\"Statoyl\" şirkətinin prezidenti Harl Norvinq ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Stavanger, 25 aprel 1996-cı il

Hörmətli cənab Harl Norvinq!

Mən təmsil etdiyim Azərbaycan Respublikasının və şəxsən mənim ünvanıma deyilmiş xoş sözlərə görə ürəkdən təşəkkür edirəm. Bunu qeyd etmək çox xoşdur ki, Azərbaycan müstəqillik qazandığı vaxt ölkəmizdə iş görməyə gələn ilk xarici şirkətlərdən biri məhz \"Statoyl\" olmuşdur və biz bunu yüksək qiymətləndiririk. \"Əsrin müqaviləsi\"ndə \"Statoyl\"un iştirakından razılıqla söhbət açmaq istəyirəm və əmin olduğumu bildirirəm ki, bu şirkət digər sahələrdə də ölkəmizlə əlaqələri möhkəmləndirəcək və xarici sərmayədarların respublikamıza cəlb olunmasında da səylərini artıracaqdır.

Norveç-Azərbaycan iqtisadi əlaqələrinin daha da sıxlaşdırılmasının hər iki tərəf üçün böyük əhəmiyyəti vardır. Xüsusilə də \"Statoyl\"un istifadə etdiyi ən qabaqcıl texnika və texnologiyanın respublikamızda da tətbiqi vacibdir. Yaxşı olardı ki, \"Statoyl\" bütün sahələrdə gənc müstəqil respublikamıza yaxından kömək etsin, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdə Azərbaycanın haqq işinin geniş təbliğinə diqqəti artırsın, Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında səylərini gücləndirsin.

Biz Xəzərin Azərbaycan sektorundakı digər yataqlarının da birgə istismarında \"Statoyl\"un iştirak etməsini istərdik. Bir daha bildirirəm ki, biz ölkəmizə sərmayə qoyan hər bir şirkətlə əlaqələri daha da sıxlaşdırmaq istəyirik və əməkdaşlığın genişləndirilməsi üçün ölkəmizdə imkanlar çoxdur.

Mən, həmçinin \"Statoyl\"un və \"Britiş Petroleum\"un respublikamıza laboratoriya hədiyyə etmək niyyətini razılıqla qarşılayır və minnətdarlığımı bildirirəm.