31 mart 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyev öz iqamətgahında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin sabiq prezidenti, hazırda Böyük Britaniyanın \"Monument\" şirkətinin icraçı direktoru olan Terri Adamsa \"Şöhrət\" ordeni təqdim edib.
1994-cü ilin sentyabrında \"Əsrin müqaviləsi\" imzalandıqdan sonra bu müqavilə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin icrası məqsədilə həmin ilin sonlarında xarici neft şirkətlərinin konsorsiumu - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. ABƏŞ-in ilk prezidenti olan Terri Adams bu yüksək vəzifədə işlədiyi dövrdə konsorsiumun formalaşmasını, inkişaf etməsini, onun infrastrukturunun, kadr potensialının yaradılmasını təşkil edib.
ABƏŞ Terri Adamsın məqsədyönlü idarəçiliyi sayəsində \"Əsrin müqaviləsi\" üzrə müqavilədə nəzərdə tutulan işlərin minimum proqramının həyata keçirilməsinin qrafikə uyğun icra edilməsinə, ilkin neftin hasilatına başlanmasına, neftin ixracını təmin etmək üçün boru kəmərlərinin işə salınması üzrə danışıqların aparılmasına, konsorsiumun büdcəsinin vaxtında tərtib edilərək icra edilməsinə, mühəndis və fəhlə kontingentinin yığılması və s. tədbirlərə yüksək səviyyədə nail olub. Eyni zamanda bu müqavilənin sürətlə icra edilməsi Xəzərin Azərbaycan sektorundakı digər yataqların birgə işlənilməsi məqsədilə yaradılan başqa konsorsiumların da işinə müsbət nümunə olub. Terri Adamsın dörd ilə yaxın müddət ərzində ABƏŞ-in prezidenti vəzifəsində çalışarkən bu sahədəki müstəsna xidmətlərini nəzərə alan Azərbaycan Prezidenti Heydər Əliyev özünün 23 yanvar 1998-ci il tarixli fərmanı ilə onu Azərbaycan Respublikasının - \"Şöhrət\" ordeni ilə təltif edib.
Mükafatı təqdimetmə mərasimində bir sıra iri xarici neft şirkətlərinin nümayəndələri, ARDNŞ-nin prezidenti N. Əliyev, ARDNŞ-nin birinci vitse-prezidenti İ.Əliyev Terri Adamsı yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə təbrik ediblər.
Mərasimdə çıxış edən Azərbaycan Prezideni Heydər Əliyev yeni neft strategiyası çərçivəsində görülən işlərə yüksək qiymət verdiyini bildirib. O, deyib: \" Biz ilk təşəbbüsümüzlə, addımımızla Xəzər dənizinin zəngin neft və qaz yataqlarının dünya iqtisadiyyatı üçün işlənib fayda gətirməsinin əsasını qoymuşuq. Bizim bu işlərimizin böyük gələcəyi vardır. Bu işlər XXI əsrdə dünyada neft hasilatının artmasını təmin edəcəkdir.\"
Tarixi arayış 3 iyul 2008-ci ildə yeniləşdirilib.