"Nezavisimaya qazeta" müxbirinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevlə müsahibəsi - 27 yanvar 1993-cü il


- Heydər bəy, Yeni Azərbaycan Partiyasının yaranması və Sizin bu partiyaya rəhbər seçilməyiniz nəinki respublikanın kütləvi məlumat vasitələrində, habelə xaricdə böyük maraq oyadıb: müşahidəçilərin əksəriyyəti Sizin partiyanızda AXC-yə qarşı ciddi müxalifət görür. Bununla əlaqədar YAP-ın məqsədi və rolu haqqında nə deyə bilərsiniz?

- YAP parlament tipli partiyadır. Və qəbul etdiyi proqrama uyğun olaraq Azərbaycanın dövlət müstəqilliyini möhkəmlətməyi, sivilizasiyalı, demokratik və bütün vətəndaşların milli, dini və dil mənsubiyyətindən asılı olmayaraq bərabərhüquqlu dövlət qurmağı öz qarşısına məqsəd qoyur. Lakin Azərbaycanın qarşısında duran ən mühüm və təxirəsalınmaz problemlərin həlli, yəni birinci növbədə, respublikanın artıq geniş miqyaslı xarakter almış müharibədən çıxması, Qarabağ probleminin həlli və çox ağır sosial-iqtisadi böhranın aradan götürülməsi ön plana çıxır.

Konstruktivlik, səriştəlilik, professionallıq və qanunçuluq partiyanın əsas prinsipləridir. Partiyanın Siyasi Şurasına Azərbaycanda yaşayan bütün millətlərin və etnik qrupların nümayəndələri - rus, yəhudi, talış, ləzgi, kürd, avar və başqaları daxil olmuşdur. Partiyanın roluna gəldikdə isə onun əzəldən müxalifət partiyası kimi yaradılması haqqında fikir yanlışdır, partiyanın əhəmiyyətinin həddindən artıq dar dərk edilməsidir. Partiya öz xalqının və dövlətinin rifahı naminə qarşısına daha böyük miqyaslı məqsəd və vəzifələr qoyur.

- Heydər bəy, Siz Azərbaycandakı indiki siyasi vəziyyəti necə təhlil və xarakterizə edirsiniz?

- Müsahibədə Azərbaycanın siyasi həyatında baş verən proseslərin dərin təhlilini əhatə etmək mümkün deyil. Lakin mən çalışaram ki, əsas tendensiyaları qısa da olsa şərh edim.

Artıq 5 ildir ki, Ermənistanla Azərbaycan arasında müharibə gedir. Azərbaycan ərazisinin bir hissəsini itirib, Ermənistanla həmsərhəd olan bir çox kəndlər və şəhərlər dağıdılıb, minlərlə həmvətənlərimiz həlak olub, şikəst edilib, işgəncələrə məruz qalıblar. Yüz minlərlə insan ağır güzəran keçirir. Ölkə həddən artıq maddi və mənəvi zərər çəkib. Ən dəhşətlisi də budur ki, bu faciənin sonu görünmür. Bir il bundan əvvəlki kimi, bu gün də Azərbaycan rəhbərliyinin Qarabağ problemi haqqında konkret və dəqiq konsepsiyası və lazımi hərbi-siyasi strategiyası yoxdur. Belə təsəvvür yaranır ki, Qarabağ zonasında və başqa sərhəd rayonlarında hərbi əməliyyatlar başlı-başına buraxılıb. Onu da deyim ki, Qarabağ probleminin siyasi həllinin bütün imkanları tam tükənməyib. Onlardan təcili istifadə edib üzücü və qanlı müharibəyə son qoyulmalıdır.

Ölkənin siyasi həyatında isə bütün dövlət strukturlarında faktiki iqtidarda olan AXC-nin monopoliyası hökm sürür. Halbuki xalq ona bu səlahiyyəti həvalə etməyib. Bütün vəzifələr yeganə prinsip AXC-yə mənsubiyyət əsasında bölüşdürülür. Özü də nə səriştəyə, nə də professionallığa, hətta adi savada belə heç bir əhəmiyyət verilmir. Bu nəinki səhv, eyni zamanda xalqımızın gələcəyi üçün böyük təhlükəyə aparan yoldur.

Mən bizim indiki siyasətçilərin çoxlarının savadsızlığına təəccüb qalıram. Bəzən onların danışıq tərzi və fikirləri cəfəng səslənir. Hərf tanımayanlar əlifba öyrədirlər. Əfsus ki, alimlər və mütəxəssislərdə olduğu kimi siyasətçilər arasında da attestasiya keçirilmir. Sizi inandırım ki, özlərini siyasətçi adlandıran hakimiyyətə yiyələnmişlərin çoxu bu attestasiyadan keçməzdilər. Ən xoşagəlməzi budur ki, öz fəaliyyətlərində antidemokratik, bəzən isə terror üsulundan istifadə edənlər özlərini demokrat adlandırırlar. Bu isə demokratiya ideyasının özünü dəyərsizləşdirir və buna görə də xalq arasında demokrat sözünün təhqiramiz səslənməsi təəccüb doğurmur.

- Sizin rəqibləriniz irad tuturlar ki, keçmiş kommunist partiyasının rəhbəri kimi siz demokrat ola bilməzsiniz.

- Bu geri qalmış təfəkkürün əlamətidir. Məgər sosialist partiyasının lideri olduğuna görə Fransanın prezidenti Mitteranın demokratlığına şübhə etmək olarmı? Öz dövlətlərində demokrat prinsipləri həyata keçirən Yeltsin, Kravçuk, Nazarbayev və Brazauskas haqqında da eyni sözləri demək olar. Ümumiyyətlə, cəmiyyəti bu prinsiplə bölmək, yaxşı nəticəyə gətirməyəcək. Tarixin dərslərini, cəmiyyətin qırmızı və ağlara bölünməsinin nəyə gətirdiyini unutmaq olmaz. Keçmişə irad insanların bölgüsündə əsas tutulmağa layiq olan meyar deyil. Demokratiyaya gəldikdə isə mən öz müxaliflərimə tez-tez tarixə və fəlsəfəyə müraciət etməyi, demokratiyanın mənasını və incəliklərini dərk etməyi məsləhət görərdim. Demokratiyanın bir əlaməti - xalqın hakimiyyəti ilə məhdudlaşmaq olmaz. O, 20-ci əsr ərzində öz təşəkkülünü tapmış, sinaqdan keçmişdir. Demokratiya dövlət prinsipləri və etika qaydaları kompleksindən ibarətdir. Bu təcrübəyə məhəl qoymamaq olmaz. Onu da deyim ki, yüksək mənəviyyat, siyasi mədəniyyət və məsuliyyət olmayan yerdə əsl demokratiya qeyri-mümkündür.

- İndi Milli Məclisdə müstəqil Azərbaycan Konstitusiyasının qəbulu haqqında müzakirələr gedir. Sizin fikrinizcə, indiki parlamentin yeni Konstitusiya qəbul etməyə səlahiyyəti varmı?

- Müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması dövlət hakimiyyətinin demokratik institutlarının formalaşmasında çox mühüm hadisədir. Yeni Konstitusiya qəbul olunmamış hüquqi dövlətin bünövrəsi qoyula bilməz. İndi qüvvədə olan Konstitusiya keçmiş ittifaqın konstitusiyasının əksi olaraq və son zaman qəbul olunmuş əlavə dəyişikliklərə baxmayaraq müstəqil ölkənin qarşısında duran müasir tələblərə cavab vermir. Lakin yeni konstitusiyasının qəbul olunması fövqəladə mühüm aktdır. Bunu qəbul etməyə Milli Məclisin ixtiyarı yoxdur. Onun hətta indi qüvvədə olan konstitusiyaya hər hansı dəyişiklik və əlavə etməyə səlahiyyəti yoxdur. Milli Məclisin Azərbaycanın ən ali orqanı kimi fəaliyyət göstərməsi demokratik prinsiplərin kobudcasına pozulması deməkdir. 350 deputat olduğu halda, 50 deputatdan ibarət Milli Məclis əslində bütün qalan deputatları öz hüquqlarından məhrum edir. O, antikonstitusion orqandır və Azərbaycan seçicilərinin cəmi yeddidə birini təmsil edir. Buna görə mən Ali Sovetin çağırılmasını, deputatlara öz vəzifələrini yerinə yetirməyə imkan yaradılmasını, Ali Sovetin, o cümlədən Milli Məclisin buraxılması məsələsinə baxılmasını və yeni növbədənkənar seçkilərin keçirilməsini zəruri hesab edirəm. Bu təkcə mənim yox, Naxçıvan MR Ali Məclisinin fikridir. Ali Məclis 25 oktyabrda belə qərar qəbul edib və qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetinə və prezidentinə müraciət edib. Yalnız Ali Sovet kimi ölkənin bütün əhalisini təmsil edən qanunverici orqanın yeni konstitusiya layihəsinə baxmağa və ümumxalq müzakirəsindən sonra qəbul etməyə səlahiyyəti var. Bu gün isə respublika faktiki olaraq Ali Qanunverici orqandan məhrum edilir.

- Bu ilin oktyabrında Naxçıvanda baş vermiş ciddi siyasi böhran hamının yadındadır. Siz bu hadisəni necə şərh edərsiniz?

- Həqiqətən bu il oktyabrın 24-də Naxçıvanda demokratiyaya və konstitusiyaya tam zidd hadisələr baş vermişdir.

Naxçıvan ölkənin qanunları çərçivəsində öz konstitusiyasına və hüquqlarına malik olan muxtar respublika kimi Azərbaycanın ayrılmaz hissəsidir. Bunun tam aydın olmasına baxmayaraq AXC-nin Naxçıvan şöbəsinin rəhbərliyi öz qeyri-qanuni silahlı dəstələrinin gücü ilə oktyabrın 24-də Naxçıvan DİN-in və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binalarını zəbt etmişdilər. Onlar şənbə günündən və işdə növbətçidən başqa digər əməkdaşların olmamasından istifadə etmişdilər. Naxçıvanın Xalq Cəbhəsi yeganə məqsəd güdürdü - dövlət çevrilişi etmək və hakimiyyəti ələ keçirmək. Vəziyyət çox gərgin idi. Naxçıvan hakimiyyətinin Xalq Cəbhəsinin qeyri-hüquqi hərəkətlərinə son qoymaq haqqında dəfələrlə xəbərdarlığı müsbət nəticəyə gətirmədi. Prezident Ə.Elçibəylə mənim telefon danışıqlarım da təsiredici nəticə vermədi. Bunlar təbii olaraq xalqın etirazına səbəb oldu.

Naxçıvan Ali Məclisinin binasının müdafiəsinə meydana 30 mindən çox əhali toplanmışdı. Onlar Xalq Cəbhəsinin qeyri-qanuni hərəkətlərini müsbət qarşılamadılar. Elə şərait yaranmışdı ki, qan tökülə, vətəndaş müharibəsi başlana bilərdi. Biz öz tərəfimizdən hadisələrin bu cür cərəyan etməməsi üçün lazımi tədbirlər gördük. Bir neçə saatdan sonra Xalq Cəbhəsinin silahlı dəstələri xalqın təzyiqi altında DİN və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binalarını tərk etməyə məcbur oldular. Bu hadisələr Naxçıvanda vəziyyəti gərginləşdirdi. Xalq Cəbhəsi onsuz da son zamanlar aşağı olan nüfuzunu tamamilə itirdi.

İndi əhali arasında Xalq Cəbhəsinə qarşı hədsiz mənfi münasibət yaranır. Biz bu hadisəni Naxçıvan Ali Məclisində müzakirə etdik. Deputatlar onu dövlət çevrilişinə cəhd kimi qiymətləndirdilər. Bizim qərarımız mətbuatda dərc olunub. Respublikanın Prezidentinə, Ali Sovetinə və Nazirlər Kabinetinə göndərilib. Amma bir aydan çox vaxt keçməsinə baxmayaraq Azərbaycan rəhbərliyi indiyədək öz münasibətini bildirməyib.

Azərbaycan Konstitusiyasına və Qanununa hökmən əməl etməyinə and içməyinə baxmayaraq Ali rəhbərliyin nəinki Naxçıvan Ali Məclisinin qərarına və hətta qanuni seçilmiş hakimiyyəti antikonstitusion silahlı yolla devirmək cəhdinə biganəliyi haqlı təəccüb doğurur.

- Heydər bəy, AXC-nin Bakıda keçirilmiş növbədənkənar ikinci qurultayının qətnaməsində Naxçıvan rəhbərliyinin separatizminin qarşısını alması haqqında və Naxçıvan MR-in Konstitusiyasının Əsas Qanununa uyğunlaşdırılması haqqında ölkə rəhbərliyi qarşısında tələb qoyulub. Bu barədə nə deyə bilərsiniz?

- Təəssüf ki, yanlış ehtimallar əsasında tamamilə düşünülməmiş qərar qəbul olunub. Birincisi, Naxçıvan rəhbərliyinin və hakimiyyət orqanlarının fəaliyyətində heç bir separatizm yoxdur. Bundan başqa bizim fəaliyyətimizdə separatizm olduğunu sübut edən konkret dəlillər gətirməsini rəqiblərimdən tələb edirəm. Birtərəfli ittiham şəraitində siyasi damğa vurmaq köhnə və xoşagəlməz fənddir.

Mən öz siyasi rəqiblərimi televiziya ilə bütün xalq qarşısında açıq və mərdanə dialoqa çağırıram. Onda kimin kim olduğunu xalq özü görər.

İkincisi, Azərbaycanın və Naxçıvan MR-in konstitusiyaları arasında heç bir ziddiyyət yoxdur və Naxçıvan Ali Məclisi bütün bu suallara tam məsuliyyətlə cavab verməyə hazırdır. Mənə belə gəlir ki, qətnamədəki bu müddəaların müəllifləri subyektiv fikirlərinə əsaslanaraq, ədalətdən və demokratiyadan uzaq öz şəxsi məsələlərini görürlər. Həmin qurultayda Naxçıvan MR-da xalq tərəfindən qanuni seçilmiş hakimiyyətə qarşı vandalizmə, terrora, onun zorla devrilməsinə çağırışlar da səslənmişdir. İyirmi dörd oktyabrda baş tutmayan qiyamdan başlayaraq qurultayda davam edən terrora çağırışlar bir ssenarinin davamıdır.

Olduqca xoşagəlməz bütün bu faktlar AXC-nin demokratik hüquqi dövlət qurmaq niyyətinin səmimiyyətinə, yumşaq desək şübhə yaradır və belə bir siyasi istiqamət xalqımızı uçuruma gətirə bilər.

- Naxçıvan Ali Məclisinin bu yaxınlarda qəbul etdiyi qərarına görə şəxsən Sizə qarşı terrorçuluq və həyatınıza sui-qəsd cəhdləri olmuşdur.

- Bəli, bu haqda MR Ali Məclisinin qərarı var. Bu aksiyalara görə bütün məsuliyyət Naxçıvan Xalq Cəbhəsinin və Azərbaycan rəhbərliyinin üzərinə qoyulub.

- Heydər bəy, bir insan kimi həyatınız üçün yaranmış təhlükədən qorxmursunuzmu?

- Xeyr, Sizə bunu tam səmimiyyətlə deyirəm. Mən nə hədələrdən, nə də rəzil niyyətlərdən qorxuram. Mən çoxdan siyasətçiyəm. Siyasi həyatda belə hallar da olur. Ümidvaram ki, bu niyyət sahibləri haqq yoluna qayıdacaqlar. Tarixin bizə demokratik və əsl hüquqi bir cəmiyyət qurmağa imkan verdiyi bir dövrdə siyasi mübarizənin yalnız mədəni üsullarından istifadə edilməlidir. Ağlın və zehnin gücü, professionallıq və nəhayət müdriklik siyasi mübarizənin əsas vasitələri olmalıdır.

- Prezident Ə.Elçibəy açıq çıxışlarında İranın daxili və xarici siyasətini tənqid etmişdir. Eyni zamanda Naxçıvan rəhbərliyi İranla fəal əməkdaşlıq edir. Bakının və Naxçıvanın xarici siyasətə müxtəlif mövqelərdən yanaşmasından nə danışmaq olar?

- Mən bu sualın məzmunu ilə tam razı deyiləm. Naxçıvanın heç bir müstəqil xarici siyasəti ola bilməz. Bu, Azərbaycanın yeritdiyi xarici siyasət haqqında öz mövqeyini və ona münasibətini bildirmək hüququna malikdir. Bizim fikrimizcə, Azərbaycan özünün geopolitik vəziyyətini nəzərə alaraq dərin düşünülmüş və ehtiyatlı siyasət yeritməlidir. Azərbaycan qonşu ölkələrlə yalnız xoş münasibət yaratmağa çalışmalıdır. Bu hər bir dövlətin xarici siyasətinin əsas qanunudur.

Naxçıvana gəldikdə isə, biz 6 aydır ki, blokadadayıq. Dəmiryol əlaqələri, enerji, yanacaq və respublikanın başqa həyat təminatı ehtiyacının Azərbaycandan göndərilməsi kəsilmişdir. Belə ağır şəraitdə biz böhran vəziyyətindən həmsərhəd İran və Türkiyə ilə iqtisadi əlaqələr hesabına çıxırıq. İrandan bu yaxınlarda enerji və başqa yanacaq ehtiyatlarının təchizi başlanıb.
Artıq 4 aydır ki, Naxçıvan ərzağa öz minimal tələbatını demək olar ki, Türkiyənin muxtar respublikaya ayırdığı kredit, ondan aldığı mallar hesabına ödəyir.

Zənnimcə, bizim bu əlaqələrimiz Azərbaycanın xarici siyasətinə zərrə qədər də zidd deyil. İran və Türkiyə ilə səmimi qonşuluq münasibəti Azərbaycana yalnız xeyir gətirə bilər.

"Şərq qapısı" qəzeti, 27 yanvar 1993-cü il

"Qayıdış 1990-1993" səh. 318