Xalq yazıçısı Rüstəm İbrahimbəyova - Bakı şəhəri, 4 fevral 1999-cu il


Hörmətli Rüstəm İbrahimbəyov!

Sizi - Azərbaycanın tanınmış yazıçısı və kino xadimini 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz 60-cı illərdə ədəbiyyata qədəm qoyan, öz dünyagörüşü və bədii ifadə tərzi ilə ədəbi mühitimizi canlandıran nəslə mənsub sənətkarlardansınız. Başlıca mövzuları insan və zaman, xeyir və şər, ənənəvilik və müasirlik olan əsərləriniz qısa bir müddət ərzində sizə böyük şöhrət qazandırmışdır. Milli-mənəvi dəyərlərimizlə ümumbəşəri idealların üzvi vəhdətini əks etdirən səhnə əsərləriniz dünyanın bir çox ölkələrində uğurla tamaşaya qoyularaq Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanınmasında mühüm rol oynamışdır.

Yazdığınız əsərlərin ekran həyatı da uğurlu olmuşdur. Ssenarist və rejissor kimi çəkdiyiniz filmlər Azərbaycan kino tarixində mühüm mərhələ təşkil etmiş və kino sənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. Öz bədii dəyərinə və toxunulmuş məsələlərin aktuallığına görə geniş tamaşaçı kütləsi tərəfindən böyük maraqla qarşılanmış əsərləriniz içərisində "İstintaq" və "Ad günü" filmləri xüsusi yer tutur.

Sizin bir ictimai xadim kimi fəaliyyətiniz Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsi ilə məhdudlaşmamış, vətənimizin taleyüklü anlarında informasiya blokadasının yarılmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına da xidmət etmişdir.

İnanıram ki, siz müstəqil Azərbaycanda ədəbiyyatın və kinematoqrafiyanın inkişafı yolunda bundan sonra da var qüvvənizi sərf edəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 fevral 1999-cu il.

Tarixi arayış

MƏDƏNİYYƏT