Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın \"Frontera Resorses\" şirkətinin Direktorlar Şurasının sədri Uilyam Uayt və şirkətin prezidenti Stiv Nikandrosu ilə söhbətindən - 15 noyabr 1999-cu il

Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz! Sizinlə görüşümdən çox məmnunam. Çoxdandır görüşməmişdik və mənə dedilər ki, siz artıq burada öz işlərinizi gücləndirirsiniz. Çox məmnunam.

Bilirsiniz, indi bizim başımız çox qarışıqdır. ATƏT-in İstanbul sammiti ilə əlaqədar bir çox məsələləri həll etmək lazımdır. Bunlara baxmayaraq, mən fürsət tapdım ki, sizinlə görüşüm.

Uilyam Uayt: Cənab Prezident, burada olmağıma çox şadam və xüsusilə mənim üçün böyük şərəfdir ki, gərgin iş cədvəlinizdən vaxt ayırıb bizi qəbul edirsiniz.

Cənab Prezident, bu həftə bütün dünyanın gözü Türkiyədə, ATƏT-in həmin sammitində olacaqdır və orada müzakirə və təhlil ediləcək məsələlərin başlanğıcını məhz Siz vermisiniz.

Cənab Prezident, xatirinizdədirsə, biz Sizinlə ilk dəfə altı il bundan əvvəl görüşmüşdük və hələ o vaxt, ilk görüşümüz zamanı Siz müəyyən bir strategiya haqqında danışırdınız ki, həmin strategiya yalnız Azərbaycanı yox, ümumiyyətlə, bütün regionu dəyişəcəkdir. Sizin peyğəmbərcəsinə dediyiniz o sözlər artıq həyata keçmişdir.

Mən bu gün səhər dostum prezident Klintonun mətbuat konfransına baxırdım. Prezident Klintonun dediyi sözlərin hamısı ilə praktiki olaraq razıyam. Yalnız biri ilə razı deyiləm. Düzdür, onlar həmin boru kəmərini Bakı-Ceyhan boru kəməri adlandırırlar. Mən isə öz fikrimdə onu \"Əliyev kəməri\" adlandırardım.

Cənab Prezident, Siz Cənubi Qafqazda elə bir inkişafa təkan verdiniz, elə böyük strategiya hazırladınız ki, praktiki olaraq Azərbaycan üçün bütün variantları açıq qoydunuz. Bütün ətraf ölkələrlə dostluq əlaqələri yaratdınız. Bunlarsız prezidenti Klintonun bütün dedikləri həyata keçə bilməzdi.

Cənab Prezident, mən bütün bu prosesləri - əgər bunu uşaqla müqayisə etsək - onun lap bələk vaxtından yetkin yaşına qədər müşahidə etmişəm və bu, mənim üçün başucalığıdır ki, bu işlərin bir hissəsinin iştirakçısı olmuşam.

Cənab Prezident, bilirəm ki, Sizin vaxtınız çox məhduddur. Sizin iş cədvəliniz gərgindir. Lakin elə bilirəm ki, Azərbaycan üçün çox həyəcanlı anlar haqqında Sizə bir neçə dəqiqə məlumat verməliyəm.

Cənab Prezident, Sizinlə əvvəlki görüşlərimdən yaxşı xatırlayıram - həmişə deyirsiniz ki, Azərbaycanın qurudakı yataqlarının da böyük potensialı vardır və bütün potensialı, fikri dəniz yataqlarına yönəltmək lazım deyildir. Bu sahəyə də sərmayə cəlb etmək lazımdır. Təmsil etdiyim şirkət son həftə ərzində 100 azərbaycanlı geofiziki işə cəlb etmişdir və faktiki olaraq Azərbaycanın qurudakı yataqlarında birinci seysmik işlər aparılmışdır. Bundan əlavə, şirkətimiz 1486 Azərbaycan vətəndaşına iş vermişdir. Onlar indi bizim işimizlə məşğuldurlar. Bu yataqlar tam gücü ilə işləməyə başlayacaq və ilkin mərhələdə, elə bilirəm ki, burada ildə 2 min barrel neft istehsal ediləcəkdir. Sonrakı illərdə biz işimizi daha da gücləndirəcəyik və bu rəqəmi 3 dəfə artıracağıq.

Cənab Prezident, mən büdcəni də artıq təsdiq etmişəm. Yəni gələn il üçün Azərbaycanda neft və qaz hasilatını artırmaqdan ötrü əsas xərclərə, əməliyyat xərclərinə 15 milyon dollar vəsait ayrılmışdır. Əlbəttə, bütün bunların hamısını Sizin liderliyinizə və Azərbaycan xalqına inamımız olmadan edə bilməzdik.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Birinci, İstanbul Zirvə görüşü haqqında sizin dediyiniz sözlərlə mən tamamilə razıyam. Siz bilirsiniz, Bakı-Ceyhan neft kəməri haqqında müqavilə İstanbulda artıq tam hazırdır və orada imzalanacaqdır. Mən bu gün sizinlə bu ərəfədə görüşməyimdən çox məmnunam. Ona görə ki, biz sizinlə 1994-cü ilin sentyabr ayında ilk müqaviləni bu arzularla imzalamışdıq. Beş il ərzində çox gərgin iş getmişdir. Biz artıq o müqavilənin nəticələrini görürük. Bu, sizə məlumdur. Ancaq ən çətin problem Bakı-Ceyhan neft kəmərinin çəkilməsi ilə əlaqədar məsələləri həll etməkdən ibarət idi. Bunu istəyənlər də var idi, istəməyənlər də var idi, bunun əleyhinə olanlar da var idi. Lap elə ürəkdən istəyənlərin özləri də hesab edirdilər ki, bu, indi lazım deyildir, bunu 5-10 ildən sonra etmək lazımdır. Həqiqətən, beş il mənim bu barədə çox gərgin iş görməyim lazım oldu. Mən çox məmnunam, hətta çox xoşbəxtəm ki, buna nail ola bilmişəm və müqavilə imzalanacaqdır. Bizim bədxahlarımız hətta lap son vaxtlarda deyirdilər ki, müqavilə imzalanmayacaqdır. Bu, söhbətdir. Müqavilə imzalanacaq və o, göstərilən vaxtda da həyata keçiriləcəkdir.

Təşəkkür edirəm ki, mənim buradakı xidmətlərimi qiymətləndirirsiniz. Ancaq mən də demək istəyirəm ki, bizim ilk müqaviləmizdə sizin imzanız vardır. Siz Amerika Birləşmiş Ştatlarının hökuməti adından 1994-cü ilin sentyabr ayında ilk müqaviləni imzalamısınız. Bu, mənim bugünkü kimi yadımdadır. Baxmayaraq ki, beş il keçibdir. Bu, çox mürəkkəb dövr idi. Bilirsiniz ki, o müqaviləni imzalayandan sonra Azərbaycanda nə kimi dəhşətli hadisələr baş verdi. Amma biz sarsılmadıq, biz geriyə çəkilmədik. Biz öz tutduğumuz yol ilə getdik. Ona görə mənim dostum Uilyam Uaytın bu müqaviləni imzalaması da tarixi bir xarakter kəsb edir.

Müqavilə Bakı-Ceyhandır. Onun adını dəyişdirmək olmaz. Amma siz nə cür istəyirsiniz, o cür də deyə bilərsiniz. Mən çox məmnunam. Çox məmnunam ki, məhz bu müqavilənin imzalanması ərəfəsində sizinlə görüşürəm. Çünki siz o vaxt - beş il bundan öncə Amerika Birləşmiş Ştatlarının enerji nazirinin birinci müavini kimi Amerika Birləşmiş Ştatlarının hökumətini bu müqavilənin imzalanmasında təmsil edirdiniz.

Bizim qurudakı neft yataqlarında sizin gördüyünüz işlər də məni çox sevindirir. Siz əvvəldən gəlib məhz Azərbaycanın quru hissəsində olan neft yataqları ilə məşğul olmağınız haqqında məsələ qaldıranda mən buna çox sevindim. Çünki mən bilirəm, keçən illərdə də mən burada çox işləmişəm və bilirəm ki, Azərbaycanın quru hissəsində, yəni Abşeron yarımadasında, təkcə Abşeron yarımadasında yox, Azərbaycanın başqa bölgələrində də, xüsusən Qərb bölgəsində bizim çox zəngin neft yataqlarımız vardır. Ona görə diqqətinizi oraya cəlb etmək, hesab edirəm, həm sizin üçün çox əhəmiyyətlidir, həm də bizim üçün.

Verdiyiniz məlumatlar məni çox sevindirir. Siz burada işləməyə 1400 adam cəlb etmisiniz. Azərbaycan vətəndaşları üçün bir belə iş yeri açmısınız. Seysmik işləri aparmaq üçün 100 nəfər cəlb etmisiniz və artıq gələn il Azərbaycana 15 milyon dollar investisiya gətirirsiniz. Bunlar hamısı sevindirici haldır. Bu onu göstərir ki, siz də, mən də elan etdiyimiz məqsədləri həyata keçiririk. Mən sizi özümə dost hesab edirəm, həmişə sizə dost kimi münasibət göstərirəm.

Uilyam Uayt: Cənab Prezident, mən bunu bilirəm və yüksək qiymətləndirirəm. Sizin o zaman millətə və dünyaya müraciətiniz yaxşı yadımdadır. Onda Siz dediniz ki, bu, Sizin ölkənin tarixində yeni eranın açılması olacaqdır. Haqqında danışdığımız bu era böyük dözüm tələb edir və başladığınız işə sadiqlik tələb edir. Mənə elə gəlir ki, Bakıda yaşamış adamlar beş il müddətində baş vermiş dəyişikliklərin hamısını çox aydın görürlər. Lakin mənim şirkətim istəyir ki, iqtisadi dəyişikliklərin baş verməsi Bakıdan kənarda yaşayan insanlara da bu xoşbəxtliyi gətirsin və onlar da bu iqtisadi dirçəlişin iştirakçısı olsunlar. Sizə bu gün söz verirəm ki, bu, baş verəcəkdir.

Heydər Əliyev: Mən sizi bir daha təbrik edirəm. Mən bu gün televiziya ilə prezident Bill Klintonun və prezident Süleyman Dəmirəlin mətbuat konfransına baxdım. Prezident Klinton öz çıxışında Bakı-Ceyhan boru xətti haqqında dedi. Amma bir şeyə təəccüb etdim: Türkiyə tərəfindən türk dilinə çevirən tərcüməçi onun dediyi sözləri tərcümə etmədi. Mən bəzən bizim bu tərcüməçiləri danlayıram ki, bunlar tərcümədə bəzi sözləri buraxırlar. Amma hesab edirdim ki, Türkiyədə tərcüməçilərin səviyyəsi bizimkindən daha da yüksəkdir. Təəccüb etdim. Cənab Bill Klintonun ingilis dilində danışığını mən anladım. Amma təəccüb etdim ki, tərcüməçi Bakı-Ceyhanla bağlı hissəni - yadından çıxdı, ya nə təhər oldu tərcümə edə bilmədi. Mən Türkiyəyə gedəndə bunu onlara deyəcəyəm.

Uilyam Uayt: Cənab Prezident, elə bilirəm ki, bu, çox xırda məsələlərdən biridir ki, biz onlara üstün gəlməliyik. Bu layihədə heç bir şey asanlıqla başa gəlməyibdir.

Heydər Əliyev: Elədir. Çox sağ olun.