İslam Kərimov (1938-2016), Özbəkistan Respublikasının Prezidenti (1990-2016)


Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir. 

***
 
Hörmətli Heydər Əliyeviç, Sizin burada dediklərinizin hamısını böyük məmnunluqla və həvəslə dinlədim. Özbəkistanın, onun rəhbərlərinin və xalqının ünvanına söylədiyiniz səmimi sözlərə görə təşəkkür etmək üçün söz tapmıram. Mən bir çox ölkələrdə olmuşam, çox eşidirəm, çox görürəm. Amma deməliyəm ki, indi Sizin verdiyiniz qiymətləri, burada eşitdiklərimizi nadir hallarda eşidirik. Üstəlik, vaxt gedir, tarix sürətlə irəliləyir, lakin hər bir xalqın indiki halda özbək xalqının, cəmiyyətinin müəyyən mərhələlərini eləcə də Azərbaycanın keçdiyi mərhələləri izləmək çox çətindir. Taleyimə, bu həyata minnətdaram ki, bütün bu mərhələləri izləməyə və nəzərə almağa macal tapan adamlar var, halbuki tarix və xalq onların üzərinə olduqca böyük qayğı qoymuşdur. Buna görə də mən mübaliğəsiz deməliyəm, Sizinlə bugünkü ünsiyyətdən aldığım ilk təəssürat ondan ibarətdir ki, Sizin əla, hətta deyərdim, ensiklopedik yaddaşınız var.

Qədim tarixdən, fəlsəfə, siyasət, ədəbiyyat və dilin müxtəlif istiqamətlərindən bu qədər adı yadda saxlamaq, özü də bu qədər müasir adı yadda saxlamaq görünməmiş işdir! Heydər Əliyeviç inanın mənə, bu məsələdə mən Sizinlə yarışa bilmərəm və Sizə tay ola bilmərəm. Təkcə onu deyim ki, yalnız Sizə deyil Azərbaycan xalqına da həsəd aparıram, çünki, bu gün onun belə lideri var və o, öz yaddaşında hər şeyi saxlayır, ən başlıcası isə,onun dəqiq aydın, ardıcıl siyasəti, mövqeyi var. Siz danışdıqca mən həyatımızda bir çox halları, hadisələri yeni tərzdə qiymətləndirməyə başlayıram.

Deməliyəm ki, lider olmağı arzulayan adamlar çoxdur. Bu, SSRİ süquta uğradıqdan sonra xüsusilə güclü təzahür etmişdir. Bütün ölkələrdə sərməstlik yaranmışdı ki, istənilən adam - böyük elmi işçi də, laboratoriya müdiri də, ömrü boyu tozlu arxivlərdə əlləşərək, iri - iri kitabları vərəqləməklə məşğul olmuş tarixçi də rəhbər roluna namizəd ola bilər. Deyə bilərəm ki, postsovet tarixi çox şeyi öyrədir və çox şeyə çağırır. Elə həyatın özü də nəinki postsovet məkanında ölkələrin, həm də digər ölkələrin, həm də digər ölkələrin timsalında artıq və gərəksiz şeyləri yuyub apardı, bu sərməstlik dalğasında ayağa qalxanları yerinə oturtdu. Bəzən çox, əzən də təlatümlü keçən həyatın özü də hər şeyi yerinə qoydu. Deməliyəm ki, postsovet timsalında tarixin dönüş mərhələsində, ayrı - ayrı şəhərlərin, yerlərin deyil, məhz xalqların taleləri dəyişdikdə həyat o dərəcədə müdrik olur ki, indiki mərhələdə bu və ya digər cəmiyyətə, bu və ya digər xalqa rəhbərlik etməyə qadir olan adamları üzə çıxarır. Mən tərifli sözlər söyləməyə öyrəşməmişəm. Bu məndə alınmır. Öz nöqsanımı bilirəm, lakin indiki halda, Qafqazın timsalında demək istəyirəm ki, həyat yenə də hər şeyi öz yerinə qoymağa vadar etdi. Milyonlarla insanın taleyi həll olunduğu bir dövrdə tarix bütün dünyada tanınmış bəzi rəhbərləri geri qaytardı. Heydər Əliyev kimin xoşuna gəlsə də gəlməsə də bu gün dünya onu tanıyır və o, Azərbaycanın nüfuzunu bütün dünyada yüksəldən qanuni liderdir.

"Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.96.