrasiyası baxımından əhəmiyyəti var.

İndi mətbuat konfransında təfərrüata xüsusi olaraq varmağa lüzum yoxdur. Lakin, hər halda, demək olar ki, Azərbaycanın neft strategiyası uğurla həyata keçirilir, - hərçənd biz bu yolda çox çətinliklərlə, maneələrlə qarşılaşdıq, - Türkiyə, Gürcüstan və Azərbaycan arasında üç iri saziş imzalanmışdır və proqramımızın artıq bir hissəsi gerçəkləşdirilir.

Heç bir şübhə yoxdur ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri də, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də müəyyən edilmiş müddətdə uğurla çəkiləcək və Xəzər dənizindən, Azərbaycandan neft, qaz Gürcüstan vasitəsilə Türkiyəyə və oradan digər ölkələrə axacaqdır. Təbii ki, Gürcüstanın da bu çox qiymətli ehtiyatlardan istifadə etmək hüququ var.

Eduard Amvrosiyeviç, bu yeni mühüm tarixi addım və qazandığımız uğurlar münasibətilə mən sizi təbrik edirəm, qonaqlarımızı təbrik edirəm, Azərbaycanın bütün vətəndaşlarını təbrik edirəm. Əminəm ki, biz bundan sonra da inamla irəliləyəcək və yeni uğurlara nail olacağıq. Bu proqramların ölkələrimiz üçün çox böyük iqtisadi əhəmiyyəti var. Onlar eyni zamanda son dərəcə böyük siyasi əhəmiyyətə malikdir. Bu əhəmiyyət ondan ibarətdir ki, əvvəla, Cənubi Qafqaz, Avropa və Qərb arasında sıx inteqrasiya gedir, ikincisi, bu neft və qaz kəmərləri regionumuzda təhlükəsizliyə, sabitliyə və sülhə mühüm təminatdır.

Biz bütün bunlara son dərəcə böyük əhəmiyyət verir və inanırıq ki, gördüyümüz bütün işlərin iqtisadi və siyasi nəticələri ölkələrimizin iqtisadiyyatını möhkəmlədəcək, regionumuzda sabitliyi, təhlükəsizliyi, sülhü təmin edəcək və bizi Avropa birliyinə, qabaqcıl, demokratik dünya birliyinə getdikcə daha da yaxınlaşdıracaqdır.

Şadam ki, Gürcüstan Prezidenti, dostum Eduard Şevardnadzenin bir çox əvvəlki səfərləri kimi, bu səfəri də belə mühüm tarixi hadisələrlə əlamətdardır. Mənə elə gəlir ki, biz Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi binasının möhkəmlənməsinə hər dəfə yeni bir davamlı daş qoyuruq.

Bir daha təbrik edirəm və bu gün imzalanmış sazişin uğurla həyata keçirilməsini arzulayıram.

"Azərbaycan" qəzeti, 30 sentyabr 2001-ci il.