Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon Zirvə toplantısında iştirak etmək üçün yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə bəyanatı - 30 noyabr 1996-cı il

Lissabon görüşünə gedirik. Bu təkcə bizə aid olan görüş deyildir. Lissabon görüşü Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin başçılarının görüşüdür. Orada Avropanın təhlükəsizliyinə, Avropada əməkdaşlığa aid, dünyaya aid məsələlər müzakirə olunacaqdır. Şübhəsiz ki, hər bir dövlət, hər bir ölkə həm ümumi məsələlərin həll olunmasında öz səyini göstərməyə çalışır, həm də öz ölkəsinə, dövlətinə, öz regionuna aid olan məsələlərin həllinə çalışır.

Biz istəyirik həqiqətən Avropada təhlükəsizlik, sülh, əmin-amanlıq olsun, eyni zamanda öz problemimizin həllini, yəni Qafqazda əmin-amanlıq, sülh olmasını Ermənistan-Azərbaycan münaqişəsinin həlli barəsində müəyyən addımların atılmasını istəyirik. Bu barədə biz çox iş görmüşük, mən bunu bir neçə dəfə demişəm. Lissabon görüşü məhkəmə deyil ki, orada hansısa qərar çıxarılsın, yox. Sadəcə, bəzi prinsipial məsələlərə münasibət bildiriləcəkdir. Bizim məqsədimiz ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün Lissabon görüşünün sənədlərində yeni imkanlar açılsın. Məqsədimiz bundan ibarətdir, orada kiməsə qalib gəlmək, kimisə məhkum etmək deyildir. Bizim mövqeyimiz məlumdur. Minsk qrupu tərkibində, sonra da Helsinkidə, axır zamanlar Vyanada bir çox işlər aparmışıq. Neçə gündür ki, nümayəndələrimiz Lissabonda işləyirlər.

ATƏT-in əsas prinsipi - hər bir ölkənin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı prinsipi Azərbaycan barəsində Ermənistan tərəfindən indiyə qədər tanınmır. Bizim məqsədimiz ondan ibarətdir ki, bu barədə müəyyən bir münasibət bildirilsin. Mən ATƏT-in üzvü olan dövlətlərin başçılarının hamısına müraciət etmişəm, məktublar göndərmişəm, bir çox ölkələrin başçılarından cavablar da almışam. Hamı bunu müdafiə edir. Ancaq hamı bir yerə toplaşanda konsensus olmalıdır. Necə olacaq, - görərik. Hər halda mən hesab edirəm ki, hər bir belə görüş Azərbaycanın sülhsevər ölkə olmasını təsdiq edir, münaqişə başlayandan bəri dünyada Azərbaycan haqqında yaranmış mənfi fikrin aradan götürülməsinə və müsbət fikir yaranmasına doğru çox yaxşı nəticələr verir. Bu, bizim nailiyyətimizdir. Budapeştdən Lissabona qədər keçən dövrü də çox yaxşı qiymətləndirirəm.