Azərbaycan və Dünya Bankı Qrupu arasında əməkdaşlıq


Ümumdünya Bankı ilə Azərbaycan Respublikası 1992-ci ildən əməkdaşlıq edir. Lakin bu münasibətlər 1995-ci ilin 14 sentyabrında qurumun vitse-prezidenti Vilfrid Talvitsin Bakıya səfərindən sonra daha da genişlənməyə başlayıb. Səfər zamanı Azərbaycan hökuməti ilə Ümumdünya Bankı arasında ikitərəfli münasibətlərə dair danışıqlar aparılıb və vacib sənədlər imzalanıb. Bakıda öz ofisini açan bankın nümayəndəliyi Azərbaycan hökuməti ilə birgə konkret kredit layihələrinin həyata keçirilməsinə başlayıb.

BMT-nin ixtisaslaşmış təşkilatlarından olan Dünya Bankı Qrupuna aşağıdakı maliyyə institutları aiddir: Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Çoxtərəfli Sərmayə Qoyuluşunu Sığortalayan Agentlik və Beynəlxalq Maliyyə Korporasiyası. Azərbaycan Respublikası adları qeyd edilən bu beynəlxalq qurumların hamısının üzvüdür. Azərbaycan 1992-ci ilin sentyabrında Dünya Bankına (DB-WB) və Çoxtərəfli Sərmayə Qoyuluşunu Sığortalayan Agentliyə (ÇSSA - MIGA), 1995-ci ilin mart ayında isə Beynəlxalq İnkişaf Assosiasiyasına (BİA - İDA) və Beynəlxalq Maliyyə Korporasiyasına (BMŞ - İFC) üzv qəbul olunub.

DB-nin Azərbaycanda əsas məqsədi bazar iqtisadiyyatına keçid dövründə ölkənin sosial-iqtisadi inkişafına nail olmaq üçün həm investisiya axını, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi üzrə tövsiyələr vermək və bu cür yardımın koordinasiyasını aparmaqdan ibarət olub. Xüsusilə DB neft ehtiyatlarını məqsədli idarə etmək üçün, dövlətin institusional imkanlarını artırmaq məqsədilə Azərbaycan hökuməti ilə işləyir.

Azərbaycanda Birinci Struktur İslahatlar Krediti (SAC 1) 1997-ci ildə təsdiq edilib və özündə ticarətin liberallaşdırılması, özəlləşdirmə, qanunvericilik və bank işi sahələrində islahatları cəmləşdirib. Həmçinin, SAC 1 çərçivəsində həmin dövrdə Rusiyada yaranan maliyyə böhranı zamanı Azərbaycanın əlverişsiz iqtisadi təsirdən qorunması üçün 7 milyon ABŞ dolları ayrılıb.

DB tərəfindən Azərbaycan üçün hazırlanan iqtisadi islahat proqramında struktur islahatların tezləşdirilməsinə yardım məqsədilə İkinci Struktur İslahatlar Krediti (SAC 2) 12 mart 2002-ci ildə təsdiq edilib və bunun üçün 60 milyon ABŞ dolları ayrılıb. SAC 2-də dövlətin maliyyə durumunun yaxşılaşdırılması, yoxsulluğun azaldılması, iqtisadi inkişafın tezləşdirilməsi üçün dövlətin sərf etdiyi xərclərin səmərəli istifadə olunması, yerli və xarici müəssisələr və xarici investisiyalar üçün iqtisadi mühitin yaxşılaşdırılması, faydalı islahatların həyata keçirilməsi, ölkədə fasiləsiz elektriklə təminat mexanizminin yaradılması, buxarla isitmə sisteminin və təmiz su ilə əhalinin təmin olunması nəzərdə tutulur.

Azərbaycan Prezidenti Heydər Əliyev Dünya Bankının Azərbaycan, Ermənistan ‎və Gürcüstan üzrə direktoru xanım Cudi O'Konnoru 4 mart və 8 iyul 2000-ci ildə və 18 yanvar 2001-ci ildə Bakıda qəbul edərək ölkədə gedən iqtisadi islahatlar haqqında fikir mübadiləsi aparıb. Bu görüşlərdə adətən məqsəd bankın nümayəndəsinin ‎Azərbaycanın baş naziri və hökumətin digər üzvləri ilə apardığı danışıqlar, Azərbaycana ayrılması ‎planlaşdırılan maliyyə vəsaitləri haqqında dövlət başçısına məlumat vermək və Azərbaycan prezidentinin ‎bu məsələlərlə bağlı mövqeyini öyrənməkdən ibarət olub.‎

31 dekabr 2005-ci ilə qədər Dünya Bankının (Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə) Azərbaycana ayırdığı maliyyə və texniki yardımlar aşağıdakı sahələrə yönəldilib: Bakının su təchizatının rekonstruksiyası, ətraf mühitin qorunması, mədəniyyət irsinin qorunması, kənd təsərrüfatının yeni əsaslar üzrə inkişafı, irriqasiya-drenaj sisiteminin təkmilləşdirilməsi, ölkədə ümumi nəqliyyat infrastrukturunun yeniləşdirilməsi, maliyyə sektorunun inkişafı üzrə texniki yardım, səhiyyə sektorunun inkişafı, institusional islahatlar üzrə texniki yardım, təhsil sektorunun inkişafı layihələri. (http://www.mfa.gov.az/)

Dünya Bankı 2005-ci ilin mayında imzalanan bəyannaməyə əsasən Azərbaycan hökuməti, Asiya İnkişaf Bankı (AsİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Valyuta Fondu (BVF) və BMT İnkişaf Proqramı (BMTİP) ilə birlikdə "Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün 2015-ci ilə qədər Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Uzunmüddətli Strategiya" adlı proqramın həyata keçirilməsinə başlayıb. Bu proqram çərçivəsində DB Azərbaycanda on il ərzində özünün həyata keçirəcəyi işləri müəyyənləşdirib.(http://www.worldbank.org/)

Dünya Bankı BMT çərçivəsində fəaliyyət göstərən ən iri maliyyə institutu kimi maliyyə yardımı göstərdiyi ölkələr haqqında hər il həmin ölkələrin illik iqtisadi inkişafına dair hesabat kitabı hazırlayaraq ‎bütün dünyada yayır. İri sahibkarların, investisiya qabiliyyətli böyük şirkət rəhbərlərinin diqqətlə izlədikləri bu hesabat kitabları müsbət iqtisadi göstəricilərə malik ölkələrə bir qayda olaraq xarici ‎investisiyalar və yeni texnologiyaların axını üçün stimullaşdırıcı təsir göstərir.

2008-cü ilin sentyabrında DB dünya ölkələri üzrə yuxarıda qeyd olunan məsələlərin təhlilinə həsr edilən hesabatını açıqlayıb. Həmin iqtisadi qurumun struktur vahidi olan Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business - 2009" hesabatında biznes mühitində islahatların keçirilməsi üzrə Azərbaycan Respublikası 181 ölkə arasında 33-cü olub. 2007-ci ildə isə hazırlanan hesabatda Azərbaycan 178 ölkə arasında 96-cı yeri tutub. İqtisadi islahatlar üçün qısa müddət hesab edilən bu dövrdə Azərbaycan işgüzar mühitinin əlverişliliyi baxımından dünyada qabaqcıl ölkələr sırasına daxil ola bilib. DB-nin yeni hesabatında Azərbaycan Respublikası dünyada ən islahatçı ölkə elan edilib. (http://www.xalqazeti.com/)

Bu cür nəticənin əldə edilməsində 2008-ci ilin yanvarından etibarən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə sahibkarlıq subyektlərinin vahid qeydiyyat orqanı kimi Vergilər Nazirliyinin müəyyən edilməsi və "bir pəncərə" metodunun tətbiqi xüsusi rol oynayıb. Bu vaxta qədər yeni hüquqi və fiziki şəxsin ölkədə rəsmi dövlət qeydiyyatına düşməsi bir ay çəkirdisə, 2008-ci il yanvarın 1-dən bunun 3 gün ərzində icra edilməsi təmin olundu. "Doing Business - 2009" hesabatında bu bənd birinci araşdırılıb və Azərbaycan keçən ilki 64-cü yerdən 13-cü yerə yüksəlib. Həmçinin hesabatda "bir pəncərə" qeydiyyat sisteminin tətbiqi dövlətin korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı zəruri addımlardan biri kimi qiymətləndirilib. (http://www.azerbaijan.news.az/) Beləliklə, Azərbaycanda yeni iş qurmaq, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər heç bir maneəsiz qısa müddət ərzində bizneslərini qeydiyyatdan keçirə bilirlər.

Hesabatda həmçinin ölkədə vətəndaşların əmək hüquqlarının qorunması, şirkətlərin əmlak hüquqlarının qeydiyyatı, bank sisteminin inkişafı və s. parametrlər üzrə Azərbaycanın MDB ölkələri ilə müqayisədə öncül yerdə qərarlaşdığı qeyd edilib. "Doing Business - 2009" hesabatında Azərbaycanın lider ölkələrdən biri qismində göstərilməsi haqqında "Assoşieyted Press", "Kommersant" kimi dünyanın ən nüfuzlu xəbər agentlikləri və mətbu orqanları geniş yazılar dərc edib. (http://www.capital.trend.az/)

Qısa oçerk 16 sentyabr 2008-ci ildə tərtib edilib.