\"Əsrin müqaviləsi\" üzrə layihənin rəhbər komitəsinin üzvləri və ABƏŞ-in rəhbərləri ilə görüşdə Azərbaycan prezidenti Heydər Əliyevin giriş sözü və yekun nitqi - Prezident Sarayı, 28 fevral 1997-ci il

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və rəhbər komitəsi bu gün növbəti toplantısını keçiribdir. Mənə məlumat verildi ki, bəzi məsələlərimizi müzakirə etmisiniz və xüsusən keçən il görülən iş və qarşıda duran planlar haqqında müzakirələr aparmısınız, müəyyən qərarlar qəbul etmisiniz. Sizin də, mənim də arzum olubdur ki, görüşək. Biz bu barədə ümumi fikrə gəlmişik ki, gördüyünüz işlər haqqında siz vaxtaşırı olaraq Azərbaycan prezidentinə məlumat verməlisiniz.

Hesab edirəm ki, biz əvvəlcə Terri Adamsı dinləyək, onun məlumatından sonra başqa məlumatlar da dinlənilsin.

Yekun nitqi

Mən birinci növbədə çox məmnunam ki, bu gün sizinlə bir daha görüşürəm. Bizim bu görüşlərimiz ənənəvi xarakter alıbdır. Hesab edirəm ki, belə də davam edəcəkdir. Əvvəllər də demişəm, bu gün də deyirəm ki, Beynəlxalq Əməliyyat Şirkətinin gördüyü işlər mənim şəxsi nəzarətim altındadır. Mən bir tərəfdən işlərin gedişinə nəzarət etmək, ikinci tərəfdən isə bu işlərin müvəffəqiyyətlə getməsinə kömək etmək məqsədi daşıyıram.

Cənab Terri Adams, sizin və Beynəlxalq Əməliyyat Şirkətinin, rəhbər komitənin başqa nümayəndələrinin verdiyi məlumatlardan mən məmnunam. Verdiyiniz məlumatlar onu göstərir ki, 1994-cü il sentyabrın 20-də imzalanmış müqavilə ardıcıl surətdə, müvəffəqiyyətlə həyata keçirilir. 1995-1996-cı illərdə görülən işləri müsbət qiymətləndirmək lazımdır. Mən çox şadam ki, siz nəzərdə tutulan bütün əməliyyatların, tədbirlərin hamısının həyata keçirilməsinə nail ola bilmisiniz. Bu, çox yaxşıdır.

Bilirsiniz, keçmişdə və bizim bugünkü təcrübəmizdə belə hal nadir bir hal kimi qeyd olunur. Amma bilmirəm, bəlkə siz belə işləməyə öyrənmisiniz? Yəqin hər yerdə belə işləyirsiniz, elə deyilmi? Əgər belə deyilsə, onda sizin burada gördüyünüz iş nadir xarakter daşıyır. Bu, onu göstərir ki, konsorsiumun, xüsusən Beynəlxalq Əməliyyat Şirkətinin, rəhbər komitənin tərkibi həqiqətən dəyərli, işgüzar bir tərkibdir. Onlar işə çox məsuliyyətlə yanaşaraq belə nailiyyətlər əldə ediblər.

Bu nailiyyətlər münasibətilə mən sizi təbrik edirəm və sizə təşəkkürümü bildirirəm. Sizin bugünkü məruzəniz və indiyədək gördüyünüz işlər, əldə etdiyiniz nailiyyətlər \"Əsrin müqaviləsi\" adlanan müqaviləmizə mənfi münasibət göstərənlərə, ona xor baxanlara, yaxud ona inanmayanlara tutarlı cavabdır.

Rusiyanın ərazisində Şimal istiqamətində neft kəmərinin vaxtında hazırlanıb istismara verilməsi çox böyük qiymətə layiq olan bir haldır. \"Əsrin müqaviləsi\"ni imzalayandan sonra Rusiyanın bəzi dairələrində bizim bu müqaviləmizə mənfi münasibət göstərirdilər. Ancaq biz isə Şimal istiqamətində neft kəmərinin çəkilməsi haqqında 1996-cı ilin yanvar ayında Moskvada saziş imzaladıq, yəni Rusiya hökuməti ilə Azərbaycan hökuməti arasında saziş imzalandı. Bu sazişi Rusiyanın baş naziri Viktor Çernomırdin və mən imzalamışıq. Çox məmnunam ki, artıq biz öz payımıza düşən hissəni vaxtında yerinə yetirmişik və həmin saziş əməli surətdə həyata keçirilir.

Mən çox məmnunam ki, bizim tərəfdən nəinki neft kəməri hazırdır, indicə burada məlumat verildi ki, hətta bu neft borusunun Rusiyanın sərhədinə qədər hissəsi Azərbaycan nefti ilə doludur.

Azərbaycan Neft Şirkəti Rusiyanın \"Transneft\" şirkəti ilə gərək ciddi iş aparsın. Cənab Terri Adams burada elan etdi ki, mart ayının ortalarında görüş keçiriləcəkdir. Bunu mən də bilirəm, həmin görüşü keçirib Rusiya ərazisindəki həll olunmamış problemləri həll etmək lazımdır. Rusiya ilə Azərbaycan arasında imzalanmış sazişdə nəzərdə tutulduğu kimi, Azərbaycan nefti bu il həmin neft kəməri ilə dünya bazarına ixrac edilməlidir.

Rusiya tərəfi, \"Transneft\" bunu may ayınadək hazırlamağa söz verir. Biz çalışmalıyıq ki, onlar bu sözün üstündə dursunlar və görülməmiş işləri may ayınadək yerinə yetirsinlər. Mən Azərbaycan Dövlət Neft Şirkətinə tapşırıram ki, bu işlə çox ardıcıl surətdə məşğul olsun. Əgər çətinlikləri olsa, mənə müraciət etsinlər ki, Rusiyanın rəhbərləri vasitəsilə mən bu məsələnin vaxtında həll edilməsinə nail olum.

Quyuların qazılması, \"Çıraq\" neft yatağında ikinci quyunun qazılıb başa çatdırılması və üçüncü quyunun qazılmasına başlanması haqqında cənab Terri Adamsın verdiyi məlumat və quyuların qazılmasından sonra nəzərdə tutulmuş göstəricilərdən də üstün göstəricilərin əldə edilməsi çox sevindirici haldır.

Ümidvaram ki, siz üçüncü quyunu da müvəffəqiyyətlə qazıb başa çatdıracaqsınız. Artıq qazılmış iki quyudan əldə olunan nəticələr göstərir ki, siz üçüncü quyuda da çox müsbət nəticələr alacaqsınız və beləliklə də, \"Çıraq\" neft yatağından bu il avqustun 28-dən neftin çıxarılıb Sanqaçal terminalına çatdırılması barədə verdiyiniz öhdəlik yerinə yetiriləcəkdir.

Mən 28 avqust gününü səbirsizliklə gözləyirəm. Güman edirəm ki, biz həmin günü yüksək səviyyədə qeyd edəcəyik. Şübhəm yoxdur ki, burada nümayiş etdirdiyiniz, artıq izolə olunmuş borular da vaxtında yerinə qoyulacaqdır və \"Çıraq\" neft yatağından Sanqaçaladək neft borusu da çəkilib qurtaracaqdır.

Cənab Terri Adamsın bu gün verdiyi məlumatlarda məni sevindirən cəhət bir də ondan ibarətdir ki, bu müqavilənin həyata keçirilməsində Azərbaycanın müəssisələri, şirkətləri fəal iştirak edirlər və onlar bu işlərə cəlb olunurlar. Məni sevindirən xüsusən odur ki, Azərbaycanın bu işlərə cəlb olunmuş, bu işlərdə iştirak edən müəssisələri, şirkətləri işi yüksək səviyyədə görürlər. Məsələn, siz dediniz, mən də onu təkrar edirəm - Zığ zavodunda boruların izolə edilməsi və onların beynəlxalq standartlar səviyyəsində olması haqqında məlumatınız məni çox sevindirir. Mən sevinirəm ki, Azərbaycanın şirkətləri, müəssisələri tərəfindən görülən başqa işlər də - bunu sizin burada verdiyiniz məlumatlara görə deyirəm - beynəlxalq standartlara cavab verir, həmin standartlara uyğundur. Bu da \"Əsrin müqaviləsi\"nin Azərbaycan sənayesinə, xüsusən neft sənayesinə verdiyi mənfəətlərdən biridir.

Cənab Terri Adamsın burada nümayiş etdirdiyi diaqramlar da məndə məmnuniyyət hissi doğurur. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bundan sonra - 1997-ci ildə, gələcək illərdə nəzərdə tutulmuş işlərdə Azərbaycanın müəssisələri, şirkətləri, təşkilatları bu müqavilənin icrasına daha fəal cəlb olunacaqlar. Hesab edirəm ki, o cümlədən Qərb marşrutu üzrə inşa ediləcək neft boru kəmərinin tikilməsində də Azərbaycanın şirkətləri fəal iştirak etməlidirlər. Hələ bir neçə vaxt bundan əvvəl mən bu barədə öz fikrimi Abid Şərifov vasitəsilə cənab Terri Adamsa çatdırmışdım. Bu gün bunu bir daha deyirəm və xahiş edirəm ki, buna əməl olunsun.

Terri Adams: Hazırda bu barədə təkliflər nəzərdən keçirilir.

Heydər Əliyev: Bu işdə Azərbaycan təşkilatlarının, şirkətlərinin fəal iştirakının zəruriliyi hökmən nəzərə alınmalıdır.

Bu gün verilən məlumatların hamısı sevindiricidir. O cümlədən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində Azərbaycan vətəndaşlarının işləməsi və onların sayının çox olması yaxşı haldır. Amma mən arzu edirəm ki, onların sayı daha da artırılsın. Siz dediniz ki, bu müqavilənin icrası ilə əlaqədar 3 min iş yeri açılıbdır. Yəni bu müqavilənin həyata keçirilməsində 3 min nəfər azərbaycanlı işləyir. Bu da çox yaxşıdır. Güman edirəm ki, işlər bu rəqəmin daha da artırılması istiqamətində gedəcəkdir. Yəni artıq görülən bu işlər zamanı Azərbaycanın həm mütəxəssisləri, həm mühəndisləri, həm də fəhlələri yeni təcrübə toplayırlar və sizin - Beynəlxalq Əməliyyat Şirkətinin tələblərinə uyğun işləmək qabiliyyəti əldə edirlər. Bunun özü də çox yaxşı, sevindirici haldır. Məsələn, eşidəndə ki, azərbaycanlı fəhlələr yüksək keyfiyyətli işlər görürlər - siz bunu bu gün dediniz - bilirsiniz, mən çox sevindim. Bir daha qeyd edirəm - bu, bizim müştərək işimizin, bir yerdə işləməyimizin və Azərbaycana yüksək səviyyəli Qərb texnologiyasının gəlməsinin nəticəsidir.

Verdiyiniz məlumatı mən nəzərə alaram, əsas neft boru kəməri barədə fikirlərinizi aprelin axırında müzakirə edib cəmləyəndən sonra biz bu məsələnin müzakirəsini bir yerdə aparıb son qərar çıxarmaq üçün lazımi tədbirlər görə bilərik.

\"Əsrin müqaviləsi\"ni imzaladığımız vaxtdan iki ildən bir neçə ay çox vaxt keçir. Bu dövrdə bir çox işlər görülübdür. Həmin müqavilədən sonra dörd müqavilə də imzalanıbdır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin gördüyü işlər və əldə etdiyi nəticələr imzalanmış sonrakı müqavilələrin həyata keçirilməsi üçün də örnəkdir və çox gözəl təcrübədir. Güman edirəm ki, hamımız bu təcrübədən səmərəli istifadə etməyə çalışacağıq.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti isə bizim bütün bu müqavilələrimizin bayraqdarıdır, irəlidə gedənidir. Siz əlinizdə böyük bayraq irəliyə gedirsiniz. O biri müqavilələri həyata keçirənlər də arxanızca gedəcəklər, sizin qazandığınız təcrübədən istifadə edərək yaxşı nəticələr əldə edəcəklər.

Mən sizi bir daha təbrik edirəm. Sizə təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, bu işlərin normal həyata keçirilməsi üçün mənim tərəfimdən bütün tədbirlər görüləcəkdir.