Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO-nun) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VI zirvə görüşündə nitqi - 10 iyun 2000-ci il, Tehran, "Hafiziyyə" kompleksi


Hörmətli cənab sədr!

Hörmətli dövlət və hökumət başçıları!

Xanımlar və cənablar!

İcazə verin, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin başçılarının şəxsində VI zirvə görüşünün bütün iştirakçılarını eləcə də bugünkü görüşdə iştirak edən bir sıra nüfuzlu təşkilatların nümayəndələrini salamlayım. Mən səmimi qəbula, bizim nümayəndə heyətinə göstərilən xoş münasibətə və qonaqpərlivərliyə, sammitin işinin konstruktiv və səmərəli olması üçün yaradılmış şəraitə görə İran İslam Respublikasının prezidenti zati-aliləri cənab Seyid Məhəmməd Xatəmiyə və İran İslam Respublikasının hökumətinə təşəkkür edirəm.

Zati-aliləri!

Bu gün bütün fəaliyyət sahələrində qloballaşma prosesinin müdaxilə etdiyi bir vaxtda ayrı-ayrı ölkələrin qarşılıqlı əlaqələr qurmadan inkişafını təsəvvür etmək çətindir. Ona görə də, fikrimcə, qloballaşma və qarşılıqlı əlaqə şəraitində İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafında mühüm amil boyük əhəmiyyət kəsb edə bilər: birincisi, hər bir ölkənin inkişafı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının rolunun güclənməsi; ikincisi, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə digər beynəlxalq və regional təşkilatlar arasında daha sıx və qarşılıqlı faydalı əlaqələrin qurulması zərurətdir. Bunları nəzərə alaraq, ölkələrimiz həm İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qurulan münasibətlərin səmərəliliyinin artırılmasına, həm də müxtəlif beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın dərinləşməsinə çalışmalıdırlar. İqtisadi Əməkdaşlıq Təşkilatının bir sıra beynəlxalq qurumlarla, o cümlədən maliyyə təşkilatları ilə getdikcə inkişaf edən əlaqələrini yalnız alqışlamaq olar. Xüsusilə də onun Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Narkotik Vasitələrə Nəzarət üzrə Proqramı və sə bu kimi qurumlarla əməkdaşlığı bizim regionun iqtisadi və geosiyasi əhəmiyyətının artmasını təsdiq edir. Bu həm də İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən geniş miqyasli işlərin həyata keçirildiyini göstərir. İqtisadi Əməkdaşlıq Təşkilatının digər beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafı məsələşi ilə bağlı qeyd etmək istəyirəm ki, Azərbaycan bu isə öz töhfəsini verməyə hazırdır. Xüsusilə də biz üzv dövlət kimi, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında Qarşılıqlı əlaqələrin qurulması sahəsində öz köməyimizi göstərə bilərik. Bu məqsədlə hər iki təşkilatın baş katiblərinin Bakıda görüşünün keçirilməsini təklif edirik. Hesab edirəm ki, belə bir görüş İqtisadi Əməkdaşlıq Təşkilatı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının gələcək əməkdaşlığı üçün ilkin zəmin yarada bilər.

Zati-aliləri! Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsində və bu təşkilat çərçivəsində həyata keçirilən mühüm iqtisadi layihələrdə, o cümlədən nəqliyyat, ticarət, energetika və telekommunikasiya sahələri üzrə layihələrdə iştirak etməyə hazırdır.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan 51 ökələrlə ticarət və investisiya sahəsində sıx əməkdaşlıq edir. Belə ki, Təşkilatın üzvləri olan İran və Türkiyə Azərbaycanın ticarət sahəsində əsas portnyorlarıdır. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərə alaraq, biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında ticarət maneələrinin tədricən aradan qaldırımasını, iqtisadiyyatın daha geniş miqyasda liberallaşdırılmasını istəyirik. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında qarşılıqlı investisiya qoyuluşlarının həvəsləndirilməsini zəruri hesab edirik. Azərbaycan Respublikası adından deyə bilərəm ki, ölkəmizdə xarici investorların fəaliyyəti üçün zəruri olan bütün addımlar atılıbdır. İqtisadi islahatların qanunvericilik bazasının formalaşdırılması, iqtisadiyyatın liberallaşdırılması və özəlləşdirmənin həyata keçirilməsi xarici kapitalin ölkəmizə cəlb edilməsi üçün əlverişli şərait yaradır. Biz İqtisadi Əməkdaşlıq Təşkilatı regionundan olan bütün investorları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə layihələrin müəyyələşdirilməsində fəal iştirak etməyə dəvət edirik.
Eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində dövlətlərarası regional iqtisadi proqramların işlənib hazırlanmasının məqsədə uygun hesab edirik. Bu, regionda iqtisadi əlaqələri daha da genişləndirməyə və qarşılıqlı faydalı əməkdaşlığı möhkəmləndirməyə xidmət edə bilər. Azərbaycan üçün Xəzər dənizinin neft yataqlarının işlənilməsi böyük əhəmiyyət kəsb edir. Bu gün inamla söyləmək olar ki, regionda enerji ehtiyatlarının işlənilməsi prosesi dönməz xarakter almışdır. Eyni zamanda, Azərbaycanın enerji sektorunun timsalında kapitalın və istehsalın beynəlmiləlləşməsi baş verir. Enerji ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəql edilməsi üzrə geniş miqyasli layihələrdə bir çox ölkələrin tanınmış şirkətlərinin iştirakı deyilənlərə əyani sübutdur. Bizim ölkəmiz və regionun bütün ölkələri üçün 1997-ci ildə şimal marşrutu üzrə Bakı-Novorossiysk və 1999-cu ildə qərb marşrutu üzrə Bakı-Supsa neft kəmərinin isə düşməsi mühüm əhəmiyyətə malikdir. Bakı-Ceyhan əsas ixrac neft kəməri layihəsinin tezliklə gerçəkləşməsi bizim ölkələrin iqtisadi inkişafina və onların dünya iqtisadi sisteminə inteqrasiyasında əvəzolunmaz rol oynayacaqdır.

Eyni zamanda hesab edirəm ki, Xəzər dənizi regionundakı zəngin neft və qaz ehtiyatlarının işlənilməsi və bu məhsulların dünya bazarlarına çıxarılması üçün alternativ yolların yaradılmasına ehtiyac vardır. Bu gün Xəzər dənizi hövzəsində neft və qaz ehtiyatlarının işlənilməsi sahəsində Xəzəryanı dövlətlər (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran) böyük işlər aparırlar. Lakin biz hesab edirik ki, bu regionun enerji ehtiyatlarından daha səmərəli istifadə etmək üçün Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusunu müəyyən etməlidirlər. Azərbaycan bunun üçün lazım olan müzakirələrin aparılmasına və nəhayətə bu məsələnin həlli üçün zəruri addımların atılmasına hazırdır. Bu, region ölkələri arasında iqtisadi inteqrasiyanı daha da gücləndirə bilər.

Hörmətli sədr! Real və potensial imkanları nəzərə alaraqə İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr bir tərəfdən öz məhsullarını ixrac etmək, digər tərəfdən isə tranzit ölkə rolunda çıxış etməklə regionda geniş nəqliyyat şəbəkələrinin inkişafında böyük diqqət yetirməlidirlər. Bu sahədə İqtisadi Əməkdaşlıq Təşkilatı region üçün böyük İpək yolunun bərpası və Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı tarixi əhəmiyyət kəsb edir. Böyük İpək yolunun bərpası üzrə 1998-ci ilin sentyabrında Bakıda 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə beynəlxalq konfrans keçirilmişdır. Bu konfransda 12 dövlət tərəfindən "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş" imzalanmışdır. Onlardan altısı İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Beynəlxalq konfransda qəbul edılmıs hüquqi sənədlər qüvvəyə minmiş, Bakıda TRASEKA layihəsi üzrə katiblik yaradılır və yaxın günlərdə fəaliyyətə başlayacaqdır.

Fikrimcə, Avropa ilə Asiyani birləşdırən tarixi İpək yolunun bərpası üzrə proqramda regionun iri dövlətlərindən biri olan İranın fəal iştirak etməsi çox vacibdir. Biz bu məsələdə qonşu dövlətə hər cür dəstək verməyə hazırıq. Bu genişmiqyasli layihənin həyata keçirilməsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzərində yerləşən ölkələrin təbii ehtiyatlarından və iqtisadi potensialından daha səmərəli istifadə olunması, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün zəruri baza yaradır, eyni zamanda həmin ölkələrin dünya təsərrüfat sisteminə inteqrasiya olunması prosesini gücləndirir. Mən inamla qeyd etmək istəyirəm ki, əsrlər boyu iqtisadiyyatın, mədəniyyətin, elmin və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə kömək etmiş böyük İpək yolu bu gün də onun üzərinə qoyulan ümidləri doğruldacaqdır. Bu layihənin gerçəkləşməsi ticarət-iqtisadi, mədəni əlaqələrin inkişafina səbəb olacaq və inteqrasiya proseslərində katalizator rolunu oynayacaqdır. Nəzərdə tutulan proqramın həyata keçirilməsində bütün maraqlı ölkələr fəal iştirak etməlidirlər. Belə ki, nəqliyyat sahəsinin ahəngdar işindən bizim ölkələrin sosial-iqtisadi inkişafı əhəmiyyətli dərəcədə asılıdır.

 Hörmətli sədr! Hörmətli görüş iştirakçıları! Yeni minilliyin başlanğıcında bəzi dövlətlər arasında münasibətlər və bir sıra dövlətlərdə daxili vəziyyət çox mürəkkəb dövrünü yaşayır. Bu yeni şəraitdə biz həm qlobal, həm də regional miqyasda sülhün, inamın, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə real addımlar atmalıyıq. Bu baxımdan, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin edilməsi məqsədi ilə xüsusi pakt imzalanması təşəbbüsünü irəli sürmüşük. Beləl bir paktın imzalanması regionda münaqişələrin həllinə, sülhün və sabitliyin möhkəmlənməsinə güclü təkan verə bilər. Bu məsələdə regionda mühüm rol oynayan İranın iştirakını zəruri hesab edirik. Azərbaycan üçün bu məsələ böyük əhəmiyyət kəsb edir. Sizə məlum olduğu kimi, öz müstəqilliyinin ilkin dövrlərində Azərbaycan ciddi siyasi və iqtisadi sarsıntılar keçirmişdir. Bu hər şeydən əvvəl qonşu Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı olmuşdur. Nəticədə, ölkə ərazişının 20 faizi Ermənistan silahli qüvvələri tərəfindən işğal olunmuş, bir milyon azərbaycanlı doğma yasayış yerlərindən zorla çıxarılmış və öz ölkəsində qaçqın vəziyyətinə düşmüşdür. Bütün bunlar ölkədə həyata keçirilən hüquqi, iqtisadi islahatların sürətinə mənfi təsir göstərmişdir.

Azərbaycan Ermənistanla sülhə nail olmaq və əməkdaşlıq etmək niyyətindədir. Lakin bu əməkdaşlıq Azərbaycanın ərazı bütövlüyü  bərpa edildikdən, qaçqınlar öz daimi yasayış yerlərinə qayıtdıqdan sonra olar bilər. Azərbaycan Dağlıq Qarabağa Azərbaycan Respublikası tərkibində ən yüksək özünüidarəetmə statusu verməyə hazırdır. Bizim bu mövqeyımız Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin başçılarının 1996-ci ildə Lissabonda keçirilmiş sammitində münaqişənin sülh yolu ilə həlli üçün əsas olan üç məlum prinsipdə öz əksini tapmışdır. Dünya ölkələrinin birgə səyləri Erməmistana sübut etməlidir ki, münaqişənin Ermənistan və Azərbaycanın ərazı bütövlüyünü qarşılıqlı surətdə tanımaq əsasında sülh yolu ilə həll edilməsinə alternativ yoxdur. Onu da nəzərə almaq lazımdır ki, möhkəm sülh əldə edildikdən sonra geniş əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bununla bağlı, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin başçılarının köməyinə biz ümid bəsləyirik.

Son olaraq onu qeyd etmək istəyirəm ki, bu görüş yaxın gələcəkdə regionun inkişafı üçün dəqiq hədəflər müəyyən edəcək və İqtisadi Əməkdaşlıq Təşkilatının bütün istiqamətlər üzrə ardıcıl inkişafı üçün şərait yaradacaqdır. Diqqətinizə görə Təşəkkür edirəm.