Tarixi İpək Yolunun bərpası üzrə Bakıda keçirilmiş Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 8 sentyabr 1998-ci il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli dövlət başçıları və nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar!

Bəşər sivilizasiyasının tarixində yollar, nəqliyyat xətləri həmişə çox böyük rol oynayaraq, həyatın bütün sahələrinə - siyasətə, iqtisadiyyata, mədəniyyətə təsir göstərmişdir. Bunun parlaq nümunələrindən və rəmzlərindən biri də bir çox ölkələrin və xalqların minillik tarixini, Çinin qədim mədəniyyətini, avropalıların böyük coğrafi kəşflərini, orta əsr müsəlman intibahının nailiyyətlərini və bir sıra digər cəhətləri ehtiva etmiş qlobal, nadir hadisə olan Böyük İpək yoludur.

Azərbaycan əzəldən Böyük İpək yolunda mühüm məntəqə olmuş, Avropa ilə Asiya arasında özünəməxsus körpü rolu oynamışdır. Qafqaz, Xəzər dənizi və Qara dəniz hövzələri ölkələri inkişaf etmiş ticarət, qarşılıqlı mədəni zənginləşmə, dini dözümlülük zonasını təşkil edərək, Böyük İpək yolunun özgür tərkib hissələrindən biri olmuşlar.

Bəşər tarixinin ayrılmaz tərkib hissəsi kimi Böyük İpək yolu yüksəliş və tənəzzül dövrləri keçirmişdir. Müharibələr, ideoloji və coğrafi-siyasi qarşıdurmalar, ayırıcı xətlər dövrləri başlandıqdan sonra bu yol həyatımızdan yox olaraq, gözəl bir əfsanəyə çevrilmişdi.

Lakin "soyuq müharibə" qurtardı, xalqlar müstəqillik əldə etdilər, ümumbəşəri dəyərlər, demokratik normalar, inteqrasiya prosesləri dünya siyasətində üstün yer tutdu və Böyük İpək yolu ideyasını tarixin gedişinin özü yenidən zəruri etdi.

Avropa Birliyi Komissiyasının uzaqgörən qərarını lazımınca qiymətləndirmək gərəkdir. Bu komissiyanın təşəbbüsü ilə 1993-cü ilin mayında Brüsseldə Qafqaz və Mərkəzi Asiya dövlətlərinin milli və beynəlxalq nəqliyyat, ticarət kommunikasiyalarının inkişafı strategiyasının müzakirəsinə həsr edilmiş xüsusi görüşü oldu.

Həmin görüşdə təsis edilmiş "Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi" proqramı Avrasiya məkanında həyata keçirilən ən dinamik, iqtisadi cəhətdən ən səmərəli layihələrdən biri oldu.

Proqramın iştirakçısı olan ölkələrin sıx əməkdaşlığı, Avropa Birliyi Komissiyasının fəal köməyi sayəsində ötən beş ildə kommunikasiya obyektlərinin modernləşdirilməsi və tikintisi müvafiq qanunların və məcəllələrin işlənib hazırlanması, kadrlar hazırlanması, gömrük və tarif siyasətlərinin təkmilləşdirilməsi sahəsində böyük iş görülmüşdür.

Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan arasında tranzit daşımaların tənzimlənməsi haqqında 1996-cı ilin mayında Türkmənistanın Sərəxs şəhərində saziş imzalanması bu proqramın inkişafı üçün mühüm hadisə oldu. Sonralar bu sazişə başqa dövlətlər də qoşuldular. Həmin saziş sayəsində tariflər 50 faiz azaldılmış, gömrük qaydaları sadələşdirilmiş, daşımaların təhlükəsizliyi və qorunması təmin edilmişdir. Bunun nəticəsində son illərdə Transqafqaz dəhlizi vasitəsilə Avropa və Asiya arasında mal mübadiləsinin həcmi, demək olar, on dəfə artmışdır.

TRASEKA proqramının uğurla həyata keçirilməsi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün, yəni tarixi Böyük İpək yolunun bərpasına dair proqram qəbul etmək üçün zəmin yaratmışdır və konfransımız da buna həsr olunmuşdur.

TRASEKA-nın işçi qrupunun hazırladığı "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş", onun texniki əlavələri, Bakı bəyannaməsi çox böyük iqtisadi, siyasi, tarixi əhəmiyyətə malikdir.

Onların qəbul olunması Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında ticarətin inkişafına, təbii ehtiyatlardan istifadəyə və onların nəqlinə, qarşılıqlı surətdə faydalı əməkdaşlığa kömək edəcəkdir.

Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir.

Böyük İpək yolu keçmişdə başlansa da, gələcəyə doğru gedən yoldur. Mən inanıram ki, əgər biz əməkdaşlıq edə-edə, bir-birimizə hörmət bəsləyərək və bir-birimizi dəstəkləyərək bu yolla birlikdə getsək, o, xalqlarımızı firavanlığa və tərəqqiyə gətirib çıxaracaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 9 sentyabr 1998-ci il.