Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş yubiley gecəsində nitqi - Respublika Sarayı, 28 dekabr 1994-cü il


Hörmətli xanımlar və cənablar!

Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş, respublikamızda son aylarda həyata keçirilən tədbirlər və bugünkü mərasim böyük yazıçımızın şəxsiyyətinə, onun yaradıcılığına, ədəbi və mənəvi irsinə verilən yüksək qiymətin təzahürüdür. Eyni zamanda bu, dövlətin, ictimaiyyətin, xalqımızın mədəniyyətə, ədəbiyyata, mənəviyyata göstərdiyi münasibətdir, Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır.

Əsrimizin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün, əsrimizin sonunda bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır. O bizə ilham verir, bizə güc verir, sürətlə irəli getməkdə, xalqımızı bugünkü vəziyyətdən çıxarmaqda bizə kömək edir. Bizim xalqımız və dünya ictimaiyyəti Cəlil Məmmədquluzadəni böyük yazıçı, ədib, mütəfəkkir insan kimi tanıyır. Burada çıxış edən hörmətli yazıçımız Anar, hörmətli alimimiz Bəkir Nəbiyev onun yaradıcılığı haqqında ətraflı danışdılar. Doğrudur, Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşünası, siyasətşünası, alimi Cəlil Məmmədquluzadə xəzinəsini, yaradıcılığını araşdıracaq, onu tədqiq edərək yeni-yeni kəşflər edəcəkdir. Cəlil Məmmədquluzadə yaradıcılığı Azərbaycanın mənəviyyatını, mədəniyyətini, ədəbiyyatını dünyaya nümayiş etdirən və xalqımızın nəyə qadir olduğunu göstərən böyük bir sərvətdir.

Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz "Molla Nəsrəddin" jurnalının və Mirzə Cəlil fəaliyyətinin rolu misilsizdir. "Molla Nəsrəddin" jurnalı dünyada məşhurdur. O vaxtlar rabitənin çox zəif olduğuna baxmayaraq, "Molla Nəsrəddin" jurnalı dünyanın bir çox ölkələrində yayılırdı, hörmətlə qarşılanırdı, oxunurdu və hər yerdə öz təsirini göstərirdi. Azərbaycanın həyatında "Molla Nəsrəddin" jurnalının xüsusi yeri var. O vaxtın şəraitinə uyğun olaraq Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalını xalqın əksər təbəqələri üçün oxuna bilinən, anlaşıqlı səviyyədə nəşr edirdi. Təsadüfi deyildir ki, tanınmış rəssamlar Şmerlinqin, Rotterin, Azərbaycanın böyük rəssamı Əzim Əzimzadənin və başqalarının istedadından istifadə edərək demək olar ki, yazılarla bərabər həcmdə şəkillər, karikaturalar da verilirdi. Mən bunu belə anlayıram ki, o vaxt xalqımızın əksəriyyəti savadsız olduğuna görə, çoxunun oxumaq imkanı olmadığına görə karikaturalar və şəkillər savadsız adamlara da çox təsir bağışlayırdı, sözləri oxumadan da fikirləri çatdırıb bildirirdi. Jurnal Azərbaycan dilində nəşr olunduğundan o vaxt onu oxuyanların vasitəsilə xalq arasında geniş yayılırdı və çox güclü təsir göstərirdi.

"Molla Nəsrəddin" jurnalını yaradan Cəlil Məmmədquluzadə oldu. Əvvəl Tiflisdə, sonra Təbrizdə, daha sonra Bakıda nəşr edilən bu jurnal təəssüflər olsun ki, Mirzə Cəlil dünyasını dəyişəndən sonra öz fəaliyyətini dayandırdı. Doğrudur, sonrakı dövrlərdə və xüsusən 50-ci illərdə Azərbaycanda "Molla Nəsrəddin" məktəbini davam etdirməyə çalışdıq. Ancaq bu gün etiraf etməliyəm ki, buna nail ola bilmədik. "Kirpi" jurnalı onun davamçısı olmalı idi. Bu gün "Kirpi" jurnalının həyatımızda oynadığı rola lazımi qiymət verərək, eyni zamanda qeyd etmək istəyirəm ki, o heç də "Molla Nəsrəddin" jurnalının səviyyəsinə çata bilmədi, onun tam davamçısı ola bilmədi, cəmiyyətimizdə onun yerini tuta bilmədi. Ancaq buna o illərdə də ehtiyac çox idi, bu gün də ehtiyac çoxdur və bugünkü şəraitimizdə biz yenə də "Molla Nəsrəddin" jurnalına çox möhtacıq.

Cəlil Məmmədquluzadə dühası "Molla Nəsrəddin" jurnalında öz əksini tapdı. "Molla Nəsrəddin", onun vasitəsilə Cəlil Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar. Ona görə də biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim kimi, böyük siyasətçi kimi yanaşmalıyıq. C.Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. Bu, təkcə ədəbiyyat deyil, təkcə mədəniyyət deyil, bu, siyasətdə böyük xidmətdir, ictimai həyatımızda böyük xidmətdir.

Mirzə Cəlilin yaradıcılığı haqqında çox danışmaq olar və mən bu gün burada çıxış edərkən qarşıma həmin məqsədi qoymamışam. Sadəcə olaraq bir neçə məqama toxunmaq istəyirəm. Onlardan biri də ədibin əsərlərində, bir də təkrar edirəm, xalqımızın milli ruhunun yüksəldilməsi, xalqımızın milli ideologiyasının yaranması, formalaşmasıdır. Bu sahədə Mirzə Cəlilin gördüyü işlər, bizə bəxş etdiyi töhfələr və qoyub getdiyi irs böyük xəzinədir, bu xidmətlər əvəzsizdir.

Biz indi əsrin sonuna doğru addımlayarkən müstəqil dövlət kimi öz milli ideologiyamız haqqında düşünməliyik. Milli ideologiyamız, şübhəsiz ki, tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu baxımdan, Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümum-bəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik. Ona görə də Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın formalaşmasına, yaranmasına və onun konsepsiyasının elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir. Cəlil Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Onun daim işlətdiyi "Vətən, Vətən, Vətən! Millət, millət, millət! Dil, dil, dil!" sözləri xalqımızın, millətimizin fikirlərini, arzularını ifadə edir. Ədibin ana dilinə - Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ etməsi, insanların hamısını ana dilini bilməyə dəvət etməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinə dair fikirləri, yazıları o vaxt üçün çox vacib idi, bu gün üçün də çox aktualdır. "Anamın kitabı" əsəri Azərbaycan üçün çox dahiyanə bir əsərdir. Çünki bizim xalqımız, respublikamız Şərqin və Qərbin, Şimalın və Cənubun qovuşuğundadır. Əsrlər boyu ayrı-ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur. Mədəniyyətimizin və elmimizin inkişafına da bu təsirlər olmuşdur. Ancaq xalqımızın dahi simaları Azərbaycan dilini daim yaşadıb, Azərbaycanın milliliyini yaşadıb, milli şüuru yaşadıb, milli məfkurəni yaşadıblar. Lakin elə zamanlar, elə dövrlər də olub ki, bəzən başqa ölkələrdə təhsil almış adamlar o ölkələrin dilini, adət-ənənəsini qəbul edərək öz dilini, öz adət-ənənəsini, milliliyini itirməyə uğramışlar. Bu gün də bu, var. Bu hallarla biz yaxın keçmişdə də çox qarşılaşmışıq və demək olar ki, son 20-25 ildə Azərbaycan dilinin Azərbaycanda hakim olması, sadəcə, formal surətdə dövlət dili elan olunması yox, hər yerdə tətbiq edilməsi, inkişaf etməsi böyük səylərin nəticəsidir və bu, çox vaxt güclü müqavimətlərlə rastlaşmışdır.

Bax, bunların hamısı əsrin əvvəlində də var idi. O vaxt savadlı adamlar az idi, hər bir ölkədə təhsil almış adam həmin ölkənin dilini, adət-ənənəsini təbliğ edirdi, başqa bir ölkədə təhsil almış adam onun dilini təbliğ edirdi. Öz dilimiz, öz adət-ənənələrimiz, öz milliliyimiz bəzən itib gedirdi. Cəlil Məmmədquluzadənin böyüklüyü həm şəxsi həyatında, həm fəaliyyətində, həm də yaradıcılığında ondan ibarətdir ki, o, ilk təhsilini Naxçıvanda molla məktəbində aldıqdan sonra rus dilində Qori seminariyasını bitirib, sonra Sankt-Peterburqda təhsil almışdır. O, rus dilini mükəmməl bilib, Avropa mədəniyyətini çox dərindən öyrənib, ümumbəşəri dəyərləri dərk edib, onları öz milliliyi ilə, öz ana dili ilə, öz milli kökləri ilə birləşdirərək Mirzə Cəlil olubdur, Cəlil Məmmədquluzadə olubdur. O, "Molla Nəsrəddin" kimi dahiyanə bir məktəb yaradıbdır və bizə böyük mənəvi irs qoyub gedibdir. Mirzə Cəlilin bu xidmətləri bizim üçün, dediyim kimi, bu gün də çox qiymətlidir. Biz bundan çox güclü istifadə etməliyik. Çünki hələ "Anamın kitabı"nda yazılan, təsvir olunan meyllər bu gün də cəmiyyətimizdə özünü büruzə verir.

"Ölülər" əsəri haqqında. Mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılığını, özünəməxsus fitri istedadını əks etdirir. "Ölülər" əsəri ölməz əsərdir. O, yazıldığı vaxt da lazım idi, o bizə bu gün də lazımdır. "Ölülər" əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilib və çox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunubdur. Təəssüf ki, o dövrdə bəlkə bu belə idi. Çünki bizim həyatımızda ateist tərbiyəsi hökm sürürdü, din inkar olunurdu və bu əsər bəlkə də bu baxımdan, həmin istiqamətdə xidmət göstərirdi.

Ancaq Mirzə Cəlil bu əsəri yaradarkən heç də dinə müxalif çıxmayıbdır, əksinə, bu əsərlə islam dininin xalqımız üçün nə qədər böyük mə'nəvi dəyər olduğunu sübut etməyə çalışıbdır. Eyni zamanda o, dini təhrif edənləri, dindən istifadə edib fırıldaqçılıqla məşğul olanları ifşa edib, tənqid atəşinə tutubdur. Biz indi öz dinimizə qayıtmışıq. Din mənəvi mənbələrimizdən biridir. İslam dininin, Qurani-Kərimin Azərbaycan xalqı üçün açdığı yol davam edəcək və biz get-gedə dinimizin hər yerdə özünə layiq yer tutmasına imkan yaradacağıq. Ancaq biz Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindən bu gün də bəhrələnməliyik. Çünki bu gün də dini təhrif edənlər, dindən öz məqsədləri üçün istifadə edənlər, dindən istifadə edərək xalqımızı cəhalətə uğratmağa çalışanlar az deyil. Mirzə Cəlil isə belələri ilə o vaxt mübarizə aparıbdır və "Ölülər" əsəri ilə bizə bu vəsiyyəti edibdir. Biz də onun vəsiyyətini yerinə yetirməliyik.

Mənim fikrimcə, "Ölülər" əsərinin ikinci mühüm cəhəti ondan ibarətdir ki, orada təkcə dindən istifadə edib fırıldaqla məşğul olan adamlar ifşa edilmir, həm də insanların mənəviyyatının nə qədər əhəmiyyətli olduğu açıq-aşkar göstərilir.

Təəssüf ki, mənəviyyatda çatışmazlıq, mənəviyyatda gerilik bizi bu gün də sıxır. Mənəviyyatımızda ayrı-ayrı şəxslərin, ayrı-ayrı qrupların mənfi hərəkətləri cəmiyyətimizi, xalqımızı incidir. Biz "Ölülər" əsərindən dərs götürməliyik. Xatirinizdədirsə, elan olunandan sonra ki, şeyx Nəsrullah ölüləri dirildəcəkdir, nə qədər adam onun gəlişini böyük maraqla gözləyirdi. Biri atasını, biri qardaşını, biri arvadını diriltmək istəyirdi. Cəlil Məmmədquluzadə o adamların mənəviyyatca nə qədər kasıb olduqlarını sübut etmək üçün kefli İsgəndərin dili ilə onları ifşa edir. Kefli İsgəndər deyir: sən qardaşını diriltmək istəyirsən, qardaşın gəlib görəcək ki, sən onun arvadını almısan, uşaqlarına da pis baxırsan, özünü nə cür hiss edəcəksən? O birisinə deyir sən atanı diriltmək istəyirsən. Atan gəlib görəcək ki, sən onun vəsiyyətlərini yerinə yetirməmisən. Sən özünü nə cür hiss eləyəcəksən? "Ölülər" əsəri ilə tanış olanlar bu dialoqları yaxşı bilirlər. Ondan sonra adamların hamısı şeyx Nəsrullahın xidmətindən imtina etməyə çalışır və ölülərini diriltmək istəmir, fikirlərini dəyişirlər. Nə üçün? Günahlarına görə. Nə üçün? Mənəvi şikəstliklərinə görə.

Bu mənəvi şikəstlik bizim cəmiyyətdə indi də var. İndi də qardaşına, dostuna, yoldaşına xəyanət edənlər, indi də millətinə, xalqına xəyanət edən adamlar var. Bunlar çoxdur, bəlkə o vaxtkından daha çoxdur. Ona görə də "Ölülər" əsərinin bu cəhəti bizim üçün çox əhəmiyyətlidir və o, böyük bir fəlsəfi əsər kimi bizə bu gün də lazımdır.

Cəlil Məmmədquluzadə tariximizə böyük bir demokrat kimi daxil olubdur. O öz yaradıcılığı ilə Azərbaycanın müstəqilliyi üçün çalışırdı, xalqımızı oyatmağa çalışaraq, milli şüuru formalaşdıraraq, milli oyanışı gücləndirərək xalqı milli azadlığı uğrunda mübarizəyə dəvət edirdi, xalqımızın müstəqil olması üçün yol açırdı və bu yolu da yalnız və yalnız demokratik prinsiplər əsasında görürdü. Təsadüfi deyil ki, onun yazılarında cümhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik hüquqi dövlət prinsipləri ilə səsləşir. Mən onu oxuyanda fikirləşdim ki, bunlar bu günmü yazılıb. Yox, bunları Cəlil Məmmədquluzadə o zaman yazıbdır ki, o vaxtlar o yazırdı ki, "cümhuriyyət elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın, xalqın öz öhdəsində və ixiyarındadır və vicdan azadlığı, yığıncaq azadlığı, birlik azadlığı, söz azadlığı, mətbuat azadlığı, siyasi firqələr düzəltmək azadlığı, şəxsiyyət azadlığı, qanun qarşısında bərabərlik, seçki üsulunda həmrəylik, bərabərlik və müstəqillik, gizli səsvermə prinsipləri cümhuriyyət quruluşunda əsas olmalıdır".

Biz bu gün bu prinsiplər əsasında demokratik hüquqi dövlət yaratmaq istəyirik, demokratik hüquqi cəmiyyət yaratmaq istəyirik. Cəlil Məmmədquluzadə böyük demokrat olubdur, Azərbaycanın dövlətçiliyi üçün səylər göstəribdir. Bizə böyük miras, irs qoyub gedibdir. Bunların hamısını biz yüksək qiymətləndirməliyik. Bax, bunlara görə də Cəlil Məmmədquluzadə daim bizimlədir.

Cəlil Məmmədquluzadədən, onun yaradıcılığından biz daha faydalı istifadə etməliyik. Doğrudur, Cəlil Məmmədquluzadənin yaradıcılığının tədqiqinə həsr olunan çox əsərlər yaranıbdır. Onlar haqqında bu gün deyildi. Hesab edirəm ki, bunlar yetərli deyil və hesab edirəm ki, Cəlil Məmmədquluzadənin yaradıcıhğı, onun əsərləri haqqında elmi əsərlər, fundamental monoqrafiyalar yaratmaqla yanaşı, onun yaradıcılığını, əsərlərini populyar şəkildə geniş kütlələrə, camaata, xalqa çatdırmaq lazımdır. Bugünkü nəsli, gənc nəsli onunla yaxından tanış etmək lazımdır. Bizim bu gənc nəslimiz, indi yeni dövlətimizi, yeni cəmiyyətimizi formalaşdıran nəslimiz Cəlil Məmmədquluzadənin əsərləri ilə, yaradıcılığı ilə nə qədər yaxından tanış olsa, o qədər bizim dövlətçilik işimiz asan gedər.

Burada deyildi ki, "Molla Nəsrəddin" jurnalının faksimilesi on iki cilddən ibarətdir. Təəssüf ki, on il bundan öncə onun cəmi bir cildi buraxılıbdır, indiyə qədər qalanları çap edilməyib. Etiraf etmək lazımdır ki, 10 il bundan qabaq bunun hamısını bir ildə buraxmaq olardı. Beş il bundan qabaq da bunu buraxmaq asan olardı. Amma indi bunlar çətinləşibdir. Buna baxmayaraq, biz bunu etməliyik və geniş yaymalıyıq ki, xalqımız Mirzə Cəlil dühasından bəhrələnərək mənəviyyatca daha da saf olsun, mənəvi dəyərlərimiz daha da möhkəmlənsin. Cəlil Məmmədquluzadənin xidmətləri yüksək qiymətləndirilib, onun adı əbədiləşdirilib. Bu gün biz onun ev-muzeyini açdıq. Mən çox təəssüf edirəm ki, 1978-ci ildə bu barədə qəbul olunmuş qərar ancaq indi yerinə yetirildi. Doğrudur, muzeyin yaradılması üçün o vaxtlar orada yaşayan adamlara başqa yerdə mənzil vermək lazım idi. Biz bunu etdik və muzey yaranan yer, Mirzə Cəlilin yaşadığı mənzil 1981-ci ilin sonunda artıq boş idi.

On iki il vaxt tələb olunub ki, orada o muzey yaransın. Mən buna təəssüf edirəm. Amma eyni zamanda, mən sizə açıq deyim, özümü xoşbəxt hesab edirəm ki, Mirzə Cəlilin ev-muzeyinin yaranması sahəsində vaxtilə qəbul etdiyim qərarın indi həyata keçirilməsində də iştirak etmək mənə nəsib oldu.

Naxçıvanda Cəlil Məmmədquluzadənin çox gözəl, dəyərli bir abidəsi qoyulubdur. Heykəltəraş Mirqasımov Cəlil Məmmədquluzadəyə layiq böyük bir sənət əsəri yaradıbdır. Ancaq güman edirəm ki, Cəlil Məmmədquluzadə kimi böyük bir şəxsiyyətin heykəli Azərbaycanın paytaxtı Bakı şəhərində də olmalıdır. Biz bu barədə düşünməli və qərar qəbul etməliyik.

Burada Anar Cəlil Məmmədquluzadənin həyatının son illəri haqqında məlumat verdi,

dedi ki, bu böyük insan nə qədər əzab-əziyyət içində yaşayıbdır və təəssüf ki, o vaxt cəmiyyət ona layiqincə qayğı göstərməyibdir. Bunu eşidərkən, bunu oxuyarkən dəhşətə gəlirsən, inciyirsən və bəzən də anlamırsan ki, nə cür ola bilərdi ki, Cəlil Məmmədquluzadə kimi bir şəxsiyyət elə ağır şəraitdə yaşasın və elə bir əzab-əziyyət içərisində dünyasını tərk etsin. Ancaq bunlar həqiqətdir. Bunlar Cəlil Məmmədquluzadənin parlaq yaradıcılığı ilə, dahiliyi ilə yan-yana, bizim tarixi keçmişimizin əzab-əziyyətidir, ağrı-acısıdır. Biz bunları dadmışıq, görmüşük, keçmişik və güman edirəm ki, bunlar bizim həyatımızda daha heç vaxt təkrar olunmamalıdır.

Ona görə də ədəbiyyata, elmə, mədəniyyətə qayğı, diqqət həmişə olmalıdır. İndi iqtisadiyyatımızda vəziyyət ağırdır, müharibə şəraitindəyik, çətin yaşayırıq və məlumdur ki, əhalimizin böyük hissəsi ağır maddi vəziyyətdədir. O cümlədən ziyalılarımızın - alimlərimizin, yazıçılarımızın, mədəniyyət işçilərimizin çox hissəsi ağır maddi şəraitdə yaşayır. Bunlar keçid dövrünün gerçəkliyidir. Mən bunları ürək ağrısı ilə deyirəm. Belə olmamalıdır. Yaradıcı adamlar, ziyalılar, mədəniyyətimizi, elmimizi yaradanlar, inkişaf etdirənlər daim cəmiyyətin və dövlətin qayğısı ilə əhatə olunmalıdırlar. Əmin edirəm ki, biz bundan sonra da əlimizdən gələni edəcəyik və çalışacağıq ki, əhalinin bu təbəqəsinə, bu ağır dövrdə imkan dairəsində müəyyən yardımlar olunsun.

Ancaq eyni zamanda gərək bu gün bizim yaradıcı adamlarımız, alimlərimiz, yazıçılarımız, mədəniyyət xadimlərimiz Cəlil Məmmədquluzadənin həyatını təhlil edərək özləri üçün müəyyən etsinlər ki, əgər Cəlil Məmmədquluzadə kimi adam belə ağır əzab-əziyyətə dözübsə, öz iradəsindən, öz məsləkindən dönməyibsə, demək, bu, böyük bir məktəbdir, böyük bir təcrübədir, böyük bir yoldur. Mən istəməzdim ki, bu gün mədəniyyət xadimlərimiz belə ağır vəziyyətə düşsünlər. Əgər həyat kimisə belə ağır, əziyyətli vəziyyətə salıbsa, biz onlara kömək əli uzatmalıyıq, eyni zamanda mədəniyyət xadimlərimiz, alimlərimiz, ziyalılarımız bu əzab-əziyyətli dövrü cəsarətlə keçib getməlidirlər. Biz bərabər keçib getməliyik. Mən əminəm ki, bizim ziyalılarımız belə düşünürlər və Cəlil Məmmədquluzadənin həyatı onlar üçün böyük təcrübə mənbəyidir, məktəbdir.

Güman edirəm ki, bu gün keçirdiyimiz mərasim dövlətin, ictimaiyyətin mədəniyyətimizə, elmimizə, mənəviyyatımıza göstərdiyi qayğıdır, münasibətdir və əmin ola bilərsiniz ki, bu münasibət daim olacaqdır. Ümidvaram ki, xalqımız dövlətin mədəniyyətə bu münasibətini görərkən bundan sonra mədəniyyətə daha da qayğı göstərəcək, mədəniyyətimizin daha da inkişaf etməsi üçün tədbirlər görəcəkdir.

Mən bu gün Mirzə Cəlil dühasının bayramı münasibətilə sizi və bütün Azərbaycan xalqını təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, Mirzə Cəlil yaradıcılığı bu günümüzə və gələcək həyatımıza parlaq işıq saçacaqdır, yollar açacaqdır və müstəqil Azərbaycanın gələcəyə uğurla getməsinə kömək edəcəkdir.

Tarixi arayış

MƏDƏNİYYƏT