Belçika Krallığının Baş naziri cənab Jan Lük Deanın Azərbaycan Respublikasına rəsmi səfəri münasibətilə birgə bəyanat


Belçika Krallığının Baş naziri cənab Jan Lük Dean Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin dəvəti ilə 1998-ci il aprelin 13-15-də Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər ilk dəfə həyata keçirilmiş və ikitərəfli münasibətlərin inkişafında mühüm addım olmuşdur.

Cənab Jan Lük Dean səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev, Milli Məclisin (Parlamentin) sədri cənab Murtuz Ələsgərov və Baş nazir cənab Artur Rasizadə ilə görüşmüşdür.

Hər iki tərəf ikitərəfli əməkdaşlığın əsas sahələrini, habelə qarşılıqlı maraq doğuran beynəlxalq məsələləri nəzərdən keçirmişlər. Səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yeni addım olmuşdur. Danışıqların konkret nəticələri bu münasibətlərin bütün sahələrdə inkişafına yeni təkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti və Belçika Krallığının Baş naziri ikitərəfli iqtisadi və siyasi məsələlər üzrə müntəzəm dialoqun davam etdirilməsinə böyük əhəmiyyət verirlər. Onlar bu məqsədlə məsləhətləşmələr aparılacağı barədə razılığa gəlmişlər. Bu məsləhətləşmələrin forması diplomatik kanallarla müəyyən ediləcəkdir.

Azərbaycan tərəfi Belçika nümayəndə heyətinə respublikamızda olan mövcud vəziyyət barədə, habelə siyasi və sosial-iqtisadi sahələrdə hökumətin demokratik islahatlarının əsas istiqamətləri haqqında məlumat verdi. Belçika tərəfi bu islahatları dəstəklədiyini qeyd etdi və bu işdə davam edən səylərin əhəmiyyətini vurğuladı.

Hər iki tərəf sənaye, ticarət və investisiya sahəsində onların ikitərəfli əməkdaşlığının möhkəmləndirilməsi yollarına xüsusi diqqət yetirmişlər. Hər iki tərəf qeyd etmişdir ki, Azərbaycan və Belçika belə əməkdaşlıq üçün zəruri şərait yaradırlar. Onlar müxtəlif sahələrdə əməkdaşlığın möhkəmlənməsi və inkişafı üçün hüquqi sənədləri qəbul edirlər.

Hər iki tərəf Xəzər dənizinin Azərbaycan sektorunda «Lənkəran-dəniz» və «Talış-dəniz» neft yataqlarının kəşfiyyatı və işlənməsi üçün yaradılmış konsorsiumda Belçikanın «Petrofina» şirkətinin payla iştirakının xüsusi əhəmiyyətini qeyd etmişlər. Belçika iqtisadi missiyasının 1997-ci ilin sentyabrında Azərbaycana olan səfərinə istinad edərək, Belçika Baş naziri, öz ölkəsinin işgüzar dairələrinin respublikamızda fəaliyyətini möhkəmləndirmək və Azərbaycan Respublikasının iqtisadiyyatına, o cümlədən neft-qaz bölməsinə cəlb olunmaq yollarını öyrənməyə maraq göstərdiklərini vurğuladı.

Müxtəlif görüşlər zamanı hər iki tərəf Azərbaycan Respublikası ilə Avropa Transatlantika təşkilatları arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparmışlar. Hər iki tərəf keçmişdə mövcud olan bütün ayırıcı xətləri və nüfuz dairələrini aradan qaldırmaq və mümkün ola biləcək yenilərinin yaranmasına yol verməmək üçün Avropa və Transatlantika arxitekturasının daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiklərini qeyd etmişlər. Belə Avropa və Transatlantika arxitekturası böyük-kiçikliyindən və ATƏT zonasındakı coğrafi mövqeyindən asılı olmayaraq, hər bir dövlətin tərəqqisini və təhlükəsizliyini təmin edəcəkdir.

Bununla əlaqədar hər iki tərəf Azərbaycan və Avropa Birliyi arasında 1996-cı il aprelin 22-də imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin xüsusi əhəmiyyətinin olması ilə razılaşmışlar. Hər iki tərəf onun mümkün qədər yaxın bir müddətdə ratifikasiya olunmasının zəruriliyini qeyd etmişlər. Onlar eyni zamanda Azərbaycan ilə NATO, habelə Avropa Şurası arasında münasibətlərin daha da inkişaf etdirilməsini alqışlamışlar.

Hər iki tərəf Avropa regionunda münaqişələrin həll olunmasında ATƏT-in rolunu alqışlamışlar və razılaşmışlar ki, preventiv diplomatiyada və böhranların aradan qaldırılmasında ATƏT-in rolu daha da gücləndirilməlidir. Sülhün və təhlükəsizliyin gücləndirilməsinə dair öz öhdəliklərinə əsaslanaraq, onlar Avropa qitəsində silahlı münaqişələrin tezliklə sülh yolu ilə həll olunmasına və yeni münaqişə ocaqlarının yaranmasının qarşısının alınmasına yardım göstərəcəklər. Hər iki tərəf hesab edir ki, Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi Avropada sülhün və sabitliyin saxlanmasına töhfə verəcəkdir.

ATƏT-in üzvü olan ölkələrin Avropada təhlükəsizlik və sabitliyə dair götürdükləri prinsip və öhdəliklərin əhəmiyyətini təsdiq edərək, onlar Dağlıq Qarabağ münaqişəsinin tezliklə və sülh yolu ilə həll olunmasını dəstəkləmiş və razılaşmışlar ki, belə tənzimləmə Minsk qrupunun konstruktiv töhfəsinə və ATƏT-in Lissabon sammitində qəbul olunmuş üç prinsipə əsaslanmalıdır. Hər iki tərəf regionda sülhün, sabitliyin və tərəqqinin əhəmiyyətini vurğulamışlar.

Tərəflər beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərini bütünlüklə tanıyaraq və onlara əsaslanaraq, dövlətlərin ərazi bütövlüyü prinsipinə, dövlətlərarası münasibətlərdə zor işlətməyin və ya zor işlətməklə hədələməyin yolverilməzliyinə sadiq olduqlarını təsdiq edirlər və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin zor gücü ilə dəyişdirilməsini qəbul etmirlər.

Bakı şəhərində 13 aprel 1998-ci ildə imzalanmışdır. 

Azərbaycan Respublikasının                                     Belçika Krallığının

Prezidenti,                                                                   Baş naziri,

Heydər Əliyev                                                             Jan Lük Dean