Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəstəkar Emin Sabitoğluna təbriki - Bakı şəhəri, 12 dekabr 1997-ci il


Hörmətli Emin Sabitoğlu!

Sizi - müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsini, respublikanın əməkdar incəsənət xadimini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz respublikada əsasən mahnı, musiqili komediya, kino və teatr musiqisi müəllifi kimi geniş şöhrət qazanmısınız. Böyük istedadla yaratdığınız lirik mahnılar ürəklərə asanlıqla yol taparaq dillər əzbəri olmuşdur. Son illərdə bəstələdiyiniz mahnıların əksəriyyəti ölkəmizin hüdudlarından kənarda da məşhurlaşmışdır. Musiqili komediyalarmız milli koloriti, lirik və yumorlu musiqi dili ilə fərqlənərək sizi ölkəmizdə bu janrın zəngin ənənələrinin layiqli davamçısı kimi tanıtmışdır. Azərbaycan Dövlət Akademik Dram Teatrında və digər teatrlarda səhnəyə qoyulmuş bir çox tamaşaların uğur qazanmasında onlara yazdığınız musiqinin böyük rolu vardır. Respublikada musiqiçi kadrların yetişdirilməsi üçün Bakı Musiqi Akademiyasının professoru kimi göstərdiyiniz fəaliyyət də səmərəli və təqdirəlayiqdir. Siz yaradıcılıq yollarında zəngin təcrübə toplamış istedadlı bəstəkar kimi sənətkar ömrünün müdrik çağına qədəm qoyursunuz. Ümidvaram ki, öz yeni əsərlərinizlə Azərbaycan musiqi mədəniyyətini daha da zənginləşdirərək musiqinizin pərəstişkarlarını bundan sonra da sevindirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT