Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankarada "Çankaya" köşkündə Azərbaycan Prezidentinin şərəfinə ziyafətdə nitqi - 8 fevral 1994-cü il


Çox hörmətli prezident Süleyman Dəmirəl!

Çox hörmətli Nəzmiyyə xanım!

Hörmətli qonaqlar, dostlar!

Mənim əziz dostum, qardaşım Süleyman bəy, Sizə və bu salonda toplaşan bütün qonaqlara müraciət edirəm. Məni Türkiyəyə rəsmi dəvət etdiyinizə görə və buraya gəlməyim münasibətilə mənə göstərdiyiniz hörmət və ehtirama görə Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun! Bu, uzun illər aramızda olan dostluq və qardaşlıq əlaqələrinin yeni bir nümayişidir.

Hörmətli Süleyman Dəmirəl Türk dünyasının böyük şəxsiyyətidir, bütün dünya siyasətçiləri içərisində tanınmış və çox hörmət qazanmış şəxsiyyətdir. Mən çox xoşbəxtəm ki, iyirmi beş il öncə hörmətli Süleyman Dəmirəllə ilk dəfə tanış olmuşam. Bizim aramızda dostluq və qardaşlıq əlaqələri yaranmışdır. Ötən müddətdə bu əlaqələr qırılmamış, pozulmamışdır. Nəhayət, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bu dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsi üçün çox böyük imkanlar yaranmışdır.

Mənim əziz qardaşım Süleyman Dəmirəl Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı qarşısında böyük xidmətlər göstərmiş, böyük nufuz qazanmışdır. O, eyni zamanda Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının hörmət və ehtiramını qazanmışdır. Hörmətli Süleyman Dəmirəl Azərbaycan Respublikasının istiqlalının əldə olunduğu vaxt böyük fəaliyyət göstərmiş və demək olar ki, ilk dəfə Azərbaycan Respublikasının müstəqilliyini bütün dünyada tanıtmaq üçün onun böyük xidmətləri olmuşdur. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq və bu, Azərbaycanın tarixinə, "müstəqil Azərbaycan dövlətinin tarixinə artıq həkk olunmuşdur.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin qədim tarixi var. Biz, Süleyman bəyin dediyi kimi, iki ölkəyik, ancaq bir xalqıq. Əsrlər boyu nə qədər çətinliklər, nə qədər müharibələr, mücadilələr olmuşsa da, tarixi köklərimizin birliyi heç vaxt qırılmamışdır. Bu tellər daim bir-biri ilə bağlı olmuşdur. Ancaq elə illər olmuşdur ki, insanlar bir-birini görməyə, əlaqə saxlamağa həsrət qalmışlar. Lakin yenə də ümidlərini itirməmişlər.

1992-ci ildə hörmətli Süleyman bəylə biz Türkiyə ilə Azərbaycan arasında tikilmiş körpünün açılışında iştirak etdik. Xalqlar bu körpünü ümid körpüsü, həsrət körpüsü allandırlılar. Bu, təsadüfi deyil, çünki uzun illər, 70 il ərzində azərbaycanlılar Türkiyədə olan qardaşları ilə əlaqələrdən məhrum olmuşdular və Türkiyəyə həmişə böyük həsrətlə, böyük ümidlə baxırdılar. Azərbaycan müstəqillik qazandıqdan sonra bu imkanlar yarandı. Ürəkdən-ürəyə olan körpülər daha da möhkəmləndi və ölkələrimiz arasında körpü salındı. Bu körpü həqiqətən ümid körpüsü, həsrət körpüsü kimi tarixə daxil oldu.

Xalqlarımızın qardaşlıq, dostluq əlaqələri, milli ənənələrin eyni kökdən olmaları bu gün bizim üçün həm örnəkdir, həm də indimiz və gələcəyimiz üçün çox böyük təməldir, əsasdır. İstiqlaliyyət qazanmış Azərbaycan öz müstəqilliyini möhkəmləndirmək, daimi etmək, əbədi etmək üçün çalışır və çarpışır. Bu işdə biz bütün dünya birliyinin yardımına, dünyanın ədalətli insanlarının yardımına möhtacıq. Eyni zamanda bu işlə Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı ilə əlaqələrin Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan Respublikası üçün çox böyük əhəmiyyəti var və biz buna böyük ümid bəsləyirik.

Bizim indiki görüşlərimiz son illərdə Azərbaycan ilə Türkiyə arasında yaranmış əlaqələrin davamıdır. Böyük iftixar hissi ilə, böyük məmnuniyyətlə demək olar ki, 70 il bir-birindən ayrı düşmüş xalqlarımız qısa müddətdə bir-birinə qovuşdu, bir-birini qucaqladı və sanki bu 70 ildə ayrılıq heç olmamışdır. Ürəklərdən ürəklərə olan hisslər dövlətlər arasında əlaqələrə çevrildi və ötən illərdə bu sahədə çox iş görüldü. Indi bizim qarşımızda bu işləri daha sürətlə davam etdirmək, əlaqələrimizi daha da genişləndirmək, dərinləşdirmək vəzifəsi durur. Bu məqsədlə də mən hörmətli Süleyman Dəmirəlin dəvətini qəbul etdim və böyük bir heyətlə Sizin yanınıza, Türkiyəyə gəldik, Ankara torpağına endik. Böyük iftixar hissi ilə, qəlbimdəki böyük çırpıntılarla demək istəyirəm ki, mən də, mənimlə gəlmiş azərbaycanlılar da burada özümüzü öz məmləkətimizlə, öz evimizdə hiss edirik. Biz belə hesab etmirik ki, yabançı ölkəyə, xarici ölkəyə gəlmişik. Biz qardaşımızın evinə gəlmişik və bu ölkələ özümüzü tam sərbəst və son dərəcə bəxtiyar hiss edirik.

İndiyədək yaranmış əlaqələri yüksək qiymətləndirərək, eyni zamanda gələcək işlərimiz haqqında da çox düşünürük. Bu gün hörmətli prezident Süleyman Dəmirəllə, hörmətli baş nazir Tansu Çillərlə və başqa rəsmi şəxslərlə danışıqlarımızda məhz bu məsələləri müzakirə etdik və güman edirəm ki, sabah respublikalarımızın, dövlətlərimizin, xalqlarımızıi arasında əlaqələrin gələcək inkişafı üçün yeni müqavilələr, sənədlər, anlaşmalar imzalanacaq və beləliklə də əlaqələrimizin yeni morhələsi, yeni səhifəsi açılacaqdır.

İndiyədək Türkiyənin Azərbaycan xalqına, müstəqil Azərbaycan Respublikasına etdiyi yardımlara görə mən bütün Azərbaycan xalqı adından Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə və Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirələ minnətdarlığımı, təşəkkürümü bildirirəm. Eyni zamanda, ümidvar olduğumu bildirmək istəyirəm ki, bundan sonrakı köməklər, yardımlar daha yüksək səviyyədə, daha da çox olacaqdır. Xalqlarımızın belə bir məsəli var: uman yerdən küsərlər. Yəni bir yerdən umursansa, oradan kömək gözləyirsən. Ummadığın yerdən isə kömək gözləməyin də əhəmiyyəti yoxdur. Biz bu hisslərlə, bu fikirlərlə Sizin yanınıza gəlmişik və güman edirik ki, bizi düzgün başa düşəcəksiniz.

Türkiyə Cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa Kamal Atatürk 70 il bundan öncə indiki böyük, demokratik Türkiyənin əsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə çevirmişlər.

Yeni Azərbaycan, yəni müstəqil Azərbaycan gənc bir dövlətdir. Şübhəsiz ki, onun öz qardaşına, dostuna böyük nailiyyətlər əldə etmiş qardaşına və dostuna böyük ehtiyacı var. Şübhə etmirəm ki, qardaş, dost bu köməyi göstərməkdən geri çəkilməyəcək. Mən bu arzularla sabah danışıqlarımızın davamını gözləyirəm, yeni müqavilələrin imzalanmasını gözləyirəm.

Eyni zamanda bilməlisiniz ki, Azərbaycan öz müstəqilliyini bundan sonra heç vaxt əldən verməyəcək, müstəqil dövlət kimi yaşayacaq və inkişaf edəcəkdir. Bu o deməkdir ki, keçmişdə qırılmış əlaqələrimiz indən belə heç vaxt qırılmayacaq, sarsılmayacaqdır. Azərbaycanın qarşısında duran əsas problem, hörmətli president Süleyman bəyin dediyi kimi, erməni işğalçılarının qarşısını almaq, onların qəsb etdikləri torpaqlarımızı azad etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, bütün Azərbaycan vətəndaşlarının hər birinin öz evində, obasında, kəndində yaşamasına şərait yaratmaqdır. Azərbaycanda bir milyondan artıq qaçqın var. Onlar ağır şəraitdə yaşayırlar, ancaq dözürlər. Çünki bilirlər ki, onlar indi öz torpaqlarının, öz dövlətinin sahibidirlər. Bizim isə borcumuz bunların hamısını yerinə yetirməkdir.

Əmin ola bilərsiniz ki, biz erməni işğalçılarını öz torpaqlarımızdan qovmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Şübhəsiz ki, biz bundan sonra da sülh, barışıq yolu ilə, danışıqlar yolu ilə məsələni həll edib erməni işğalçılarının Azərbaycan torpaqlarından çıxmasına çalışacağıq. Eyni zamanda öz gücümüzü toplayaraq, ordumuzu möhkəmlöndirərək torpaqlarımızı özümüz qoruyacağıq. Azərbaycan xalqı buna qadirdir. Çünki Azərbaycan xalqının qəhrəman keçmişi var, azadlıq, müstəqillik uğrunda çoxəsrlik mübarizə tarixi var. Xalqımız ona görə əmindir ki, Türkiyə kimi yaxın dostumuz, qardaşımız, dayağımız var. Sizi əmin edirəm ki, Azərbaycan xalqı bu dostluğa, qardaşlığa daim sadiq qalacaqdır.

Əziz dostum, qardaşım Süleyman bəy! Bu hörmət və ehtirama görə Sizə bir daha təşəkkür edir və buraya toplaşan qonaqların hamısını dəvət edirəm ki, Böyük Türkiyə Cümhuriyyətinin şərəfinə, böyük türk xalqının şərəfinə, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının şərəfinə, əziz dostum və qardaşım, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəlin və onun xanımı Nəzmiyyə xanımın şərəfinə, bütün qonaqların şərəfinə, bütün türk qardaşlarımızın şərəfinə badə qaldıraq.

Sağ olun, xoşbəxt olun! Sizə bundan sonra daha da xoşbəxt günlər, xoşbəxt həyat arzulayıram. Sizin şərəfinizə!