Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində genişmiqyaslı hücumları ilə əlaqədar bəyanatı - 15 aprel 1994-cü il

Fövqəladə vəziyyət məni bu bəyanatla sizə müraciət etməyə vadar etdi.

Bu il aprelin 10-dan başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının Goranboy və Tərtər rayonları istiqamətində, aprelin 11-dən isə Ağdərə və Ağdam rayonları istiqamətində yeni genişmiqyaslı hücuma keçmişlər. Bu günlər Azərbaycan bölmələri Ermənistan Respublikası silahlı qüvvələrinin sayca üstün olan hissələrinin fasiləsiz hücumlarını dəf edərək, qanlı müdafiə döyüşləri aparırlar. Ermənistan ərazisindən münaqişə zonasına 3000 nəfərədək canlı qüvvə, onlarca zirehli texnika və ağır top, o cümlədən "Qrad" qurğuları gətirilmişdir. Azərbaycanın adları çəkilən rayonlarının yaşayış məntəqələri bu qurğulardan atəşə tutulur. Həmin kəndlərdə böyük dağıntılar, mülki əhali arasında çoxlu tələfat var.

Beləliklə, Ermənistan Respublikası Azərbaycan ərazisində öz işğalçılıq müharibəsini davam etdirərək, Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qəsd edir, Azərbaycan dövlətçiliyini də təhlükə altına qoyur.

Ermənistan təcavüzü davam etdirərək, problemin sülh yolu ilə aradan qaldırılması prosesinə mane olur, halbuki Azərbaycan bu prosesdə ən fəal surətdə iştirak edir. Hər dəfə böyük vasitəçilik təşəbbüsləri irəli sürülərkən və ya onların irəli sürülməsi ərəfəsində növbəti hücuma başlayan təcavüzkar, qanlı münaqişəyə son qoymaq üçün təəssüf ki, hələlik uğursuz cəhdlər göstərən dünya birliyinə həyasızcasına meydan oxuyur.

Mən ermənilərin son hücumunu Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə Ermənistan Respublikasının təcavüzünün yeni mərhələsi kimi qiymətləndirirəm. Ermənistan Respublikası münaqişənin sülh yolu ilə aradan qaldırılmasına səy göstərməsi barədə dəfələrlə bəyanat verməsinə baxmayaraq, MDB üzvü olan suveren dövlətin ərazisinin içərilərinə doğru son hücumu ilə özünün əsl niyyətlərini - Azərbaycana və onun rəhbərliyinə təzyiq göstərmək və sülh prosesinə mane olmaq niyyətlərini nümayiş etdirir.

Diqqətinizi belə bir cəhətə xüsusilə cəlb etmək istəyirəm ki, erməni silahlı qüvvələrinin yeni hücumu bu il aprelin 11-də Praqada ATƏM-in Minsk qrupunun iclasının açılışından bir gün əvvəl başlanmışdır. Həmin iclasda Azərbaycan və Ermənistan nümayəndələri də iştirak edirlər.

Azərbaycana qarşı Ermənistan Respublikasının təcavüzünün genişlənməsi Rusiyanın vasitəçilik təşəbbüsü çərçivəsində gərgin danışıqlar getdiyi dövrdə və Müstəqil Dövlətlər Birliyi ölkələri başçılarının indiki görüşü zamanı baş verir.

Qeyd etmək lazım gəlir ki, 1993-cü ilin dekabrında MDB dövlət başçılarının Aşqabatda keçirilən iclasından sonra, o zaman mən Ermənistan prezidenti L.Ter-Petrosyanla görmüşmüşdüm, - Azərbaycan Respublikası barəsində Ermənistan Respublikasının siyasətində müsbət dəyişikliklər olmamışdır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizindən çoxunun işğalını və etnik təmizlənməni davam etdirməkdədirlər. Adamlar həlak olur, çadır şəhərciklərinə sığınmış bir milyondan çox azərbaycanlı qaçqın hədsiz məhrumiyyətlərə və məşəqqətlərə məruz qalır.

Qeyd etmək istəyirəm ki, Azərbaycan dünya birliyinin, o cümlədən beynəlxalq təşkilatların və böyük dövlətlərin bütün vasitəçilik səylərində ən fəal iştirak etmişdir. Buna misal olaraq, mənim Ermənistan prezidenti ilə apardığım danışıqlardan əlavə, 1994-cü il fevralın 18-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyası müdafiə nazirlərinin görüşünü, 1994-cü ilin martında ATƏM-in Minsk qrupunun sədri Yan Eliassonun Azərbaycana və Ermənistana gəlməsini, bu il martın 12-də Azərbaycan və Ermənistan parlamentləri başçılarının görüşünü, Rusiya Federasiyası prezidentinin xüsusi nümayəndəsi V.N.Kazimirovla Bakıda və Moskvada aparılmış danışıqları, bu ilin martında MDB Parlamentlərarası Məclisinin sülh məramlı qrupunun səfərini göstərmək olar. Lakin qarşılıqlı surətdə məqbul güzəştli qərara gəlmək üçün Azərbaycanın göstərdiyi bütün cəhdlər Ermənistanın zorakılıq mövqeyi ilə qarşılaşır.

Ermənistan Respublikası qəbul edilməsi əvvəlcədən mümkün olmayan şərtlər irəli sürməklə hər cür əməli təklifə əngəl törədir. Onun irəli sürdüyü şərtlər Azərbaycan ərazisində hərbi əməliyyat meydanı yaratmış Ermənistan Respublikasının işğal etdiyi əraziləri Dağlıq Qarabağ üçün müstəqil dövlət statusuna dəyişmək, yəni əslində Azərbaycan Respublikasını parçalamaq məqsədi daşıyır.

Azərbaycan Respublikasının ədalətli mövqeyi işğal olunmuş bütün ərazilərin azad edilməsinə və öz suverenliyinin bərpasına, qaçqınların və köçkünlərin daimi yaşayış yerlərinə qaytarılmasına və Ermənistan Respublikasının təcavüzü nəticələrinin aradan qaldırılmasına nail olmaq səyindən ibarətdir. Azərbaycan müharibə istəmir və Ermənistanı suveren dövlətlərin qarşılıqlı münasibətlərinin hamı tərəfindən qəbul edilmiş prinsipləri əsasında sülhə çağırır. Vətəndaş sülhünə və həmrəyliyinə çalışan Azərbaycan hökuməti Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinin təhlükəsizliyinə və vətəndaş hüquqlarına təminat verməyə hazırdır, bir şərtlə ki, onlar Azərbaycan Konstitusiyasına tabe olsunlar.

Bildiyiniz kimi, Aşqabatda Azərbaycan təklif etmişdi ki, birlik dövlətlərində siyasi vəziyyəti sabitləşdirməyə və MDB üzvü olan dövlətlərdən hər birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı surətdə tanınmasını və bunlara hörmət olunmasını təmin etməyə yönəldilmiş ikitərəfli və çoxtərəfli sazişlər sistemi işlənib hazırlansın. Mən bu barədə bir daha ona görə danışıram ki, həyat təsdiq edir: Müstəqil Dövlətlər Birliyinin üzvlərindən birinin - Ermənistan Respublikasının MDB-nin başqa bir üzvünə - Azərbaycan Respublikasına qarşı açıq təcavüz etməsi kimi biabırçı fakta laqeydliklə yanaşılması yaşamaq qabiliyyətinə malik beynəlxalq təşkilatın formalaşması, - biz hamımız birliyi belə görmək istərdik, - perspektivlərinin əslində qarşısını alır.

Azərbaycan Respublikasına qarşı təcavüzü və onun nəticələrini aradan qaldıran konkret qərarlar qəbul etmək məqsədilə sizi indiki görüşdə Ermənistan - Azərbaycan münaqişəsi haqqında məsələni müzakirə etməyə çağırmaq istərdim.

Biz, dövlət başçılarına müraciət edərək bir daha təkidlə çağırırıq:

- Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzünə siyasi qiymət verilsin;

- Ermənistan Respublikasından tələb edilsin ki, Azərbaycan Respublikasına qarşı hərbi əməliyyatları dayandırsın və öz silahlı qüvvələrini suveren Azərbaycanın ərazisindən dərhal, qeyd-şərtsiz və danışıqsız çıxartsın;

- Ermənistan Respublikasından yenidən hərbi əməliyyatlara başlamamaq barədə qəti siyasi təminat tələb edilsin;

- MDB-nin digər üzvünə qarşı silahlı təcavüz edən MDB üzvü - Ermənistan Respublikası barəsində sanksiyalar tətbiq olunsun.

Bundan sonra da lənglik və fəaliyyətsizlik göstərilməsi birliyin bütün dövlətlərinə daha böyük bəlalar gətirə bilər.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Moskva, 15 aprel 1994-cü il.