Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın \"Monument Oil and Gas\" şirkətinin Baş direktoru Tim Eqqar və şirkətin İcraçı direktoru Terri Adams ilə görüşdəki söhbətindən - London, Azərbaycan prezidentinin iqamətgahı, 20 iyul 1998-ci il

Tim Eqqar: Cənab prezident, Böyük Britaniyaya xoş gəlmisiniz. Biz sizinlə yenidən görüşməyimizdən çox şadıq.

Mən hələ Böyük Britaniyanın energetika naziri vəzifəsində işlədiyim vaxt, Bakıda \"Əsrin müqaviləsi\"nin imzalanmasında iştirak etdiyimi məmnunluqla xatırlayıram. Eyni zamanda, Sizin Böyük Britaniyaya 1994-cü ildəki rəsmi səfəriniz zamanı Londonda görüşməyimizi sevinclə yada salıram. Cənab prezident, xatırlayırsınızsa, həmin görüşümüzdə Sizə söylədim ki, mənim məqsədim Böyük Britaniyanın xeyli şirkətinin Azərbaycanda fəaliyyət göstərməsidir. O vaxt Siz mənə dediniz ki, kim istəyirsə, gəlsin, xoş gəliblər. İndi həddindən çox xoşbəxtəm ki, Böyük Britaniyadan Azərbaycana sonuncu gələn neft şirkətinin rəhbəri mən özüməm.

Heydər Əliyev: Cənab Tim Eqqar, görüşümüzdən məmnun qaldığımı bildirirəm. Siz əvvəlcə başqalarını göndərdiniz, işləri təşkil etdiniz. Siz Böyük Britaniya ilə Azərbaycan arasında qoyulan körpünün yaradıcılarından birisiniz. Bizim həmin görüşümüzdən dörd il keçir. İndi isə yeni bir neft şirkətinin rəhbəri kimi siz özünüz Azərbaycana gəlirsiniz. Çox gözəl, mən bunların hamısını yaxşı xatırlayıram. Bi sizinlə Bakıda da çox görüşmüşük. Mən sizinlə görüşümdən həmişə məmnun olmuşam. Aramızda yaxşı münasibətlər yaranmışdır. Siz İngiltərədə Azərbaycanın ən böyük dostusunuz.

Azərbaycanın İngiltərədə daha bir dostunu - Terri Adamsı səmimi-qəlbdən salamlayıram və çox məmnunam ki, Böyük Britaniyada bizim dostlarımızım sayı artır. Cənab Adams dörd il Azərbaycanda yaşayıbdır. Mən sizə bir neçə dəfə demişəm, - Terri Adams Azərbaycanda çox populyar adamlardan biridir, onu ölkəmizdə çox sevirlər. Çünki yaxşı işlər görübdür, millətimizə, xalqımıza böyük hörmətlə xidmət göstəribdir. Mən çox məmnunam ki, mənim iki dostum - cənab Tim Eqqar və cənab Terri Adams indi birləşiblər. Biz sabah sizinlə bir saziş imzalayacağıq. Cənab Eqqar, əvvəllər siz Böyük Britaniyanın neft şirkətləri ilə ARDNŞ arasında sazişlərin imzalanmasını təşkil edirdiniz. İndi isə özünüzün rəhbərlik etdiyiniz şirkətlə saziş imzalanacaqdır.

Tim Eqqar: Cənab prezident, \"Monument Oil ənd Gas\" şirkəti ilə ARDNŞ arasında iyulun 21-də bağlanmalı olan sazişin imzalanma mərasiminin yadda qalması üçün xüsusi bir iş görmək istəyirik. Əgər icazə versəniz, həmin mərasimdə bəyan edərdik ki, biz Heydər Əliyev adına təqaüd təsis edirik ki, geosiyasət, politologiya, diplomatiya və iqtisadiyyat üzrə təhsil almaq üçün London Universitetinə oxumağa tələbələr göndərilsin. Həmin təqaüd prezident Heydər Əliyevin beynəlxalq işlərin regional inkişafına və Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə verdiyi töhfənin etiraf edilməsi əlaməti kimi təsis olunmuşdur. Biz \"Monument Oil ənd Gas\" şirkətinin rəhbərliyi prezident Heydər Əliyevin siyasi rəhbərliyi altında Azərbaycanda əldə olunmuş görkəmli nailiyyətləri yüksək dəyərləndiririk. London Universitetində təhsil alacaq gənc orada bir məsələ üzərində elmi tədqiqat işi aparacaq, sonra isə həmin iş çap ediləcəkdir. Cənab prezident, adınızdan istifadə etməyimiz üçün biz Sizdən icazə istəyirik.

Heydər Əliyev: Mən belə bir təqaüdün təsis edilməsinə razılıq verirəm. Mən Azərbaycandan daha çox gəncin Böyük Britaniyada təhsil almasına xüsusi əhəmiyyət verirəm. \"Monument Oil and Gas\" şirkətinin Azərbaycanla sıx əlaqələr qurmağa böyük maraq göstərməsini yüksək qiymətləndirirəm və əmin olduğumu bildirirəm ki, iyulun 21-də Londonda imzalanacaq sənədlər ölkələrimizin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.

Tim Eqqar: Rəhbərlik etdiyimiz şirkətə diqqət göstərdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Cənab prezident, biz çox xoşbəxtik ki, Azərbaycanda Sizin müdrik rəhbərliyiniz altında işləyəcəyik. Çalışacağıq ki, \"Monument Oil ənd Gas\" müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafına layiqli kömək göstərə bilsin.

Heydər Əliyev: Bilirsiniz, sabah - iyulun 21-də Londonda ARDNŞ, ABŞ-ın AMOKO, Böyük Britaniyanın \"Monument Oil ənd Gas\" şirkətləri, Rusiyanın mərkəzi yanacaq şirkəti arasında saziş imzalanacaqdır. Bu sazişi beynəlmiləl saziş adlandırmaq olar. Belə birgə işlər xalqlarımızın və ölkələrimizin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün çox vacibdir.

Tim Eqqar: Cənab prezident, istərdim mən rəhbərlik etdiyim Böyük Britaniya-Azərbaycan Cəmiyyətinin fəaliyyəti haqqında sizə məlumat verim. Mən bu cəmiyyətə sədrlik etməyimdən böyük iftixar duyuram. Bizim cəmiyyətin üzvü olmaq istəyənlər xeyli çoxdur. Biz istəyirik ki, Azərbaycan həqiqətlərini, respublikanızda gedən demokratik inkişaf barədə məmmatları Birləşmiş Krallığın ictimaiyyətinə dərindən çatdıraq, xalqınızın qədim ənənələrə malik mədəniyyətini, incəsənətini geniş təbliğ edək.

Terri Adams: Cənab prezident, sizin müdrik rəhbərliyiniz altında Azərbaycanda fəaliyyət göstərməklə mən həmişə fəxr etmişəm. Mən çox xoşbəxtəm ki, yenidən Azərbaycanda işləmək imkanı qazanmışam. Mən yaxşı bilirəm ki, Siz respublikanızda böyük işlər görürsünüz, xalqınız Sizi qəlbən sevir və öz müdrik prezidentinə ürəkdən inanır.

Heydər Əliyev: Ən əvvəl mənim ünvanıma söylədiyiniz səmimi sözlərə görə təşəkkürümü bildirirəm. Onu da vurğulayıram ki, \"Monument Oil ənd Gas\" şirkətinin Azərbaycanla əlaqələrinin böyük perspektivləri var. Mən, eyni zamanda, Böyük Britaniya şirkətlərinin Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirirəm və əmin olduğumu bildirirəm ki, bu əlaqələr bundan sonra daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.