Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmşədri Kerri Kavano ilə görüşdəki söhbətindən - Davos, 28 yanvar 2000-ci il

Kerri Kavano:  Hörmətli cənab prezident! Xoş gördük. Sizinlə görüşümdən məmnunam. Əmin olduğumu bildirirəm ki, Sizin Davosda keçirdiyiniz görüşlər, apardığınız danışıqlar Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaqdır.

Mən Dünya İqtisadi Forumunda \"Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun\" mövzusunda keçirilən sessiyanın işini diqqətlə izləyirəm. Sizin çıxışınızı və suallara verdiyiniz cavabları yüksək qiymətləndirirəm.

Heydər Əliyev: Təşəkkür edirəm, cənab Kavano. Mən burada Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün birbaşa danışıqlar apardım. Bu münaqişənin tezliklə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun və həmsədrlərdən biri olan Amerika Birləşmiş Ştatlarının bu sahədə səylərini artırmalarına ehtiyac duyulur.

Kerri Kavano: Cənab prezident. Sizi əmin edirəm ki, prezident Robert Koçaryanla apardığınız danışıqlar Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənir. Sizin dediyiniz kimi, Minsk qrupunda Amerika öz fəaliyyətini gücləndirməyə hazırdır.