Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın "Şevron" şirkətinin prezidenti Riçard Matske ilə görüşdəki söhbətindən - Antalya, Simena köşkü, 31 may 1999-cu il


Riçard Matske: Hörmətli cənab prezident, Sizi səmimi-qəlbdən salamlayıram, səhhətinizin çox yaxşı olduğunu görməkdən məmnun qaldığımı bildirirəm. Sizinlə görüşdən şərəf duyuram. Antalyada hava və şərait istirahət üçün həqiqətən gözəldir.

Heydər Əliyev: Xoş sözlərə və məni ziyarət etmək üçün Antalyaya gəldiyinizə görə Sizə, "Şevron" un rəhbərinə təşəkkür edirəm.

Mən Antalyanın istirahət etmək üçün belə gözəl yer olduğunu bilmirdim. Türkiyənin prezidenti Süleyman Dəmirəl bir neçə ildir ki, məni istirahət etmək üçün buraya dəvət edir. Ancaq mənim heç vaxt imkanın olmayıbdır. İndi elə oldu ki, mən buraya gəlməyə məcbur idim, çünki cərrahiyyə əməliyyatından sonra istirahət etmək lazımdır.

Mən buraya gəldiyimdən çox məmnunam, gözəl yerdir. Doğrudan da burada istirahət üçün hər bir şərait yaradıblar. Mənə burada həddindən artıq diqqət və qayğı, mehribanlıq göstərirlər.

Riçard Matske: Sizin burada da çoxlu görüşlər keçirdiyinizdən xəbərdaram.

Cənab prezident, başa düşürük ki, Sizi istirahət etməyə qoymuruq. Ümid edirik ki, bizimlə bu görüşü bir növ istirahət görüşü kimi qəbul edəcəksiniz. Mən Nigeriyanın yeni seçilmiş prezidentinin andiçmə mərasimində istirak etdikdən sonra birbaşa bura gəlmişəm. Bu ölkənin paytaxtını indi Abuçi şəhərinə köçürüblər. Bu şəhər dəniz səviyyəsindən 1000 metr yüksəkdədir, o qədər də isti yer deyildir. Biz 35 ildir ki, Nigeriyada çalışırıq. Anqolada da xeyli görüşmüşük.

Heydər Əliyev: Mən Moskvada işləyərkən, Siyasi Büronun üzvü olarkən Anqolaya getmişdim. O vaxt Sovetlər İttifaqı nümayəndə heyətinin başçısı kimi, Anqolada partiyanın qurultayında iştirak etmişəm. Xatirimdədir, bu, təxminən 1985-1986-cı illərdə olubdur. Sovet İttifaqının neftçiləri o vaxt orada dənizdə bir az neft çıxarırdılar. Amma danışıq gedirdi ki, amerikalılar oraya gəlirlər. Sovet İttifaqı isə orada öz mövqeyini əldən vermək istəmirdi.

Riçard Matske: O dövrdə "Şevron" Anqolada ən çox neft istehsal edən şirkət idi. Lakin o vaxt ABŞ hökuməti bizim bu fəaliyyətimizdən məmnun deyildi. Onlar bizi ümumiyyətlə, Anqolada görmək belə istəmirdilər.

Heydər Əliyev: Çünki Anqola Sovet İttifaqı ilə bağlı idi. Sonra Anqolanın cənubunda UNİTA müharibə aparırdı və Amerika ona kömək edirdi.

Xatirimdədir, o vaxt Sovet İttifaqı Kuba qoşunlarını Anqolaya gətirmişdi. Həmin qoşunlar son məqamda "Şevron" şirkətinin qurğularını müdafiə etməklə məşğul oldular. Mən Kuba qoşunlarının komandanı ilə o vaxt orada görüşdüm.

Anqolanın prezidenti Duş Santuş mənim yaxın dostumdur. O, vaxtilə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil alıbdır. Öz ölkəsinə qayıtdıqdan sonra onu prezident seçiblər. O, Bakıya gəlmişdi. Mən onunla həm Bakıda, həm də Anqolada görüşmüşəm. Beynəlxalq toplantılarda da onunla bir-iki dəfə görmüşəm.

Riçard Matske: Vətəndaş müharibəsi dövründə Anqolada qəribə bir vəziyyət yaranmışdı. O dövrdə Duş Santuşun "Şevron" ilə çox yaxın dostluq əlaqələri var idi. "Şevron" isə Kuba qoşunları ilə yaxşı təmaslara malik idi. Amerika hökumətinin mövqeyi isə tamamilə bunların əksinə idi. Hətta deyərdim ki, "Şevron" şirkəti 20 il ərzində ABŞ dövləti ilə Anqola arasında ən əsas diplomatik kanal, xətt olmuşdur. Bizim hökumətin Duş Santuşu dəstəkləməməyinə baxmayaraq, "Şevron" şirkəti onun tərəfində idi, onun qalib gəlməsini istəyirdi və nəhayət, o qalib gəldi.

İndi Amerika ilə Anqola arasında münasibətlər normaldır. Həm Amerikada, həm də Anqolada diplomatik nümayəndəliklər vardır. Anqola ABŞ hökumətindən hələ də bir az narazıdır. Çünki UNİTA-nın rəhbəri Savimbi hələ də Duş Santuş üçün problemlər yaratmaqdadır. Duş Santuş istəyir ki, Amerika hökuməti buna bir əncam çəksin. Onlar isə hələ də vuruşurlar.

Cənab prezident, biz Sizin cərrahiyyə əməliyyatı keçirməyinizdən çox narahat olduq. Amma ondan rahatlıq tapdıq ki, bu əməliyyat çox əla bir xəstəxanada keçdi. Çox məmnun olduq ki, cərrahiyyə əməliyyatından sonra Siz buraya gələrək səhhətinizin tam bərpası üçün istirahət edirsiniz.

Heydər Əliyev: Klivlenddəki xəstəxanadan çox razıyam. Mən oranı tanımırdım. Vaşinqtonda işlərimi qurtarandan sonra məni oraya sadəcə müayinə etməyə aparmışdılar. Orada isə dedilər ki, mütləq cərrahiyyə əməliyyatı keçirməlisiniz. Mən istəmirdim, ancaq həkimlər və oğlum İlham mənə bildirdilər ki, lazımdır. Aprelin 29-da əməliyyat keçirildi. ABŞ hökuməti, prezident Bill Klinton, dövlət katibi xanım Olbrayt, nazirlər mənə çox qayğı göstərdilər. Prezident Bill Klinton mənə məktub göndərdi, telefonla danışdı. Xanım Olbrayt da bir neçə dəfə telefon etdi. Onlar mənə çox qayğı göstərdilər. Mənim bütün müalicəm onların nəzarəti altında idi.

Riçard Matske: Cənab prezident, "Şevron" şirkəti son vaxtlar Bakıda xeyli iş görmüşdür. Vurğulayım ki, biz diqqət və qayğınızı daim hiss edirik və bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm.

Cənab prezident, icazə verin San Fransisko şəhəri barədə kitab-albomu Sizə bağışlayım və Sizi bu şəhərdə görmək arzusunda olduğumu bildirirəm.