Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xaricdə yaşayan həmvətənimiz, tanınmış müğənni Yaqub Zurufçu ilə görüşdəki söhbəti - Prezident sarayı, 28 iyul 1999-cu il


Heydər Əliyev: Səninlə görüşməyimdən çox məmnunam, Klivlenddəki görüşümüz yəqin ki, xatirindədir. Sənin Klivlend klinikasına, mənim yanıma gəlməyini özüm üçün çox böyük hadisə hesab etdim. Doğrudur, orada müalicə olunduğum zaman mənim yanıma çox adam gəlmək istəyirdi. Azərbaycandan bu barədə çoxları müraciət etmişdi. Amma mən heç kəsə razılıq verməmişdim. Ancaq sən razılıq almamış klinikaya gəldin və bizim görüşümüz çox gözəl oldu, sən orada mahnı da oxudun. Azərbaycan televiziyası həmin görüşü veribdir və o, tamaşaçılara çox böyük təsir bağışlayıbdır. Çünki mən Klivlenddə cərrahiyyə əməliyyatı keçirəndən sonra səninlə şən əhval-ruhiyyədə olan görüşümüz və bizim bir yerdə olmağımız tamaşaçılara çox yaxşı təsir bağışlamışdır.

Sən o vaxt bu görüşümüzü videolentə çəkmişdin. Onu yaşadığın yerin televiziyasında göstərə bildin, yoxsa yox?

Yaqub Zurufçu: Mən öz videokameramla həmin görüşü çəkmişdim, dostlarım da mənə kömək etmişdilər. Mən həmin kasseti yaşadığım Los-Anjeles şəhərindəki televiziyada göstərdim. Bəli, o, çox qiymətli bir görüş idi.

Cənab prezident, çox sağ olun ki, Klivlenddə mənə çox böyük diqqət göstərdiniz. Mən qərara aldım ki, Bakıya gəlib Sizinlə bir daha görüşüm, Sizə öz məhəbbətimi bildirim. Kaliforniya ştatında ən azı 300-400 min azərbaycanlı yaşayır. Onlar hamısı Sizinlə görüşüm barədə çəkdiyim videokassetə çox böyük maraqla tamaşa etdilər. Onlar Sizin söhbətlərinizə qulaq asmağa, Sizinlə görüşlərdən bəhs edən videokassetlərə baxmağa həmişə böyük maraq göstərirlər. Onlar istəyirlər ki, Sizin söhbətlərinizi tez-tez eşitsinlər, görsünlər, Azərbaycandakı vəziyyət haqqında geniş məlumat əldə etsinlər.

Cənab prezident, mən özümü çox xoşbəxt hiss edirəm ki, Sizinlə bir daha görüşdüm və Sizi belə gözəl əhval-ruhiyyədə gördüm. İcazə versəniz, mən Sizinlə bir müsahibə aparardım.

Heydər Əliyev: Demək, sən məndən müsahibə almaq istəyirsən? Mən razıyam və sənin sənətini çox sevirəm. Bu da təbiidir, Azərbaycanda səni çoxları, bəlkə də hamı sevir. Çünki sən Azərbaycanın ağır illərində öz sənətinlə xalqımıza çox xeyir vermisən. Ona görə də səni Azərbaycanda sevirlər. Mən də səni çox sevirəm. Ona görə də mən sənin arzunu yerinə yetirməyə hazıram.

Yaqub Zurufçu: Cənab prezident, çox sağ olun. İcazə verin, mən də öz məhəbbətimi, sevgimi Sizə və Azərbaycan xalqına bildirim. Çünki Azərbaycan xalqına mənim böyük məhəbbətim var.

Mən 1989-cu ildə Bakıya gələndə bizim Azərbaycanda yaşayan millətimiz öz məhəbbətini mənə bildirdi. Mən də o zamandan Azərbaycandan ayrı yaşaya bilmirəm. Mən öz vətənimə olan doğma hislərimlə buradayam. Özünüz Amerikaya gəlmisiniz, bilirsiniz ki, orada hər şey var, amma Vətənin qoxusu, nəfəsi orada yoxdur. Ona görə də biz, xaricdə yaşayan azərbaycanlılar üçün çətindir. Təəssüf ki, biz Vətəndən uzaqda yaşayırıq. Amma biz harada yaşasaq da Vətən, Azərbaycan kəlməsini, öz milli mədəniyyətimizi yadımızdan çıxarmırıq. Biz azərbaycanlı olmağımızla fəxr edirik.

Cənab prezident, mən Klivlenddəki görüşümüzdə də Sizə demişdim ki, əgər Amerikada Azərbaycan televiziyası açılsa bu, bizə böyük ruh verər. Bilirsiniz ki, dünya, necə deyərlər, reklam üzərində yaşayır. Mən həmin görüşümüzdə də Sizə dedim ki, Kaliforniyada Azərbaycan televiziyasının açılması mütləq lazımdır. Onu da deyim ki, Kaliforniya televiziyasının gecə saat 10-dan 11-dək olan verilişlərini bütün Amerika görür. Buna görə də biz orada öz televiziyamızı aça bilsək bu çox yaxşı olar. Onu da deyim ki, Kaliforniyada erməni televiziyası hər gün 8 saat ərzində öz verilişlərini yayır.

Heydər Əliyev: Yəni Ermənistandan verilişlər orada yayılır?

Yaqub Zurufçu: Xeyr. Kaliforniyada erməni televiziyası açıblar. Mən çox təəssüf edirəm ki, niyə bizim də orada televiziyamız yoxdur? Mən bunları Sizə çatdırmaqla ümid edirəm ki, bu barədə fikirləşəcəksiniz.

Heydər Əliyev: Yaxşı, mən bu barədə fikirləşərəm və həm də müvafiq orqanlara göstəriş verərəm, bu məsələnin həlli üzərində konkret işləsinlər ki, görək nə etmək olar.

Yaqub Zurufçu: Cənab prezident, mən əvvəlki görüşümüzdə Amerika-Azərbaycan dostluq cəmiyyətinin yaradılması barədə də Sizə danışmışdım. Mən istəyirəm ki, belə bir cəmiyyət yaradılsın və onun Bakıda bir klubu, yeri olsun. Adamlar axşamlar yalnız konsertlərə, restoranlara gedirlər.

Heydər Əliyev: Bəs səfirlikdə bu məsələni bilirlər?

Yaqub Zurufçu: Cənab prezident, bunu biz özümüz yaratmalıyıq. Bilirsiniz ki, Amerikada hər bir şey xüsusidir. Biz bir mərkəz yaratmalıyıq. Mən Amerikadan bir neçə müğənninin şəklini də gətirmişəm. Onlar Azərbaycana gəlməyə hazırdırlar. Biz istəyirik ki, onlar gəlib bu klubda oxusunlar və amerikalılar öz musiqilərinə qulaq asmaq imkanı qazansınlar.

Heydər Əliyev: Yaxşı, mən bu məsələyə də baxaram.

Yaqub Zurufçu: Cənab prezident, Los-Anjelesdə Sizin söhbətlərinizə qulaq asmaq istəyənlər çoxdur. Xüsusən amerikalılar çox istəyirlər ki, görkəmli dövlət xadimi Heydər Əliyevə qulaq assınlar, Azərbaycanın bugünkü və gələcək social-iqtisadi vəziyyətinə dair Sizin düşüncələrinizlə tanış olsunlar. Çünki amerikalı iş adamları Azərbaycanla daha sıx əlaqalər qurmaq istəyirlər. Onlar mənimlə tez-tez əlaqə saxlayırlar, müəyyən kömək istəyirlər. Təəssüf ki, bizim Kaliforniyada televiziyamız yoxdur və biz Azərbaycanda bu gün görülən işləri Amerikada yaxşı təbliğ edə bilmirik.

Cənab prezident, bir daha xahiş edirəm ki, Azərbaycanın bugünkü və gələcək sosial-iqtisadi vəziyyəti barədə danışasınız.

Heydər Əliyev: Azərbaycanın çox gözəl gələcəyi vardır. Azərbaycan bir müstəqil dövlət kimi yaşayır. Ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi gedir. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar həyata keçirilir. Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə inkişaf edir. Bu yol artıq dönməzdir və biz bu yolu tutmuşuq.

Azərbaycan xarici investisiyanı cəlb etməyə çalışır və bu sahədə bizim nailiyyətlərimiz böyükdür. Azərbaycan açıq, azad bir ölkə kimi insan hüquq və azadlıqlarına, mətbuat azadlığına riayət edir. Azərbaycan bu azadlıqları təmin edən bir ölkə kimi bütün dünyaya açıqdır. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın həm bu günü, həm də gələcəyi üçün çox əsas şərtlərdir.

Azərbaycanın müstəqilliyi ildən-ilə möhkəmlənir və inkişaf edir. Bilirsən ki, indi biz müstəqillik dövrünün səkkizinci ilini yaşayırıq. Amma bu illər Azərbaycan üçün ağır, çətin olubdur. Ümumiyyətlə, yeni bir dövlət qurmaq, yeni bir siyasi-iqtisadi sistem yaratmaq heç kəs üçün asan deyildir. Çünki 70 il başqa bir iqtisadi-siyasi sistemdə yaşamış respublikada, insanlarda – bunların hamısında dəyişmə prosesi getməlidir. Bu, elə bir prosesdir ki, birinci növbədə insanların psixologiyasında dəyişiklik getməlidir. İnsanların beynində, psixologiyasında dəyişiklik bir gündə, iki gündə getmir. Amma biz bunu təmin edirik. Biz bunu onunla təmin edirik ki, xalqımızı artıq inandırmışıq.

Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edibdir və xalqımız inanır ki, nə qədər çətin olsa da biz ölkəmizi heç vaxt heç kəsin himayəsinə verməyəcəyik, onun heç kəsin müstəmləkəsinə çevrilməsinə imkan verməyəcəyik. Azərbaycan müstəqil bir dövlətdir və müstəqil də yaşayacaqdır. Biz öz ölkəmizi bundan sonra da inkişaf etdirəcəyik.

Bilirsiniz ki, 1991-ci ildə Sovetlər İttifaqı dağılan zaman Azərbaycan müstəqillik aktı qəbul etdi. 1995-ci ildə qəbul etdiyimiz Konstitusiyada da bu, təsbit olunubdur. Bu, qiymətli sənədlərdir, şübhəsiz ki, həm dövlət, həm xalq üçün bu istiqamətdə fəaliyyət göstərməyə əsas verən sənədlərdir. Amma bu fəaliyyəti yaratmaq, aparmaq, yenə də deyirəm, insanların hamısını buna inandırmaq, eyni zamanda ölkəmizi ayrı-ayrı xarici təzyiqlərdən qorumaq üçün çox işlər görmək lazımdır. Biz bu işləri görürük.

Bilirəm, o illər hamı üçün çətindir, amma Azərbaycan üçün daha da ağır, çətin olubdur. Sən buraya ilk dəfə 1989-cu ildə gəlmisən. O vaxt sən Azərbaycanda vəziyyəti görmüşdün. O zaman bir tərəfdə xalq idi, o biri tərəfdə isə kommunist hakimiyyəti idi.

Kommunist hakimiyyəti xalqı artıq idarə edə bilmirdi, ona görə xalq meydanlara tökülürdü, öz etirazını bildirirdi. Bunların da nəticəsində o vaxt, 1990-cı ilin yanvarında sovet hakimiyyəti, Moskva, xüsusən sovet hökumətinin başında duran Qorbaçov Azərbaycan xalqına qarşı böyük bir qəsd, təcavüz etdi, böyük qoşun hissəsini, tankları, silahlı qüvvəni bir gecənin içərisində Azərbaycana sürdü. Günahsız insanlar qətlə yetirildi, qan töküldü, şəhidlər verildi.

Bu o zaman idi ki, Ermənistanla Azərbaycan arasında münaqişə gedirdi. Çox təəssüflər olsun ki, o vaxtlar sovet hökuməti, başda Moskva olmaqla sovet hakimiyyəti bu münaqişədə Azərbaycana ədalətsiz yanaşmışdı. Məsələn, 1988-ci ilin fevral ayında, Ermənistan-Azərbaycan münaqişəsi yaranan zaman Dağlıq Qarabağda ermənilər qalxıb artıq Azərbaycandan imtina edəndə və Dağlıq Qarabağın Ermənistana bağlanması haqqında qərar qəbul ediləndə, şübhəsiz ki, o cür totalitar bir dövlətin, Sovet İttifaqı hökumətinin bu münaqişənin qarşısını almağa imkam var idi.

Dağlıq Qarabağ vilayəti Azərbaycanda 1923-cü ildə yaranıbdır. O vaxta qədər heç zaman belə bir vilayət olmayıbdır. Azərbaycanın ərazisində ermənilər də, başqa millətlər də yaşayıbdır. Mən hesab edirəm ki, sovet hakimiyyəti tərəfindən Azərbaycana o vaxt birinci qəsd edilibdir. Bu da ondan ibarətdir ki, sovet hökuməti Azərbaycanın içərisində ermənilər üçün muxtariyyət qurumu yaradıbdır. Nə üçün?

Ermənilər hər yerdə yaşayırlar. Məsələn, Kaliforniyada da çoxlu ermənilər vardır. Amma Amerika onlara muxtariyyət hüququ verirmi? Vermir. Yaxud, əsrin əvvəlində, 1920-ci ilin əvvəllərində Ermənistanda nə qədər azərbaycanlılar yaşayıblar. Onlar da Dağlıq Qarabağda ermənilər yaşayan kimi yığcam, yəni bir ərazidə yaşayıblar.

Yadımdadır, Naxçıvanla Ermənistan arasında rayonlar var. Mən onları yaxşı tanıyıram, qabaqlar oraya çox gedib-gəlmişəm. Məsələn, orada Qəmərli, Vedi, Zəngibasar, Uluxanlı rayonları var idi. Naxçıvanın sərhədindən, Şərur rayonundan Ermənistanın o vaxtkı sərhədinə keçəndən - həmin sərhədi 1920-ci illərdə yaradıblar, əvvəllər belə sərhəd olmayıbdır - ta Yerevana qədər olan bütün rayonlar azərbaycanlı rayonlarıdır. Mən o vaxtlar bu yolu avtomobillə də çox getmişəm, həm də dəmir yolu vasitəsilə getmişəm. Onların hamısı azərbaycanlılarındır. Gedirdik, orada bir kənd, burada bir kənd, rayon mərkəzlərinin hamısı Azərbaycanındır, orada azərbaycanlılar yaşayırdılar. Hələ mən Ermənistanın bu hissəsini deyirəm.

Məsələn, Ermənistanın digər hissəsi, yəni Gürcüstana tərəf hissəsi də var. Orada da azərbaycanlılar yaşayırdılar. Yaxud, Zəngəzuru götürək. Məsələn, Sisyan, Gorus, Qafan rayonları – indi bunların adları Ermənistanda belə adlandırılır, amma onların hamısı Zəngəzura daxil olan torpaqlardır. Orada da yaşayanların əksəriyyəti azərbaycanlılar idi. Amma niyəsə nə orada, nə də bu biri yerdə azərbaycanlılara o vaxt muxtariyyət verilmədi.

Yaxud da ki, Gürcüstanı götürək. Gürcüstan ilə Azərbaycan sərhədində Borçalı qəzası var. Orada azərbaycanlılar çox yaşayırlar. Onlar o vaxt da, indi də orada yaşayırlar. Məsələn, ola bilərdi ki, orada azərbaycanlılara da muxtariyyət veriləydi. Amma verilməyibdir. Ancaq ermənilərə Dağlıq Qarabağda muxtariyyət veriblər və muxtar vilayət yaradıblar.

Bax, burada Azərbaycan xalqına xəyanət edilibdir. Burada bir mina, yəni uzun müddətdən sonra partlayacaq mina qoyulubdur.

Bu tarixin hamısı mənə məlumdur. Mən bunların bir hissəsini tarixdən oxumuşam, bir hissəsinin də canlı şahidiyəm. Məsələn, Dağlıq Qarabağda ermənilər həmişə - 1930-cu illərdə də, 1940-cı illərdə də narahatçılıq ediblər. Mənim yadımdadır, 1950-ci illərdə onlar neçə dəfə məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağı Ermənistana bağlasınlar. Amma sovet hakimiyyəti bunun qarşısını almışdı.

Götürək 1960-cı illəri. O vaxt - 1950-1960-cı illərdə mən burada Dövlət Təhlükəsizliyi Nazirliyində işləyirdim. Xatirimdədir, o vaxtlar biz bu məsələlərin qarşısını dəfələrlə almışdıq. Yadımdadır, 1967-ci ildə Dağlıq Qarabağın mərkəzində - o vaxt ona Stepanakert deyirdilər - qanlı bir hadisə oldu. Ermənilər o vaxt yığışıb üç nəfər azərbaycanlını avtomobilin içərisində yandırdılar. Mən o zaman oraya getdim, on beş gün orada oldum. Böyük bir komissiya yaradılmışdı, mən də həmin komissiyanın tərkibində idim. Dəhşətli bir vəziyyət yaranmışdı. Onda da ermənilər qalxmışdılar ki, Dağlıq Qarabağı Ermənistana birləşdirmək lazımdır.

Sonra - 1970-ci illərdə mən Azərbaycana rəhbərlik etdiyim zaman ermənilər bir neçə dəfə bu məsələni qaldırmışdılar. Amma biz onun qarşısını almışdıq. Bunu açıq demək lazımdır, biz ona görə qarşısını almışdıq ki, Moskva hökuməti də buna yol vermirdi.

Yadımdadır, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunurdu. O vaxtlar yeni Konstitusiyada hər bir respublikanın adı, səlahiyyəti göstərilirdi. O zamanlar ermənilər Moskvaya məktublar yazmışdılar ki, Dağlıq Qarabağı Ermənistanın tərkibinə keçirsinlər. O vaxt bir Konstitusiya komissiyası yaradılmışdı. Konstitusiya komissiyasının sədri Sovet İttifaqının başçısı Brejnev idi. Mən də həmin Konstitusiya komissiyasının üzvü idim. Biz bir neçə dəfə toplaşmışdıq. Mən Moskvaya, Konstitusiya komissiyasının iclasına gələndə orada bir neçə dəfə həddindən artıq məktublar, kağızlar, sənədlər çıxardılar ki, məsələni belə qoyurlar, bəlkə bu məsələyə baxaq. Mən buna qəti etiraz etdim. Sovet hakimiyyəti öz dövlət quruculuğu sistemini yaratmışdı, - təxminən 1920-30-cu illərdə yaratmışdı, - onu dəyişdirmək istəmirdi. Ona görə də belə məsələlərin qarşısı alınırdı.

Ancaq təəssüflər olsun ki, Dağlıq Qarabağ erməniləri və Ermənistan 1988-ci ildə bu məsələni qaldıranda bunun qarşısı alınmadı. Bu da hərbi münaqişəyə, qanlı müharibəyə gətirib çıxardı. Buna görə də Azərbaycan xalqında sovet hakimiyyətinə qarşı böyük bir etiraz, narazılıq var idi. Bu da əsaslı, ədalətli idi. Çünki Azərbaycana qarşı ədalətsizlik edilmişdi. Birinci ədalətsizlik o vaxt, ikinci ədalətsizlik - həm xəyanət, həm cinayət 1990-cı ilin yanvarında edilmişdi.

Bunlar hamısı Azərbaycanın daxili vəziyyətini gərginləşdirmişdi. Sən yaxşı bilirsən, hamıya məlumdur, - ondan sonrakı dövrdə də torpaqlarımızı qorumaq, ermənilərin qarşısını almaq əvəzinə Azərbaycanın daxilində hakimiyyət uğrunda mübarizə gedirdi.

1990-cı ildə Azərbaycanda hakimiyyət dəyişdi və dəyişilməli idi. Çünki həmin hakimiyyət Azərbaycan xalqını gətirib 20 Yanvar faciəsinə çıxardı. Ondan sonra gələn hakimiyyət düzgün siyasət aparmadı. O vaxt hakimiyyətdə Vəzirov idi. O, respublikanı qoyub Rusiyanın təyyarəsində qaçdı. Rusiyanın hərbi qüvvələri onu Moskvaya qaçırdı. Sonra isə Mütəllibov hakimiyyətə gəldi. Oda anlamadı, nəticə çıxara bilmədi ki, Azərbaycan xalqının mənafelərini müdafiə etmək lazımdır. Ona görə də iki il hakimiyyətdə qala bilmədi. Onu da xalq qovdu və 1992-ci ilin may ayında o da buradan qaçmağa məcbur oldu. Onu da yenə Rusiya ordusunun hərbi təyyarəsində Bakıdan çıxardılar, ondan sonra gedib Moskvada gizlənir. Vəzirov da Moskvada gizlənir. Onlar qanlı yanvar faciəsinin günahkarlarıdır. Onlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər. Bu gün də cavab verməsələr, sabah cavab verəcəklər. Tarix bütün bunları onlardan soruşacaqdır. Çünki onlar Azərbaycan xalqına xəyanət ediblər.

Mən hesab edirəm ki, XX əsrdə Azərbaycan xalqına 20 Yanvar xəyanəti kimi heç kəs xəyanət etməmişdir. Bunu Azərbaycan xalqının uzun illər itaət etdiyi sovet hökuməti etdi. Amma buna şərait yaradan, bu hadisəni yaradan o vaxt Azərbaycanın başında duran adamlar - Vəzirov, Mütəllibov kimi adamlar olub.

Bundan sonra yenə də hakimiyyət uğrunda mübarizə tükənmədi. Mütəllibov qovuldu, hakimiyyətə başqaları gəldi. Amma bunlar bir tərəfdən hakimiyyəti saxlaya bilmədilər, digər tərəfdən də ayrı-ayrı qüvvələr yenə çəkişməyə başladılar. Bir ildən sonra Azərbaycanda ictimai-siyasi böhran, dövlət böhranı yarandı.

Sən bilirsən ki, 1993-cü ilin iyun ayında artıq Azərbaycan dağılırdı, parçalanırdı. O vaxt hakimiyyətdə olanlar hamısı qaçdı. Baş nazir, Ali Sovetin - Milli Məclisin sədri istefa verdi. Məni dəvət edib iyunun 15-də Ali Sovetə - Milli Məclisə sədr seçdilər. İki gündən sonra prezident öz kürsüsünü qoyub qaçdı. Ölkəmizin cənubunda bir dəstə Azərbaycanı parçalamaq istəyirdi. Bilirsən ki, Surət Hüseynov və başqaları Gəncədə hakimiyyəti əllərinə almışdılar. Azərbaycanın şimalında artıq ölkəmizi çalxalayırdılar. Azərbaycan vətəndaş müharibəsi dövrü, çətin bir dövr keçirirdi.

Ondan sonra biz vəziyyəti xırda-xırda normallaşdırmağa, sabitlik yaratmağa başladıq. Ancaq daxildə olan qüvvələr, xaricdən istiqamətləndirilən qüvvələr - şübhəsiz ki, onlar xaricdən istiqamətləndirilənlərdir - yenə də Azərbaycanı parçalamaq, dağıtmaq istədilər. Xatirindədir, 1994-cü ilin oktyabr ayında burada dövlət çevrilişinə cəhd oldu. Bu zaman həmin o daxili, - hakimiyyət uğrunda mübarizə aparan, - həm də xarici qüvvələrin hamısı bir yerdə idi. Qaçib Moskvada oturan azərbaycanlılar da bu işin içində idilər. Təsadüfi deyildir ki, biz o məsələni yatırandan sonra həmin hadisənin günahkarları Surət Hüseynov, Rəhim Qazıyev və başqaları – hamısı qaçıb Moskvada gizləndilər. Onlara Moskvada sığınacaq verdilər.

Amma yenə də haqq-ədalət özünü göstərdi, onlar orada yaxalandılar, gətirildilər və ədalət məhkəməsinin qarşısında durdular.

Yaxud, ondan altı ay keçməmiş, 1995-ci ilin mart hadisələri. Cinayətkar bir qrup, OMON dəstəsində cinayətkar qrupa çevrilmiş omonçular tək deyildilər. Onlar tək deyildilər, onları da xarici ölkələrin xüsusi xidmət orqanları istiqamətləndirirdi. Amma təkcə onlar yox. Həmin o mart hadisələrinə görə həbs olunanların içərisində Mütəllibovun da emissarı, Mütəllibovun da göndərdiyi adam vardı, gəlib onlarla hakimiyyət bölüşməsi aparırdı; Əbülfəz Elçibəyin də nümayəndələri vardı və Müsavat Partiyasının da nümayəndələri vardı. Yenə də Azərbaycanı dağıtmaq istəyirdilər

Amma Azərbaycan artıq o Azərbaycan deyildi. Azərbaycan öz qüdrətini müəyyən qədər toplamışdı, - biz bunların qarşısını aldıq. Sonra da Azərbaycanın daxilində sabitliyi pozmağa çalışan qüvvələr oldu. Terror etmək cəhdləri oldu. Məsələn, indi bizim üçün tam aşkar olub, - əvvəl də aşkar idi, - amma indi tamamilə sübut olunubdur ki, 1995-ci ilin avqust, ya sentyabr ayında mən rəsmi səfərdən - Rumıniyadan, Bolqarıstandan qayıdarkən təyyarəni raketlə vurmaq istəyirdilər. Bəli, bu, daxildə yenə hakimiyyət uğrunda mübarizə aparanlar, eyni zamanda, xarici ölkələrin xüsusi xidmət orqanlarının göslərişi ilə idi. Onlar gözləyirmişlər ki, təyyarə vurulandan sonra bir neçə saatın içərisində ayrı-ayrı qüvvələr xaricdən Azərbaycana dolacaqlar. Bu, artıq sübut edilibdir. Başa düşürsənmi?

Ona görə də mən sənə deyirəm ki, Azərbaycanın bu müstəqillik yolu çox ağır, çətin olubdur. Ancaq biz bu yolu şərəflə keçmişik. Şübhəsiz ki, itkilər vermişik, çox əzab-əziyyət çəkmişik. Amma bu yolu şərəflə keçmişik və xalqımıza sübut etmişik, xalqımızı inandırmışıq ki, bizim yolumuz müstəqillik yoludur və Azərbaycan müstəqil dövlət kimi yaşayır, yaşayacaqdır. Heç bir xarici qüvvə, daxildə Azərbaycanın dövlətçiliyinə zidd heç bir qüvvə, dövlətçiliyi pozmaq istəyən qüvvə burada özünə yer tapa bilməyəcəkdir. Hamısı məğlub olacaqdır. Mən bunu qətiyyətlə deyirəm və Siz bütün azərbaycanlılara çatdırın.

Bax, biz bu yolla gedirik. Bir də deyirəm, bizim fəaliyyətimizin əsas hissəsi Azərbaycanın müstəqilliyini qorumaq, saxlamaq və irəliyə aparmaqdır.

Bununla yanaşı, şübhəsiz ki, biz iqtisadi məsələləri həll etməliyik. Şübhəsiz ki, bu keçid dövründə insanların bir çoxunun vəziyyəti ağırdır, çətin bir dövr keçirirlər. Bu da təbiidir. Çünki mülkiyyət forması dəyişir. Əvvəl sosialist mülkiyyəti idi, hər şey dövlətin idi. Fabriklər, zavodlar işləyirdi, insanla da hamısı işləyirdi, məvacib alırdılar və məvaciblə yaşayırdılar. Əksəriyyəti də yaxşı yaşayırdı. Kasıblar da vardı, amma əksəriyyəti də yaxşı yaşayırdı.

Ancaq biz o sistemdən imtina etdik. Mülkiyyət forması dəyişilir, özəlləşdirmə gedir, torpaq islahatı gedir. Məsələn, artıq biz torpağı kənddə olan kəndlilərə paylamışıq. Ancaq indi o torpaqdan istifadə etmək asan deyildir. Vaxtilə bunlar dövlət tərəfindən maliyyələşdirilirdi, texnikanı dövlət verirdi, yanacağı dövlət verirdi, başqa ləvazimatları, gübrəni dövlət verirdi. Amma indi dövlət bunları verə bilməz. Çünki indi torpaq artıq şəxsi mülkiyyətdir. Kəndli bu torpağı almağına sevinir, amma ondan istifadə etmək üçün nə qədər çətinliklərlə rastlaşır. Çünki onun torpağı var, amma istənilən qədər vəsaiti yoxdur ki, o torpaqdan istifadə eləsin və gəlir götürsün, öz maddi vəziyyətini daha da yaxşılaşdırsın.

Bu il kəndlilərə, torpaq sahiblərinə şərait yaratmaq üçün mən ciddi bir fərman qəbul etdim. Kənd təsərrüfatında işləyənlərin, kəndlilərin bir çox vergiləri vardı. Biz bu vergilərin hamısını ləğv etdik, mən fərmanımla ləğv etdim.

Yaxud da, məsələn, kəndlilər yanacağı bazar qiyməti ilə alaraq torpaqda bir şey əkib-becərib satanda qoyduğu sərmayə ilə, pulla qazandığı pul başa-baş gəlir, yaxud hətta onlara zərər verir. Onda da deyir ki, mən niyə bu torpaqdan istifadə edim ki, xeyir götürmürəm. Buna görə də ona bu şəraiti yaratmaq üçün biz 70 min ton yanacaq ayırdıq ki, torpaq sahiblərinə güzəştli qiymətlərlə verilsin, onlar torpaqdan istifadə etsinlər. İndi mən bu işə nəzarət edirəm. Mənə vaxtaşırı məlumatlar verirlər ki, bundan sonra kənddə işlər canlanıb, insanlar torpaqdan daha yaxşı istifadə edirlər. Hesab edirəm ki, bu il kənd təsərrüfatı məhsulları daha da çox artacaqdır.

Yəni, görürsən nə cür çətinliklər var! Yaxud da, biz özəlləşdirmə aparırıq. Məsələn, fabriklərin, zavodların çoxunu vermişik özəlləşdirməyə. Ancaq bunu alıb istifadə etmək üçün çoxlarının pulu, vəsaiti yoxdur. Çünki o zavodların, fabriklərin çoxu köhnədir. Onların bəziləri sovet hakimiyyəti vaxtı lazım idi, amma bu gün lazım deyildir. Məsələn, sovet hakimiyyəti vaxtı bizdə yüngül sənaye vardı. Özümüz pambıq, yun istehsal edirdik. Bəli, burada parça-mahud, başqa şeylər toxuyurduq. Onlardan fabriklərdə paltar tikir, satırdılar. Çünki təkcə Azərbaycan üçün yox. Bu malları hazırlayib verirdilər Sovet İttifaqına, o da birini buraya, birini oraya göndərirdi. Heç kəs də fikirləşmirdi ki, bunu nə cür satacaqdır.

Məsələn, bizim ayaqqabı fabriklərimiz vardı. Mənim xatirimdədir. 70-ci illərin axırında Moskva prospektində gözəl bir ayaqqabı fabriki tikdirdim, - ola bilər, görərsən, - çox gözəl fabrik tikdirdim, müasir avadanlıq gətirdik. Amma iş bundadır ki, o vaxtlar Sovetlər İttifaqı daxilində buraxılan ayaqqabıların hamısı eyni idi. Bəziləri deyirdi ki, Leninqradda hazırlanan ayaqqabı Bakı ayaqqabısından keyfiyyətlidir, ona görə Leninqrad ayaqqabısı alaq. Amma çoxları, əksəriyyət Bakının ayaqqabısından istifadə edirdi.

İndi isə sərhədləri açmışıq, dünyanın hər yerindən ayaqqabı gətirirlər. Yadımdadır, o vaxt Çexoslovakiya ayaqqabısı yüksək keyfiyyətli ayaqqabı hesab olunurdu. Ona görə Sovet İttifaqında hamı deyirdi ki, Çexoslovakiya ayaqqabısı almışıq. Amma indi o yoxdur. Yadımdadır, orada «Batya» fabriki vardı, Batya adam adıdır, hələ Çexoslovakiyada kapitalizm vaxtından fabrik onunku idi, sonra sosialist sistemi qurulanda onlar onu yaxşı işlədirdilər və Sovet İttifaqına çoxlu ayaqqabı göndərirdilər. Amma indi İtaliyada, Almaniyada, başqa ölkələrdə o qədər yüksək keyfiyyətli ayaqqabılar istehsal edilir ki, nəinki bizim ayaqqabılar onlarla ayaqlaşa bilmir, hətta Moskvanınkı, Leninqradınkı da ayaqlaşa bilmir. Yəni, bazar iqtisadiyyatına keçidin problemləri çoxdur.

Məsələn, o vaxtlar biz burada güclü elektron sənayesi yaratdıq. Elektron sənayesi nədən ötrü lazım idi? Hərbi sənaye üçün lazım idi, demək, silah, təyyarə, raketlər və s. düzəltmək üçün lazım idi. İndi o gözəl-gözəl zavodların, hansılara ki, biz milyonlarla vəsait qoymuşduq, istehsal etdiyi məhsulu satmaq çətindir. Çünki Sovetlər İttifaqının istehsal etdiyi silahlar qədər indi heç yerdə silah istifadə olunmur.

İndi orada, Rusiyada özlərininki var. Biz əvvəl bu zavodların məhsulunu Rusiyanın başqa-başqa mərkəzlərinə göndərirdik, harada ki, hərbi sənaye var idi. Amma indi onlara tələbat yoxdur.

Bax, bu, keçid dövrünün çətinlikləridir. Amma bu çətinliklərə baxmayaraq, geriyə dönüş yoxdur. Biz irəliyə gedirik və hesab edirəm ki, Azərbaycanda bazar iqtisadiyyatı inkişaf edir və edəcəkdir.

Xarici investisiyanın cəlb olunması üçün biz neft sahəsində çox böyük işlər görmüşük. Sən bunu bilirsən, 19 müqavilə imzalanıbdır. Onların iştirakçıları içərisində Amerika şirkətləri çoxdur. O cümlədən, məsələn, «Şevron» şirkətinin iqamətgahı Kaliforniyadadır. Mən Amerikaya gedəndə onlar məni çox dəvət etdilər ki, Kaliforniyaya gəlim, onlar orada yerləşirlər.

Yaqub Zurufçu: Siz qərar vermişdiniz ki, gələsiniz.

Heydər Əliyev: Bəli, bəli, amma imkan olmadı. Bu müqavilələr Azərbaycana böyük sərmayə gətirir. Azərbaycana 2 milyard dollardan artıq sərmayə qoyulubdur. Artıq biz birinci konsorsiumdan bəhrələr götürürük, neft çıxarırıq. Bu il «Çıraq» platformasından 5 milyon ton neft çıxarılıb ixrac olunacaq və bu, get-gedə artacaqdır. «Şahdəniz» neft-qaz yatağı var, bu yaxınlarda onun imkanlarını açıblar. Oradan azı 700 milyard kubmetr qaz gözlənilir. Amma deyirlər ki, bir trilyondan çox olacaqdır. Demək, biz artıq nəinki böyük neft ölkəsi, həm də böyük qaz ölkəsiyik. Biz iki - üç ildən sonra özümüzü də qazla təmin edəcəyik, amma dünyaya da qaz satacağıq. İndi fikirləşirik ki, yeni bir qaz kəməri tikək. Biz bu işlərə qısa müddətdir, - 1994-cü ildə başlamışıq. Bu ilin sentyabrında həmin müqavilənin beş ili tamam olacaqdır. Amma gör, nə qədər sərmayə gəlibdir. Azərbaycanda nə qədər dəyişikliklər olubdur.

Biz bütün başqa sahələrə də sərmayə cəlb etmək istəyirik. Düzdür, orada bizim nailiyyətlərimiz neftdəki kimi deyildir. Amma orada da işlər gedir. Orada da özəl müəssisələr yaranır, ayrı-ayrı sərmayəçilər gəlir. Doğrudur, gərək mən bu məsələlərlə, nə təhər deyərlər, yaxından məşğul olum. Xarici sərmayəçilər mənə şikayət edirdilər ki, Azərbaycanın bəzi dairələrində, yəni dövlət, hökumət orqanlarındakı bürokratiya cürbəcür maneələrlə sərmayəçilərin çoxunun Azərbaycana gəlməsinin qabağını alır. Bu şikayətlər var.

Yaqub Zurufçu: Onu mən də bilirəm.

Heydər Əliyev: Görürsən, sən də bilirsən.

Yaqub Zurufçu: Bu gün axşam da mənə biri dedi ki, cənab prezidentlə görüşəndə bildir ki, biz buraya iş görməyə gəlirik. Amma maneəçilik törədirlər.

Heydər Əliyev: Görürsən, bunu sən mənə deməzdən əvvəl mən sənə deyirəm. Mən bunları bilirəm. Bizim Nazirlər Kabinetinə, nazirliklərə bu barədə çox göstərişlər vermişəm. Amma çox təəssüf ki, - mən açıq deməliyəm, - bu probleın hələ həll olunmayıbdır. Mən bu yaxın zamanlarda sahibkarlarla görüşəcəyəm, xarici investorlarla görüşəcəyəm. Baxacağam, bəlkə də bəzi qanunları, bəzi qaydaları dəyişdirmək lazımdır ki, xarici sərmayəçilərin Azərbaycana gəlməsini yüngülləşdirək. Bu birincisi. İkincisi də, ayrı-ayrı adamların öz şəxsi mənafeyi üçün xarici investorları Azərbaycandan nə təhər deyərlər, uzaqlaşdırmaq hallarının da qarşısını alaq.

Bu da çoxdur. Çünki təəssüflər olsun ki, bizim adamları bəziləri mənəviyyatca çox korlanıbdır. Onlar Azərbaycan mənafeyini güdmür, bəziləri öz mənafeyini güdür. Ona görə də xarici investor gələndə, onun qabağına öz mənafeyi üçün elə şərtlər qoyur ki, o da görür ki, şubhəsiz, bu şərtlə burada iş görə, gəlir götürə bilməz və çıxıb gedir. Belə hallar da var. Artıq bu da mənə gəlib çatıbdır. Mən bunlarla ciddi məşğul olacağam, məşğul olacağam. Biz bunları, nöqsanları da aradan qaldıracağıq.

Yəni, orada yaşayan azərbaycanlılar qoy bilsinlər, - düzdür, Azərbaycanda sərmayənin cəlb olunması üçün çətinliklər var, ancaq bunlar müvəqqəti xarakter daşıyır. Çünki onlar bizim hökumətin siyasəti deyil, dövlətin siyasəti deyil, ayrı-ayrı adamların Azərbaycana xidmət etmək əvəzinə Azərbaycana zərər gətirməsinin, bəlkə də bəzi qanunların nəticəsidir. Məsələn, investorlar bəzən mənə deyirlər ki, bir məsələni həll etmək üçün gərək, nə bilim, yüz dənə imza toplayasan, yüz yerdən icazə alasan. Hər icazə alanda burada bir az gecikdirirlər, orada bir az gecikdirirlər. Başa düşürsən? Ona görə investor da deyir ki, bu nədir, axı belə şey olmaz, sərbəst iqtisadiyyat belə olmaz!

Bununla Azərbaycanın mənafeyini qorumaq yox, Azərbaycana zərər gətirirlər. Bunların da qarşısını alacağıq. Beləliklə, Azərbaycan sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedir və gedəcəkdir. Qoy Kaliforniyada, Amerikada bizim soydaşlarımız bilsinlər. Bilsinlər ki, Azərbaycanın yolu budur.

Sən Azərbaycanın bugünkü reallığını da görürsən. Sən Azərbaycana gəlib-gedirsən, hər halda, şəhəri görürsən. Hər halda, dəyişiklikləri də görürsən. Məsələn, bu ağır dövrdə bizim özəl sektorda çox tikintilər gedir, çox işlər görülür. Bu da var. Nöqsanlar da var, amma nailiyyətlər də var.

Məsələn, bizim maliyyə sistemi indi yaxşı vəziyyətdədir. Baxmayaraq ki, nöqsanlar vardı. Məsələn, mən maliyyə nazirini işdən götürdüm, yeni nazir təyin eləmişəm. Artıq görürəm ki, yaxşı işləyir və güman edirəm ki, yaxşı işləyəcəkdir. Başqa bir dəyişiklik. Məsələn, bizdə vergi müfəttişliyi çox pis vəziyyətdə idi. Neçə dəfə mən Baş Vergi Müfəttişliyinin rəisinə xəbərdarlıq etdim. Ancaq birincisi, o təşkilat zibillənmişdi, ikincisi də, çoxları vergini gizlədirdilər, demək, dövlətə zərər vururdular. Mən hələ keçən il, - deyəsən, oktyabr ayında idi, - Baş Vergi Müfəttişliyinin rəisinə çox ciddi xəbərdarlıq etdim, ona bir az da vaxt verdim. Başa düşürsən, mən insanlara rəhmli yanaşıram. İstəyirəm ki, insanlar öz nöqsanlarını anlasınlar, aradan götürsünlər. Amma baxıb görəndə ki, yox, bunlar düzələsi adam deyil, yaxud, sadəcə, bacarıqsız adamdır, bacarığı bundan yuxarıya qalxa bilməz, - şübhəsiz ki, belə adamları dəyişirik. Məsələn, vergi müfəttişliyinin başçısını çıxartdım, yeni bir gənc adam qoymuşam. Sədalar gəlir ki, yaxşı başlayıbdır, yaxşı işləyir.

Yəni bu həyatdır, başa düşürsünüz. Hökuməti, dövləti idarə etmək çox asan məsələ deyildir. Amma bu işlərlə biz gündə məşğul oluruq və məşğul da olacağıq. Şübhəsiz ki, bizim hamımızı incidən, hamımızı narahat edən, hamı üçün ağır olan problem Ermənistan-Azərbaycan münaqişəsidir, bunun nəticəsində Azərbaycanın torpaqlarının 20 faizinin işğal olunmasıdır, bir milyondan artıq soydaşlarımızın yerindən-yurdundan didərgin düşməsidir, çadırlarda yaşamasıdır.

Düzdür, bizim böyük bir nailiyyətimiz odur ki, atəşi dayandırdıq. Beş ildir ki, qan tökülmür. Beş ildir ki, atəşkəs şəraiti yaratmışıq. Əgər biz bu atəşkəs şəraitini yaratmasaydıq, iqtisadiyyatda, həyatımızda bu dəyişiklikləri edə bilməzdik. Bir tərəfdən müharibə apar, insanları gündə göndər oraya, hər gün şəhidlər qəbul elə, o biri tərəfdən də başqa işləri gör - bu, mümkün deyildir! Mümkün deyildir! Ona görə 1994-cü ilin mayında biz atəşkəsə razı olduq - Ermənistan da razı oldu, biz də razı olduq. Buna da riayət edirik. Mən dəfələrlə bəyan etmişəm və bu gün də deyirəm ki, biz buna riayət edəcəyik. Riayət edəcəyik ki, məsələni sülh yolu ilə həll edək.

Doğrudur, bu da asan deyildir. Çünki Ermənistan tərəfi bizim torpaqları işğal etdiyinə görə, şübhəsiz ki, öz iddialarından əl çəkmir. Onlar Dağlıq Qarabağı hələ 1988-ci ildə işğal ediblər. Dağlıq Qarabağda Azərbaycanın hakimiyyəti 1988-ci ildən tamamilə fəaliyyətini dayandırıbdır.

Amma Dağlıq Qarabağın ətrafında sırf azərbaycanlılar yaşayan, Dağlıq Qarabağa mənsub olmayan rayonlarımızı da işğal ediblər. İşğal etdiklərinə görə onlar öz iddialarından əl çəkmirlər.

Danışıqlar aparırıq. Bilirsən ki, artıq iki dəfədir - həm Vaşinqtonda, həm də Cenevrədə - Ermənistan prezidenti Robert Koçaryanla görüşüb çox geniş və gərgin danışıqlar aparmışam. Görünür ki, bu danışıqları da aparmaq lazımdır, bir yol tapmaq lazımdır. Yəni o tərəf də dirəşsin, bu tərəf də dirəşsin, heç kəs bir addım eləməsin - onda heç bir məsələ həll olunmayacaqdır.

Məsələn, Cenevrədən qayıdandan sonra mən dedim ki, biz hər iki tərəfdən kompromislər axtarırıq. Bunun özü yaxşı haldır. Güman edirəm ki, əgər o tərəfdən də, bu tərəfdən də kompromis olmasa, məsələni həll etmək çox çətin olacaqdır. Ancaq mən inanıram,- inanıram ki, biz bu məsələni həll edəcəyik. İnanıram ki, biz işğal olunmuş torpaqları azad edəcəyik və inanıram ki, ağır vəziyyətdə yaşayan soydaşlarımız öz yerlərinə-yurdlarına qayıdacaqlar.

Ancaq iş bundadır ki, - sən Amerikada, Kaliforniyada yaşayırsan, - ermənilərin təbliğatı nə qədər güclüdür, nə qədər güclüdür.

Yaqub Zurufçu: Çox güclüdür.

Heydər Əliyev: Mən bu dəfə Vaşinqtona gələndə əvvəlcədən bir proqram düzəldilmişdi ki, Kaliforniyaya gedim. Yadındadır, hələ mən gəlməmişdən üç ay qabaq orada ermənilər nə qədər hay qaldırmışdılar. Qəzetlərdə yazırdılar; «Biz Heydər Əliyevi Kaliforniyaya buraxmayacağıq». Yəqin ki, sən bunları qəzetlərdən bilirsən.

Amerikada ermənilərin əksəriyyəti Kaliforniyada yaşayır və Kaliforniya Amerikanın ən zəngin bir yeridir. Orada olan ermənilər də hamısı zəngindir, - sən bilirsən, - Amerikanın hökumətinə təsir edirlər, Konqresdə onların tərəfdarları çoxdur. Bu tərəfdarlar da bu gün yaranmayıbdır. Bunlar on illərlə yaranıbdır. Vaxtilə Amerikada Azərbaycanı tanıyan yox idi. Amma erməniləri tanıyan həmişə olubdur. Çünki ermənilər yüz ildən artıqdır ki, Amerikada yaşayırlar, bəlkə də ondan da çox.

Yaqub Zurufçu: Dövlətdə çox yerləri var.

Heydər Əliyev: Dövlətdə çox yerləri var. Təkcə Amerikada yox, Fransada da, Avropanın bütün ölkələrində. Hansı ölkəni götürürsən-götür, orada erməni var və ermənilər də hər yerdə təsirlidirlər, güclüdürlər.

Onların təbliğatı da çox güclüdür. Erməninin xüsusiyyəti belədir ki, heç Dağlıq Qarabağın nə olduğunu bilməyən adam, nəsli iki yüz il Amerikada, Kaliforniyada yaşayan adam Dağlıq Qarabağ haqqında düşünür. Amma təəssüf ki, bizim azərbaycanlılarda belələri azdır. Doğrudur, yoxsa yox? Düz deyirəm, yoxsa yox?

Yaqub Zurufçu: Bəli. Əlbəttə, cənab prezident. Onu deyim ki, oradakı azərbaycanlılar şah dövründə yaşamış azərbaycanlılardır. Məndən yaxşı bilirsiniz ki, şah zamanında yaşamış azərbaycanlılara imkan verilməyib ki, onlarda milli  hisslər yaransın. Buna görə onlar özlərini milli məsələdən bir az uzaq göstərirlər.

Heydər Əliyev: İndi nə edək? Amma bunlar azərbaycanlıdır, biz onlara ümid bəsləyirik. Amma əgər onların milli hissləri yoxdursa, bu da bizim, nə təhər deyərlər.

Yaqub Zurufçu: Amma indi günbəgün düzəlir. O hadisədən 20 il keçib, uşaqları ki, ərsəyə gəliblər, milli hissləri başa düşürlər.

Heydər Əliyev: Başa düşürlər ki, hansı millətə mənsubdurlar.

Yaqub Zurufçu: Ona görə mən çox çalışdım ki, Sizinlə görüşəm. Doğrudan da, Sizdən çox razıyam ki, bunları açıqladınız.

Heydər Əliyev: Bəli, sən orada onlara çatdır. Sən özün dedin ki, orada 300-400 minə qədər azərbaycanlı yaşayır. Elədirmi?

Yaqub Zurufçu: Kaliforniyada ən azı 400 min nəfər azərbaycanlı yaşayır.

Heydər Əliyev: Yalnız Kaliforniyada, ya başqa yerlərdə?

Yaqub Zurufçu: Yox, ancaq Kaliforniyada.

Heydər Əliyev: Kaliforniyada. Yaxşı, orada erməni nə qədər yaşayır?

Yaqub Zurufçu: Los-Ancelesdə 500 min erməni yaşayır.

Heydər Əliyev: 500 min. Yaxşı, say etibarilə o qədər fərqli deyildir. Elədirmi? Ancaq ermənilər nə iş görür? İndi mən səndən soruşuram. Məsələn, mən Vaşinqtona gələndə bir proqram düzəldilmişdi ki, Kaliforniyaya gəlim. Ermənilər mənim oraya gəlməyimin əleyhinə o cür qalxdılar. Azərbaycanlılar öz sözlərini dedilər, yoxsa yox?

Yaqub Zurufçu: Bəli, bəzi insanlar televiziyada çıxış etdilər. Mən özüm də gördüm. Özüm də bir dəfə radio ilə çıxış etdim ki, bu, şəxsi məsələ, şəxsi proqram deyildir. Bu, dövlət səviyyəsində tədbirdir, prezident buraya gəlməlidir və buna heç bir maneə görmürəm. Amma ümumiyyətlə, ermənilər belə düşünə bilmirdilər. Çünki, necə deyərlər, şəxsi mənafelərini çox nəzərə alırlar.

Heydər Əliyev: Necə yəni düşünə bilmirlər? Sadəcə onlarda milli hiss çox, çox-çox-çox güclüdür. Milli hiss çox güclüdür. Mən Kaliforniyaya gələcəkdim, sadəcə, imkanım olmadı. Gəlib o ermənilərlə üz-üzə duracaqdım. Onlar orada mənim əleyhimə nə qədər mitinq eləsəydilər, yaxud da mənə daş atsaydılar, mən onların qabağına çıxacaqdım. Çıxacaqdım və deyəcəkdim ki, siz ədalətsizsiniz, siz Amerika kimi inkişaf etmiş, demokratiya inkişaf etmiş bir dövlətdə yaşayırsınız, Amerikanın vətəndaşlarısınız, amma nə qədər ədalətsizsiniz! Mən bunları deyəcəkdim. Amma mənim proqramım imkan vermədi, ona görə də oraya gələ bilmədim. Ancaq inşallah, gələcəyəm, gələcəyəm, gələcəyəm! Mən arzu edərdim ki, gəlib orada azərbaycanlılarla da yaxşı görüşə bilim.

Yaqub Zurufçu: İnşallah, çox gözəl olardı.

Heydər Əliyev: Amma istəyirəm ermənilərlə də üz-üzə durum. Üz-üzə durum, sözlərimi onlara deyim, qoy onlar da mənə sözlərini desinlər. Onların haqqı yoxdur. Amma onların hər yerdə tərəfdaşları çoxdur. Konqresdə tərəfdaşları doludur. İndi burada bizim bəzi müxalifət qəzetləri yazırlar ki, niyə bu qərar keçmədi? Son üç-dörd ildə Amerikanın Senatında, Konqresində bizim tərəfdaşlarımız sıfırdan, ola bilər ki, 50-60 faizə çatıbdır. Sıfırdan! Biz bunu qısa müddətdə eləmişik. Ancaq hələ vaxt, zaman lazımdır onlara sübut edək ki, bəli, onların əksəriyyətinin beyinləri elə dolub ki, guya Ermənistan Azərbaycan münaqişəsinin günahkarı azərbaycanlılardır. Onların beynini elə doldurublar ki, guya azərbaycanlılar Dağlıq Qarabağda erməniləri incidilələr, nə bilim, soyqırımı ediblər. Amma əslində bu yalandır.

Mən Azərbaycana 14 il başçılıq etdiyim zaman bunu dəfələrlə demişəm ki, bu gün də deyirəm: ermənilər Dağlıq Qarabağda Azərbaycanın bütün bölgələrində olan insanlardan yaxşı yaşayırdılar. 1970-ci illərdə və 1985-ci ilə qədər Dağlıq Qarabağın iqtisadi inkişaf sürəti Azərbaycanın ümumi inkişaf sürətindən nə qədər üstün idi. Amma ona baxmayaraq onlar yenə də «bizə Ermənistan lazımdır» dedilər.

Hansı ölkədə bizim diasporumuz var idi ki, biz onlarla əlaqə saxlayaq? Amma hələ o vaxt, sovet hakimiyyəti vaxtında mən dəfələrlə Ermənistana getmişdim, onların bayramlarında iştirak etmişdim. Orada bildirirdilər ki, bu, Amerikadan, bu, Fransadan, Avropanın digər ölkələrindən gələn erməni nümayəndə heyətləridir - xarici ölkələrdən ermənilər Ermənistana gəlirdilər. Amma bizə başqa ölkələrdən bir azərbaycanlı gəlirdimi? Heç kəs gəlmirdi. Ona görə də onlar uzun illər öz diasporları, erməni lobbiləri ilə əlaqədar olublar və əlbəttə, müstəqillik əldə edəndən sonra bu əlaqələr genişlənibdir. Şübhəsiz ki, münaqişəni həll etmək üçün bütün bunlar bizə çox çətinliklər yaradır. Amma bunlara baxmayaraq, mən inanıram ki, biz bu məsələni də həll edəcəyik.

Beləliklə, Azərbaycanın çox gözəl gələcəyi vardır. Azərbaycan bir demokratik, hüquqi dövlət, demokratik, dünyəvi cəmiyyət, sivilizasiyalı ölkə kimi günü-gündən inkişaf edəcəkdir və Azərbaycan xalqının rifah halı günü-gündən yaxşılaşacaqdır.

Mənim arzum nədir? Arzum budur ki, azərbaycanlılar harada olurlarsa-olsunlar, onlarda milli hiss daha da çox oyansın. Sizin də, bizim hamımızın da borcu ondan ibarətdir ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların milli hissiyyatlarını oyadaq. Nəinki təkcə oyadaq ki, onlar yuxudan oyansınlar, həm də onlar güclənsinlər. Bu millilik bizi birliyə gətirir, yaxınlaşdırır. Bu millilik dövlətimizin əsasını yaradıbdır.

Buna görə də xahiş edirəm, sən mənim bu sözlərimi televiziya vasitəsilə çatdırasan. Heç olmasa Kaliforniyada yaşayan azərbaycanlılar qoy məni eşitsinlər, mənim bu sözlərimi eşitsinlər. Mən arzu edirəm ki, onlar Azərbaycana gəlsinlər, Azərbaycanı görsünlər. Görsünlər ki, azərbaycanlıların da müstəqil ölkəsi, dövləti vardır. Mən deyirəm, - bu, son əsrlərdə ilk dəfədir. Özü də bu dövlət yaşayır və yaşayacaqdır. Biz artıq dünya birliyində özümüzə yer tutmuşuq. İndi Azərbaycanla hesablaşırlar. Azərbaycan bütün beynəlxalq təşkilatlarda öz mövqeyini göstərir. Azərbaycana hörmət, ehtiram vardır. Bunlar hamısı hər bir azərbaycanlını ruhlandırmalıdır, hər bir azərbaycanlıda milli hissləri daha da gücləndirməlidir. Mən xahiş edirəm, bunları çatdırasınız.

Əgər sən mənim bu dediklərimi Kaliforniyada yaşayan azərbaycanlılara televiziya vasitəsilə bir dəfə yox, bir neçə dəfə çatdırsan və onlarla görüşlərdə göstərsən, bəlkə də biz səninlə bir şeyə nail ola bilərik.

Yaqub Zurufçu: Cənab prezident, mən məmnuniyyətlə çalışacağam ki, Sizin bu dediklərinizi yayam. Amma ümumiyyətlə, orada Amerika televiziyaları - Ey-Bi-Si, SNN televiziya kanalları da gözləyirlər ki, Sizinlə bu müsahibəni ingilis dilinə tərcümə edib versinlər.

Heydər Əliyev: Demək, həmin televiziya kanalları da bu müsahibəni verəcəklər?

Yaqub Zurufçu: Bəli. Bu, 100 faiz olacaqdır. Sizə dərin minnətdarlığımı bildirirəm ki, mənə vaxt ayırdınız və bu məsələləri çox gözəl açdınız. Azərbaycanlılar, hətta amerıkalılar da biləcək ki, Azərbaycanın gələcəyi nədir və nə etməlidir.

Mən Sizinlə bu görüşümə çox şadam. Azərbaycan xalqına bu ümidlə çox gözəl gələcək arzulayıram. Sizinlə görüşmək mənim üçün böyük fəxrdir. Arzum budur ki, gələcəkdə də Sizinlə görüşəm, xalqımızın bir övladı, nümayəndəsi və bir insan kimi Azərbaycanı Amerikada təmsil edəm. Bu, mənim böyük arzumdur, bilirəm ki, Sizin də arzunuzdur. Mən həmişə olacağam və heç vaxt da bu yoldan geri dönməyəcəyəm.

Heydər Əliyev: Sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT