Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "İmperiya rus baleti" ansamblının bədii rəhbəri, əfsanəvi balerina Mayya Plisetskaya ilə görüşdəki söhbətindən - Prezident sarayı, 24 may 1998-ci il


Heydər Əliyev: Mayya Mixaylovna, mən olduqca şadam ki, Siz bizə, ölkəmizə gəldiniz. Həmişə istəyirdim ki, Siz Azərbaycanda çıxış edəsiniz, lakin bu, hətta SSRİ-də yaşadığımız vaxtlarda da mümkün olmurdu. İndi, biz müxtəlif dövlətlərdə yaşadığımız bir vaxtda siz Bakıya gəlmisiniz. Mən bunu çox yüksək qiymətləndirir və sizə təşəkkür edirəm. Sizinlə görüşə çox şadam və belə düşünürəm ki, Azərbaycanda sizin istedadınızın pərəstişkarları olduqca çoxdur və onlar sizin istedadınızdan və sənətinizdən ilham almaq kimi nadir imkana malik olacaqlar. Bu, ölkəmiz üçün, xalqımız üçün böyük hadisədir. Bilirəm ki, Sizi burada lap çoxdan və səbirsizliklə gözləyirlər. Bu gün axşam biz sizin parlaq çıxışınızın şahidləri olacağıq.

Mayya Plisetskaya: Cənab prezident, mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə Sizə böyük təşəkkürümü bildirirəm. Mən Sizi, XX yüzilliyin görkəmli siyasi xadimini 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, şəxsi səadət, uzun ömür, işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycan paytaxtında, Bakıda olmağıma çox şadam, Çunki axırıncı dəfə burada qırx il əvvəl olmuşdum. Onda biz vahid ittifaqın tərkibində yaşayırdıq. İndi sizin müstəqil dövlətiniz var. Mən bunu alqışlayıram. Burada kiçik bir vaxt ərzində çox böyük tərəqqi baş verdiyini görürəm. Mən çoxçox şadam.

Heydər Əliyev: Xatırimdədir, biz Sizinlə Parisdə, məşhur musiqiçi, Azərbaycan xalqının dostu Mstislav Rostropoviçin yubileyi qeyd edilən vaxt görüşmüşdük. Bilirsiniz, görkəmli musiqiçi iyunun 7-də Bakıya gəlir və on gün burada qalacaqdır. O, Azərbaycanın musiqi məktəblərində ustad dərsləri keçəcək, bizim orkestrlərlə görüşəcəkdir. Mstislav Rostropoviç bakılıdır, burada doğulub, Bakıda yaşayıb, mənim köhnə dostumdur. Rostropoviç Parisdə 70 illiyini qeyd edərkən o və Fransa prezidenti Jak Şirak mənə dəvət göndərmişdilər. Mən bu hadisə ilə əlaqədar xüsusi olaraq Parisə gəldim. Azərbaycan xalqı fəxr edir ki, bizim belə məşhur müsiqiçimiz, böyük mədəniyyət xadimimiz var. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyim dövrdə mən Böyük Teatrın fəaliyyətini izləmişəm, onun kollektivi ilə sıx, mehriban münasibətlərim olub, dəfələrlə teatrın kollektivinə və bir çox digər sovet incəsənəti xadimlərinə böyük kömək göstərmişəm.

Azərbaycanda yaxşı balet məktəbi var. Hələ sovet dövründə mən Azərbaycana rəhbərlik edərkən çox istəyirdim ki, Azərbaycanın milli baleti inkişaf etsin. Bizdə yaxşı balerinalar çoxdur. Onların arasında Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva və başqaları var. Lakin çox istərdim ki, balet sənətinə imkan daxilində daha çox istedadlı və qabiliyyətli adamlar yiyələnsinlər, yeni adlar, yeni ulduzlar meydana çıxsın. Buna görə də 70-ci illərin ortalarında mən Bakıda bütöv bir balet məktəbi kompleksi tikdirdim. Bu məktəbin bədii rəhbəri Leyla Vəkilovadır. İndi, respublikaya yenidən rəhbərlik etdiyim vaxtda Azərbaycan baleti yenidən dirçəlməkdədir. Buna görə də sizin gəlişiniz Azərbaycan milli baletinin inkişafına təkan verəcəkdir.

Mayya Plisetskaya: Heydər Əliyeviç, səmimi qəbula və qonaqpərvərlik və diqqətə görə Sizə bir daha təşəkkür edirəm. Ümidvar olduğumu bildirirəm ki, mənim Bakıya indiki səfərim axırıncı səfər olmayacaqdır.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT