Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika-Azərbaycan Ticarət Palatası və "Hyüston əməkdaşlıq cəmiyyəti" adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda çıxışı - Hyüston, 2 avqust 1997-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab mer!

Hörmətli cənab dövlət katibi!

Hörmətli cənab konqresmen!

Hörmətli xanımlar və cənablar, əziz dostlar!

Mən sizin hamınızı - texaslıları, Texas ştatını və onun paytaxtı olan Hyüston şəhərini səmimi-qəlbdən salamlayıram, sizə dərin hörmətimi və ehtiramımı bildirirəm.

Mən Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə hazırlaşarkən bilirdim ki, bu səfər çox vaxt aparacaqdır, çünki Azərbaycandan Amerikaya gəlməyin özü xeyli vaxt tələb edir və burada da görüləsi işlər çox idi. Bunlara baxmayaraq mən Texası, Hyüstonu ziyarət etməyi özümə borc bilmişdim və ona görə də bu ziyarəti Amerika Birləşmiş Ştatlarına rəsmi səfərimin proqramına daxil etmişdim.

Çox məmnunam, həddindən artıq sevinirəm ki, mənə bu gün Texasa, Hyüstona gəlmək nəsib olmuşdur və sizi salamlamaq imkanı əldə etmişəm. Texas Amerika Birləşmiş Ştatlarının tarixində çox böyük və görkəmli yer tutur. Texaslılar həmişə məğrur, azadlıqsevən olmuşlar, azadlıq uğrunda mübarizə aparmışlar. Texaslılar öz cəsurluğu, qoçaqlığı, qəhrəmanlıqları ilə məşhurdular. Texaslılar ABŞ-ın tarixində, Amerika qitəsinin tarixində böyük izlər buraxmışlar. Ona görə də dünyanın hər yerində "Texas" sözü məğrurluq, qəhrəmanlıq, cəsurluq simvolu kimi qəbul olunur. Texas haqqında oxuduğum kitablardan onun haqqında aldığım məlumatlara, bütün fikirlərə qoşulmuşam və texaslılara, Texas ştatına, Hyüston şəhərinə daim böyük hörmət və ehtiramla yanaşmışam.

20 il bundan öncə mən Azərbaycanın rəhbəri işlədiyim zaman biz Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Texasın paytaxtı Hyüston şəhəri arasında əlaqələr yaratdıq və iki şəhəri - Bakı və Hyüstonu qardaşlaşmış şəhərlər elan etdik. Bu təklifi biz irəli sürdük. O vaxt Azərbaycan müstəqil deyildi, Sovetlər İttifaqının tərkibində müttəfiq respublika idi. Amerika Birləşmiş Ştatları ilə Sovetlər İttifaqı arasında münasibətlər o qədər də yaxşı deyildi. "Soyuq müharibə" hələ mövcud idi, qurtarmamışdı. Doğrudur, o vaxt "razryadka" sözü meydana çıxdı, yəni "soyuq müharibə"dən xilas olmaq, Qərb ilə Şərq arasında, Amerika Birləşmiş Ştatları ilə Sovetlər İttifaqı arasında münasibətlərdə gərginliyi götürmək. Rusca buna "razryadka", ingiliscə "ditayn" deyirlər. "Ditayn" sözü o vaxt çox məşhur idi.

Ancaq bu, 20 il bundan öncə "razyadka" dövrünün başlanğıcı idi. Hələ "razryadka"ya çox vaxt var idi. Məhz o zaman biz Azərbaycanda Amerika Birləşmiş Ştatlarına böyük maraq, həvəs göstərirdik, ona yaxınlaşmaq istəyirdik. Aramızda çox böyük bir divar var idi. Bu divarı deşib keçmək, bacarsaydıq, yıxmaq istəyirdik. Buna çalışırdıq. Biz sonra bu divarı yıxdıq. Ancaq o zaman məhz bu niyyətlərlə, arzularla müəyyən vasitə axtarırdıq ki, Amerika Birləşmiş Ştatları ilə sovet hakimiyyətinin bizim qarşımıza qoyduğu bu divarı yarıb keçək. Hyüston və Bakı bir-birinə bənzər - Hyüston da, Bakı da neft mərkəzi olduğuna görə bu şəhərlərin qardaşlaşması haqqında təklif irəli sürdük. Hyüston da buna cavab verdi. Biz o vaxtdan bu əlaqələri yaratdıq.

O vaxt bu əlaqələri yaradarkən mən bir azərbaycanlı kimi, Azərbaycanın rəhbəri kimi düşünürdüm. O vaxt olacaq ki, biz tam sərbəst, azad olacaq, aramızda əlaqələr yarada biləcəyik. Vaxt olacaq ki, dünyanın istədiyimiz yerinə rahat, sərbəst gedə bilək, Amerika Birləşmiş Ştatlarına da gedə bilək, eyni zamanda bizi də ziyarət edə bilsinlər. O vaxt gəldi çatdı. Biz bunu arzu edirdik, istəyirdik.

Üç gün bundan öncə Vaşinqtonda mənim şərəfimə Amerika Milli Muzeyinin binasında böyük ziyafət təşkil olunmuşdu. O ziyafət zamanı bir qadın mənə yaxınlaşdı və mənə müraciət edərək bir fotoşəkil göstərdi. Gördüm ki, fotoda mənim şəklim var və mənimlə qarşı-qarşıya ABŞ-ın o vaxt Sovetlər İttifaqında, Moskvada olan səfiri cənab Tunun şəkli var. Qadın dedi ki, səfir Tunun yanında duran onun həyat yoldaşıdır. Məndən rica etdi ki, bu fotoşəklin altında öz avtoqrafımı qoyum. Mən bunu məmnuniyyətlə etdim. Bu hadisə məni olduqca sevindirdi.

Bu gün mənimlə görüşən dostlarımızdan biri mənə dedi ki, o amerikalı qadın həmin fotoşəkil ilə mənimlə görüşmək istərkən çox böyük həyəcan keçirirmiş və mənim o fotoşəklimdə avtoqrafımı almaqdan çox sevinmişdir. Mən isə dedim ki, mən o qadından çox sevindim. Ona görə sevindim ki, hələ 20 il bundan öncə, 1978-ci ildə Bakıda Azərbaycanın rəhbəri olarkən Amerikanın Sovetlər İttifaqındakı səfirini qəbul etməyimi mənə xatırlatdı, o qəbul zamanı çəkilmiş fotoşəkil məni sevindirdi. Bir də o məni sevindirdi ki, bu qadında gör nə qədər hissiyyatlar var ki, bu fotoşəkli 20 il saxlayıbdır. Demək, bu fotoşəkil onun üçün əhəmiyyətlidir, bəlkə də əzizdir. Bu, məni daha çox sevindirdi.

Bu hadisəni ona görə xatırlayıram ki, o illərdə də vaxtaşırı Azərbaycana gələn amerikalılarla görüşürdüm. O vaxt Azərbaycanda Amerika səfirliyinin nümayəndəliyi yox idi. Səfir, nümayəndələr hamısı Moskvada idilər. O vaxt onlar da vaxtaşırı Azərbaycanı ziyarət edirdilər. Mən onlarla məmnuniyyətlə görüşürdüm, o düşüncələrlə yaşayırdım.

Məhz o vaxt, o illərdə biz Bakı ilə Hyüstonun qardaşlaşması haqqında qərar qəbul etmişdik. Mən həddindən artıq sevinirəm ki, 20 il bundan öncə atdığımız addım indi nəinki Bakı ilə Hyüstonu, hətta Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarını bu qədər yaxınlaşdırıbdır, Azərbaycanı Texasla, Hyüstonla bu qədər sıx dostluq əlaqələrinə gətirib çıxarıbdır. Bunlar hamısı sevindirici haldır.

Mən böyük məmnuniyyətlə bu gün burada, axşam yeməyində sizə təşəkkür edirəm ki, siz mənə bu bu qədər qayğı və diqqət göstərmisiniz, bu gözəl zifayəti təşkil etmisiniz. Mən təşəkkür edirəm ki, Texasın qubernatoru hörmətli cənab Buş mənim texaslı olmağım haqqında, yaxud Texasın fəxri vətəndaşı, qonağı olmağım haqqında qərar qəbul edibdir və hörmətli dövlət katibi bu gün bunu elan etdi, bunu təsdiq etmək üçün mənə bu qərarın sənədini verdi. Mən sizə təşəkkür edirəm.

Bu gün səhər tezdən mən Hyüstonun merini və onun gözəl xanımını onların evində ziyarət etdim. Bizim görüşümüz, söhbətimiz çox mehribanlıq, dostluq şəraitində keçdi. Mən xoşbəxtəm ki, sizinlə birlikdə bu axşam ziyafətindəyəm və Hyüston şəhərinin çox hörmətli meri və xanımı da bizimlə bərabər oturmuşlar.

Hörmətli xanım və hörmətli cənab mer! Mən bu qayğı və diqqətə görə sizə təşəkkür edirəm. Bu gün burada, bu kürsüdən Azərbaycan, onun tarixi keçmişi və bu günü haqqında, mənim haqqımda - Azərbaycanın prezidenti haqqında dediyiniz xoş sözlərə, dostluq və mehribanlıq haqqında dediyiniz sözlərə görə sizə təşəkkür edirəm. Burada bildirildi ki, bu ziyafəti Amerika-Azərbaycan Ticarət Palatası, Hyüston-Azərbaycan Tərəfdaşlıq Təşkilatı təşkil ediblər. Bu təşkilatlara görüş və ziyafət üçün təşəkkür edirəm.

Burada mənim Azərbaycanda və Birləşmiş Ştatlarda dəfələrlə görüşdüyüm Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətlərinin rəhbərləri, nümayəndələri toplaşmışlar. Biz Amerika ilə əməkdaşlığımızda iqtisadi əlaqələrə xüsusi yer veririk. Bu iqtisadi əlaqələrin yaranmasında ABŞ-ın neft şirkətlərinin xüsusi rolu vardır. Bu gün amerikalı dostlarımla görüşərkən mənə xatırlatdılar ki, onların bəziləri hələ 1989-90-cı illərdə, Azərbaycan Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycana gəlmişlər, ona maraq göstərmişlər. Bunların nəticəsində 1994-cü ilin sentyabrında Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının bir neçə neft şirkəti - "AMOKO", "Pennzoyl", "Yunokal", "Makdermott", sonra "Eksson" da qoşuldu, onlarla bərabər "Bi-Pi-Statoyl", "Delta" şirkətləri, "Türk petrolları" şirkəti, Rusiyanın "LUKoyl" şirkəti birlikdə böyük bir müqavilə imzaladılar. Buna o vaxt məhz burada, Amerika Birləşmiş Ştatlarında "Əsrin müqaviləsi" adı verildi. Amerika Birləşmiş Ştatlarının hörmətli prezidenti cənab Bill Klinton mənə göndərdiyi ilk məktubunda bu müqaviləni "Əsrin müqaviləsi" adlandırdı.

Beləliklə, bizim Amerika Birləşmiş Ştatları ilə geniş iqtisadi əlaqələrimiz başlandı. Bu əlaqələr son illərdə sürətlə inkişaf edir. Bundan sonra biz yeni müqavilələr imzaladıq.

Nəhayət, dünən Vaşinqtonda, Ağ evdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş imzalandı. Amerika Birləşmiş Ştatlarının energetika naziri cənab Penya və Azərbaycanın xarici işlər naziri cənab Həsənov bu çox əhəmiyyətli sazişi imzaladılar. Bununla bərabər, Ağ evdə Amerika Birləşmiş Ştatlarının "Şevron", "Eksson", "Mobil" şirkətləri ilə Azərbaycan arasında böyük neft müqavilələri imzalandı. "AMOKO" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "AMOKO" şirkətinin yeni bir neft yatağında xüsusi hüquqa malik olması və gələcəkdə o yatağın müştərək işlənməsi haqqında saziş imzalandı. Beləliklə, biz dünən Ağ evdə Amerika-Azərbaycan əlaqələrində xüsusi yer tutan enerji sektorunun inkişaf etdirilməsi üçün hökumətlərarası saziş və dörd Amerika şirkəti ilə müqavilələr, sazişlər imzaladıq.

Onlar tarixi hadisələrdir. Mən hesab edirəm ki, Ağ evin tarixində belə hadisə nadir xarakter daşıyır, bəlkə də olmamışdır. Bunu siz məndən yaxşı bilirsiniz. Biz hesab edirik ki, bu, doğrudan da tarixi hadisədir. Bu müqavilələrin, sazişlərin imzalanmasında Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton nitq söylədi. Amerika hökumətinin yüksək vəzifəli şəxsləri - vitse-prezident cənab Albert Qor, dövlət katibi xanım Olbrayt, energetika naziri cənab Penya, ticarət naziri cənab Deyli, prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi cənab Sendi Berger və başqa yüksək vəzifəli şəxslər iştirak etdilər. Mən də bu müqavilələrin imzalanması münasibətilə nitq söylədim.

Beləliklə, biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında olan iqtisadi əlaqələri yüksək bir zirvəyə qaldırdıq. Bunların hamısının əsasını təşkil edən Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında son illər yaranmış dövlətlərarası, hökumətlərarası səmimi əlaqələrdir. Biz bu əlaqələrə xüsusi əhəmiyyət, qiymət veririk. Bu əlaqələri genişləndirmək, inkişaf etdirmək istəyirik.

Bu məqsədlə mən Amerika Birləşmiş Ştatlarının prezident cənab Bill Klintonun dəvətini qəbul edib sizin ölkəyə rəsmi səfərə gəlmişəm. İyulun 27-də mən Nyu-Yorka gəlmişəm və bu gün Hyüstondayam. Bu günlər Amerika Birləşmiş Ştatlarında mənim çoxsaylı görüşlərim, danışıqlarım olubdur. Bunların hamısı çox əhəmiyyətli, maraqlı və məhsuldar keçibdir. Bu görüşlərin, danışıqların zirvəsi dünən - avqustun 1-də baş vermişdir. Ağ evdə Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla mənim görüşüm olmuş, bizim nümayəndə heyətlərimiz görüşmüşlər. Həm Amerika Birləşmiş Ştatları, həm də Azərbaycan tərəfindən bu görüşlər, danışıqlar çox mehribanlıq, səmimilik və dostluq şəraitində keçirilibdir. Biz bir çox məsələləri müzakirə etmişik. Demək olar ki, bütün məsələlər barəsində eyni fikirdə olduğumuzu müşahidə etmişik.

Bu danışıqların, görüşlərin nəticəsində Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin inkişaf edirilməsi üçün Amerika prezidenti cənab Bill Klinton və Azərbaycan prezidenti birgə bəyanat imzalamışlar. Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat, sənəd ölkələrimiz arasında əlaqələrin hüquqi-normativ əsasını yaradır. Bu bəyanat Azərbaycanda gedən proseslərə, Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunmasına Amerika Birləşmiş Ştatlarının, onun prezidentinin dəstəyini əks etdirir. Biz prezident Klinton ilə investisiyaların qorunmasına həsr olunmuş böyük bir müqavilə də imzaladıq. Mən Amerikanın müdafiə naziri cənab Kohen ilə də görüşdüm, onunla da biz əməkdaşlıq haqqında müqavilə imzaladıq.

Beləliklə, bu günlər biz ölkələrimiz arasındakı əlaqələri inkişaf etdirmək üçün çox vacib hüquqi-normativ sənədlər imzalamışıq və əldə etmişik. Bunların hamısı bizim üçün tarixi əhəmiyyət kəsb edir, Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizi inkişaf etdirmək istəyimizin, arzumuzun əksidir. Dünən Ağ evdə cənab Bill Klinton bizə çox böyük qayğı, diqqət və qonaqpərvərlik göstərdi. Çox səmimi danışıqlarımız oldu. Sazişlərin imzalanması zamanı prezident Bill Klintonun nitqi bizim üçün çox böyük əhəmiyyətə malikdir.

Azərbaycan öz dövlət müstəqilliyini əldə etməsini tarixi nailiyyət hesab edir. Bu, xalqımızın uzun illər, əsrlər boyu həsrət çəkdiyi, arzusunda olduğu milli azadlıqdır, müstəqillikdir. Xalqımız bununla fəxr edir. Biz bilirik ki, bu müstəqillik yolu asan deyildir, qarşımızda çətin yol və böyük maneələr var. Biz bunları dərk edirik. Bizim müstəqilliyimizi pozmaq istəyən qüvvələr var, buna mane olmaq istəyən ölkələr var. Biz bunu da bilir və dərk edirik. Ancaq mən dəfələrlə bəyan etmişəm və bu gün burada, dost ölkəmiz Amerika Birləşmiş Ştatlarında, Texasda, Hyüstonda bir də bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, möhkəmdir, sarsılmazdır və bu müstəqilliyi biz heç vaxt əlimizdən verməyəcəyik.

Biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qururuq. Bu gün burada deyildi: 1918-ci ildə Azərbaycanda, müsəlman Şərqində ilk demokratik respublika yaranmışdı. Ancaq o, cəmi 23 ay yaşadı. Biz müstəqilliyimizi itirdik. 1991-ci ilin dekabr ayında biz müstəqilliyimizi yenidən əldə edib bərpa etdik. Bundan sonra biz bunu heç vaxt itirməyəcəyik. Yenə də deyirəm. Biz demokratik ölkə kimi inkişaf edirik. Bu, bizim strateji yolumuzdur. Demokratiya, insan azadlığı, siyasi plüralizm, bazar iqtisadiyyatı, insan hüquqlarının qorunması, ölkənin dünyaya açıqlığı, azadlığı, sərbəstliyi, xarici investorlarla əməkdaşlığı - bunlar hamısı bizim strateji məqsədlərimizdir. Biz bunları həyata keçiririk.

Biz bir çox nailiyyətlər əldə etmişik. Bizim iqtisadiyyat sahəsində nailiyyətlərimizi Amerikada yerləşən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu yüksək qiymətləndirir. Ancaq bizim üçün ən yüksək qiymət Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında Amerika prezidentinin və Azərbaycan prezidentinin imzaladığı birgə bəyanatdır. O sənəddə Amerika prezidenti Azərbaycanda gedən demokratik prosesləri, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi sahəsində Azərbaycan Respublikasının gördüyü işləri dəstəkləyir və bəyənir. Azərbaycanın öz iqtisadiyyatında əldə etdiyi nailiyyətləri dəstəkləyir və bəyənir, Azərbaycan dövlətinin möhkəmlənməsi, iqtisadi islahatların həyata keçirilməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri bəyənir və dəstəkləyir, Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Bunlar bizim üçün ən yüksək qiymətdir, həm də böyük dəstəkdir. Bütün bunlara görə, məni Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə dəvət etdiyinə görə, bizə göstərilən diqqətə, qayğıya, çox gözəl qonaqpərvərliyə görə Amerika Birləşmiş Ştatlarına, onun xalqına, hörmətli prezidenti cənab Billi Klintona hədsiz minnətdarlığımı bildirirəm.

Siz, hörmətli dostlar, əmin ola bilərsiniz ki, biz Azərbaycanda apardığımız bütün bu danışıqlarda bəyan etdiyimiz sözlərə sadiqik və sadiq olacağıq, imzaladığımız müqavilələrə, sazişlərə, sənədlərə sadiqik və sadiq olacağıq. Biz Amerika Birləşmiş Ştatları ilə partnyorluq əlaqələrimizin yaranmasını yüksək qiymətləndiririk. Sizi əmin edirəm ki, həmişə etibarlı partnyor olacağıq. Biz iki prezidentin imzaladığı sənəddə göstərdiyi kimi, bundan sonra da Amerika Birləşmiş Ştatları ilə siyasi, iqtisadi təhlükəsizlik və bütün başqa sahələrdə sıx əməkdaşlıq edəcəyik. Biz bunların hamısını Azərbaycanın demokratik, hüquqi dövlət kimi inkişaf etməsi, ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanması üçün təminat hesab edirik. Mən sizə bir daha hörmət və ehtiramımı bildirirəm, təşəkkür edirəm. Sizi Azərbaycan ilə daha sıx əməkdaşlıq etməyə dəvət edirəm.

Bizim respublikamızın qarşısında çətin problemlər var. Bu problemlərdən ən böyüyü Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaqdır. Bilirsiniz ki, doqquz il bundan öncə Ermənistan Azərbaycana qarşı hərbi təcavüz etmiş və Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ vilayətini qoparıb əlinə keçirmək məqsədi ilə müharibəyə başlamışdır. Bu müharibə bizə böyük zərbələr vurmuş, bir çox səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edə bilmişdir. İşğal olunmuş ərazilərdən bir milyondan artıq Azərbaycan vətəndaşı didərgin düşmüşdür.

Üç il bundan öncə biz atəşi dayandırmışıq. Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanıbdır. Biz bu atəşkəs rejiminə sadiqik, onu qoruyub saxlayırıq. Döyüşlərin, müharibənin yenidən başlanmasını istəmirik və buna yol verməyəcəyik. Eyni zamanda biz ərazimizin başqa ölkənin işğalı altında qalmasına da dözə bilmərik. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bu barədə son vaxtlar müəyyən tərəqqi əldə olunubdur.

1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün prinsiplər müəyyən edilibdir. Bunlar üç prinsipdir: Ermənistan və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması. Biz bu prinsipləri bəyənmişik. İndi ATƏT-in Minsk qrupunun üç həmsədri var - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa. Üç prezident - Bill Klinton, Boris Yeltsin, Jak Şirak Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün iyunun 20-də Denver şəhərində birgə bəyanat veriblər. Dünən prezident Bill Klinton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Lissabon prinsipləri əsasında bundan sonra da səy göstərəcəyi haqda öz fikirlərini açıqladı. Biz buna inanır və ümid bəsləyirik. Ümid edirik ki, Bill Klinton və Azərbaycan prezidenti tərəfindən imzalanmış sənəddə göstərildiyi kimi, 1997-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsində nailiyyət əldə ediləcəkdir.

Bu məsələ ilə bağlı Amerika Birləşmiş Ştatlarının Konqresində Azərbaycana qarşı 1992-ci ildə ayrı-seçkilik aktı - 907-ci maddə qəbul olunubdur. Bu, Azərbaycana çox böyük zərər vurur, çünki biz Amerika Birləşmiş Ştatlarından başqa ölkələrə edilən yardımdan məhrumuq. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları bir çox ölkələrə, o cümlədən keçmiş Sovetlər İttifaqına mənsub olmuş ölkələrə hər il maliyyə yardımı və maddi yardım göstərir. 907-ci maddəyə görə bizə belə yardım göstərilməsinə embarqo qoyulubdur. Ancaq zərər bir bundan ibarət deyildir. Bu maddə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına mane olur. Biz bu maddənin aradan götürülməsinə çox çalışırıq və Amerikanın dövlət dairələrində çoxları bu maddənin ləğv olunması üçün səylər göstərirlər. O cümlədən, bizimlə əməkdaşlıq edən neft şirkətləri bu sahədə öz xidmətlərini göstərirlər.

Mən bu günlərdə Konqresdə oldum, bir çox konqresmenlərlə, senatorlarla görüşdüm. Nümayəndələr Palatasının spikeri Qinqriç, Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gilman və başqaları ilə görüşdüm. Konqresmen Kinq bu barədə çox dəyərli bir qanun layihəsi təqdim edibdir. Güman edirəm ki, bunların hamısı 907-ci maddənin götürülməsi üçün yaxşı zəmin yaradıbdır. Prezident Bill Klinton dünən bəyan etdi ki, 907-ci maddənin aradan götürülməsi üçün o, öz səylərini davam etdirəcəkdir. Bu fikir iki prezidentin imzaladığı sənəddə də öz əksini tapıbdır.

Mən sizə də müraciət edirəm, hörmətli dostlar. Öz səylərinizi əsirgəməyin. Biz azərbaycanlılar sülhsevər insanlarıq, xalqıq, ölkəyik. Biz sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə çalışırıq. Ancaq bunun şərti var. Şərt də odur ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, yurd-yuvasından qaçqın düşmüş bir milyon azərbaycanlı öz elinə-obasına qayıtmalıdır. Buna nail olmaq üçün imkanlar var. Sizə müraciət edirəm ki, buna nail olmaq üçün bizə kömək edəsiniz. Biz sülh arzulayırıq. Sülh əldə etmək üçün kim kömək edirsə, o, xeyirxah iş görür. Biz ölkəmizdə sülh olmasını istəyirik. Ermənistanla Azərbaycan arasında həmişə etibarlı sülh yaratmaq istəyirik. Biz bölgəmizdə sülh, dünyada sülh istəyirik.

Amerika Birləşmiş Ştatlarının xalqı sülhsevər xalqdır. Amerika Birləşmiş Ştatları dünyada sülhü, əmin-amanlığı və ədaləti bərqərar etmək üçün çox işlər görmüşdür. Son illərdə Amerika prezidenti cənab Bill Klintonun xarici siyasəti bu sahədə böyük nailiyyətlər əldə etmişdir. Bosniyada münaqişənin dayandırılması məhz Amerika Birləşmiş Ştatlarının, onun prezidentinin xüsusi xidmətləri nəticəsində mümkün olmuşdur. Dünyanın bir çox yerlərində də hərbi münaqişənin söndürülməsi, aradan qaldırılması Amerika Birləşmiş Ştatlarının səyləri nəticəsində olmuşdur. Ümidvaram ki, Qafqazda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün Amerika Birləşmiş Ştatları, onun görkəmli dövlət və siyasi xadimləri, şəxsiyyətləri bundan sonra da öz səylərini əsirgəməyəcəklər, Amerikanın prezidenti cənab Bill Klinton bu məsələnin də həll olunması üçün cəsarətli addımlar atacaqdır. Biz sizə çox böyük ümid bəsləyirik.

Mən iki-üç gündən sonra sizin ölkənizi tərk edəcəyəm. Vətənə böyük sevinclə, ümidlərlə qayıdacağam. Siz burada bizdə böyük ümidlər doğurursunuz. Arzu edirəm ki, o ümidlər həyata keçirilsin. Bir daha sizə təşəkkür edirəm. Sağ olun! Bu salona toplaşdığınıza, bizə diqqət və qayğı göstərdiyinizə görə Sizə təşəkkür edirəm. Sağ olun ki, çox səbirlə mənim bu böyük nitqimə qulaq asdınız. Mən sizin hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm. Amerika Birləşmiş Ştatlarının xalqına səadət, xoşbəxtlik, firavan həyat arzu edirəm. Mən badəmi Texasın, Hyüstonun şərəfinə qaldırıram. Amerika Birləşmiş Ştatlarının xalqının şərəfinə, dövlətinin şərəfinə qaldırıram, Amerika Birləşmiş Ştatlarının prezidenti, mənim əziz dostum cənab Bill Klintionun şərəfinə qaldırıram. Sağ olun, sizin şərəfinizə!

Bilirsiniz, fikirlər çoxdur, ona görə istəyirəm hamısını deyim. Xasiyyətim belədir, mən həmişə fikrimi dövlət məsələlərində cəmləyirəm. Şəxsi məsələlərimi həmişə unuduram. Mənim üçün bu gün xoşbəxt bir gündür, - mənim nəvəm olubdur. Siz məni təbrik etdiniz. Çox sağ olun. Bu, mənim oğlumun oğludur. Bu, mənim üçün xüsusilə qiymətlidir. Bu, mənim altıncı nəvəmdir. Bunlar hamısı məni sevindirir. Mənim taleyimdə belə olubdur ki, ilk nəvəm 1981-ci ildə doğulubdur. O zaman mən Gürcüstanda idim, orada təntənəli mərasim keçirilirdi. Sovetlər İttifaqının hər yerindən oraya qonaqlar gəlmişdilər. Mənim nəvəmin doğulması orada böyük bir hadisəyə çevrildi. Çox sevindim, məni çox təbrik etdilər. Sonra, 1986-cı ildə Moskvada yaşayarkən mən Rusiyanın uzaq bir vilayətinə - Uzaq Şərqə səfərə getmişdim. Orada olanda daha bir nəvəmin doğulması haqqında mənə məlumat gəldi. Nəhayət, üçüncü dəfədir ki, mənim nəvəmin doğulması barədə öz Vətənimdən uzaqda olduğum zaman məlumat alıram. Bunun da özünün xüsusi əhəmiyyəti var. Mən çox sevinirəm ki, bu məlumatı məhz burada, Amerika Birləşmiş Ştatlarında, Hyüstonda aldım. Sizin mənə göstərdiyiniz bu qayğıya, təbriklərə görə çox sağ olun. Nəvəsi olan hər bir adam bilir ki, nəvə nə qədər şirindir. Xüsusən biz belə hesab edirik. Güman edirəm, texaslılar da belə hesab edirlər ki, oğul nəvəsi daha şirin olur. Ona görə də mən sevinirəm. Çox sağ olun, təşəkkür edirəm. Sizin hamınızı öpürəm.