Rusiyanın maliyyə və işgüzar dairələrinin nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Moskva, 3 iyul 1997-ci il


Hörmətli Boris Yefimoviç! Hörmətli dostlar, sizinlə görüşməyimdən şadam. Bu görüşün xüsusi əhəmiyyəti var, çünki söhbət iqtisadiyyatın həm Rusiya üçün, həm də Azərbaycan üçün aparıcı sahəsindən gedir.

Əlbəttə, Rusiya böyük ölkədir, onun çox böyük iqtisadi, o cümlədən sənaye potensialı var, bu, hamıya yaxşı məlumdur. Ancaq indi, yeni sistemə keçid, iqtisadi islahatların aparılması prosesi gedərkən gördük ki, Rusiyanın yanacaq-energetika kompleksi və ilk növbədə neft sənayesi daha mühüm yer tutur. Azərbaycan üçün isə neft sənayesi ta qədimdən aparıcı sahədir. Azərbaycan keçmişdə də neft ölkəsi, odlar diyarı kimi tanınmışdır. Əgər Rusiya kimi belə böyük ölkə üçün, çoxsahəli sənayesi olan ölkə üçün neft sənayesi indi başlıca sahəyə çevrilmişdirsə, onda neft sənayesinin Azərbaycan üçün müstəsna əhəmiyyəti var. Ona görə də Rusiyanın neft şirkətlərinin, maliyyə strukturlarının, mərkəzlərinin nümayəndələri ilə belə geniş tərkibdə keçirilən görüşün əhəmiyyəti böyükdür. Boris Yefimoviç, bu görüş üçün sizə təşəkkür edirəm.

Demək istəyirəm ki, biz Azərbaycanda bazar iqtisadiyyatı, xarici investisiyalar üçün açıq olmaq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq yolu tutduğumuz vaxtdan etibarən respublikamızı bütün dünya üçün açmışıq, heç kəsə maneə yaratmamışıq, heç kimi xüsusi olaraq dəvət etməmişik. Amma Rusiya ilə Azərbaycanın həmişə birlikdə olduğunu, iqtisadiyyatımızın, xüsusən neft sənayesinin sıx əlaqədə inkişafını nəzərə alsaq, şübhəsiz ki, Rusiya şirkətləri və Rusiyanın yanacaq-energetika kompleksi Azərbaycanda xüsusi yer tutmalıdırlar.

Deməliyəm ki, bu baxımdan "LUKoyl" Şirkəti təşəbbüskar olmuşdur. Vahid Ələkbərovun burada dediyi kimi, 1993-cü ildən bizdə fəal görüşlər keçirilirdi və buna görə də təsadüfi deyildi ki, 1994-cü ildə imzaladığımız və Rusiyanın bəzi dairələrində nədənsə bədxahlıqla qarşılanmış birinci müqavilədə "LUKoyl" sanballı paya malikdir. Biz bu müqaviləni birlikdə imzaladıq, Vahid Ələkbərov da, Rusiyanın Yanacaq və Energetika Nazirliyinin rəhbərlərindən bir nəfər də orada idi.

Mən dünən bunu Boris Nikolayeviçə də dedim, biz ikinci müqaviləni ancaq "LUKoyl" Şirkəti ilə imzaladıq. "LUKoyl" operatordur və İtaliyanın "Acip" Şirkətini də bu müqaviləyə cəlb etdi. Dünən o, Boris Nikolayeviçə dedi ki, bu müqavilədə payların 50 faizinə malikdir, o, həmin yatağın sahibidir. Deməliyəm ki, o, ümumiyyətlə zirək adamdır, - haraya can atdığını bilir. Belə ki, haqqında ikinci müqavilə imzaladığımız bu yataqda, indi məlum olduğu kimi, daha çox ehtiyatlar var və o, güman etdiyimizdən də perspektivlidir.

Odur ki, "LUKoyl" Şirkəti öz yerini tutdu. "Bİ-Pİ"nin də, "Statoyl"un da, İran Şirkətinin də iştirak etdikləri üçüncü müqavilədə də öz iştirak payına malikdir. Nəhayət, Boris Yefimoviç, dünən siz doğru dediniz, biz mühüm müqavilə imzalamışıq. Bu, artıq onun təşəbbüsüdür, buna o, yol açmışdır. Yeri gəlmişkən, qeyd etməliyəm ki, bu işdə o, böyük əzmkarlıq göstərdi. Biz belə müqavilələri adətən çox uzun vaxt ərzində hazırlayırıq, burada isə mən adamlarımızı səfərbərliyə aldım. O da öz adamlarını səfərbərliyə aldı və bütün bunları qısa müddətdə etmək mümkün oldu. Biz heç bir müqaviləni belə qısa vaxtda hazırlamamışdıq. Həmin yataqla əlaqədar danışıqlar aparılır, hazırlıq görülürdü və sair. Lakin mənim səfərimin vaxtı müəyyən edildikdə o, məsələ qaldırdı və biz onunla razılaşdıq ki, müqaviləni Moskvada imzalayaq. İndi "LUKoyl" dörd müqavilədə iştirak edir.

Bunu ona görə deyirəm ki, burada, Rusiyada, müxtəlif dairələrdə, təəssüflər olsun, arabir dövlət dairələrində də bəzən belə söhbətlər gedir ki, Azərbaycan Rusiyadan uzaqlaşır. Qərb şirkətləri ilə daha çox əlaqə saxlayır və sair. Respublikamızın bədxahları heç nədən qeyri-sağlam mühit yaratmaq istəyir, bunu mətbuatda yayır, müxtəlif məqalələr yazır və i. a. Açığını deyəcəyəm, bu, bizdə böyük narazılıq doğurur. Halbuki biz birlikdə işləyirik. Mən möhtərəm Çernyayevi çoxdan tanıyıram. Birlikdə işləmişik, çox təcrübəli insandır. Ümumiyyətlə, şadam ki, belə təcrübəli kadrlar qalmışdır və indi iqtisadiyyatı irəlilədirlər. Yaxud götürək Muravlenkonu. Mən onun atasını çox yaxşı tanıyırdım. Onun Tümendə olduqca böyük xidmətləri var idi. O, əfsanəvi adamdır. Sevinirəm ki, oğlu atasının işini davam etdirir. Mən Muravlenkonu hələ Azərbaycanda, sonralar isə Moskvada işlədiyim vaxtlardan tanıyırdım. Təkrar edirəm, o, əfsanəvi şəxsiyyətdir, əfsanəvi insandır. Bizim azərbaycanlı Fərman Salmanovla, - o, baş geoloq, Muravlenko isə bütün idarənin rəisi idi, - birlikdə onlar bütün bu yataqları kəşf etmiş, Şimal dənizinə doğru irəliləmiş və böyük bir iş görmüşdülər. Onun oğlu bu yaxınlarda Bakıya gəlmişdi. Heyf ki, biz görüşə bilmədik. Lakin İlham da, Natiq də mənə dedilər ki, siz yaxşı söhbət etmisiniz.

Yaxud götürək hörmətli Putilovu. O da gəlirdi, biz görüşür, söhbət edirdik. Mən onları kiminsə üstünə göndərmirəm, onlarla özüm görüşüb söhbət edirəm, göstərişlər verirəm. Məni düz başa düşün, vaxtımı yalnız ona sərf edirəm ki, söhbət Rusiyadan, Rusiya şirkətlərindən gedir. Biz istəyirik ki, bizim müqavilələrdə onlar da iştirak etsinlər. Mən "Kəpəz" yatağı barədə məktubunuzu razılıqla aldım və şadam ki, indi bu layihə həyata keçirilir. Onlar indi bu layihəni bizim yanımızda imzalayacaqlar.

Bir sözlə, Rusiyanın dostu kimi demək istəyirəm ki, məhz bu kompleksə Rusiya hökuməti sədrinin birinci müavini, Boris Yefimoviç Nemtsov kimi fəal, islahatçı ruhlu bir insanın başçılıq etdiyini razılıq hissi ilə qarşılayıram. O, Nijni Novqoroddakı öz gözəl işləri ilə nəinki Rusiyada, həm də Azərbaycanda, bütün dünyada məşhurdur. Biz torpaq islahatı haqqında qanun, başqa islahatlar haqqında qanunlar hazırlayarkən mən sizə Azərbaycandan böyük parlament nümayəndə heyətləri göndərirdim. Biz hiss edirdik ki, orada həqiqətən böyük işlər görülür. Ona görə də sizə nümayəndə heyətləri göndərirdim ki, gəlib sizin təcrübənizi öyrənsinlər. Mən Oryol vilayətinə, Yeqor Semyonoviç Stroyevin yanına da nümayəndə heyətləri göndərirdim. Odur ki, biz Rusiyanın təcrübəsindən bəhrələnirik, Rusiya ilə əməkdaşlıq edirik və edəcəyik.

Ümidvaram ki, indi Moskvada dünənki, srağagünkü, bugünkü danışıqlardan sonra Siz bu vaxtadək olmuş, bəlkə sabah da olacaq, - çünki bədxahlar çoxdur, - bütün bu qeyri-sağlam söhbətlərin kökünü kəsəcəksiniz ki, onlar Moskva mətbuatında işıq üzü görməsin və ya Moskvada bir daha meydana gəlməsin. Bilirəm, mətbuatla bir şey edə bilməyəcəksiniz, amma öz mövqeyinizi açıqlaya bilərsiniz.

Boris Nemtsov: Yeri gəlmişkən, deyim ki, mətbuat Sizin səfəriniz barəsində bir dənə də olsun pis məqalə verməyib.

Heydər Əliyev: Bugünkü görüşdən ən əvvəl belə bir nəticə çıxarıram ki, "Transneft" məşğul olur. Neft nəql ediləcək və hər şey müəyyənləşdirilmiş müddətlərdə yerinə yetiriləcəkdir.

İndi "LUKoyl", "Rosneft" və Azərbaycan Neft Şirkəti "Kəpəz" yatağı haqqında sənəd imzalayacaqlar. Muravlenko bizdə olub, biz ona dedik ki, bizimlə əlaqələri davam etdirmək lazımdır. "Sidanko", xahiş edirəm, təkliflərinizi verin. Daha kim qaldı? "Rossiyski Kredit" Bankı? Mən Bakıya qayıtdıqdan sonra o bizə gələr və biz görüşərik, söhbətimizi hökmən davam etdirərik və "Rossiyski Kredit" Bankının Azərbaycanda inkişafı üçün daha doğru yol axtarıb taparıq. "Mostbank" çox normal işləyir, ona uğur arzulayıram.

Dünən dediyim kimi, Rusiyanın bütün televiziya kanalları Azərbaycana tamamilə yayımlanır. Yuri Mixayloviç Lujkov da xahiş edir ki, mən onun da kanalını translyasiya edim. Əgər lazımdırsa, əlbəttə, translyasiya edərik.

Daha nə demək istərdim. Axı məsələ heç də neft çıxarmaqda deyildir. Bizdə böyük bir neft maşınqayırma sənayesi var. Siz çox yaxşı bilirsiniz ki, Sibirə, Tatarıstana, Başqırdıstana neft-mədən avadanlığının 70 faizini biz göndərirdik. Lakin bizim bu əlaqəmizi kəsdilər, maşınqayırma zavodlarımız çox ağır vəziyyətə düşdü. Ancaq məsələ heç də bunda deyildir. Biz onları bu vəziyyətdən çıxaracağıq. Sahmanlanmış və yaxşı avadanlıq buraxmış istehsalat varsa, ondan niyə istifadə etməyəsən? Bu yaxınlarda mən Qazaxıstanda oldum. Biz Qazaxıstan ilə Azərbaycan arasında neft maşınqayırması haqqında xüsusi saziş imzaladıq ki, onlar bizim zavodlardan istifadə etsinlər. Odur ki, gəlin, bu sahədə əməkdaşlıq edək.

Siz bilirsiniz ki, Sumqayıtda və Bakıda bizim böyük kimya kompleksimiz var. Onun əlaqələri var, amma elə etmək lazımdır ki, bu əlaqələr davam etdirilsin və genişləndirilsin.

Burada əsasən neftçıxarma sahəsi təmsil edilmişdir. Amma başqa sahələrdə də əməkdaşlıq etmək olar. Bizim neft müqavilələri bağladığımız xarici şirkətlər tenderlər keçirir, dünyanın bir çox digər şirkətlərini cəlb edirlər. Mən başa düşürəm, Rusiyada belə şirkətlər hələ formalaşmamışdır. Ancaq, təsəvvür edirsinizmi, Norveç kimi kiçik bir ölkənin müxtəlif şirkətlərinin Bakıda 60-dan çox ofisi var. Özü də əgər onların "Statoyl" Şirkəti neft hasilatında iştirak edirsə, o, çoxlu servis şirkətlərini də cəlb edir. Britaniya, ABŞ şirkətlərinin də bizdə təxminən bu qədər sayda ofisləri var. Rusiya şirkətlərinin də gəlməsi lazımdır. Amma bu, edilmir, belə təşəbbüs, belə fəallıq yoxdur. Halbuki bizdə xarici ticarət sərbəstləşdirilib, sərmayədarlara çox böyük güzəştlər vermişik, hətta onların gəlirləri üçün immunitet də yaratmışıq. Xarici şirkətlər Azərbaycana nə üçün fəal surətdə gəlirlər? Ona görə ki, öz gəlirlərindən istədikləri kimi istifadə etmək hüquqları var. Bizim respublikamızda gəlirdən ən azı vergi tutulub. Biz bunların hamısını etmişik, ona görə də Qərb sərmayədarları bizə gəlirlər, həm də çox fəal surətdə gəlirlər.