Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Layihəsi barədə sazişlərin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin giriş və yekun nitqi - 17 oktyabr 2000-ci il

Hörmətli xanımlar və cənablar!

Sabah oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 9-cu ildönümüdür. 9 il bundan öncə Konstitusiya aktı qəbul olunandan sonra Azərbaycan öz müstəqilliyini əldə edib və 9 ildir ki, müstəqil dövlət kimi yaşayır. Mən bu bayram, Azərbaycanın istiqlaliyyət günü münasibətilə Sizi, bütün xalqımızı, vətəndaşlarımızı ürəkdən təbrik edirəm. Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah, dövlətimizin müstəqilliyinin əbədi olmasını arzulayıram.

Biz bu gün buraya tarixi bir hadisə münasibətilə toplaşmışıq. Məlumdur ki, 1994-cü ilin sentyabr ayında Xəzərin Azərbaycan sektorundakı zəngin neft yataqlarının müştərək işlənilməsi üçün dünyanın bir çox böyük neft şirkətləri ilə ilk müqavilə imzalanmışdır. Biz o vaxtdan bu müqavilənin həyata keçirilməsi ilə məşğuluq. Beləliklə, Azərbaycanın yeni neft strategiyası başlamışdır. 1994-cü ilin sentyabr ayında \"Əsrin müqaviləsi\"nin imzalanması məhz Azərbaycan xalqının azadlığının, dövlət müstəqilliyinin bəhrəsidir.

Bu gün iftixar hissi ilə deyə bilərik ki, imzalanmış bu neft müqaviləsi ardıcıl surətdə həyata keçirilir, öz nəticələrini verir.

Birinci müqavilə Xəzər dənizinin böyük neft və qaz imkanlarını dünyaya açıbdır. İndi Azərbaycanda 20 böyük neft müqaviləsi imzalanıbdır.

\"Əsrin müqaviləsi\"ndə - Xəzərin Azərbaycan sektorundakı \"Azəri\", \"Çıraq\" yataqlarının və \"Günəşli\" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi barədə müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin 11 xarici ölkə neft şirkəti ilə birgə əməkdaşlıq etməsi nəzərdə tutulurdu. Bu əməkdaşlıq uğurla həyata keçirilir, \"Çıraq\" yatağından 1997-ci ildə neft hasil olunubdur. Həmin yataqdan alınan neft dünya bazarlarına ixrac edilir. Beləliklə, biz imzaladığımız müqavilənin əməli nəticəsini görürük.

Təbiidir ki, belə bir müqavilənin həyata keçirilməsi zamanı böyük miqdarda neft hasil olunması nəzərdə tutulduğuna görə, bu neftin dünya bazarlarına ixracı da müqavilədə nəzərə alınmalı idi. Ona görə də ilk müqavilədən hasil edilən neftin dünya bazarlarına ixrac olunması üçün müxtəlif neft borularının, o cümlədən Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin tikilməsi nəzərdə tutulmuşdu.

Biz xarici neft şirkətləri ilə birlikdə elə o vaxtdan, 1994-cü ildən başlayaraq əsas ixrac neft kəmərinin, - Bakı-Ceyhan kəmərinin, sonra biz onu Bakı-Tbilisi-Ceyhan adlandırdıq, yaradılması üçün çox işlər gördük.

Məlumdur ki, bu istiqamətdə apardığımız işlər çox böyük müqavimətlərlə, çətinliklərlə rastlaşmışdı. Çoxları belə bir ixrac kəmərinin tikilməsinin real olmadığını bəyan edirdilər. Hər halda, Bakı-Tbilisi-Ceyhan neft kəməri ötən illər bütün dünya ictimaiyyətinin nəzər-diqqəti altında olubdur. Lakin biz Azərbaycan, Türkiyə, Gürcüstan dövlətləri, konsorsiumda iştirak edən neft şirkətləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işi ilə ardıcıl məşğul olmuşuq, mübarizə aparmışıq və buna da nail olmuşuq.

Gördüyümüz bütün bu işlərin zirvəsini də 1999-cu ilin noyabrında İstanbulda ATƏT-in zirvə görüşü zamanı imzalanmış saziş təşkil edir. Həmin sazişi Azərbaycan Respublikasının Prezidenti, Türkiyə Cümhuriyyətinin Prezidenti, Gürcüstan Prezidenti, Qazaxıstan Prezidenti imzalamışlar və o sazişə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Bill Klinton da öz imzasını qoymuşdur.

Beləliklə, bizim çoxillik işlərimiz belə bir siyasi sənədin qəbul olunması ilə başa çatmışdır. Ancaq ondan sonrakı dövrdən bu günədək o qədər də asan olmamışdır. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi, onun qiyməti, başqa kommersiya-texniki məsələləri ilə əlaqədar müxtəlif fikirlər olmuşdur. Bu, müxtəlif fikirlər hətta konsorsiuma daxil olan şirkətlər arasında da mövcud idi. Ona görə də bu sahədə də çox işlər görmək lazım idi.

Bu işlər Azərbaycan, Türkiyə, Gürcüstan dövlətləri və onların müvafiq orqanları tərəfindən aparılmışdır. Amerika Birləşmiş Ştatlarının dövləti, hökuməti də bu prosesə daim dəstək vermişdir. Bütün texniki, kommersiya məsələləri barəsində razılıqlar əldə edilmişdir. Bunların nəticəsində Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlər birlikdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi haqqında kommersiya-texniki sazişlər hazırlamışdır. Bu gün biz bu sazişlərin imzalanması üçün buraya toplaşmışıq.

Nəzərdə tutulur ki, həmin sazişlər bu gün Azərbaycanda, onun paytaxtı Bakıda, sabah Gürcüstanda, Tbilisidə, o biri gün isə Türkiyədə imzalanacaqdır. Təbiidir ki, sazişlərin imzalanması bu sahədə yeni bir mərhələ açacaqdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin əməli surətdə tikilməsinə başlanacaqdır.

Yekun nitqi

Hörmətli xanımlar və cənablar, dostlar!

Biz hamımız həqiqətən eyni fikirdəyik ki, tarixi bir gün yaşayırıq, tarixi dəqiqələr keçiririk.

1994-cü ilin sentyabrında Azərbaycanda ilk neft müqaviləsi imzalananda biz böyük qürur, xoşbəxtlik hissi keçirirdik, bu istiqamətdə Azərbaycanın gözəl gələcəyini görürdük.

Məlumdur ki, buna şübhə ilə yanaşanlar da, inanmayanlar da, mane olanlar da var idi. Azərbaycanın həm daxilində, həm də xaricində bu müqavilə bir tərəfdən qısqanclıq, o biri tərəfdən narazılıq doğurmuşdu. Ancaq Azərbaycan xalqı, hər halda onun tam əksəriyyəti, bu hadisəni tarixi hadisə və müstəqil ölkəmizin gələcəyi üçün ən önəmli, ən mühüm iş kimi qiymətləndirir.

Ondan sonrakı dövr bizim üçün asan olmadı. Biz xaricdən çox təzyiqlərə məruz qaldıq. Bir sıra ölkələrin mətbuatında, qəzetlərində bu barədə müxtəlif fikirlər - əksəriyyəti isə əks fikirlər dərc olunurdu. Beləliklə, bizim gördüyümüz bu işlərə həm beynəlxalq ictimaiyyətdə, həm də Azərbaycanda şübhə yaratmaq istəyirdilər.

Ölkəmizin həm xaricdə, həm də daxildə olan düşmənləri yaxşı dərk edirdilər ki, bu müqavilə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi üçün ən mühüm hadisələrdən biridir. Təsadüfi deyil ki, bu müqavilə imzalanandan bir gün sonra Azərbaycana qarşı böyük bir təxribat baş verdi. Respublikamızın Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında cəza çəkən çox təhlükəli cinayətkar məhbuslar müxtəlif qüvvələrin köməyi ilə oradan çıxarıldı, qaçırıldı və Azərbaycanın daxilində sabitliyin pozulması üçün müəyyən imkanlar yarandı. Bundan bir həftə sonra Azərbaycanda iki dövlət xadiminə, siyasi xadimə qarşı terror baş verdi, onlar qətlə yetirildi.

Bunların məntiqi davamı olaraq, 1994-cü il oktyabrın 3-4-də Azərbaycanda silahlı dövlət çevrilişinə cəhd göstərildi. Biz bu cəhdin qarşısını xalqımızın, millətimizin birliyi, gücü ilə aldıq. Ancaq Azərbaycanın daxili və xarici düşmənləri ölkəmizin bu qədər müstəqil siyasət aparmasına, müstəqil inkişaf etməsinə maneçilik törətməkdən əl çəkmirdilər.

Həmin hadisədən altı ay sonra Azərbaycanda yenidən silahlı dövlət çevrilişinə cəhd göstərildi. Bu, həm xaricdən idarə olunurdu, həm də daxildəki cinayətkar qüvvələr tərəfindən təşkil edilmişdi. Çox təəssüflər olsun ki, bu gün müxalifətdə olan bəzi siyasi partiyalar da həmin dövlət çevrilişinə cəhddə fəal iştirak edirdilər. Biz bu dövlət çevrilişinə cəhdin də qarşısını aldıq. Qan töküldü, şəhidlər verdik, ancaq Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əleyhinə çıxan qüvvələri darmadağın etdik.

Sonrakı illərdə də Azərbaycanın qarşısına bir çox çətinliklər çıxmışdı. Bunlar hamısı sizə məlumdur. Bunların hamısının bir səbəbi vardır. Həm xaricdə, həm də daxildə olan düşmənlər görürdülər ki, Azərbaycan müstəqil bir dövlət kimi yaşayır, ölkəmizin müstəqilliyi gündən-günə möhkəmlənir, respublikamızın yeni dövlət neft strategiyası böyük gələcəkdən xəbər verir. Məhz həmin adamlar bunların qarşısını almaq, Azərbaycanı zəiflətmək və ayrı-ayrı cinayətkar qruplar tərəfindən ölkəmizi ələ keçirmək üçün bu cür dəhşətli yollara düşdülər.

Biz ötən illər çox ağır, çətin yollar keçdik, Azərbaycan xalqını bir çox təhlükələrdən xilas etdik və ölkəmizin müstəqilliyini, dövlətçiliyini qoruduq. Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək üçün dövlət neft strategiyasını ardıcıl surətdə həyata keçirdik.

Burada deyildi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaradılması da dövlət neft strategiyasının əsas hissəsini təşkil edir. Bütün təxribatlar, xaricdən bizə qarşı olan təzyiqlər heç bir nəticə vermədi. Son illər isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilməsinə qarşı müxtəlif təbliğatlar aparıldı, təxribat hərəkətləri edildi. Amma bizim iradəmiz, müstəqil, demokratik Azərbaycanın iqtisadi, xarici siyasəti və dünyanın böyük dövlətləri, onların neft şirkətləri ilə əməkdaşlığı - bütün bunlar bizi bugünkü günə gətirib çıxardı.

Beləliklə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ağır bir yol keçibdir. Amma bu gün artıq hamı görür ki, biz bu yolu uğurla keçmişik. Biz - Türkiyə Cümhuriyyəti, Gürcüstan, Azərbaycan Amerika Birləşmiş Ştatlarının daimi dəstəyi nəticəsində bu ağır, çətin yolu birlikdə uğurla keçdik və bu gün artıq son sazişlər imzalandı.

İndi yeni mərhələ açılır. Bu gün burada verilən bəyanatlar və xüsusən Deyvid Vudvordun verdiyi bəyanatlar onu göstərir ki, biz əməli işə başlayırıq, bu əməli iş də uğurla həyata keçiriləcək və 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə Xəzər dənizinin nefti Aralıq dənizinə axacaqdır. Biz buna inanırıq. Biz hamımız birlikdə - Türkiyə, Gürcüstan, Azərbaycan, xarici neft şirkətləri, onların təmsil etdikləri dövlətlər Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə bu proqramı da gələcəkdə uğurla həyata keçirəcəyik.

Bizim bu işimizə maneçilik törədənlərə - həm daxildə, həm xaricdə, - mən bildirmək istəyirəm ki, qoy onlar müstəqil Azərbaycan dövlətinin son illər, son 7 ildə keçirdiyi ağır, çətin, amma çox uğurlu yolu düzgün qiymətləndirə bilsinlər və özlərinə nəticə çıxarsınlar.

Biz bütün bu işləri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün etdik. Biz bütün bu işləri Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq üçün edirik. Biz bütün bu işləri Azərbaycana parlaq gələcək yaratmaq üçün edirik. Biz bütün bu işləri müxtəlif dövlətlərlə uzunmüddətli əməkdaşlıq üçün edirik. Ona görə də mən inanıram ki, bizim bütün bu işlərimiz uğurla həyata keçiriləcəkdir.

Mən bu sənədlərin imzalanması münasibəti ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətini, Azərbaycan Dövlət Neft Şirkətini, Azərbaycan dövlətini, hökumətini, bütün Azərbaycan xalqını təbrik edirəm.

Biz estafeti Gürcüstana, sonra isə Türkiyəyə veririk. Mən cənab Vudvorddan xahiş edirəm ki, bizim salamlarımızı, mənim xüsusi salamlarımı, hörmət və ehtiramımı Gürcüstanın Prezidenti, mənim dostum Eduard Şevardnadzeyə və bütün gürcü xalqına çatdırasınız.

Bizim salamlarımızı və xoş arzularımız Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezərə, Türkiyə Cümhuriyyətinin Baş naziri hörmətli Bülənd Ecevitə, qardaş türk xalqına çatdırasınız.

Mən hamınızı bir daha təbrik edirəm və bu yolda hamıya uğurlar arzulayıram.

\"Azərbaycan\" qəzeti, 18 oktyabr 2000-ci il.