\"İslam sivilizasiyası Qafqazda\" mövzusunda beynəlxalq simpoziumda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 9 dekabr 1998-ci il

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar, simpozium iştirakçıları!

Sizi - Azərbaycanda, Bakıda keçirilən \"İslam sivilizasiyası Qafqazda\" mövzusuna həsr olunmuş beynəlxalq simpoziumun iştirakçılarını ürəkdən salamlayıram və sizə bu mötəbər işinizdə uğurlar arzulayıram.

Azərbaycanda islam sivilizasiyasına, islam mədəniyyətinin Qafqazda yerinə və əhəmiyyətinə həsr olunmuş ilk beynəlxalq simpozium keçirilir. Bu, Azərbaycan üçün, bütün Qafqaz üçün əlamətdar, tarixi əhəmiyyət kəsb edən bir hadisədir.

İslam Konfransı Təşkilatının nəzdində İstanbulda fəaliyyət göstərən İslam Araşdırma və Tədqiqat Mərkəzi və dünyanın başqa ölkələrində bu sahədə tədqiqat aparan elmi mərkəzlər islamın tarixi, bəşər sivilizasiyasına verdiyi töhfələr və islamın bəşər tarixində oynadığı rol haqqında çox dəyərli işlər görürlər. Mən keçən il İstanbulda olarkən mənə İslam Konfransı Təşkilatının İslam Araşdırma və Tədqiqat Mərkəzində olmaq və onun işi ilə tanışlıq nəsil oldu. Bizim simpoziumda iştirak edən hörmətli cənab Ekmələddin İhsanoğlu ilə birlikdə, az müddət olsa da, mən orada çox şeylər müşahidə etdim, öyrəndim. Biz Azərbaycanda da elmi simpozium keçirilməsi haqqında fikir mübadiləsi apardıq. Məmnuniyyətlə qeyd edirəm ki, belə bir simpoziumun keçirilməsi ilə əlaqədar mənim qəbul etdiyim qərar artıq həyata keçirilibdir, beynəlxalq simpozium bu gün öz işinə başlayıbdır. Ümidvaram ki, simpozium çox dəyərli işlər görəcək və Qafqazda islam sivilizasiyasının rolunu və bu sahədə gələcək elmi-tədqiqat işlərinin proqramlarını müəyyən edə biləcəkdir.

Bu, təkcə Azərbaycan üçün yox, bütün Qafqaz xalqları, bütün islam aləmi üçün çox əhəmiyyətli işdir. Azərbaycan dövləti və mən - Azərbaycan prezidenti bu işi çox dəyərli hesab edirik və gələcəkdə də bu işə himayədarlıq etməyi mən öz üzərimə götürürəm.

Qafqaz dünyanın nadir xarakter daşıyan bir bölgəsidir. Qafqaz öz təbiətinə, coğrafi quruluşuna görə və Qafqazda qədim zamanlardan məskunlaşmış, min illər boyu yaşamış insanların xüsusiyyətinə, onların xarakterinə görə çox nadir bir bölgədir. Eyni zamanda hesab edirəm ki, Qafqaz dünya xalqları üçün dünyanın çox maraqlı bir hissəsidir.

Biz qafqazlılar özümüzün qafqazlı olmağımızla fəxr edirik. Bu nə deməkdir? Qafqazın təkcə məğrur dağları, onun gur çayları, gözəl bulaqları, meşələri, gül-çiçəkləri demək deyildir. Qafqazlı olmaqla fəxr etmək Qafqaz xalqlarının tarixi kökləri ilə, Qafqaz xalqlarının bəşər mədəniyyətinə verdikləri töhfələrlə bağlıdır.

Bu baxımdan Qafqazda islamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir, eyni zamanda islam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələrin olmasını əks etdirir. Qafqaz xalqlarının, demək olar ki, əksəriyyəti islam dininə itaət edir. İslamın Qafqazda yayılması tarixini siz alimlər yaxşı bilirsiniz. Mən sadəcə, bir nöqtəni vurğulamaq istəyirəm ki, Azərbaycan bu sahədə mühüm yer tutur.

Məlumdur ki, Qafqazda islamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişaf, islami dəyərlər gətiribdir. Bu dəyərlər - müqəddəs kitabımız Qurani-Kərimdən gələn islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edibdir. Məlumdur ki, Qafqazda yaşayan xalqlar islam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özlərinə məxsus adət-ənənələrə malik olmuşlar. İslamın dini-mənəvi dəyərləri Qafqaz xalqlarının qədimdən yaranmış və inkişaf etmiş mənəvi dəyərləri ilə birlikdə xalqların yüksək milli-mənəvi dəyərlərini təşkil ediblər.

Mən bu sözləri Azərbaycan xalqının tarixi əsasında söyləyirəm. Güman edirəm ki, bu fikirlər Qafqazda yaşayan, islam dininə itaət edən başqa xalqlara da aiddir. Buna görə də mən Azərbaycanın Qafqazda islam dəyərlərinin, islam dininin, islam sivilizasiyasının yayılması və inkişaf etməsində xüsusi rol oynamasının haqlı olduğunu bildirirəm. Əgər Qafqazın başqa xalqları və xüsusən Şimali Qafqaz və ondan şimalda olub islam dininə itaət edən xalqlar islam sivilizasiyasına qatılıblarsa, islam dinini qəbul ediblərsə, onların yolu da məhz Azərbaycandan keçir.

Bildiyiniz kimi, Qafqaz coğrafi nöqteyi-nəzərdən Xəzər dənizi ilə Qara dəniz arasında, - əgər Yer kürəsi miqyasında təsəvvür etsək, - kiçik bir cığırdır. İslamın, Quranın mərkəzindən - Ərəbistandan yayılan islam dini, islam mədəniyyəti cürbəcür yollarla indi artıq islama mənsub olan əraziləri əhatə edibdir. Qafqazın şimalında və ondan da şimalda olan xalqların o vaxtdan islam dininə, mədəniyyətinə mənsub olduğunu nəzərə alsaq, bunda Qafqazın ən cənubunda yerləşən Azərbaycanın xüsusi rolu şübhəsizdir.

Azərbaycanda islam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bizim çoxəsrlik islam dövrü tariximiz zəngindir. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycanın islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insanları - Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və bir çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr vermiş və islam mədəniyyətini zənginləşdirmişlər. Biz bunlarla fəxr edirik.

Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz islam dininə, islam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik.

Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. Hər halda, XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır.

Bu baxımdan biz çox ürək ağrısı ilə deyirik ki, on il bundan öncə Ermənistanın Azərbaycana torpaq iddiası əsasında başladığı hərbi təcavüz böyük müharibəyə, hərbi münaqişəyə çevrilibdir. Bunun nəticəsində, indi Ermənistan adlanan ərazidən islam dininə mənsub olan azərbaycanlılar zorla sürgün ediliblər, çıxarılıblar, yerlərindən-yurdlarından, ata-baba evlərindən, öz milli-dini, müqəddəs ocaqlarından, məscidlərindən, qəbiristanlıqlardan, tarixi abidələrindən məhrum olublar. Bu, tarixi cinayətdir və tarixi ədalətsizlikdir! Dünya Birliyi buna biganə qalmamalıdır və güman edirəm ki, biganə qalmayacaqdır.

İslam dini Qafqazın, demək olar, əksər hissəsini əhatə edib və bu gün də əhatə edir və islam mədəniyyəti hər yerdə öz izlərini buraxıbdır. Kimlərsə bu izləri dağıtmaq, pozmaq istəsə də, bəşəriyyət buna yol verməməlidir və verməyəcəkdir. Hesab edirəm ki, bu məsələlər Bakıda keçirilən və indi işinə başlayan beynəlxalq simpoziumda öz əksini tapmalıdır.

Dünyada və xüsusən Avropada, Amerika Birləşmiş Ştatlarında islam sivilizasiyasına böyük maraq var. Bu problemlərlə məşğul olan elmi mərkəzlər keçmişdə də olub, indi də var. Şübhəsiz ki, islamın tarixi kökləri, islam mədəniyyətinin bəşər tarixinə verdiyi töhfələr araşdırılıb, tədqiq olunub, böyük elmi əsərlər yaradılıbdır. İslam ölkələrində belə mərkəzlər var.

Ancaq bu gün mən bu fürsətdən istifadə edərək, elm xadimlərinin qarşısında öz fikrimi bildirmək istəyirəm. Hesab edirəm ki, indiyə qədər görülən işlər yetərli deyildir. Məsələn, əgər keçmiş çar Rusiyası imperiyası ərazisində, sonra Sovetlər İttifaqı ərazisində islam mədəniyyəti haqqında araşdırmalara nəzər salsaq, çox dəyərli əsərlərlə yanaşı, eyni zamanda subyektiv fikirlər də hökm sürür. Məndə belə təəssürat var ki, Avropa ölkələrində, o cümlədən Rusiyada keçmişdə də, indi də bəzi tədqiqatçılar islam mədəniyyətinə, islam dininə subyektiv hissiyyatlar nöqteyi-nəzərindən baxırlar.

Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzində onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinə qarşı çox kəskin mübarizə aparılmış, allahsızlıq, dini inkar etmək o illərdə kommunist ideologiyasının əsasını təşkil etmişdir. Biz bu dövrü yaşamışıq və indi, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra tarixi nöqteyi-nəzərdən qısa bir zamanda dinin, o cümlədən islam dininin nə qədər dərin kökləri olduğunu daha da çox dərk edə bilmişik. Xüsusən sovet hakimiyyəti dövründə dünyaya gəlmiş, yaşamış nəsillər bəlkə də o vaxtkı güclü təbliğatın nəticəsində dinin, bizim üçün isə ələlxüsus islam dininin bu qədər zəngin mənəvi dəyərlərə, bu qədər dərin köklərə malik olduğunu anlaya bilmirdilər. Biz özümüz də bunu anlaya bilmirdik. Mən bunu etiraf edirəm.

Ancaq qısa bir zamanda məlum oldu ki, əgər Azərbaycanda kommunist ideologiyası 70 il yox, 170 il hökm sürmüş olsaydı, insanları islam dinindən ayırmaq mümkün olmayacaqdı. Bu, artıq faktdır. Eyni zamanda bu, islam dininin nə qədər böyük gücə malik olduğunu sübut edir. Ancaq o illər - kommunist ideologiyasında, ümumiyyətlə, dinə qarşı təbliğat aparıldığı zaman islam dininin əleyhinə xüsusi təbliğat aparılırdı.

Bilirsiniz ki, o vaxtlar mən böyük dövlət işləri ilə məşğul idim. Bəzən düşünürdüm - din dindir, nə üçün bir dinə müəyyən qədər loyal münasibət bəslənilir, o birisi dinə isə həddindən artıq düşmən münasibəti göstərilir? Bu həqiqətdir.

Mərkəzdə Kommunist Partiyası Mərkəzi Komitəsinin ateizm təbliğatında islam dininə qarşı təbliğat xüsusi bir istiqamət təşkil edirdi və bu, xüsusi nəzarət altında idi. Sovet hakimiyyəti dövründə belə təsəvvür yaranırdı ki, sovet quruluşuna təhlükə törədən yalnız islam dinidir, xristian dini, yaxud da sovetlər ölkəsində olan başqa dinlər bu quruluşa o qədər təhlükə yaratmır. Bu, o dövrdə mənim gözümlə gördüyüm və bir çox ideoloji sənədlərdə oxuduğum həqiqətlərdir ki, sizə çatdırıram. Kommunist ideologiyasında dinlərlə münasibətdəki bu ayrı-seçkilik , dinləri bir-birindən fərqləndirmək xətti göstərirdi ki, demək, belə çıxır, din var - yaxşı dindir, din də var - çox pisdir, bu pis din də guya islam dinidir. Bu da o vaxt Sovetlər İttifaqında tədqiqatçılar tərəfindən olan subyektivlik meyllərini artırırdı.

Hansı dinə mənsubluğundan asılı olmayaraq, gərək tədqiqatçının özü obyektiv olsun. İslam dininə mənsub olan tədqiqatçı da gərək islam dini haqqında obyektiv tədqiqatlar aparsın, subyektivliyə yol verməsin. Başqa dinlərə mənsub olan tədqiqatçılar da həm öz dini haqqında, həm də islam dini haqqında tədqiqatlar apararkən gərək obyektiv olsunlar, heç bir tərəfə əyməsinlər, heç bir subyektivliyə yol verməsinlər.

Bunları müşahidə etmiş bir insan kimi və bunları şəxsən hiss etmiş və bilmiş bir insan kimi mənim o sözləri deməyə əsasım var. Hesab edirəm ki, indiki dövrdə təkcə Azərbaycan yox, keçmişdə Sovetlər İttifaqına mənsub olan, islam dininə itaət edən başqa ölkələr də, o cümlədən Şimali Qafqazda olan - Rusiya Federasiyasının tərkibindəki respublikalar, yaxud Mərkəzi Asiyada olan ölkələr, müstəqil dövlətlər, yaxud da Volqa çayı hövzəsində, ətrafında yerləşən, islam dininə mənsub olan böyük respublikalar - Rusiya Federasiyasının tərkibindəki respublikalar indi öz tarixi keçmişi haqqında, o cümlədən islam mədəniyyəti, islam sivilizasiyası, islam tarixi haqqında daha doğru-düzgün, elmi cəhətdən əsaslandırılmış əsərlər yarada bilərlər.

Bu baxımdan Rusiyanın paytaxtında olan araşdırma mərkəzləri, islam sivilizasiyası ilə əlaqədar tədqiqatlar aparan elmi mərkəzlər, Avropada, Amerika Birləşmiş Ştatlarındakı elmi tədqiqat mərkəzləri də həmişə müstəqil olmuş ölkələrlə, tutaq ki, ərəb ölkələri ilə əməkdaşlıqla yanaşı, keçmişdə Sovetlər İttifaqının tərkibində olub yeni müstəqillik əldə etmiş ölkələrin alimləri, elmi mərkəzləri ilə də gərək sıx əməkdaşlıq etsinlər.

Bu gün Moskvanın İslamşünaslıq Mərkəzinin nümayəndəsi cənab Medvedkonun çıxışı bizim hamımızın ürəyindən oldu. Çox səmimi çıxış etdi və hiss olundu ki, islam tədqiqatları ilə məşğul olan bir alim kimi, eyni zamanda islam mədəniyyətinə dərin hörmət bəsləyən insandır. Belə alimlərlə əməkdaşlıq həmişə onlar üçün də, islam ölkələrinin alimləri üçün də çox faydalı və uğurlu olar.

Fransadan gəlmiş nümayəndə danışmağa başlayarkən, mən hesab etdim ki, o, türkcə, yəni Anadolu türkcəsi ilə danışır. Ancaq sonrakı kəlmələrindən hiss etdim ki, o, azərbaycanca danışır. Yəni islamşünas, türkoloq olmaqla yanaşı, eyni zamanda nitqindən görürəm ki, bu gün özünü azərbaycanşünas kimi də təqdim etdi.

Bunlar hamısı sevindirici hallardır. Hesab edirəm ki, islam sivilizasiyası haqqında gələcək elmi tədqiqat işlərində belə əməkdaşlıq üstünlük təşkil edəcəkdir. Beləliklə, ümumiyyətlə, islam mədəniyyətinin dünyadakı rolu, o cümlədən xüsusən islam sivilizasiyasının Qafqazdakı rolu dəqiq, düzgün, elmi nöqteyi-nəzərdən əsaslandırılaraq elmi kitablarda, əsərlərdə öz əksini tapacaqdır.

Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına, milli mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk.

Bu, Azərbaycan üçün yeni bir hadisə deyildir. Məmnuniyyət hissi ilə demək olar ki, Azərbaycan hələ XVIII-XIX əsrlərdə və XX əsrin əvvəlindən elə bu istiqamətdə inkişaf edirdi. Bu baxımdan Azərbaycan Qafqazda və Qafqaz ətrafında, Mərkəzi Asiyada yerləşən, islam dininə mənsub olan xalqlar içərisində də öz mədəniyyətini ümumbəşəri dəyərlərlə, Avropa mənəvi dəyərləri, Avropa mədəniyyəti ilə zənginləşdirmiş ən qabaqcıl ölkədir.

Azərbaycanda hələ XIX əsrdə dünyəvi teatrın yaranması, yaxud da Avropa mədəniyyətinin təsiri altında və Avropa mədəniyyətinin dəyərləri ilə Azərbaycanın milli dəyərlərini bir-birinə bağlayan ədəbiyyat, incəsənət əsərlərinin yaranması Azərbaycanda bu meylin böyük tarixinin olduğunu göstərir.

Hesab edirik ki, bu, ölkəmizin, Azərbaycan xalqının üstünlüyüdür. Biz Azərbaycanın milli-mənəvi dəyərlərini ümumbəşəri dəyərlərlə zənginləşdirən və onların vəhdətindən doğan elm, ədəbiyyat, incəsənət əsərlərini, bunları yaradanları həmişə yüksək qiymətləndirmişik. Azərbaycanın elm, mədəniyyət tarixində belə adamlar çox görkəmli yer tutur.

Biz Nizami, Füzuli, Nəsimi kimi böyük şəxsiyyətlərlə fəxr etdiyimiz kimi, eyni zamanda Mirzə Fətəli Axundov kimi böyük şəxsiyyətlə də fəxr edirik. Mirzə Fətəli Axundov islam dəyərlərini ən gözəl bilən şəxsiyyətlərdən biri olubdur. O, islam dəyərlərinə çox sadiq bir insan olubdur. Amma eyni zamanda o, Azərbaycanın milli-mənəvi dəyərlərini, islam dəyərlərini ümumbəşəri, Avropa dəyərləri ilə zənginləşdirərək dahiyanə və xalqımızın inkişafına çox böyük təsir göstərmiş əsərlər yaratmışdır.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyov nə qədər milli olubsa, o qədər də ümumbəşəri olubdur. Biz bunu qiymətləndiririk. Biz heç vaxt yalnız milli, dini dəyərlərə qapılaraq, onun çərçivəsindən kənara çıxmayan, yaxud ondan kənarda heç bir şeyi görməyən insanları, alimləri xalqın inkişafına xeyir verən adam hesab etmirik. Ancaq milli xüsusiyyətlərini qoruyub saxlayan, milli-mənəvi dəyərlərinə sadiq olan, milli-mənəvi dəyərlərini yüksək qiymətləndirən, onlarla fəxr edən, eyni zamanda, ümumbəşəri dəyərlərin xalqımız üçün faydalı hissələrini götürüb Azərbaycan ictimai, elmi, mədəni fikrini inkişaf etdirən şəxsiyyətlər Azərbaycanın mədəniyyətini, elmini bax, bu səviyyəyə gətirən insanlardır. Bu baxımdan, Azərbaycanın XIX-XX əsrlərdəki böyük şəxsiyyətlərinin yaratdığı əsərlər, gördüyü işlər eyni zamanda islam sivilizasiyasının - təkcə Azərbaycanda yox, bütün Qafqazda, o cümlədən Mərkəzi Asiyada müasir tələblərə uyğun inkişaf etməsinə böyük töhfələr vermişdir.

Mən çox məmnun oldum ki, İran İslam Respublikasının nümayəndəsi də öz çıxışında islam dəyərləri və milli dəyərlərlə yanaşı, ümumbəşəri dəyərlərin əhəmiyyəti haqqında da çox əhəmiyyətli fikirlər ifadə etdi. Bunlar hamısı onu göstərir ki, bu mütərəqqi proses indi bütün ölkələrin aparıcı prosesidir. Azərbaycan bu tərəqqi yolu ilə keçmişdə də gedibdir, bu gün də gedir və gələcəkdə də gedəcəkdir. Biz islam mədəniyyətinin Azərbaycan xalqı üçün əvəzsiz olduğunu qeyd edərək, eyni zamanda dini, yaxud milli məhdudiyyət yaradan fikirləri, meylləri və ya təklifləri qəbul etmirik.

Millilik, islamilik ümumbəşəri dəyərlərin sintezi ilə xalqı inkişaf etdirə bilər. İndi dünyadakı bəzi mərkəzlərdə \"İslam fundamentalizmi, islam ekstremizmi, fanatizmi\" haqqında da fikirlər söylənilir.

Hesab edirəm ki, bizim müqəddəs kitabımız Qurani-Şərif heç vaxt fundamentalizmin əsasını qoymayıbdır. Kimsə bu fundamentalizm, ekstremizm meyllərini islam dinindən istifadə edərək yaradır və inkişaf etdirirsə, hesab edirəm ki, onlar islamın ən əsas prinsiplərindən müəyyən qədər uzaqlaşırlar. Biz islam mədəniyyətini, islam mənəvi dəyərlərini müqəddəs kitabımız Qurani-Kərimdə olduğu kimi qəbul edirik. Onların təhrif olunması, əgər dini dildə desək, günahdır. Biz istəmirik ki, kimsə günaha batsın.

Mən bu fürsətdən istifadə edib bir neçə fikrimi sizə çatdırmaq istədim. Yəqin ki, siz alimlər, bu işlərin mütəxəssisləri bu barədə bu simpozium zamanı daha dəyərli fikirlər irəli sürəcəksiniz. Ancaq mənim fikirlərim də əgər sizə bu barədə müəyyən qədər əhəmiyyətli olsa, mən bundan məmnun olaram.

Bugünkü simpoziumun gedişini dinləyərək mən belə fikrə gəlirəm ki, Azərbaycan Qafqazda islam sivilizasiyası araşdırmalarının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da vardır. Mən nitqimin əvvəlində islamın Qafqazda yayılmasında Azərbaycanın rolu haqqında danışdım. Tarixi faktlar onu göstərir ki, Azərbaycandan bir az şimalda olan xalqlar islamı yalnız XYI əsrdə qəbul ediblər. Ancaq Azərbaycan xalqı, yəni bizim indi yaşadığımız bu Azərbaycan islamı hələ VII əsrdə qəbul edibdir. Görürsünüz, qısa bir məsafədə islamın şimala doğru yayılması üçün nə qədər vaxt lazım olubdur. Bunu araşdırmalar daha dəqiq göstərə bilər. Ancaq şübhəsiz, bunların hamısının yolu Azərbaycandan keçibdir. Əgər islamın sərhədi bir neçə əsrdə Qafqazda Dərbəndlə məhdudlaşıbsa və islam Dərbənddən şimala yalnız sonralar, yəni XV-XVI əsrlərdə keçibsə, bu onu göstərir ki, islam dini Azərbaycanda nə qədər güclü olubdur. Eyni zamanda islam dininin şimala yayılması da o qədər asan olmayıbdır. Bu, vaxt tələb edibdir.

Bütün bunlara görə hesab edirəm ki, Azərbaycan bu sahədə Qafqazda araşdırma mərkəzi ola bilər. Əgər siz hamınız belə bir qərara gələ bilsəniz, Azərbaycanda bir mərkəz yaratmaq olar. Azərbaycan dövləti də buna himayəçilik edə, kömək göstərə bilər. Mən hər halda Azərbaycanın timsalında demək istəyirəm, - bu sahədə çox böyük işlər görülməlidir. Elmi tədqiqat üçün burada geniş imkanlar vardır.

Mən bir xüsusiyyəti qə qeyd etmək istəyirəm. Sovet hakimiyyəti illərində Azərbaycanın özündə demək olar ki, islamşünaslar çox az idi, bəlkə də yox idi. Bunun da səbəbini sizə deyim. Məsələn, keçmiş Sovetlər İttifaqında islamşünaslar əsasən Moskvada idilər. Çünki islama mən dediyim həmin kommunist ideologiyası tərəfindən o qədər mənfi münasibət var idi ki, islama mənsub olan alimlərin özləri islamşünaslıqla məşğul olmaqdan çəkinirdilər, qorxurdular. Digər tərəfdən də hesab edirdilər ki, bu, dünya elmi üçün o qədər də əhəmiyyətli bir sahə deyildir, yaxşı olar ki, başqa bir sahə ilə məşğul olsunlar.

Məsələn, Quranın Azərbaycan dilinə çevrilməsi respublikamız müstəqillik əldə edəndən sonra, yaxud həmin ərəfədə mümkün oldu. Mən sizə açıq deyim ki, sovet hakimiyyəti vaxtı əgər Quran Azərbaycan dilinə çevrilsəydi, şübhəsiz ki, buna nəinki irad tutacaqdılar, bəlkə bundan ötrü kimisə cəzalandıracaqdılar. Amma eyni zamanda, Quran rus dilinə tərcümə olunmuşdu. Ərəb dilini bilməyən azərbaycanlıların çoxu Quranı həmin o rus tərcüməsindən, nəşrindən götürüb oxuyurdular.

Nə üçün belə hadisə var idi, nə üçün Quran rus dilinə tərcümə olunmuşdu, ancaq Azərbaycan dilinə tərcümə edilməmişdi? Çünki Qurandan istifadə etməyi azərbaycanlılara qadağan edirdilər. Hesab edirdilər ki, Quran rus dilinə tərcümə olunubdur və guya xristianlar tərəfindən islam dinini öyrənmək üçün lazımdır. Amma Quran Azərbaycan dilinə tərcümə olunsa, bu, azərbaycanlıların islam dininə meylini artıracaqdır. İş burasında idi.

Amma eyni zamanda, xristian dininə məxsus kitabların rus dilində nəşr olunması qadağan deyildi. Elə bunun özü də Sovetlər İttifaqı zamanı müxtəlif xalqlara müxtəlif münasibət olduğunu göstərirdi. Bu səbəbdən də Azərbaycan alimləri çox az, nadir halda islamşünaslıqla, islam dinini öyrənməklə məşğul olurdular, bu barədə kitablar yazırdılar. Çünki hesab edirdilər ki, bu kitablar, tədqiqatlar onlar üçün qiymətli deyildir. Yenə də deyirəm, bəziləri də qorxurdular, çəkinirdilər.

Ekmələddin İhsanoğlu indi mənə deyirdi ki, rəhmətlik Ziya Bünyadov və rəhmətlik Cahangir Qəhrəmanov bu mərkəzlə neçə illər idi əməkdaşlıq edirdilər. Bu, həqiqətdir. Mən bilirəm ki, onların ikisi də böyük alim kimi, islam tədqiqatları ilə məşğul olurdular. Ancaq bunlar Azərbaycanda çox azlıq təşkil edirdilər. Onlar da böyük alim olduqlarına, başqa tədqiqatlar da apardıqlarına görə bu tədqiqatı da aparmaqdan çəkinmirdilər, qorxmurdular. Bax, buna görə də mən hesab edirəm ki, Azərbaycanda islamşünaslıq sahəsində XX əsr demək olar, tamam itirilibdir.

Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır. Azərbaycanın Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və elmi-tədqiqat institutları bəlkə də bu sahə üçün xüsusi təşkilatlar, orqanlar, elmi mərkəzlər yaratmalıdırlar. Hər halda mən indi qəti deyə bilmərəm. Belə təşəbbüslər olsa, mən onları dəstəkləyəcəyəm, bunlar üçün şərait də yaradacağam. Buna arxayın olun.

Yenə də deyirəm, Azərbaycan elmində böyük bir dövr ərzində biz bu işlərlə ciddi məşğul olmamışıq. Ancaq bu, təkcə Azərbaycan alimlərinin işi deyil və çətindir. İndi bizim üçün çox mötəbər mərkəz olan, İstanbulda yerləşən İslam Konfransı Təşkilatının Elmi-Tədqiqat Mərkəzi, yaxud da ki, Rusiyanın Moskvada olan elmi tədqiqat təşkilatları, Avropadakı elmi tədqiqat təşkilatları ilə əməkdaşlıq edilməlidir.

Cənab Medvedkonun burada olmasından istifadə edərək demək istəyirəm ki, gərək Rusiyanın özü də bu işlərə ciddi fikir versin. Çünki Rusiyada 30 milyon müsəlman yaşayır. Bu, Rusiyanın 150 milyonluq əhalisinin böyük bir hissəsini təşkil edir. Demək, əhalinin bu hissəsini nəzərə almaq lazımdır.

Keçmişdə, sovet hakimiyyəti dövründə din qadağan edildiyinə görə kim müsəlmandır, kim xristiandır - hamısı bir idi, hamısı da sovet xalqı hesab olunurdu. Hətta xalqların adını da xırda-xırda aradan götürmək meylləri inkişaf edirdi. \"Vahid sovet xalqı\", \"insanların yeni tarixi birliyi\" kimi terminlər var idi. Amma indi gərək Rusiya Federasiyası da düşünsün ki, bu ölkədə 30 milyon müsəlman yaşayır. Onların əksəriyyəti də yığcam şəkildə öz ərazilərində - Şimali Qafqazda, Tatarıstanda, Başqırdıstanda, başqa yerlərdə yaşayırlar.

Demək, Rusiyada da bu elmi-tədqiqat işləri çox gücləndirilməlidir. Biz son iki əsrdə Rusiya ilə çox sıx bağlı olduğumuza görə, bu elmi-tədqiqat sahəsində müştərək işlər də görmək olar. Hesab edirəm ki, bu da faydalı olacaqdır. Xüsusən ona görə ki, - mən burada artıq bəyan etdim, - əgər Qafqazda islam sivilizasiyası problemlərinin tədqiqi işlərini öz üzərimizə götürsək, yəni burada bu işlərin mərkəzini təşkil etsək, demək, biz Rusiyanın elmi tədqiqat orqanları ilə sıx əməkdaşlıq etməliyik.

Hörmətli alimlər, dostlar!

Mən sizin konfransın işinə çox böyük əhəmiyyət verirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu gün və qarşıdakı günlərdə Azərbaycanda səmərəli işlər görəcəksiniz. Şübhə etmirəm ki, Azərbaycanda yüksək qonaqpərvərlik görəcəksiniz. İnanıram ki, siz Azərbaycanın bugünkü gerçəkliyi ilə də tanış olacaqsınız. Bizim ağır, çətin problemlərimizlə yanaşı, dövlət müstəqilliyimizin dəyərli uğurları da vardır. Biz fəxr edirik ki, bütün ağır problemlərə, sosial-iqtisadi çətinliklərə, ərazimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, işğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlıların zorla çıxarılmasına və onların əksəriyyətinin indi çadırlarda yaşamasına baxmayaraq, biz tariximizin gözəl bir mərhələsini yaşayırıq. Çünki dövlət müstəqilliyimizin yeddinci ili tamam olur. Ötən bu yeddi il də Azərbaycan üçün çox hamar dövr olmayıbdır. Bu sahədə də bizim qarşımızda çoxlu çətinliklər olubdur. Biz çox böyük bəlalarla rastlaşmışıq. Ancaq əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi qorunub, saxlanılıb və Azərbaycan müstəqil dövlət kimi yaşayır və bundan sonra da yaşayacaqdır.

Siz burada Azərbaycanın Avropa ilə Asiya, Qərblə Şərq arasında bir körpü olduğunu da qeyd etdiniz. Bu, həqiqətən belədir. Bu, təkcə coğrafi məna daşımır. Bu, sosial-iqtisadi və siyasi məna daşıyır.

Siz bilirsiniz ki, bu il sentyabrın 7-8-də Azərbaycanda ilk dəfə qədim tarixi İpək yolunun bərpası ilə əlaqədar beynəlxalq konfrans keçirilmişdir. Bu konfransda 32 dövlətin yüksək səviyyəli nümayəndə heyətləri, o cümlədən bir çox ölkələrdən dövlət, hökumət başçıları iştirak etmişlər. 13 beynəlxalq təşkilatın nümayəndə heyəti burada iştirak etmişdir. Biz hələ orta əsrlərdə itirilmiş böyük tarixi İpək yolunun bərpası ilə əlaqədar ilk dəfə olaraq beynəlxalq sənədlər, bəyannamələr imzalamışıq. Bu proqram artıq həyata keçirilir və biz onun nəticələrini görürük.

Ona görə də Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq sivilizasiyasını - həm coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən - birləşdirən bir ölkədir. Biz bu tarixi missiyamızı da çox yüksək qiymətləndiririk. Şərqlə Qərbi Avropa ilə Asiyanı, xristian aləmi ilə islam aləmini birləşdirən Azərbaycan müstəqil dövlətdir və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır.

Mən sizin hamınıza cansağlığı, səadət arzulayıram. Simpoziumun işinə uğurlar arzulayıram.

\"Azərbaycan\" qəzeti, 10 dekabr 1998-ci il