Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 14 dekabr 1999-cu il

Heydər Əliyev: Hörmətli qonaqlar! Sizi səmimi qəlbdən salamlayıram. Minsk qrupu həmsədrlərinin, sizin Azərbaycana, ümumiyyətlə bizim regiona bu səfəriniz çox əlamətdardır və əhəmiyyətlidir. Təəssüf ki, Minsk qrupunun fəaliyyəti 1999-cu ildə istənilən səviyyədə olmamışdır. Mən bu barədə fikrimi ATƏT-in İstanbul sammitindəki çıxışımda da bildirdim və bu gün bir daha deyirəm. 1998-ci ilin sonunda Minsk qrupu tərəfindən təqdim olunmuş "ümumi dövlət" formulasını Azərbaycan qəbul etməyəndən sonra təəssüflər olsun ki, Minsk qrupunun fəaliyyəti müəyyən qədər dayandı, zəiflədi. Biz bundan narazıyıq. Mən bunu bir daha bildirmək istəyirəm.

Minsk qrupu tərəfindən bu barədə verilən izahat - Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa görüşlər başlandığına görə onlar öz fəaliyyətlərini bir az dondurmağa məcbur olublar - mənə elə gəlir ki, əsassızdır. Ermənistan və Azərbaycan prezidentlərinin birbaşa görüşləri Minsk qrupunu kənara qoymaq yox, Minsk qrupunun işinə sadəcə, daha da kömək etmək məqsədi daşıyıbdır.

1999-cu il sona çatır. Ona görə də Minsk qrupunun 1999-cu ildəki fəaliyyətinə mənim verdiyim qiymət bundan ibarətdir. Ancaq mən bunun üzərində dayanmaq istəmirəm. Mən razıyam və ümumiyyətlə, çox məmnuniyyətlə qəbul edirəm ki, Minsk qrupu yenidən fəaliyyətə başlayıbdır. Bu gün bəyan edirəm ki, biz Minsk qrupunun fəaliyyətində kənarda heç bir iş görmürük və görməyəcəyik. Çünki Minsk qrupu ATƏT kimi bir təşkilat tərəfindən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün yaradılmış çox mötəbər bir qurumdur. Bu baxımdan sizin bu bölgəyə gəlməyiniz çox sevindirici haldır. Məni daha da məmnun edən odur ki, indi Minsk qrupunun nümayəndələrinin tərkibinə Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Fransanın, beynəlxalq təşkilatların, dünyanın maliyyə qurumlarının, Birləşmiş Millətlər Təşkilatının, Dünya Bankının və s. nümayəndələri də daxildir.

Bu, yaxşı bir əlamətdir və onu göstərir ki, biz irəli gedə bilərik. Siz Ermənistanda, Dağlıq Qarabağda olmusunuz. Məlumat aldıq ki, siz hətta Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam şəhərində olmusunuz. Azərbaycanın bir-iki bölgəsində məskunlaşmış, çadırlarda yaşayan qaçqınlarımızla dekabrın 14-də səhər tezdən görüşmüsünüz. Düşünürəm ki, indi sizin çox böyük təəssüratlarınız var. Azərbaycanın xarici işlər naziri və Baş naziri ilə də sizin görüşünüz olubdur. Arzu edərdim ki, bütün bu təəssüratlarınız haqqında mənə də danışasınız. Buyurun.

Keri Kavano: Səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm. Hər şeydən öncə, icazə verin, Sizin fikirlərinizə şərik olduğumu bildirim ki, 1999-cu il Minsk qrupu üçün yaddaqalan il olmayacaqdır. Lakin icazə verin, onu da deyim, - biz hesab edirik ki, 1999-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün çox mühüm və əhəmiyyətli bir il kimi yadda qalacaqdır. Məhz bu il Sizinlə Ermənistan prezidenti Koçaryan arasında bir sıra danışıqlar olubdur. Bu danışıqlar bütün sülh prosesinə böyük təkan verib, dəyişikliklər əmələ gətiribdir.

Şübhəsiz ki, Sizin bu görüşlərinizə xarici işlər nazirlərinin və müdafiə nazirlərinin görüşlərini də əlavə etmək mümkündür. Bütün bu görüşlər bir daha onu göstərir ki, münaqişənin dinc vəsitələrlə aradan qaldırılması mümkündür. Mənə belə gəlir ki, keçən ay İstanbulda bu, özünü bir daha göstərdi. İstanbul sammiti çərçivəsində gedən böyük iclasların, ayrı-ayrı dəhlizlərdə olan söhbətlərin əsas mövzusu Dağlıq

Qarabağ münaqişəsi ətrafında idi. Bu danışıqların, söhbətlərin əsas məğzi münaqişənin aradan qaldırılması üçün mövcud olan problemlərdən, çətinliklərdən, məsələnin həlli üçün imkanlardan, vədlərdən və mümkün yolların axtarılmasından ibarət idi.

Bizim ölkənin - ABŞ-ın prezidenti Bill Klinton, Fransa prezidenti Jak Şirak, Rusiya prezidenti Boris Yeltsin, Türkiyə prezidenti Süleyman Dəmirəl arasında olan görüşlərdə də əsas mövzulardan biri məhz Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsi idi. Bütün bu görüşlərin ən əsas nəticəsi ondan ibarət olubdur ki, sadaladığım ölkələr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına axıradək sadiq olacaqlarını bəyan ediblər və bu barədə öz öhdəliklərini bir daha təsdiqləyiblər. Cənab prezident, şübhəsiz ki, bütün bu proseslər Sizin başladığınız dialoqdan sonra yaranıbdır.

Prezident Heydər Əliyevin və prezident Robert Koçaryanın iştirakı ilə İstanbulda Minsk qrupunun üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçirildi. Bu görüşdə ən əsas ideya Minsk qrupunun yenidən regiona qaytarılması, sülh prosesinə yeni qüvvə vermək məsələsi oldu. Minsk qrupunun həmsədrləri regiona axırıncı dəfə 13 ay bundan öncə gəlmişdilər. Məhz o zaman "ümumi dövlət" layihəsi irəli sürülmüşdü. Mən onu da qeyd etmək istəyirəm ki, indi Sizinlə üzbəüz əyləşmiş bu üç həmsədrdən heç biri həmsədr deyildi. Bilmirəm, bu məsələnin bizimlə bağlılığı var, yoxsa yoxdur.

Heydər Əliyev:  Yox, bu çox yaxşı haldır. Çünki üçünüz də yeni adamlarsınız.Ona görə də köhnə fikirlərin, necə deyərlər, quyruğundan yapışmayacaqsınız. Bu, xüsusi əhəmiyyət kəsb edir. Siz də, cənab Qribkov da, cənab Qayard da - üçünüz da yenisiniz.

Keri Kavano: Cənab prezident, mən hesab edirəm ki, Siz bizim bu ziyarətimizi Minsk qrupu həmsədrlərinin 13 ay bundan əvvəlki ziyarəti ilə müqayisə eldikdə daha da məmnun qalacaqsınız. Bizim budəfəki missiyamızın iki əsas məqsədi vardır. Bunlardan birincisi yeni təklif üzərində işə başlamaqdır. Şübhəsiz ki, yeni təklif üzərində işimiz Sizinlə prezident Koçaryan arasındakı danışıqlar nəticəsində əldə edilmiş müsbət ab-havaya əsaslanacaqdır. İkinci məqsədimiz isə işğaldan azad ediləcək torpaqlarda bərpa və yenidənqurma işləri aparılması imkanlarına daha yaxından nəzər salmaqdır. Bu, bizim üçün çox mühüm məsələdir. Nəzərə alsaq ki, münaqişənin həllinin çox uzaqda olmadığı imkanı göründükdə bu məsələnin əhəmiyyəti diqqətimizi xüsusi cəlb edəcəkdir. Məhz buna görə da biz əvvəllər elmədiyimiz işi bu səfər zamanı etdik və bir çox tədbirlər gördük. Biz üç gün bundan əvvəl Ermənistan ilə Naxçıvan və Türkiyə sərhədinə getdik və orada infrastrukturların bərpası imkanlarını araşdırdıq.

Heydər Əliyev: Harada olmusunuz?

Keri Kavano: Sədərəklə Ermənistanın sərhədinə getmişdik. Çünki orada həm dəmir yolları, həm də elektrik təchizatı qurğuları sıradan çıxıbdır.

Heydər Əliyev: Siz yəqin Ermənistan ərazisində olmusunuz, Naxçıvana keçməmisiniz.

Keri Kavano: Bəli, biz bu müşahidələri Ermənistan tərəfində apardıq. Sonra biz Ermənistandan Xankəndiyə qədər ərazidəki ehtiyaclara nəzər saldıq. Siz doğru qeyd etdiniz, biz həmçinin Ağdamda olduq. Məqsədimiz də ondan ibarət idi ki, işğal altında olan torpaqlarda nələrin baş verdiyini öz gözlərimizlə görək və həmin torpaqlara insanların qaytarılması üçün hansı işlər aparılmasına ehtiyac olduğunu bilavəsitə nəzardən keçirək. Bir daha qeyd edirəm ki, bu işlər əvvəllər heç kim tərəfindən görülməmişdi və heç bir xarici nümayəndə heyəti qrup halında bu cür missiyanı yerinə yetirməmişdi. Mən qeyd etmək isiəyirəm ki, şəxsən bizim, yəni həmsədrlərin ixtisası heç də iqtisadi sahəyə aid deyildir. Biz siyasətlə, bir də sülhün əldə olunması ilə məşğuluq. Lakin biz bu yerlərə baxdıq və o yerlərdə ehtiyacların nədən ibarət olduğunu digər şəxslərin müşayiəti ilə bir daha gördük. Biz Birləşmiş Millətlər Təşkilatının, Dünya Bankının nümayəndələri ilə bu ehtiyaclar barədə xeyli danışıqlar aparmışıq. Biz bu gün Bərdə və Biləsuvar rayonlarında olduq. Onu da demək istəyirəm ki, orada gördüklərimiz bizdə dərin iz buraxdı. Bu insanlar həddən çox - uzun illərdir ki, belə ağır, dözülməz şəraitdə yaşayıblar.

Biz hətta Biləsuvarda elə oğlan uşaqları gördük ki, qaçqın şəhərciyində, düşərgəsində doğulublar, indi həmin düşərgədə məktəbə gedirlər. Onlar düşərgədən kənarda heç bir yerdə olmayıblar. Bu uşaqlar palçıqdan hazırlanmış və palçıq üzərində qurulmuş komalarda yaşayırlar. Həmin ailələrin bəziləri də məhz elə Ağdam şəhərindən idilər. Ağdamda isə biz hər şeyin dağıdıldığını və yerlə yeksan olduğunu gördük. Bütün bunları görmək bizim qəlbimizi ağrıtdı. Bu hisslər bizi bir daha ona yönəldir, ona sövq edir ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılmasında mütləq irəliləyiş əldə etməliyik.

Anlayırıq ki, bu, asan məsələ deyildir. Bu, yalnız elə bir saziş çərçivəsində həyata keçirilə bilər ki, o saziş həm Ermənistanın, həm də Azərbaycanın tələblərinə, ehtiyaclarına uyğun olsun. Biz sizinlə bərabər çalışaraq bu niyyətə, bu amala nail olmaq fikrindəyik. Biz iki dövlət arasında belə bir sazişin bağlanmasına yardımçı olmağa çalışırıq. Çalışırıq ki, bu saziş tezliklə qəbul edilsin.

Biz inkişaf məsələləri ilə məşğul olan beynəlxalq maliyyə təsisatlarnı və beynəlxalq qeyri-dövlət təşkilatlarını qarşıdan gələn həftələr ərzində bu işə yenidən cəlb edəcəyik. Hesab edirik, çox yaxşı haldır ki, həmin beynəlxalq maliyyə qurumlarının təmsilçiləri də bu gün bu görüşdə bizimlə bərabər iştirak edirlər. Onların çox böyük təcrübəsi var və biz bu təcrübədən faydalana bilərik. Şübhəsiz ki, onlar da qarşıdan gələn böyük vəzifələrin həyata keçirilməsi üçün hazırlıq işləri görməlidirlər. Cənab prezident, beynəxalq maliyyə təsisatlarının və beynəlxalq qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə birgə işimizdən əldə etdiyim təəssürat barədə Sizə onu demək istəyirəm ki, mən onların hamısında bu işləri sürətlə həyata keçirmək arzusu, istəyi gördüm.

Azərbaycanın Baş naziri Artur Rəsizadə keçən ay Vaşinqtonu ziyarət etdi və Dünya Bankında görüşlər keçirdi. Ermənistanın xarici işlər naziri də Vəşinqtona belə bir səfər etdi. Bir həftə sonra məni Dünya Bankına dəvət etdilər və hansı işlərin görülməsinə ehtiyac duyulduğu barədə mənim fikirlərimlə tanış oldular. Mən Dünya Bankına dəvət olunarkən bugünkü görüşdəki kimi belə çoxsaylı nümayəndələr qarşısında çıxış etməli oldum. Onların hamısı görüləcək işlərin planı üzərində çalışır. Şübhəsiz, biz bölgəyə bu səfərimiz zamanı əldə etdiyimiz məlumatları onlarla bölüşəcəyik ki, həmin adamlar konkret olaraq hansı işlərin görülməsinə ehtiyac duyulduğunu müəyyənləşdirsinlər.

Bildirmək istəyirəm ki, Ermənistanda keçirdiyimiz görüşlər bizdə belə bir təəssürat oyatdı ki, sülh prosesinə Ermənistanda da daimi bir sadiqlik vardır. Biz bunu hökumətin bütün səviyyələrində gördük.

Ermənistanda oktyabr ayının 27-də baş vermiş faciəli hadisələrdən sonra bir sıra problemlər vardır. Mən Ermənistanda Baş nazirin və spikerin qətlə yetirilməsi hadisəsini nəzərdə tuturam. Həmin hadisədən sonra Ermənistanda bir sıra problemlər yaranmışdır, bu ölkədə hökumət yenidən qurulmaqdadır. Lakin mən sülh prosesini irəli aparmaq sahəsində Ermənistanın siyasətinin dəyişdiyi barədə orada heç bir fikir görmədim, belə meyl hiss etmədim.

Cənab prezident, söyləsəm ki, Azərbaycan hökumətinin üzvləri ilə keçirdiyimiz görüşlər zamanı da biz sülhə sadiqliyi yenidən gördük, yəqin bu, Sizə təəccüblü gəlməz. Onlar daha gözəl dərk edirlər ki, bu gün bizim ziyarət etdiyimiz qaçqınların indiki vəziyyətini aradan qaldırmaq üçün tezliklə sülh əldə etmək lazımdır. Biz bu işdə yardımçı olmaq üçün həm iqtisadi, həm də siyasi cəhətdən hər cür iş görməyə hazırıq. Bizim əsas məqsədimiz bundan sonra Sizinlə daha sıx təmasda çalışmaqdan ibarətdir. Sizi əmin edirəm ki, Minsk qrupunun həmsədrlərini bir daha, yenidən görmək üçün daha 13 ay gözləməli olmayacaqsınız. İcazənizlə, mən sözü həmkarlarıma verim, onlar da öz fikirlərini əlavə etsinlər.

Heydər Əliyev:  Buyurun, sizə təşəkkür edirəm.

Nikolay Qribkov:  Hörmətli Heydər Əliyeviç, zənnimcə, indi Siz yaxşı başa düşürsünüz ki, üç həmsədr bizim ünvənımıza söylədiyiniz tənqidi iradlardan düzgün nəticələr çıxarmışdır.Budur, biz bölgədəyik. Əlbəttə, Sizin, Ermənistan prezidentinin və üç xarici işlər nazirinin İstanbul görüşü bu işdə mühüm rol oynamışdır. Həmin görüşdə bəyan edilmişdi ki, Minsk prosesi çərçivəsində sülhyaratma səylərini fəallaşdırmaq vaxtı gəlib çatmışdır. Odur ki, atalar demişkən, heç olmamaqdansa, gec olması yaxşıdır. Mən amerikalı həmkarımın bu fikri ilə tam razıyam ki, biz Sizinlə yaxın vaxtlarda görüşməli olacağıq.

Amerikalı həmkarım səfərimizin məqsədlərindən də, gördüklərimizdən də kifayət qədər ətraflı danışdı. Qaçqınlar düşərgəsinə bugünkü səfərimiz barədə bir neçə kəlmə əlavə etmək istərdim.

Bilirsinizmi, bu,bizə çox güclü təsir bağışladı. Orada gördüyümüz mənzərə, insanların, yaşlı qadınların, uşaqların çəkdikləri əzab-əziyyət bizi o qədər riqqətləndirdi ki, bəzən hətta gözlərimiz yaşarırdı. Amma məni o da çox təsirləndirdi ki, onlardan heç biri vətənə qayıtmaq ümidini itirmir. Onlar Allaha dua edir, habelə iş elə gətirdi ki, bizdən, üç həmsədrdən xahiş edirdilər ki, yaxşı, qəti bir qərara mümkün qədər tez gəlməkdə Sizə və Sizin erməni həmkarınıza kömək göstərilsin; elə bir qərar ki, ədalətli və möhkəm zəminə əsaslansın. Ümidvaram ki, Allah onların duasını eşidəcəkdir.

O ki qaldı bizə, həmsədrlərə, bir daha əmin etmək istərdim ki, bölgədə gərginliyin mümkün qədər tez aradan qaldırılması, bölgənin yenidən sülh və sabitlik, bunun vəsitəsilə isə həm də iqtisadi tərəqqi görməsi üçün bizdən asılı olan heç nəyi əsirgəməyəcəyik. Buna görə də Sizi əmin etmək istərdim ki, biz iş görəcəyik və bunu fəal surətdə edəcəyik. İstər Ermənistanın, istərsə də Azərbaycanın bütün rəhbərləri ilə, əlbəttə, ən əvvəl prezident Robert Koçaryanla və hörmətli Heydər Əliyeviç, Sizinlə görüşlərimizin yekunlarını bir daha diqqətlə təhlil etmək üçün biz səfərdən sonra tezliklə bir yerə toplaşmaq niyyəündəyik. Biz gələcək fəaliyyət sxemi üzərində düşünəcək, yeni təkliflər irəli sürülməsi məsələsini müzakirə edəcəyik.

Mən Sizi sadəcə olaraq əmin etmək istərdim ki, Sizin işdən xəbərdar olmağıınz və lazım gəldikdə öz arzularınızı bildirməyiniz və bizə məsləhətlər verməyiniz üçün Sizinlə və əməkdaşlarınızla daim əlaqə saxlayacaq, nə kimi işlər gordüyümüz barədə Sizə məlumat verəcəyik. Çox sağ olun.

Heydər Əliyev:  Təşəkkür edirəm, sağ olun.

Jan Jak Qayard: Bakıya ilk səfərim zamanı Siz belə bir arzuda olduğunuzu bildirdiniz ki, Minsk qrupunun bütün üç həmsədri yaxın vaxtlarda Bakıya gəlsin. Zənnimcə, bu gün demək olar ki, Sizin bu arzunuz həyata keçirildi. İndi, bölgəyə səfərimizi Bakıda başa çatdırdığımız vaxtda belə demək olar ki, problemin həlli üçün nə kimi imkanlarımız olduğunu aydınlaşdırmalıyıq. Həmin problemin əhəmiyyətini nə dərəcədə başa düşdüyümüzü demək üçün, bu gün səhər qaçqınların iki düşərgəsinə gedib çox bədbəxt vəziyyətdə olan insanları görərkən keçirdiyimiz həyəcan hissini qeyd etmək istərdim.

İndi, yeni əsrin astanasında çox vəcibdir ki, Avropanın bütün əhalisi avropalıya layiq həyat tərzinə malik olsun. Bu rüsvəyçılıqdır ki, yeni əsrin astanasında avropalılar müharibələrin ağır nəticələrindən hələ də əzab-əziyyət çəkirlər.

Beləliklə, biz bu problemlərin miqyasını qiymətləndirdik, bu problemlərin nə dərəcədə dərin olduğunu anladıq.

Bundan əlavə, bu üçgünlük səfər zamanı biz belə bir qənaətə gəldik ki, sülh istəyi əvvəlkinə nisbətən indi daha güclü olmuşdur. Mən belə düşünürəm ki, bu istək bu üç gündə görüşdüyümüz xalqların hamısında çox güclüdür. Əlbəttə, bu istək yalnız onunla izah edilmir ki, həmin adamlar müharibənin zərbələrini almış, müsibətlərini görmüşlər, həm də bununla izah olunur ki, yeni, normal həyat istəyi artmışdır. Bu istəyə, bu ümidin döğrulmasına ancaq sabit şəraitdə nail olmaq mümkündür.

Görüşdüyümüz rəhbərlərin də hamısında biz münaqişənin nizama salınması, hərbi münaqişənin bütün nəticələrinin dinc yolla aradan qaldırılması üçün boyük arzu olduğunu, habelə bu nəticəni əldə etmək naminə onların lazımi kompromisə getməyə hazır olduqlarını gördük. Əlbəttə, bütün bunlar o demək deyil ki, nizamasalma asan olacaqdır. Həm xalq arasında, həm də xalqın rəhbərləri arasında belə bir istəyin olduğunu əsas tutaraq, biz hesab edirik ki, danışıqların irəliləməsi və yaxşı nəticə verməsi üçün bütün şərtlər gözlənilmişdir.

Odur ki, bu baxımdan Sizin Ermənistan prezidenti ilə birbaşa danışıqlarınız çox mühüm cəhətdir. Biz öz təşəbbüslərimizi məhz bunun əsasında qurmaq istəyirik. Beləliklə, bir nəticə əldə olunmasına ən səmərəli yolla kömək etmək üçün biz Sizin sərəncamınızdayıq. Öz hökumətimin adından, habelə, zənnimcə, burada təmsil olunmuş bütün dövlətlərin hökumətləri adından bir daha təsdiqləmək istərdim ki, biz yenidənqurma proqramının həyata keçirilməsi üçün bütün imkanları səfərbər etməyə hazırıq. Belə düşünürəm ki, bu problemin yaxın vaxtlarda həll edilməsi üçün indi istər beynəlxalq aləmdə, istərsə də regional baxımdan çox əlverişli şərait var. Cənab prezident, biz Sizinlə məhz bu ruhda işləmək istəyirik. Biz bu bölgəyə nə qədər lazımdırsa, bir o qədər gələcəyik. Siz nə qədər istəsəniz, bir o qədər tez-tez gələcəyik.

Heydər Əliyev: Cənab Kavano, cənab Qayard, cənab Qribkov, verdiyiniz məlumatlara və izah etdiyiniz fikirlərə görə təşəkkür edirəm. Mən bu gün onu deyə bilərəm ki, Minsk qrupunun nümayəndələri yeni adamlar olmaqla bərabər, eyni zamanda bu məsələyə tamamilə yeni fikirlərlə yanaşırlar. Bu, çox sevindirici haldır. Yəni yeni fikirlər deyəndə mən onu nəzərdə tuturam ki, artıq məsələnin sülh yolu ilə həll olunması haqqında konkret söhbət gedir.

Mən 1993-cü ildən Minsk qrupunun nümayəndələri ilə daim görüşmüşəm. Təbiidir, o vaxt da çox işlər görülüb və müxtəlif təkliflər verilibdir. Ancaq o görüşlərdə məsələnin sülh yolu ilə həll olunması horizontları heç vaxt görünməmişdir. İndi bu horizontlar görünür. Bir halda ki, siz, Minsk qrupunun nümayəndələri, ümumiyyətlə Minsk qrupunun həmsədrləri işğal edilmiş ərazilərdə dağıntıların nə vəziyyətdə olduğunu, yolların nə vəziyyətdə olduğunu bilmək istəmisinizsə, - bəyan etdiniz ki, bu barədə Dünya Bankında geniş söhbət aparmısınız, - bu gün Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə birlikdəsinizsə, demək, siz həqiqətən nəticə əldə etmək istəyirsiniz. Əgər Minsk qrupunun nümayəndələri kimi siz ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş rayonlarından biri olan Ağdama getmisinizsə, onu öz gözünüzlə görmüsünüzsə və oranın tamamilə dağıldığını bəyan edirsinizsə, bunun özü göstərir ki, siz artıq məsələyə real yanaşırsınız.

Ağdam rayonu Azərbaycanın böyük və mən deyə bilərəm ki, kənd təsərrüfatı sahəsində zəngin bir rayonudıır. Ağdam şəhərinin çox qədim və çox zəngin tarixi var. Yaranandan bəri Ağdam şəhərinin və onun kəndlərinin, qəsəbəbrinin yüksək səviyyəyə qaldırılması və gözəlləşməsi bir çox nəsillərin zəhməti nəticəsində olmuşdur. Amma siz indi gözünüzlə gördünüz. Oranın sakinlərini zorla oradan çıxarıblar, indi onlar çadırlarda yaşayırlar, siz o çadırlarıda gördünüz. Ağdamda bir dənə də salamat obyekt görmədiniz. Siz demişdiniz ki, orada bir məscid, bir də qəbiristan salamat qalıbdır. Ancaq siz təsəvvür edin ki, o biri rayonların vəziyyəti ya bunun kimidir, yaxud bundan da pisdir.

Siz Bərdə və Biləsuvar rayonlarında çadır duşərgələrinə getmisiniz. Oradakı insanlar evlərini-eşikiərini itiriblər, var-dövlətini itiriblər və altı ildən artıqdır, bəziləri yeddi ildir ki, bax, elə çadırlarda, ağır vəziyyətdə yaşayırlar. Onların bir arzusıı var - işğal olunmuş torpaqlar azad edilsin və onlar öz torpağına qayıtsınlar. Cənab Qribkov dedi ki, onlar Allaha da müraciət edir, Allahdan da bunu istəyirlər. Onlar hər gün Allaha müraciət edirlər. Amma onlar eyni zamanda sizə müraciət edirlər, bizə müraciət edirlər. Bilirlər ki, əgər biz sizinlə bir iş görməsək, onlar bu vəziyyətdən çıxa bilməyəcəklər.

Cənab Kavano, çox məmnunam, siz bir faktı qeyd etdiniz ki, çadırda, uşaq doğulub, böyüyub və məktəbə gedir, çadırdan savayı heç bir şey görməyibdir Məlumdur ki, məktəbə getmək üçün də uşağın gərək ən azı 6-7 yaşı olsun. İndi gör, bu uşaq necə dözümlüdür, onun valideynləri necə dözümlüdürlər. Amma onlar hamısı ümidlə yaşayırlar və ümid də sizin, bizim fəalliyyətimizlə bağlıdır. İstəyirəm siz biləsiniz, - onlar mənim sözlərimə inanırlar. Mən isə 1994-cü ilin may ayında atəşkəs haqqında saziş bağlanandan indiyə qədər, beş ildən artıqdır ki, bütün vətəndaşlarımıza, o cümlədən çadırlarda yaşayanlara daim vəd verirəm, söz verirəm ki, məsaləni sülh yolu ilə həll edəcəyik və siz öz yerinizə-yurdunuza qayıdacaqsınız. Mən onlara daim minnətdaram. Onların dəyanəti, dözümlülüyü qarşısında, bu qədər vətənpərvər insan olmaları qarşısında daim baş əyirəm.

Siz oranı bir dəfə görmüsünüz, özü də iki düşərgədə olmusunuz. Amma bu düşərgələr bizdə onlarcadır, mən bunları çox görmüşəm. Hər bir görüş məndə o qədər ağır hissiyyatlar yaradır ki, bəlkə ondan sonra on gün özümə gələ bilmirəm.

Birincisi, ona görə ki, indi dünyada heç yerdə o vəziyyətdə yaşayan insanlar yoxdur. Burada, şəhərdə bir yerdə, hansısa evdə bir gün işıq yanmayanda, yaxud da istilik olmayanda şlkayət edirlər. Amma onlar nə şaraitdə yaşayırlar?...

İkincisi də, məni sıxan, mənə əziyyət verən odur ki, mən məsuliyyət daşıyıram. Mən onlara söz vermişəm ki, bu məsələni sülh yolu ilə həll edəcəyəm. Onlar mənə inanırlar, amma bu inam da sonsuz deyildir. Allah eləməsin bir gün gəlsin ki, onlar bu inamı itirsinlər. Ona görə onlara minnətdaram ki, mənə inanırlar və dözürlər. Amma vəziyyət dözülməzdir. Cənab Qayard bildirdi ki, məsələnin sülh yolu ilə həll olıınmasına hər iki tərəfdən müsbət münasibət var. Mən məmnunam ki, artıq Ermənistan tərəfində də məsələnin sülh yolu ilə həll olunması fikri formalaşıbdır. Ancaq biz Azərbaycanda 1994-cü ilin may ayından indiyə qədər daim masələnin sülh yolu ilə həll oiunması məqsədini bəyan etmişik və mən bu gün də onu bəyan edirəm. Yəni sülh məsələsi bizim siyasətimizdə bu gün meydana çıxan şey deyildir. Biz nə üçün Minsk qrupundan tutmuşuq, nə üçün onun daha da fəal olmasını istəyirik? Çünki biz sülh istəyirik.

Doğrudur, bizdə də elə qüvvələr var, hesab edirlər ki, biz torpaqlarımızı müharibə yolu ilə itirmışik və müharibə yolu ilə də almalıyıq. Ancaq mən həmişə bunun əleyhinə çıxmışam, bu gün də əleyhinəyəın. Əminəm ki, cəmiyyətimizin əksəriyyəti mənim bu siyasətimi bəyənir, dəstəkləyir. Ancaq bunlar da sonsuz deyildir. Məsələnin həll olunması üçün artıq çox vaxt keçibdir. Buna görə də sizin indiki missiyanız, Minsk qrupunun tarixində demək olar ki, yeni bir mərhələ açır.

Düzdür, sizdən qabaq da Minsk qrupunun nümayəndələri dəyişibdir. Amerikanıkı da, Rusiyanınkı da, Fransanınkı da dəyişibdir. Ancaq masələ sadəcə, insanın insanla əvəz edilməsində deyildir. Məsələ ondadır ki, yeni təyin olunmuş insanlar köhnə fikirlə yaşayırlar, yoxsa yeni fikir irəli sürürlər?

Mən görürəm ki, siz bu işə yeni əhval-ruhiyyə ilə yanaşırsınız. Arzu edirəm ki, sizə bəslədiyimiz ümidlər qırılmasın. Bir sözlə, bizim səbrimiz - həm dövlətin, həm xalqın, həm də yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətənaşlarının səbri tükənibdir. Məhz ona görə də Ermənistan prezidenti Koçaryanla danışığımız zamanı eyni fikrə gəlmişik ki, məsələnin sülh yolu ilə həll olunması üçün ciddi atılmalıdır və müəyyən kompromislərə getmək lazımdır. Doğrudur, kompromislər haqqında mənim bəyanatım Azərbaycan cəmiyyətinin bir çox hissəsi tərəfindən müsbət qarşılanmayıbdır. Onlar deyirlər ki, biz nə qədər kompromisə gedə bilərik? Torpaqlarımız yeddi-səkkiz ildir işğal altındadır, işğal edilmiş torpaqlar dağıdılıb, viran olunubdur, bir milyondan artıq vətəndaşımız didərgin düşüb, ağır vəziyyətdə yaşayır. Bunlar hamısı bizə vurulan zərbələrdir və bizim kompromislərimizdir. Amma Ermənistanda Azərbaycan tərəfindən heç bir torpaq işğal olunmayıb, Ermənistan ərazisində yaşayan ermənilərdən heç biri öz yerindən çıxarılmayıbdır. Ona görə də bu sözləri deyərək mənim kompromislərə getmək fikrimin əleyhinə çıxanlar da haqlıdırlar. Mən bunları anlayıram. Amma eyni zamanda bilirəm və düşünürəm ki, vəziyyətdən çıxmaq lazımdır.

Ona görə də sizin indiki missiyanız, hesab edirəm, bizim sürətlə irəliyə getməyimizin başlanğıcı olacaqdır. Mən sizin fikirlərinizlə razıyam ki, Ermənistan və Azərbaycan prezidentlərinin birbaşa görüşləri Minsk qrupunun fəallaşmasına və işin konkretləşməsinə müəyyən əsas yaradıbdır. Ancaq mən sizdən xahiş edirəm ki, bu yaranmış şəraitdən səmərəli istifadə edəsiniz, vaxt itirməyəsiniz. Bizim qaçqınlar öz torpaqlarına nə qədər tez qayıtsalar, bir o qədər də rahat olacaqlar.

Doğrudur, o vaxt onları yeni bir faciə gözləyir. Onlar gəlib görəndə ki, evləri dağıdılıb, hər şey viran olubdur, yenidən ağır hissiyyatlar keçirəcəklər. Ancaq birincisi, torpaqlarına qayıtmaları onları rahat edəcəkdir. İkincisi isə, siz burada bəyan edirsiniz ki, dağıdılmış yerlərin bərpa olunması, ümumiyyətlə yolların, başqa infrastrukturun bərpası barəsində də düşünürsünüz, bu sahədə də yardımlar ediləcəkdir.

Mən ATƏT-in istanbul sammitindəki görüşləri və ümumiyyətlə ondan sonra yaranmış vəziyyəti müsbət qiymətləndirirəm. Birincisi, bilirsiniz ki, mən də prezident Koçaryan da öz fikirlərimizi həm Amerika prezidenti Bill Klintona, həm Rusiya prezidenti Boris Yeltsinə, həm də Fransa prezidenti Jak Şiraka bilavəsitə bildirə bildik. İkincisi də, Minsk qrupu həmsədrlərinin xarici işlər nazirləri ilə, həm Azərbaycan prezidenti, həm də Ermənistan prezidenti ilə, sizin iştirakınızla birlikdə keçirdiyimiz görüş də çox əhəmiyyətlidir. Mənim arzum odur ki, yaranmış bu proses dayanmasın, soyumasın, buna heç kəs mane olmasın. Ancaq mane olmaq istəyən qüvvələr də var. Yəni biz bu fürsəti əldən verməməliyik.

Biz İstanbulda çox məsələləri müzakirə etmişik. Siz sadəcə, gərək bir də oturub düşünəsiniz, baxasınız ki, bizə hansı təklifləri verə bilərsiniz. Bu arzularla da biz sizinlə yeni görüşü səbirsizliklə gözləyəcəyik. Başqa bir sözünüz yoxdur?

Keri Kavano: Mən bir məsələyə bir daha aydınlıq gətirmək, onu demək istəyirəm ki, qaçqın düşərgələrinə səfərimizin məqsədlərindən biri də o idi ki, irəli sürəcəyimiz təkliflər sadəcə, kağız üzərində qalmasın. Biz anlayırıq ki, verəcəyimiz təkliflər insanların həyatı ilə bağlıdır. İstəyirik Siz də biləsiniz ki, biz öz ideyalarımızı düzüb-qoşarkən bunları mütləq nazərimizdə saxlayacağıq.

Mən orada gördüyüm insanların iradəsinə necə heyran qaldığımı bir daha bildirmək istəyirəm. Mən onların indiyə qədər bu vəziyyətdə yaşadığım təsəvvürümə belə gətirə bilmirdim. Onların arzuları da çox sadə və prinsipialdır - onlar evlərinə qayıtmaq istəyirlər. Onlar öz torpaqlarına, atababalarının yaşadığı yurdlara qayıtmaq istəyirlər. Onlar öz qohum-əqrəbalarının məzarlarını ziyarət etmək istəyirlər. Hesab edirəm ki, bunu anlamayacaq bir adam ola bilməz.

Ona görə də Siz doğru dediniz ki, öz torpağına qayıtmağa psixoloji hazırlıq - duymaq ki, hər kəs öz topağına qayıdacaq, - bu, çox böyük əhəmiyyət kəsb edir. Bir daha bəyan edirəm, bizim çox ciddi məramımız var ki, onlar öz torpaqlarına qayıtdıqdan sonra həyatlarını yenidən qurmalarına yardımçı olaq.

Biz Bərdədə bunun müəyyən əlamətlərini də gördük. Orada bir dülgərin taxta parçalarından, kərpicdən özünə koma qurduğunu gördük. Mən əminliklə söyləyə bilərəm ki, o geriyə, Ağdama qayıtdıqdan sonra yüz adama öyrədər ki, tikinti, quruculuq işlərini necə aparmaq lazımdır. Biz çalışacağıq nail olaq ki, onların bu ümidləri qırılmasın, çalışacağıq ki, onların çəkicləri, mismarları, quruculuq işlərini görmək üçün lazımi avəndanlığı olsun. Qarşıda görəcəyimiz hələ çox böyük işlər var. Sizin dediyiniz kimi, - rusiyalı həmkarım da buna toxundu, - bütün bunlar Allahın işidir. Bir halda ki, minlərlə insanın taleyi bu məsələdən asılıdır, bu işi mütləq axıra çatdırmaq, özü də yaxşı başa çatdırmaq lazımdır.

Heydər Əliyev: Çox sağ olun, cənab Kavano. Bu fikirlərinizə görə bir daha təşəkkür edirəm. Mən bir daha xüsusi qeyd edirəm ki, siz çadır şəhərciklərinə gedib qaçqınların vəziyyətini görmüsünüz. Buna görə xüsusi təşəkkür edirəm.

Mən görürəm ki, bu, sizə nə qədər böyük təsir bağışlayıbdır. Təəssüf ki, indiyə qədər belə olmayıbdır. Mən çox məmnunam ki, artıq bu məsələyə Dünya Bankının, BMT-nin, Beynəlxalq Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının və dünyanın başqa maliyyə mərkəzlərinin nümayəndələri də qatılıblar. Buna görə onlara təşskkür edirəm. Sizin bu barədə təşəbbüsünüzü də çox yüksək qiymətləndirirəm. Ümid edirəm ki, gələcəkdə bizim görüşlərimiz həmişə belə geniş tərkibdə olacaqdır. Sağ olun, təşəkkür edirəm.