Türkiyədə Böyük Millət Məclisinin üzvləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Ankara, 6 may 1997-ci il


Hörmətli millət vəkilləri, hörmətli dostlar, qardaşlar, mətbuat nümayəndələri!

Mən sizi, Türkiyə Böyük Millət Məclisinin millət vəkillərini ürəkdən salamlayır və Azərbaycan xalqının sizə, Türkiyə Böyük Millət Məclisinə, Türkiyə Cümhuriyyətinə hörmət və ehtiramını, sevgi və məhəbbətini çatdırıram.

Türkiyənin Böyük Millət Məclisində xitab etmək üçün mənə verilən bu imkana görə, göstərdiyiniz şərəfə görə təşəkkür edirəm.

Bildiyiniz kimi, Türkiyənin prezidenti cənab Süleyman Dəmirəlin dəvəti ilə mən dünən Türkiyəyə rəsmi səfərə gəlmişəm. Dünən, bu gün çox səmərəli, əhəmiyyətli görüşlərimiz, danışıqlarımız olmuşdur. Hesab edirəm ki, bu görüşlər, danışıqlar nəticəsində və imzalanmış sənədlərlə əlaqədar olaraq Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri yeni bir mərhələyə çatıb, bizim dostluq, qardaşlıq tariximizdə yeni səhifələr açılıbdır.

Dünən biz danışıqlarımız, görüşlərimiz nəticəsində 8 müqavilə imzaladıq. Onların hər birinin özünəməxsus əhəmiyyəti var. Ancaq eyni zamanda onların içərisində Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında iki prezident tərəfindən imzalanan bəyannamə, anlaşma çox tarixi sənəddir və indiyə qədər olan əlaqələrimizi yeni yüksək səviyyəyə çatdırır, bu əlaqələrə daha geniş, siyasi məna verir.

Mən bütün bu sənədlərin imzalanmasından çox məmnunam, xüsusən Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilənin imzalanmasından çox razıyam. Sizi əmin etmək istəyirəm ki, biz, Azərbaycan tərəfi bu müqavilələrin və indiyə qədər imzalanmış bütün müqavilələrin həyata keçirilməsinə çalışacağıq. İndiyə qədər Türkiyə ilə Azərbaycan arasında imzalanmış bütün müqavilələrin, sazişlərin, sənədlərin hamısına Azərbaycan dövlətinin sadiqliyini bir daha bəyan edir və əmin edirəm ki, biz bundan sonra da onların yerinə yetirilməsi üçün səy göstərəcəyik.

Türkiyənin Böyük Millət Məclisi böyük tarixə malik olan parlamentdir. Biz keçmiş zamanlarda da, bu gün də qardaş türk xalqının hələ 77 il bundan öncə belə bir parlament, Böyük Millət Məclisi yaratmasını həmişə yüksək qiymətləndirmişik və mən bu gün də Türkiyə Böyük Millət Məclisinin keçdiyi tarixi yola, Türkiyə xalqının tarixində və həyatında göstərdiyi xidmətlərə, əldə etdiyi nəticələrə öz hörmət və ehtiramımı bildirirəm. Türk xalqı Şərq bölgəsində, müsəlman ölkəsində Avropa ilə Asiyanın, Qərblə şərqin bir-birinə qovuşduğu yerdə hələ XX əsrin əvvəlində demokratik prinsiplərə, qanun-qaydalara, hüquqa, bərabərliyə, azadlığa qovuşan bir xalqdır. Ona görə də o dövrdə Türkiyədə Böyük Millət Məclisinin yaranması təkcə Türkiyə üçün yox, Türk dünyası, o cümlədən müsəlman ölkələri, Şərq ölkələri üçün mühüm hadisədir.

Türkiyənin Böyük Millət Məclisi böyük öndər Mustafa Kamal Atatürkün, onun silahdaşlarının, həmkarlarının səyləri nəticəsində o dövrdə Türkiyədə xalqı daha da irəli aparmaq, mədəniyyətə, demokratiyaya qovuşdurmaq istəyən mütəfəkkir adamların səyləri nəticəsində yaranmışdır. Ancaq ən böyük xoşbəxtlik ondan ibarətdir ki, Böyük Millət Məclisi 77 ildir ki, fəaliyyət göstərir, böyük sınaqlardan keçib, tutduğu yolla inamla gedir və Türkiyənin dünya miqyasında layiqli yer tutması üçün çox böyük işlər görmüş, böyük xidmətlər göstərmişdir.

Biz keçmiş zamanlarda, Sovet hakimiyyəti çərçivəsində, Sovetlər Birliyi dövlətində yaşadığımız zaman da mətbuatdan, kitablardan, qəzetlərdən Türkiyənin həyatı ilə daim maraqlanırdıq. Bizim marağımız Türkiyə ilə Azərbaycanın bir-birinə bağlılığı, qardaşlığı idi. Amma hər dəfə maraqlanarkən Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti haqqında dünya mətbuatında verilən məlumatlar bizi heyran edirdi. Ona görə heyran edirdi ki, Türkiyə qüdrətli dövlət kimi özünə layiq olan parlamentə də malik idi.

Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, 1995-ci ilin sonunda demokratik prinsiplər, çoxpartiyalı sistem əsasında ilk parlament seçilib, indi fəaliyyətdədir. Burada, bu salonda Azərbaycan parlamentinin 17 millət vəkili iştirak edir. Azərbaycanın parlamenti Türkiyə Böyük Millət Məclisinin təcrübəsindən indiyə qədər də bəhrələnib və bundan sonra da bəhrələnəcəkdir.

Hesab edirəm ki, Böyük Millət Məclisinin təcrübəsi təkcə Azərbaycan üçün yox, demokratiya, müstəqillik yolu ilə gedən digər yeni dövlətlər üçün, o cümlədən türkdilli, türk köklü dövlətlər üçün də çox böyük məktəbdir, mənbədir. Hesab edirəm ki, siz də bu təcrübənizi paylaşmaqda heç vaxt çəkinməyəcək, həm Azərbaycanın, həm də digər ölkələrin parlamentlərinə əlinizdən gələn yardımı edəcəksiniz.

Türkiyə Cümhuriyyətinin və Böyük Millət Məclisinin tarixi eynidir. İndi, XX əsr sona çatarkən və biz XXI əsrə doğru gedərkən Türkiyə Cümhuriyyətinin yaranmasının və onun keçdiyi tarixi yolun dünya üçün, xüsusən Türk dünyası, türkdilli dövlətlər üçün nə qədər əhəmiyyətli olduğunu daha dərindən dərk edirik. Bu gün sizin kimi, biz də Türkiyə Cümhuriyyətinin banisi, böyük Mustafa Kamal Atatürkün Türkiyə Cümhuriyyətinin yaranmasında və bu Cümhuriyyətin ayağa durmasında, inkişaf etməsində, Türkiyəni qüdrətli dövlət etməsində, Türkiyə Böyük Millət Məclisinin bu qədər yüksək səviyyədə olmasında xidmətlərini xüsusi qeyd edirik. Dünən səhər mən Mustafa Kamal Atatürkün qəbrinin ziyarəti zamanı etdiyim kimi, bu gün də deyirəm ki, onun ruhu, xatirəsi qarşısında baş əyirəm.

Türkiyə Azərbaycanın yaxın dostudur, qardaşıdır, bizim üçün ən yaxın ölkədir. Türkiyə ilə Azərbaycan arasında, türk xalqı ilə Azərbaycan xalqı arasında əlaqələrin qədim və çox zəngin tarixi var. Biz əsrlərdən-əsrlərə keçərək bir yerdə yaşamış, ölkəmizi, millətimizi, dinimizi, dilimizi, milli ənənələrimizi qorumuşuq, saxlamışıq və bu gün də bir yerdəyik. Azərbaycan xalqı Türkiyə ilə dostluğunu böyük səadət hesab edir. Türkiyə ilə indiyə qədər olan əlaqələrin daha yüksəklərə qalxmasına çalışırıq.

Tarixi köklərimiz sizin üçün də, bizim üçün də əzizdir. Bizim üçün Yunis İmrə də, Dədə Qorqud da, Manas da, Füzuli də, Nizami də əzizdir. XX əsrdə yazıb-yaratmış şəxsiyyətlər də, o cümlədən Tofiq Fikrət də, Rəşad Nuri də və Azərbaycan xalqının XX əsrdə yetirdiyi böyük yazıçılar, şairlər, bəstəkarlar, alimlər də əzizdir. Məhz bunlar - xalqlarımızın qabaqcıl, mütəfəkkir adamları bizi həmişə bir-birimizlə bağlayıb, bir-birmizlə birləşdiriblər.

XX əsrdə həm Türkiyənin, həm də Azərbaycanın həyatında çox ciddi proseslər, dəyişikliklər gedibdir. Türkiyədə imperatorluq dağılmış, Türkiyə ağır vəziyyətə düşmüşdü. Ancaq, yenə də qeyd edirəm, dağılmış Türkiyə imperatorluğunun yerində məhz Mustafa Kamal Atatürkün müdrikliyi ilə Türkiyə Cümhuriyyəti yarandı.

XIX əsrin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi əldən getdi. XX əsrin əvvəlində - 1918-ci ildə Azərbaycanda ilk Demokratik Respublika yarandı, ancaq o az yaşadı, sonra Sovet hakimiyyəti qurulması ilə əlaqədar bu cümhuriyyət süquta yetdi. Bu illərdə - Birinci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Türkiyənin həyatında həm çox böyük, ağır, çətin proseslər, həm də döyüşlər gedibdir. Qafqazda da, Azərbaycanda da döyüşlər gedibdir.

Azərbaycan 1918-1920-ci illərdə böyük təhlükələr altında olubdur. Cürbəcür istiqamətlərdən olan təzyiqlər, Bakı neftini ələ keçirmək cəhdləri Azərbaycan xalqına böyük zərbələr vurubdur. O illərdə - 1918-1920-ci illərdə Azərbaycana ən ağır zərbələr, yaralar Bakıda, Gəncədə, Qarabağda, Naxçıvanda, ölkənin başqa yerlərində ermənilərin törətdikləri qırğınlarla əlaqədar olubdur. O illərdə Türkiyə bizimlə, Azərbaycanla olubdur. Türkiyənin rəşadətli oğulları, Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəlib və bir çox yerlərdə xalqımızı ermənilərin törətdiyi qırğından xilas edibdir. Biz bunları heç vaxt unutmamışıq və unutmayacağıq.

Sonra isə biz 70 il bir-birimizdən aralı düşmüşük. Ancaq bu dövrdə Türkiyə bir cümhuriyyət, müstəqil dövlət kimi inkişaf edib, Azərbaycan isə müstəqilliyini itirib, Sovetlər Birliyinin tərkibində olubdur. Bizi çox şeylərdən məhrum etməyə çalışıblar. Ancaq heç bir şey mümkün olmayıbdır. Yəni bizim kökümüzdən gələn milli mənəviyyatımız, dəyərlərimiz yaşayıbdır. Bu gün bunu böyük iftixar hissi ilə deyirəm, çünki mən burada müstəqil Azərbaycanı təmsil edirəm - XIX əsrdə də, XX əsrdə də nə qədər ağır çətinliklər olubsa da, biz ana dilimizi, doğma dilimizi də, İslam dinimizi də, milli ənənələrimizi, dəyərlərimizi də yaşatmışıq. Eyni zamanda bu illərdə xalqımız yüksək təhsil alıb, mədəniyyətə qovuşubdur. İndi Azərbaycan xalqı yüksək mədəniyyətə, elmə, biliyə malik olan xalqdır və milli-mənəvi dəyərlərimizin ümumbəşəri, ümumdünya dəyərləri ilə birləşməsi, sintezi xalqımızın simasını təşkil edir. Ona görə də indi Azərbaycan milli, eyni zamanda dünyəvi, sivilizasiyalı ölkədir.

Biz bu illəri yaşamışıq, keçmişik. İtkilər vermişik, zərbələrə məruz qalmışıq. Lakin hamısına dözmüşük. Amma ən böyük xoşbəxtlik ondan ibarətdir ki, nəhayət, Azərbaycan milli azadlığına, dövlət müstəqilliyinə nail olubdur və dövlət müstəqiliyini də möhkəmləndirib, gücləndiribdir. İndi Azərbaycan Dünya Birliyinə daxildir, beynəlxalq təşkilatların hamısının üzvüdür, Dünya Birliyinin bərabərhüquqlu dövlətidir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir, biz bununla fəxr edirik və dövlət müstəqilliyini göz bəbəyi kimi qoruyub saxlayacağıq. Nə qədər çətin olsa da, nə qədər təzyiqlər olsa da biz dövlət müstəqilliyimizi heç vaxt əlimizdən verməyəcəyik. Sizin qarşınızda məsuliyyətlə bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edərkən çox çətin proseslərlə rastlaşıbdır. Bildiyiniz kimi, 1988-ci ildə, Azərbaycanın hələ Sovetlər Birliyinin tərkibində olarkən Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz başlanmışdır. Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək cəhdi ancaq təkcə Azərbaycana qarşı olan təcavüz deyildir. Ermənilərin xülyası "Böyük Ermənistan" xülyasıdır. Bu xülya sizə məlumdur, bunu yaxşı bilirsiniz.

Siz bilirsiniz ki, İkinci dünya müharibəsindən sonra Sovetlər Birliyi gücləndi və Türkiyənin torpaqlarına iddialar başlandı. Bir tərəfdən Sovetlər Birliyi Türkiyənin şərqində olan vilayətlərin Ermənistana mənsub olduğunu bəyan etdi, belə yazılar getdi, belə iddialar başlandı. İkinci tərəfdən Türkiyənin digər hissəsinin Gürcüstana mənsub olması haqqında bəyanatlar, yazılar verildi. Belə proseslər, bu cür iddialar başlandı.

İndi bu fürsətdən istifadə edərək onu da demək istəyirəm ki, İkinci dünya müharibəsindən sonra Türkiyənin başında duran adamlar böyük Atatürkün vəsiyyətlərinə sadiq olaraq çox düzgün xarici siyasət apardılar və o çətin dövrdə, Türkiyənin torpaqlarına qızğın iddialar qalxdığı bir dövrdə Türkiyənin başçıları xalqı, dövləti, ölkənin bütövlüyünü qoruyub saxlaya bildilər.

Yəni demək istəyirəm ki, 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün Ermənistanın başladığı təcavüz təsadüfi bir şey deyildi. Yenə də deyirəm, bu, "Böyük Ermənistan" xülyasıdır. Onlar bu iddialarla yaşayıblar və bu gün də yaşayırlar. Əgər indi Azərbaycana təcavüz ediblərsə, sabah başqa bir yerə təcavüz edə bilərlər. Çünki onlar bu hisslərdən çəkinməyiblər. Ancaq mən Azərbaycanda gedən proseslər haqqında demək istəyirəm. Müstəqilliyimizi əldə edəndə biz belə bir təcavüz altında idik və Dağlıq Qarabağ, demək olar, Azərbaycanın hakimiyyətindən çıxmışdı. Bundan sonra Azərbaycanda gedən bəzi proseslər, bəzi obyektiv və subyektiv səbəblər nəticəsində Ermənistan silahlı qüvvələri torpaqlarımızın digər bir hissəsini də işğal etməyə nail oldular. İndi Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı, sizin qardaş-bacılarınız didərgin düşüb, qaçqın vəziyyətindədir, əksəriyyəti çadırlarda yaşayırlar. Sizin nümayəndələriniz Azərbaycanı ziyarət edərkən hətta Bakı şəhərində cürbəcür yerlərdə o qaçqınları görəndə, bəziləri isə çadır düşərgələrinə, şəhərçiklərinə gedib onların çətin vəziyyətini görəndə qəlbləri ilə hiss ediblər ki, xalqımız nə qədər ağır vəziyyətdə yaşayır.

Beləliklə, biz dövlət müstəqilliyini əldə edəndə çox şad olduq. Ancaq eyni zamanda nə qədər böyük bəla ilə rastlaşdıq. Bildiyiniz kimi, üç il bundan öncə, 1994-cü ilin mayın 12-də - bir həftədən sonra üç ili tamam olacaq - Azərbaycan ilə Ermənistan arasında atəşin dayandırılması haqqında saziş əldə edilibdir. Üç ildir ki, atəş yoxdur. Bu, böyük nailiyyətdir - qan tökülmür, şəhidlər vermirik, insanlarımız müəyyən qədər rahatlaşıbdır. Ancaq verdiyimiz şəhidlərin qəm-qüssəsi, insanların həm vücudunda, bədənində, həm də qəlbində olan yaralar bizi daim incidir.

Atəşkəsin üç ildir davam etməsi müsbət bir hal olmaqla bərabər, eyni zamanda böyük sülh əldə olunması, Ermənistan- Azərbaycan münaqişəsinə son qoyulması və Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, didərgin düşmüş Azərbaycan vətəndaşlarının öz yerinə-yurduna qayıtması qarşımızda duran əsas vəzifədir. Bilirsiniz ki, biz bu məsələ ilə məşğul oluruq. Böyük məmnuniyyət hissi ilə sizə demək istəyirəm ki, Azərbaycana qarşı Ermənistanın təcavüzü başlayandan indiyə qədər Türkiyə, onun xalqı, Türkiyə dövləti, Türkiyə Cümhuriyyəti Azərbaycanın yanındadırlar, Azərbaycanla bir yerdədirlər. Siz bizim dərdimizə həmişə şəriksiniz və bu məsələnin həllində Türkiyənin dəstəyini, əməli qayğısını daim hiss etmişik və hiss edirik.

Son üç ildə aparılan danışıqlarda, - bildiyiniz kimi, bu danışıqlar ATƏT-in Minsk qrupunun vasitəsilə gedir, - Türkiyə Minsk qrupunun üzvü kimi çox fəal iştirak edir, çox təşəbbüslər irəli sürür. Bu məsələ dünən də çox ətraflı müzakirə olunub və Türkiyə prezidenti, ölkənin digər rəhbərləri bildirdilər ki, onlar Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması üçün və Azərbaycanı bu bəladan xilas etmək üçün bundan sonra da yeni addımlar atacaq, yeni təşəbbüslər irəli sürəcəklər.

İndi Minsk qrupunun üç həmsədri var: Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa. Keçən ilin dekabr ayında Lissabonda ATƏT-in Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün ilk dəfə ayrıca bir sənəd - Lissabon bəyanatı qəbul edildi. Həmin bəyanatda bu münaqişənin sülh yolu ilə həll olunmasının prinsipləri öz əksini tapdı. Bu, üç əsas bənddən ibarətdir. Birincisi, Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün tanınması, çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yenə də tanımaq istəmirdi; Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarə statusu, muxtariyyət hüququ verilməsi; üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinə, yəni erməni və azərbaycanlı əhalisinin hamısına təhlükəsizlik üçün təminat verilməsi.

Bu sənəd ATƏT-in 54 üzvündən 53-nün dövlət başçıları tərəfindən dəstəkləndi və qəbul olundu. Yalnız Ermənistan buna etiraz etdi. Beləliklə, biz tarixi bir sənəd əldə etmişik. İndi vəzifəmiz bu prinsiplər əsasında, Lissabon prinsipləri əsasında sülh danışıqlarını gücləndirmək, sürətləndirmək və 1997-ci ildə bu münaqişəyə son qoymaqdır.

Lissabon görüşündən sonra Minsk qrupunun həmsədrləri dəyişildi. Əvvəl həmsədrlər Rusiya ilə Finlandiya idisə, Lissabon Zirvə görüşündən sonra üç həmsədr oldu: Rusiya, Fransa və Amerika. Hesab edirəm ki, üç böyük dövlət bu məsələnin həlli üçün Minsk qrupunda həmsədrlik vəzifəsini öz üzərlərinə götürübsə, öz üzərlərinə böyük məsuliyyət götürübsə, gərək bu məsuliyyəti də yerinə yetirsin. Biz hər halda belə danışıqlar aparmışıq, öz fikrimizi onlara bildirmişik və onlardan, bu üç dövlətdən çox böyük hərəkət gözləyirik.

Şübhəsiz ki, bu məsələnin həll olunmasında Türkiyənin böyük rolu yenə də var və bu gün də, sabah da olacaqdır. Biz bu məsələnin həll edilməsində Türkiyənin indiyə qədər olduğu kimi, bundan sonra da fəal iştirak etməsini istəyirik.

Beləliklə, Azərbaycan altı ildir dövlət müstəqilliyi şəraitində yaşayır və belə bir böyük xarici təcavüz nəticəsində ölkəmiz çətin vəziyyətə düşmüşdür. Bilirsiniz ki, o illərdə Azərbaycanın daxili vəziyyəti də sabit olmayıbdır. Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan savaşı, döyüşü zamanı Azərbaycanda cürbəcür qanunsuz silahlı dəstələr meydana çıxmışdı. Hətta bəzi dövlət adamları, dövlət başçıları olan adamlar dövlət qurumlarında olan silahlı adamlarla yanaşı, özlərinə məxsus silahlı dəstələr düzəltmişdilər. Şübhəsiz ki, bu silahlı dəstələr bir tərəfdən qanunu pozur, cinayət edir, digər tərəfdən də hər bir silahlı dəstənin başçısı həmin silahlı dəstəyə güvənərək hakimiyyət uğrunda mübarizə aparırdı.

Siz bilirsiniz ki, 1992-ci ildə belə bir vəziyyətdə Azərbaycanda hakimiyyət dəyişdi, yeni bir qüvvə - Xalq Cəbhəsinin nümayəndələri hakimiyyətə gəldilər. Onlar bir il hakimiyyətdə oldular və 1993-cü ilin iyun ayında Azərbaycanda dövlət böhranı əmələ gəldi. Başqa silahlı dəstələr bu hakimiyyəti devirməyə çalışdılar. Onlar böyük güc topladılar, ermənilərlə müharibə getdiyi zaman cəbhədən silahları, tankları, topları çıxarıb bir hissəsini Gəncə şəhərinə topladılar ki, Bakıya hücum etsinlər. Başqa bir hissəsini isə oradan çıxarıb Bakıya gətirdilər ki, özlərini müdafiə etsinlər. Beləliklə, ermənilər bu vəziyyətdən istifadə edib Azərbaycanın bir neçə bölgəsini də işğal etməyə nail oldular. Görün, 1993-cü ildə Azərbaycana nə qədər zərbələr vuruldu. Bir tərəfdən, Azərbaycanın bir neçə başqa bölgəsi də işğal olundu, digər tərəfdən, daxildə ixtilaflar da artdı və Azərbaycanda vətəndaş müharibəsi başlandı. Azərbaycan artıq parçalanırdı.

Bildiyiniz kimi, 1993-cü ilin iyun ayında belə bir ağır vəziyyətdə xalqın tələbi ilə mən Naxçıvandan Bakıya gəlməli oldum və 1993-cü il iyunun 15-də Azərbaycan parlamentinin sədri vəzifəsini öz üzərimə götürdüm. Mən sizə müəyyən mənada hesabat verirəm. Çünki Siz Türkiyənin Böyük Millət Məclisisiniz, bizimlə dost ölkənin Millət Məclisisiniz. Mən öz parlamentimiz qarşısında hesabat verirəm. 1993-cü il iyunun 15-də mən parlamentin sədri vəzifəsini öz üzərimə götürdüm. Ancaq bundan üç gün sonra Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəy öz vəzifəsini gizli olaraq tərk etdi və Bakıdan qaçdı. O, indiyədək Bakıya dönməyibdir.

İndi təsəvvür edin, mən Azərbaycanda tək qaldım - respublika prezidenti yox idi, baş nazir yox idi. Buna görə də mən həm parlamentin sədri, həm də, sizin sözlə desək, prezidentin vəkili kimi, onun səlahiyyətlərini həyata keçirən şəxs kimi fəaliyyət göstərməli oldum. Lakin vəziyyət normal deyildi. Cənub tərəfdə, İranla sərhəd yaxınlığında böyük bir silahlı dəstə bir "Talış Cümhuriyyəti" düzəltdi.

Mənim sözlərimi anlayırsınızmı? Mən sizin ləhcədə də danışa bilərəm. Ancaq qəsdən danışmıram ki, siz də bizim ləhcəni öyrənəsiniz.

Orada bir "Talış Cümhuriyyəti" düzəltdilər, Azərbaycanın böyük bir bölgəsini ələ keçirdilər. Vaxtilə Əbülfəz Elçibəy tərəfindən Dağlıq Qarabağda prezidentin səlahiyyətli nümayəndəsi təyin edilmiş Surət Hüseynova ən yüksək hərbi vəzifə verilmişdi, guya o, müharibə aparacaq və ermənilərin qarşısını alacaqdı. Halbuki onun bu sahədə heç bir hərbi hazırlığı yox idi. Keçmişdə yun fabrikinin direktoru işləmiş, cəmi 35 yaşında olan, eyni zamanda çox mafioz, cinayətkar işlərlə məşğul olan bir adamı gətirib belə yüksək vəzifəyə qoymuşdular. Bax, belə bir adam həm prezidentin səlahiyyətli nümayəndəsi, həm də baş nazirin müavini idi. O da fikirləşirdi ki, cavan bir adamam, əlimdə də vəzifəm var, bir addım qalır ki, gedib prezident olum. Ona görə də o, silahları toplayıb Bakıya hücum etməyə başladı.

Mən Bakıya gələrkən onlar Gəncədə öz qüvvələrini toplamışdılar və "Talış Muğan Respublikası" yaratmış adamlar da onlarla bir ittifaqda idilər. Siz bilirsiniz ki, o vaxt yaramaz bir adamı - Rəhim Qazıyev adlı bir şəxsi, keçmişdə Xalq Cəbhəsinin guya liderlərindən biri olan adamı da gətirib müdafiə naziri qoymuşdular. O da ki bir tərəfdən başqa bir ölkənin kəşfiyyatına, xarici kəşfiyyata xidmət edən bir adam idi, eyni zamanda çox bacarıqsız və işi bilməyən adam idi, yəni nə hərbdə olmuşdu, nə də savadı vardı, haradasa müəllim işləyib, özü də kiçik müəllim olmuşdu.

Əziz dostlar, o vaxtlar belə bir vəziyyət yaranmışdı. Mən tək qalmışdım. O vaxt Gəncədən hücumlar yenə də davam edirdi. Belə bir şəraitdə Azərbaycanı böhrandan çıxarmaq lazım idi. Vaxtınızı almaq istəmirəm, bu barədə çox danışmaq olar. Biz Azərbaycanı böhrandan çıxardıq. Amma o vaxt mən məcbur olub, həmin Surət Hüseynovu gətirib Azərbaycana baş nazir təyin etdim. Çünki başqa yol yox idi.

Onun əlində çox böyük hərbi hissələr vardı. Mən o vaxt onu baş nazir ona görə təyin etdim ki, bəlkə tərbiyə edim. Ayını meşədən tutub gətirərək ona çox şey öyrətmək olur, - o, hətta bəzən rəqs də edir. Ancaq belə adamları tərbiyə etmək mümkün deyildir. Onun qafası o qədər dar idi ki, biz istədiyimiz işləri görə bilməzdi. Nəhayət, 1994-cü ilin oktyabr ayında o, məni də devirmək üçün yeni bir hərbə başladı. Siz onu bilirsiniz. Bəli, onun əlində silahlar vardı. Amma yenə də deyirəm, mənim əlimdə silah yox idi. Çünki o, baş nazir olduğuna görə silahlar onun əlində idi.

Ancaq xalq mənimlə idi. Odur ki, mən televiziya ilə xalqa müraciət etdim və iki saatın içərisində, gecə saat 11-i keçən vaxt Bakı sakinlərindən yarım milyon adam Prezident sarayının önündəki meydana toplaşdı, bütün sarayı mühasirəyə aldılar və məni müdafiə etdilər. Dövlət çevrilişi etmək istəyənlər bunu görüb qaçdılar. İkinci gün Azərbaycanın Azadlıq meydanına, - bu meydan sizə məlumdur, - bir milyondan artıq adam toplaşdı. Xalq məni dəstəklədi və müdafiə etdi. Dövlət çevrilişi etmək istəyən həmin adamlar qaçıb Rusiyada gizləndilər. O gündən iki ildən çox vaxt keçir və biz onları Rusiyada bir-bir tapıb gətirdik. Nəhayət, bir ay bundan əvvəl həmin Surət Hüseynovu Rusiya vilayətlərindən birində yaxalayıb gətirdik. İndi o, Bakıda həbsxanadadır. 1993-cü ildə bu tədbiri yapan və Azərbaycanda böhran yaradan Rəhim Qazıyev də qaçıb Moskvada gizlənmişdi. Biz onu da orada yaxalayıb gətirdik. Məhkəmə ona cəza verib və o, indi həbsxanadadır.

"Talış Respublikası" yaradan Əlikram Hümbətov adlı bir adam var idi. Xarici kəşfiyyat orqanları onu həbsxanadan qaçırıb apararaq başqa yerdə gizlətmişdilər. Biz onu da tapıb gətirdik.

Beləliklə, biz bunların qarşısını aldıq. Ancaq, əziz qardaşlar, siz bilin ki, Azərbaycanda bu xəstəlik, - buna ruslar "zaraza" deyirlər, - bu xəstəlik o qədər dərin kök atmışdı ki, silahı olan adamlar hesab edirdilər ki, bu silahın gücü ilə gəlib hakimiyyəti ələ keçirəcəklər. 1994-cü ilin oktyabr ayından sonra 1995-ci ilin mart ayında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsi var idi, - o, hakimiyyətin tabeliyindən çıxmışdı və o da hakimiyyət iddiası edirdi. O dəstənin başçısı daxili işlər nazirinin müavini olmasına baxmayaraq, hakimiyyətə tabe olmurdu. Ətrafında silahlı və çox təcrübəli xeyli döyüşçü vardı. Yenə bir problem yarandı. Mənə ultimatum göndərdilər ki, Heydər Əliyev istefa verməlidir, yoxsa biz onu öldürəcəyik. Dedim ki, mən belə şeyləri çox görmüşəm və qorxmuram. Mən onlarla çox danışıqlar apardım, onları yola gətirmək istədim. Amma yola gəlmədilər.

Təəssüf ki, o vaxt bizim Azərbaycanda olan bir çox siyasi partiyalar da gizli olaraq onlarla əlaqəyə girdilər. Bizim dərdimiz budur. Bizim dərdimiz tək Ermənistanın təcavüzü deyildir, dərdimiz içimizdə olan dərddir. Onlar ümidli idilər ki, həmin bu polkovnik gəlib Heydər Əliyevi məhv edəcək, yıxacaqdır, sonra da onlar gəlib hərəsi öz payını götürəcəkdir. Kimə nə çatacaq, onu Allah bilir. Mən çox çalışdım ki, onları bir yola gətirim, amma mümkün olmadı.

1995-ci ilin mart ayında mən Kopenhagendə beynəlxalq təşkilatın bir tədbirində iştirak edirdim. Onlar plan qurmuşdular ki, mən Bakıya dönərkən məni hava limanında öldürəcəklər və hakimiyyəti ələ alacaqlar. Mən bu gün bu həqiqəti deməliyəm ki, mənim əziz dostum Süleyman Dəmirəl Kopenhagendə son görüşdə mənə bildirdi ki, belə bir təhlükə gözlənilir. Çox sağ olsun. Mən Bakıya nəzərdə tutulmuş vaxtdan öncə gəldim. Buna görə də onlar bu planı həyata keçirə bilmədilər. Amma onlar o vaxt Azərbaycanın bir neçə bölgəsində, Gürcüstanla və Ermənistanla həmsərhəd olan bölgələrimizdə artıq hakimiyyəti ələ keçirmişdilər. Beş-altı gün mən onlarla danışdım, onları yola gətirmək istədim, anlatdım ki, siz qan tökməyin, heç bir şey edə bilməyəcəksiniz və mən Azərbaycanın prezidenti kimi Azərbaycanın müstəqilliyini qorumağa qadirəm.

Əgər hansı bir namərd gülləsi məni məhv etsə də, mən Azərbaycanın müstəqilliyi yolunda qurban getməyə, şəhid olmağa hazıram.

Təəssüflər olsun ki, onlar martın 17-də gecə Prezident sarayına, televiziya mərkəzinə, Müdafiə Nazirliyinə və Daxili İşlər Nazirliyinə hücum etdilər. Gecə döyüşlər getdi. Nəhayət, biz bunların qarşısını ala bildik və onlar məhv edildilər. Mən sizinlə açıq danışıram, siz mənim qardaşlarımsınız və mən öz doğma ölkəmə gəlmişəm. Əfsuslar olsun ki, bu ikinci çevriliş cəhdinin hazırlanmasında bir neçə siyasi partiyanın üzvləri iştirak edirdilər. Çox qəribə olanı budur ki, bir-birinə zidd olanlar, məsələn, vaxtilə Azərbaycanda qısa bir müddət prezident olub və 1992-ci ildə Moskvaya qaçan, indiyə qədər Moskvanın himayəsi altında gizlənən Mütəllibov o tərəfdən, sizə məlum olan və qaçıb Naxçıvanın Kələki kəndində gizlənən Əbülfəz Elçibəy başqa bir tərəfdən, Azərbaycan Müsavat Partiyasının nümayəndəsi, bizim keçmiş xarici işlər naziri Tofiq Qasımov və bir çox başqaları gördülər ki, bunlar böyük gücə malikdirlər və belə hesab etdilər ki, onlar doğrudan da gəlib bizi yıxa biləcəklər, onlara razılıq verdilər ki, əgər siz hakimiyyəti əldə etsəniz, onda Dövlət Şurası yaranacaqdır. Təsəvvür edin ki, bu onun əlinin altında da Moskvada olan Mütəllibov, Kələkidə dağda oturan Əbülfəz Elçibəy və başqa partiyaların nümayəndələri olacaqdılar. Allah eləməsin ki, sizin ölkəniz də gəlib o günə düşsün.

Bilirsinizmi, təəssüf hissi ilə demək istəyirəm ki, həmin bu çevriliş cəhdinin hazırlanmasında bir neçə Türkiyə vətəndaşları da iştirak etmişlər. Mən bunu əvvəllər heç kəsə deməmişdim və vaxtilə gozlədirdim, çünki hesab edirdim ki, biz bu hadisələrin öhdəsindən gəldik. Türkiyə-Azərbaycan əlaqələrinə heç bir şey ləkə gətirməməlidir. Ancaq həmin o çevriliş cəhdini hazırlayanlardan birini - Fərman Dəmirqol adında bir şəxsi sonra biz buraxdıq və o, gizli olaraq buraya, Türkiyəyə gəldi. Bizə dedilər ki, o, burada dinc yaşayacaq. Mən də dedim ki, onda biz də bunu daha açmayacağıq. Amma sizin televiziyada, qəzetlərdə xəbərlər verdlər ki, bəs bu adam haradan çıxıb. Kimdir bu adam? Vaxtilə, yəni Xalq Cəbhəsinin hakimiyyəti dövründə gəlib, burada sizdə bir TİKA təşkilatı var, - o təşkilatın orada nümayəndəsi kimi maaş alıb. Eyni zamanda onu gətirib Azərbaycan parlamentində müşavir qoyublar, eyni zamanda ona Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsi veriblər. Amma nə müşavirlik edib, nə TİKA-nın işi ilə məşğul olub, nə də müəllimlik edib, - gedib o cinayətkarlara qoşulub və onlarla birlikdə bu çevriliş cəhdini hazırlayıbdır. Buna da söz veriblər ki, sən də Dövlət Şurasının üzvü olacaqsan və burada da bir vəzifə alacaqsan.

Başqa bir Türkiyə vətəndaşı - Kənan Gürel də bu işdə iştirak etmişdir. Təəssüf ki, onlar Türkiyənin bəzi şəxsləri ilə əlaqədə olmuş və çevriliş cəhdində axıra qədər iştirak etmişdilər. Biz bunları hiss etmişdik, amma məsələ açılandan sonra bildik.

Ancaq bunlar hamısı geridə qalmalıdır. Biz bunlardan da ötüb keçdik. O çevriliş cəhdlərini törədən adamların bəziləri qaçdılar, yenə də Moskvada, Qərbdə, başqa ölkələrdə gizləndilər. Onların bir hissəsi Türkiyədə gizlənir və mən hüquq orqanlarından rica etmişdim ki, onları tapıb Azərbaycana təslim etsinlər. Təəssüf ki, bunu indiyə qədər etməyiblər. Onlar qaçdılar, yenə də Rusiyada gizləndilər. Ancaq ondan sonra da bir neçə qəsdlər oldu, biz bunların da qarşısını aldıq.

Sizin vaxtınızı alıram, üzr istəyirəm. Mən bunları sizə deyirəm, çünki siz bizim həyatımızda olan hər bir şeyi olduğu kimi bilməlisiniz. Bunları ona görə deyirəm ki, siz biləsiniz, bizim müstəqilliyimizin yolu nə qədər ağır, çətin, nə qədər keşməkeşli olubdur.

İndi mən sizə hesabat verirəm ki, bütün bunlara baxmayaraq, Azərbaycanın daxilində əmin-amanlıq tamamilə təmin edilibdir. Daxili ictimai-siyasi vəziyyət tam sabitdir. Şübhəsiz ki, gizlənmiş, Rusiyada və başqa ölkələrdə yerləşən ayrı-ayrı terrorçu qruplar yenə də var, onlardan hələ də tamamilə can qurtarmamışıq. Təsadüfən yenə bir hadisə ola bilər. Ancaq biz əmin-amanlıq, qanun-qayda yaratmışıq. Hərə öz işini bilir, qanunun vacibliyini, aliliyini təmin etmişik.

İndi insanlar rahat yaşayırlar. Belə bir şəraitdə biz Azərbaycanın daxili işləri ilə məşğul olmağa imkan tapırıq. Bilirsiniz ki, 1995-ci ilin sonunda biz ilk dəfə demokratik prinsiplər və çoxpartiyalı sistem əsasında müstəqil Azərbaycanın demokratik parlamentini seçdik. 1995-ci ilin qasım ayında biz Azərbaycanın ilk demokratik konstitusiyasını, Ana Yasasını qəbul etdik. Bizim bu konstitusiyamız Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət qurmaq prinsiplərini özündə əks etdirən bir konstitusiyadır. Bu konstitusiya ilə Azərbaycanda bütün insan azadlıqları təmin olunubdur. Söz, mətbuat, fikir azadlığı, fikir müxtəlifliyi, vicdan azadlığı, din azadlığı, bütün insanların hüquq bərabərliyi hamısı təmin olunubdur.

Çoxpartiyalı sistem təmin olunub və hər bir normal partiyanın Azərbaycanda fəaliyyət göstərməsinə şərait yaranıbdır.

Azərbaycanda 30-dan artıq partiya qeydiyyatdan keçibdir, fəaliyyət göstərir, 600-dək qəzet var, bunlardan cəmi bir neçəsi Azərbaycanın dövlət qəzetidir. Qalanları ayrı-ayrı təşkilatların qəzetləridir və əksəriyyəti də müxalifət mövqeyində olan qəzetlərdir.

Beləliklə, biz Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu prosesini hüquqi nöqteyi-nəzərdən, Ana Yasa, qanunlarımız vasitəsilə təmin etmişik və bunu inkişaf etdiririk.

Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir. Bunlar 1995-ci ilin ikinci yarısında, 1996-cı ildə və indi, 1997-ci ilin əvvəlində öz müsbət nəticələrini veribdir. İslahatlar nədən ibarətdir? Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə gedir. Sahibkarlıq geniş inkişaf tapıbdır. Özəlləşdirmə proqramı qəbul olunub, həyata keçirilir, bütün mülkiyyət özəlləşdirilir. Bilirsiniz ki, Azərbaycanın torpaqları dövlətin əlində, kolxozlarda, sovxozlarda idi. Biz torpaq islahatı haqqında çox ciddi və cəsarətli qanun qəbul etdik. Bu qanun əsasında Azərbaycanın torpaqları əsasən şəxsi mülkiyyətə verilir.

Sizə onu da bildirmək istəyirəm ki, keçmişdə Sovet İttifaqına mənsub olub indi müstəqil dövlət olan ölkələrin heç birində belə mütərəqqi və cəsarətli qanun qəbul edilməyibdir. Biz bu qanunu üç il müddətində yerinə yetirəcəyik, bütün torpaqlar şəxsi mülkiyyətə keçəcəkdir. Ancaq bu qanunun artıq həyata keçirilməsinin bir neçə qismləri öz nəticəsini veribdir. Məsələn, biz heyvandarlığı tamamilə özəlləşdirmişik. Bunu özəlləşdirəndən sonra Azərbaycanda ət, süd, yağ problemimiz yoxdur.

Mən sizə bir şeyi demək istəyirəm, - bəlkə bu, sizin üçün maraqlıdır. Sovetlər İttifaqı zamanı Azərbaycan Respublikası özünü ət və südlə təmin edə bilmirdi. Biz pambıq istehsal edib Rusiyaya verirdik, Rusiya isə bizə ət göndərirdi. Amma əti vaxtında göndərmirdi, ona görə də əhalimizi ət ilə istənilən qədər təmin edə bilmirdik. Çörəklə də təmin edə bilmirdik, çünki biz pambıq istehsal edirdik, buğdanı isə Rusiyadan alırdıq. İndi islahatları keçirdikdən, ticarəti sərbəstləşdirdikdən, heyvandarlığı özəlləşdirdikdən sonra problem yoxdur. Bütün mal-qara şəxsi mülkiyyətdir. Çörək istehsalı şəxsi mülkiyyətdədir, dövlət çörəklə məşğul olmur. Bu problemlərin hamısını aradan qaldırmışıq.

Beləliklə, Azərbaycanda iqtisadi islahatlar sürətlə gedir və bir-iki il içərisində Azərbaycanın iqtisadiyyatında ciddi dəyişikliklər baş verəcəkdir. Ancaq sizə demək istəyirəm ki, 1996-cı il son altı-yeddi il içərisində müəyyən qədər dönüş ili olubdur. Yəni, müsbət meyllər ili olubdur. Əvvəlki illərdə bizdə istehsal, xüsusən sənayedə və kənd təsərrüfatında hər il 10-15 faiz aşağı düşürdü. 1996-cı ildə sənaye istehsalında 6 faiz aşağı düşdük, amma 1995-ci ildə 24 faiz aşağı düşmüşdük. 1997-ci ilin birinci rübündə biz bu geriləməni dayandırdıq, əksinə, istehsal bir qədər inkişafa başladı. Keçən il kənd təsərrüfatı məhsulları istehsalı 3 faiz artıbdır.

Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələri, mal mübadiləsi son iki ildə 3 dəfə artıbdır. Düzdür, mütləq rəqəmlər o qədər də böyük deyil, - gərək bizim əlaqələrimiz daha da geniş olsun, nəticələri daha da çox olsun, - və bu ticarət əlaqələrində Türkiyədən Azərbaycana mal gətirilməsi daha çoxdur, nəinki Azərbaycandan Türkiyəyə göndərilməsi. Bu da təbiidir, biz buna etiraz etmirik. Ancaq bunun həcmi artmalıdır və biz bunu artırmağa çalışırıq, bundan sonra da çalışacağıq.

Bilirsiniz ki, biz Azərbaycana xarici sərmayə gətirməyə çox səy göstəririk. 1994-cü ilin oktyabrında biz ilk böyük neft müqaviləsi imzaladıq, dünyada ona "Əsrin müqaviləsi" adı verildi. Bu müqavilə əsasında dünyanın 11 böyük neft şirkəti 30 il müddətində Azərbaycanda müştərək neft çıxarmaqla məşğul olacaqdır. Müqavilə əsasında çıxarılacaq neftin dünya bazarına nəqli məsələsi, o cümlədən neft kəməri məsələsi meydana çıxıbdır. İndi deyə bilərəm ki, müqavilə işləyir, bir neçə quyu qazılıb və bu ilin avqust və ya sentyabrında neft alacağıq.

Ondan sonra biz bir neçə müqavilə də imzalamışıq. Böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, bu müqavilələrdə Türkiyə də iştirak edir. Birinci müqavilədə Türkiyə Cümhuriyyəti, "Türk petrolları" şirkəti çox az faizlə iştirak edirdi. Onun payı 1,25 faiz idi. Ancaq müqavilə imzalandıqdan sonra Türkiyənin dövlət, hökumət başçıları mənə müraciət etdikdə, Azərbaycan öz hissəsindən 5 faiz Türkiyəyə verdi və Türkiyənin payı 6,25 faiz oldu. Sonra biz yeni müqavilə - Xəzər dənizində "Şahdəniz" neft yatağı haqqında müqavilə imzaladıq. O da bir neçə dünya şirkətləri ilə imzalanıbdır. Bu müqavilədə "Türk petrolları" şirkətinin payı 9 faizdir.

Biz bundan sonra da yeni müqavilələr imzalayacağıq və Türkiyə bunların hamısında iştirak edəcəkdir. İndiyə qədər beş müqavilə imzalanıbdır.

Mən bilirəm ki, bu neftin dünya bazarına çıxarılması yolu Türkiyədə daim müzakirə olunur və böyük maraq doğurur. Bildirmək istəyirəm ki, biz əvvəllər də hesab edirdik ki, Azərbaycan neftinin xaricə çıxarılmasının birinci yolu Türkiyədir. Ancaq bir çox çətinliklərlə, təzyiqlərlə də rastlaşdıq. Birinci müqavilədən sonra cürbəcür ölkələr tərəfindən bizə həddindən artıq təzyiqlər etdilər, ancaq bunun da qarşısında durduq. Biz daxilimizdə olan təzyiqləri də, xaricdən olan təzyiqlərin də qarşısında durduq.

Bilirsiniz, biz sonra qərar qəbul etdik ki, ilkin neftin ixracı üçün iki neft kəməri çəkilsin: biri Şimala - Rusiya ərazisindən Qara dənizdəki Novorossiysk limanına, biri isə Qərbə - Gürcüstan ərazisindən Qara dənizdəki Supsa limanına, - bu, Türkiyəyə yaxın olan limandır. Bu qərarı Rusiya da bəyənmiş, ondan razı qalmışdır. Qərb də bəyənmişdir. Biz bunu həyata keçiririk.

Rusiyaya gedən neft kəməri Azərbaycan ərazisində hazırdır. Ancaq təəssüflər olsun ki, Rusiya ərazisində neft kəməri hələ hazır deyildir. Azərbaycan neftini ixrac edəcəyimiz bu kəməri bir balaca sınamaq istəyirdik, ancaq bundan məhrumuq. Rusiyada bizə söz verirlər ki, oktyabr ayına qədər borunu hazırlayacaqlar, onda müəyyən miqdarda nefti o yolla ixrac edə biləcəyik.

Gürcüstan ərazisindən Qərbə - Türkiyəyə doğru gələn xətt 1998-ci ilin sonunda hazır olacaqdır. Ancaq bizim ən əsas məqsədimiz böyük neft borusunun tikilməsidir. Bu barədə dünyada çox böyük axtarışlar gedir, bir çox layihələr də var. Hər bir ölkənin bunda öz marağı var və Azərbaycana, Türkiyəyə pis münasibət göstərən, düşmən olan ölkələr buna mane olmaq istəyirlər. Sadəcə olaraq, dünyada iqtisadi rəqabət gedir. Bu boru haradan keçəcəksə, onun çox iqtisadi mənfəəti olacaqdır. Ona görə də bu məsələni çox müzakirə etmişik. Dünən Türkiyə prezidentinin və Azərbaycan prezidentinin imzaladıqları anlaşmada biz yazmışdıq ki, həmin böyük neft kəmərinin Bakı Ceyhan yolu ilə getməyini istəyirik.

Bir neçə gündən sonra Aşqabatda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü olacaqdır. Ola bilər, orada da bir layihə, Türkmənistandan təbii qazın Xəzər dənizinin altından keçməklə Azərbaycan ərazisi vasitəsilə Türkiyəyə gətirilməsi barədə layihə qəbul edilsin. Belə bir layihə var, bu gün, dünən də bu barədə danışdım. Əgər hamımız birlikdə bu layihəni həyata keçirə bilsək, - çünki bizim dostlarımız bəzən söz verir, sonra yerinə yetirmirlər, - çox gözəl iş olacaqdır.

Ümumiyyətlə, demək istəyirəm ki, Xəzər dənizinin Azərbaycan sektorunda çox zəngin neft yataqları var. Qazaxıstan sektorunda da zəngin yataqlar var. Bilirsiniz ki, Qazaxıstan Tengizdə neft çıxarır. "Şevron" şirkəti oradan neft çıxarır, Rusiya ərazisindən ixrac edir. Amma indi alternativ olaraq ikinci bir yol da Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Qara dəniz sahilinə nəzərdə tutulur. Biz buna imkan vermişik. Beləliklə, bu yolu da Türkiyəyə çıxara bilərik. Azərbaycanın zəngin neft yataqlarının böyük gələcəyindən Türkiyə də bəhrələnəcək, bizim üçün dost, qardaş ölkə kimi biz Türkiyə ilə həmişə əməkdaşlıq edəcəyik.

Bir sözlə, bizim həyatımız çox ağırdır, çətindir. Ancaq gələcəyimizi də parlaq görürük. Əgər biz Ermənistanın təcavüzündən xilas olsaq, işğal olunmuş torpaqlarımız azad edilsə, şübhəsiz ki, sizinlə əməkdaşlıq edərək çox böyük nailiyyətlər əldə edə və ölkələrimizi bir-birinə daha da sıx bağlaya bilərik.

Ancaq bu baxımdan indi bir təhlükəli proses var. Bilirsiniz ki, sizinlə həmsərhəd olan Ermənistanda Rusiyanın böyük silahlı dəstələri, əsgəri hissələri var. Onlar orada hərbi baza statusu alıblar. Türkiyə də görür, Rusiya ilə Ermənistan arasında hərbi iş birliyi anlaşması imzalanıbdır. Bu anlaşma da Rusiyanın və Ermənistanın parlamentlərində təsdiq olunubdur. Sizin sərhədlərdə, Ermənistan-Türkiyə sərhədlərini qoruyan rus əsgərləridir. Rusiyanın həm Ermənistanda, həm Gürcüstanda hərbi bazalarının olmasını mən anlaya bilmirəm. Yəni bunları qanunauyğun qəbul edə bilmirəm. Mən bunu Rusiyanın başçılarına, dövlət başçılarına açıqca demişəm. Demişəm ki, nə üçün siz Ermənistanda hərbi baza saxlayırsınız, nəyə görə? Bir halda ki, Ermənistanın Rusiya ilə heç sərhədi yoxdur, siz kimdən hücum gözləyirsiniz? Ermənistan ərazi nöqteyi-nəzərindən Rusiyaya bağlı deyildir. Ermənistan kiçik bir əraziyə malikdir, amma o ərazi silahlarla, əsgərlərlə doludur. Mən demişəm, - nə üçün bunu edirsiniz? Əgər siz Türkiyədən özünüzə qarşı hücum gözləyirsinizsə, Türkiyə heç vaxt bunu etməz. İrandan hücum gözləyirsinizsə, İran da bunu etməz. Gürcüstan, - yəni Ermənistanın ətrafında olan ölkələri deyirəm, - öz başının hayındadır. Azərbaycanın da ərazisinin 20 faizini Ermənistan işğal edibdir. Belə bir halda Ermənistanda bu qədər hərbi bazaların saxlanmasının nə əhəmiyyəti var? Gürcüstanda hərbi bazaların saxlanmasının nə əhəmiyyəti var? Mən bu barədə öz fikrimi, etirazımı demişəm.

Ancaq onlar öz işlərini görürlər. Son iki ayda məlum olubdur ki, Rusiyadan Ermənistana axırıncı üç il ərzində 1 milyard dollar dəyərində ağır silahlar veriblər. T-72 tankları, - bunlar ən müasir tanklardır, - zirehli maşınlar, toplar, raketlər, çox uzaqvuran raketlər, - o raketlər ki, Kiprə vermişdilər, ona görə siz Türkiyədə hay-küy qaldırdınız, - və başqa çox güclü atəş açan silahlar veriblər. Bu yaxınlarda məlumat alınıb ki, hətta kimyəvi silahlar da verilib. Rusiyanın Ermənistana 1 milyard dollar dəyərində silah verməsi Rusiyanın dövlət orqanları, Müdafiə Nazirliyi tərəfindən, Rusiyanın parlamentində Müdafiə Komitəsi var, onun apardığı araşdırmadan təsdiqlənir. Bu məsələ Rusiyanın parlamentində də müzakirə olunub və prokurorluğa verilib ki, yoxlanılsın, yəni bunu kim edib, kimi cəzalandırmaq lazımdır.

Məhz bu məsələ ilə əlaqədar Azərbaycan çox narahat olubdur, bilin. Çünki əgər Ermənistana o qədər silah gətiriblərsə, bu, təkcə Azərbaycanı yox, bütün bölgəni dağıda bilər. Mən Rusiyanın prezidenti Boris Yeltsinə üç dəfə məktub yazmışam və martın 28-29-da Moskvada Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin dövlət başçılarının toplantısında, həm də təkbətək görüşdə demişəm ki, siz nə iş görürsünüz və rica etmişəm ki, tezliklə o silahları oradan çıxarsınlar və Rusiya ərazisinə gətirsinlər.

Beləliklə, Ermənistan burada böyük təhlükə yaradır. Təkcə Azərbaycan üçün yox, bütün Qafqaz üçün, bölgə üçün təhlükə yaradır. Güman edirəm ki, siz də buna heç vaxt biganə qalmamalısınız. Mən bu məlumatı, bilgiləri sizə verməyi özümə borc bilirəm. Çünki, yenə də deyirəm, Azərbaycanın problemi həmişə sizin probleminiz olub, ona görə sizə bir daha təşəkkürümü bildirirəm. Amma eyni zamanda baş verən hadisələr və Qafqaz bölgəsində olan ayrı-ayrı dövlətlərin bir-birinə hərbi cəhətdən yaxınlaşması bu bölgədə yeni bir şərait yarada bilər. Ona görə də düşünmək lazımdır. Hesab edirəm ki, bu məlumatlardan lazımi nəticələr də çıxarmaq gərəkdir.

Biz öz tərəfimizdən çalışırıq və bundan sonra da çalışacağıq ki, Ermənistan -Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Mən İstanbulda çıxış edəndə bəyan etdim və bu gün də Türkiyə Böyük Millət Məclisinin qarşısnda bəyan edirəm ki, Ermənistanla böyük sülh müqaviləsi bağlanana qədər Azərbaycan üç il bundan öncə imzalanmış atəşkəs rejimini qoruyub saxlayacaq və ona sadiq olacaqdır. Bu, bizim sülhsevər olmağımızı göstərir. Bu göstərir ki, biz başqa ölkənin torpağına iddia etmirik. Baxmayaraq ki, Ermənistanın torpaqlarının çoxu Azərbaycana mənsub olub, amma biz bunu iddia etmirik. Biz 1991-ci ildə Azərbaycan və Ermənistan dövlət müstəqilliyini alarkən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü qorumağa və təmin etməyə çalışırıq. Biz Ermənistanın torpağına iddia etmirik, ancaq öz torpağımızın bir qarışını, bir metrini də heç kəsə verməyəcəyik.

Güman edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün siz bundan sonra da Türkiyənin bütün imkanlarından istifadə edəcəksiniz və biz birlikdə buna nail olacağıq. Çünki Qafqazda sülh, bölgədə sülh ümumiyyətlə hamıya lazımdır. Mən bu gün yenə də böyük Mustafa Kamal Atatürkün sözlərini xatırlayıram: Cahanda sülh, yurdda sülh, bölgədə sülh.

Mən bəlkə də sizi yordum. Yorsam da, yormasam da danışmışam. Nəhayət, mən yenə də Türkiyə-Azərbaycan dostluğu haqqında bir neçə söz demək istəyirəm. Bu dostluq əbədidir, sarsılmazdır. Biz bütün gücümüzlə, varlığımızla bu dostluğu qoruyub möhkəmləndirəcəyik, inkişaf etdirəcəyik. Çünki Türkiyə də demokratik cümhuriyyətdir, burada demokratik prinsiplər geniş tətbiq olunubdur. Türkiyənin böyük demokratiya təcrübəsi var. Türkiyənin cümhuriyyət, demokratik dünyəvi dövlət olaraq yaşaması bütün başqa türkdilli dövlətlər üçün örnəkdir. Cümhuriyyət tarixinizdə keçdiyiniz yol da, dövlət quruluşunuz da, demokratiyanız da, qanun-qaydalarınız da bizim üçün örnəkdir. Ona görə də biz Türkiyənin bu yolla getməsini arzulayırıq.

Biz Azərbaycanda ümidvarıq ki, Türkiyə daim bu yolla gedəcək, Mustafa Kamal Atatürkün vəsiyyətlərinə daim əməl edəcək, gündən-günə dünyanın ən qüdrətli, ən inkişaf etmiş, ən dünyəvi dövlətlərindən biri olacaqdır.

Diqqətinizə görə təşəkkür edir, sizinlə bu görüşdən çox məmnun olduğumu bildirirəm. Sizə və Türkiyə xalqına bir daha, bir daha Azərbaycan xalqının sevgi və məhəbbətini çatdırıram. Sağ olun.