Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 illiyi münasibətilə QİƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammitində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - İstanbul, 25 iyun 2002-ci il


- Hörmətli cənab sədr!

Zati-aliləri, dövlət və hökumət başçıları!

Hörmətli sammit iştirakçıları!

Xanımlar və cənablar!

Sizi səmimi-qəlbdən salamlayıram. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının on illiyi münasibətilə təbrik edirəm.

Təşkilatımız 10 il bundan əvvəl Türkiyədə, İstanbulda təsis olunubdur. Bu gün biz fəaliyyətimizin ilk on ilinə yekun vurmaq və qarşıdakı vəzifələri müəyyənləşdirmək üçün yenidən İstanbula toplaşmışıq.

Fürsətdən istifadə edərək sammitin yüksək səviyyədə təşkilinə, bizə göstərilən qonaqpərvərliyə görə Türkiyə dövlətinə və hökumətinə, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum Əhməd Necdət Sezərə minnətdarlığımı bildirirəm.

Bizim ölkələrimiz müxtəlif beynəlxalq təşkilatların və qurumların üzvüdür. Onların sırasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının öz yeri var. Çünki əvvəla, bu təşkilat ümumi bir regiona daxil olan dövlətləri birləşdirir. İkincisi və ən əsası isə, onun iqtisadi əməkdaşlıq təşkilatı olması, region xalqları arasında sosial və iqtisadi tərəqqiyə, qarşılıqlı işbirliyinə nail olmağı özünün əsas məqsədlərindən birinə çevirməsidir.

Təşkilatın yaşı ilə onun sıralarında birləşən bir çox dövlətlərin yaşı arasında yaxınlıq var. Bu da onu göstərir ki, biz müstəqillik qazandıqdan sonra problemlərimizi birlikdə həll etmək, iqtisadi əməkdaşlığımızı dərinləşdirmək qərarına gəlmiş və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını qurmuşuq.

Əlamətdar haldır ki, aradan keçən illər ərzində bu qurum Qara dəniz bölgəsində əməkdaşlıq təşəbbüsü səviyyəsindən Avropa miqyaslı təşkilata çevrilmiş, onun geniş və əhatəli strukturları yaranmışdır. Son üç il ərzində bu proses daha böyük vüsət almışdır.

Müxtəlif dəyərlərə və iqtisadi inkişaf səviyyələrinə, təbii sərvətlərə və məhsuldar qüvvələrə malik olan ölkələrin bu işbirliyi regionda qarşılıqlı dialoqun dərinləşməsinə, iqtisadi əməkdaşlıq sahəsində birgə yollar axtarışına zəmin yaratmaqdadır.

Eyni zamanda qurumun üzvü olan ölkələr mənsub olduqları dəyərləri qoruyub saxlamaq və bir-birləri ilə mübadilə etməklə yanaşı, ümumi bir istiqamət - Avropaya daha dərindən inteqrasiya istiqaməti seçmişlər və bu yolla irəli gedirlər.

Bu gün tam əsasla deyə bilərik ki, artıq təşkilatımızın prioritet istiqamətləri müəyyənləşmişdir. Bu istiqamətlər ilk növbədə enerji və nəqliyyat sahələridir. Azərbaycan bu sahələrin ikisinə də, həm üzv olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, həm də bütünlüklə Avropaya ciddi töhfələr verir. İnanırıq ki, yaxın illərdə həmin proses daha da genişlənəcəkdir.

Biz 1993-cü ildən başlayaraq ardıcıl şəkildə Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarını Qərb bazarlarına çıxartmaq siyasətini yürüdürük. Regionun təkcə iqtisadi deyil, siyasi, humanitar və demokratik inkişafına da öz təsirini göstərən bu siyasət artıq real nəticələr verməkdədir.

1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ardıcıl şəkildə həyata keçirilir. Bu gün biz dünyanın aparıcı şirkət və konsorsiumları ilə Xəzərin Azərbaycan sektorunda xam neft hasilatı, emalı və ixracı sahəsində müqavilələr imzalamışıq.

Xəzər dənizində hasil edilən neft Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri vasitəsilə ixrac olunur. 1999-cu ildə burada, İstanbul şəhərində imzalanan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsi artıq reallaşmasının sonuncu mərhələsinə daxil olubdur. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi də çox tezliklə ideyadan həqiqətə çevriləcək və bu layihələrin gerçəkləşməsi, heç şübhəsiz, regionun iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişəcəkdir.

Azərbaycanın, Gürcüstan və Türkiyənin, habelə dünyanın bir sıra aparıcı neft şirkətlərinin iştirakı ilə həyata keçirilən bu mühüm layihələr Xəzər hövzəsi ilə Qara dəniz hövzəsi arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcəkdir.

Təbii ki, gələcəkdə biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan digər ölkələrin də böyük iqtisadi layihələrdə iştirakını istisna etmirik.

Azərbaycanın coğrafi-strateji mövqeyi, bir sıra mühüm nəqliyyat dəhlizlərinin buradan keçməsi onu Avropa ilə Asiya arasında etibarlı tranzit ölkəyə çevirmişdir. Bizim təşəbbüsümüzlə 1998-ci ildə Bakıda dünyanın 30-dan çox dövlətinin və beynəlxalq qurumların iştirakı ilə tarixi Böyük İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.

Azərbaycandan və təşkilatın üzvü olan bir sıra digər dövlətlərin ərazilərindən keçən tarixi İpək yolunun bərpası xalqlarımız arasında siyasi, iqtisadi, mədəni əlaqələrin möhkəmləndirilməsi üçün mühüm amildir. Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan bir çox ölkələrin dövlət və hökumət başçıları bu əlaqələri bərpa etməyi öz qarşısına məqsəd qoyan həmin beynəlxalq konfransda iştirak etmişdilər.

Avropa Birliyinin maliyyələşdirdiyi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi - TRASEKA proqramının həyata keçirilməsi, böyük nəqliyyat infrastrukturunun yaradılması gələcək iqtisadi inkişafımız və qarşılıqlı əlaqələrimizin genişlənməsi üçün mühüm şərtlərdən biridir.

Heç şübhəsiz, potensialımız çox böyükdür. Lakin bu potensialdan tam şəkildə istifadə üçün regionda sülhün və sabitliyin bərqərar olması, münaqişələrin aradan qaldırılması, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, region dövlətlərinin təhlükəsizliyinin təmin olunması mühüm şərtdir.

Əks təqdirdə, iqtisadi əməkdaşlıq, birgə iqtisadi layihələrin həyata keçirilməsi mümkünsüzdür. Bu, Azərbaycanın prinsipial mövqeyidir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapmayana qədər biz bu prinsipdən geri çəkilməyəcəyik.

Bu gün biz təşkilatımızın ilk on ildə gördüyü işlərə qismən yekun vururuq. Eyni zamanda onun gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdiririk. Hesab edirəm ki, bu on ildə uğurlarımız olubdur.

Lakin hər bir beynəlxalq təşkilatın mövcudluğu və uğurlu fəaliyyəti onun qarşısına qoyulan tələbləri ardıcıl şəkildə yerinə yetirməsi, daim yeni prioritetlər müəyyənləşdirilməsi və onlara nail olması ilə sıx bağlıdır. Bu mənada qarşıda bizi böyük vəzifələr gözləyir.

Qara dəniz regionu Avrasiyanın mərkəzində yerləşir. Haqlı olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının doğuluş yeri və paytaxtı sayılan İstanbul isə Asiya ilə Avropanın birləşdiyi yerdədir. Mən bunu çox simvolik hesab edirəm və düşünürəm ki, təşkilatımızın gələcək fəaliyyətində də qitələri, dövlətləri, xalqları və insanları birləşdirmək, iqtisadi tərəqqiyə və sosial inkişafa nail olmaq əsas yer tutmalıdır.

Bir daha sizi təbrik edirəm, hamınıza ən xoş arzularımı çatdırıram. Hamınıza təşəkkür edirəm, sağ olun.

"Azərbaycan" qəzeti, 26 iyun 2002-ci il.