Azərbaycan Prezidenti Heydər Əliyevin Qazaxistan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə təkbətək görüşdəki söhbətindən - Prezident sarayı, 7 aprel 2000-ci il


Heydər Əliyev: Hörmətli cənab Nursultan Nazarbayev! Sizi səmimi-qəlbdən salamlayıram və mənim dəvətimi qəbul edərək ölkəmizə rəsmi səfərə gəldiyinizə görə Sizə təşəkkürümü bildirir, Qazaxıstan prezidentinin bu səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıram. Xalqlarımızın qədim ənənələrə malik tarixi əlaqələri vardır.

Respublikamız öz dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Qazaxıstan arasında dostluq, əməkdaşlıq münasibətlərinin gündən-günə möhkəmlənməsi hər iki tərəf üçün çox faydalı olmuşdur. Qazaxıstana rəsmi səfərimi, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində, MDB-nin zirvə toplantılarında keçirdiklərim görüşləri, apardığım danışıqları həmişə məmnunluqla xatırlayıram. Mən ölkələrimizin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini, imzalanmış dövlətlərarası və hökumətlərarası sənədləri müsbət dəyərləndirirəm. Azərbaycan ilə Qazaxıstan arasında siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, elm və digər sahələrdə əlaqələrin durmadan inkişaf etməsini razılıqla qarşılayıram.

Xəzər dənizinin enerji ehtiyatlarının birgə işlənilməsini, hasil edilən nefti dünya bazarına çıxaracaq boru kəmərlərinin yaradılması sahəsində əlaqələrin hazırkı vəziyyətini məmnunluqla qeyd etmək istəyirəm. Nəzərə çarpdırmaq istəyirəm ki, beynəlxalq əməkdaşlığın parlaq nümunəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilməsi ilə bağlı 1998-ci ilin oktyabrında qəbul edilmiş Ankara bəyannaməsi. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə görüşü zamanı imzalanmış sazişlər tarixi əhəmiyyət daşıyır və bütün bunları ölkələrimizin daha da inkişafı, regionumuzun təhlükəsizliyi, xalqlarımızın xoşbəxt gələcəyi baxımından mühüm addım kimi dəyərləndirirəm.

Tarixi İpək yolunun bərpasına dair Avropa Birliyinin himayəsi altında 1998-ci ilin sentyabr ayında Bakıda keçirilmiş beynəlxalq konfransdan sonra TRASEKA proqramının həyata keçirilməsi sahəsində görülmüş işləri yüksək qiymətləndirirəm və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarına nəqlinin böyük əhəmiyyət daşıdığını bildirirəm. Sizə məlumdur ki, ölkəmiz üçün ən ağrılı bir problem də var. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparırıq.

Nursultan Nazarbayev: Cənab prezident, Azərbaycana rəsmi səfərə dəvətinizə, mənə və başçılıq etdiyim nümayəndə heyətinə göstərilən qardaşlıq münasibətinə, qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Mən də ölkələrimizin əməkdaşlığının sürətlə inkişaf etməsindən çox məmnun qaldığımı vurğulayıram.

Azərbaycan ilə bütün sahələrdə əlaqələrin sıxlaşdırılmasına Qazaxıstanın böyük maraq göstərdiyini nəzərinizə çatdırır və bir sıra beynəlxalq, regional təşkilatlarda dövlətlərimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinin vacib olduğunu bildirirəm.

Əminəm ki, imzalanacaq yeni sənədlər Azərbaycan-Qazaxıstan əməkdaşlığının inkişafı üçün yeni yollar açacaqdır. Azərbaycan tərəfinin səyləri nəticəsində Bakı-Aktay bərə keçidinin nəhayət, yenidən işə salınması dost ölkələrimizin ticarət sahəsində əlaqələrinin səviyyəsini qaldırmağa yaxşı imkan yaradacaqdır.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqların gedişinə Qazaxıstanın da həmişə diqqət yetirdiyini vurğulayıram. Ümidvar olduğumu bildirirəm ki, bu danışıqlar tezliklə öz müsbət nəticələrini verəcəkdir.

Aprelin 8-də Bakıda türkdilli dövlətlərin başçılarının VI zirvə görüşü və aprelin 9-da "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr edilən yubiley təntənəsi keçiriləcəkdir. Əminəm ki, bu tədbirlər xalqlarımız və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığı daha da genişləndirəcəkdir.

Heydər Əliyev: Həm də eyni köklərə malik mədəniyyətimizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin dirçəlməsi yolunda böyük perspektivlər açacaqdır.