- Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Sizi, Azərbaycanın rabitəçilərini bu gün Bakıda yeni və tam müasir texnikaya, texnologiyaya malik olan telefon stansiyasının açılışı münasibətilə təbrik edirəm.
Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirə layiqdir. Bu işlərdə Azərbaycanın Rabitə Nazirliyi, rabitəçilər xüsusən xarici investisiyadan istifadə edirlər və xarici ölkələrin müvafiq şirkətləri ilə birgə iş görərək uğurlar əldə edirlər, eyni zamanda Azərbaycana qabaqcıl, müasir texnika, texnologiya gətirirlər.
Son 3-4 ilin içərisində Azərbaycanda rabitə tamamilə yeni bir şəkil alıbdır. Bir neçə il bundan öncə insanlar mobil telefonların olmasını və onlardan istifadə edilməsini ancaq düşünə bilərdilər. Bizim vətəndaşlarımız ayrı-ayrı ölkələrdə mobil telefonlardan istifadə edilməsinə əvvəllər həsrətlə baxırdılar. Mobil telefonların Azərbaycana gəlməsi böyük hadisə oldu. Bu telefonlar ilk vaxtlar az bir təbəqəni əhatə edirdi. Ancaq indi mobil telefonlar yayılıb, Azərbaycanda həddindən çox insan bundan istifadə edir. Mobil telefonların imkanları o qədər artıbdır ki, Azərbaycanın dövlət və özəl televiziyalarında bu telefonlar hər gün təbliğ edilir, reklam olunur.
Bu, sevindirici haldır. Bu, ümumiyyətlə, bizim iqtisadiyyatımızın bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirildiyinə əyani sübutdur. Bu, Azərbaycanın xarici ölkələrlə səmərəli əlaqə qurmasına əyani sübutdur. Biz bunların hamısını təqdir edirik və gələcəkdə də rabitədə belə yeniliklərin meydana çıxmasını arzulayırıq.
Bu gün burada, telefon stansiyasının açılışında telefon stansiyasına qoyulan sərmayə, onun imkanları, perspektivləri haqqında məlumatlar verildi. Bunlar hamısı çox xoş təəssürat yaradır. Bunun əhəmiyyəti xüsusən ondan ibarətdir ki, Azərbaycanın rabitəçiləri, respublikamızın Rabitə Nazirliyi Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə əməkdaşlıq edirlər. Biz bu əməkdaşlığın yaxşı nəticəsini görürük.
Bu telefon stansiyasının açılışı yeni bir hadisədir. Yəni simsiz telefon Azərbaycanda ilk dəfədir ki, həyata keçirilir və onun da çox gözəl perspektivləri vardır. Güman edirəm ki, biz gələcəkdə bu proqramın, layihənin bütünlüklə həyata keçirilməsinin şahidi olacağıq.
Bugünkü hadisə Amerika-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdiyini göstərir, eyni zamanda, Azərbaycanın qeyri-neft sektoruna külli miqdarda investisiyanın gəldiyini göstərir. Bilirsiniz ki, ölkəmiz 1994-cü ildən başlayaraq Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının müştərək işlənilməsi üçün dünyanın bir çox böyük şirkətləri ilə müqavilələr bağlayıb və həmin müqavilələri həyata keçirir. Bunların nəticəsində Azərbaycana böyük miqdarda investisiyalar gəlir. Ancaq biz eyni zamanda, Azərbaycanın iqtisadiyyatını, bazar, sərbəst iqtisadiyyatını inkişaf etdirərək, ölkəmizin iqtisadiyyatının, sənayesinin, infrastrukturunun, sosial sahəsinin başqa tərəflərinə də xüsusi fikir veririk və qayğı göstəririk. Bunları inkişaf etdirmək üçün xarici ölkələrin şirkətləri ilə müştərək işlər görülür və ölkəmizə sərmayələr gətirilir. Bir telefon stansiyasının tikilməsi üçün məhz buraya 42 milyon ABŞ dolları dəyərində investisiya gələcəkdir. Bu, sevindirici haldır.
Beləliklə, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Azərbaycana xarici investisiya təkcə neft sektoruna yox, digər sahələrə də gəlir. Bunlar da Azərbaycanda sərbəst iş görmək, xarici şirkətlərin ölkəmizdə fəaliyyət göstərməsi üçün yaradılmış əlverişli şəraitin olduğunu sübut edir. Bunlar onu göstərir ki, Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik ölkəmizin vətəndaşlarına, sahibkarlara səmərəli iş görmək üçün imkanlar veribdir. Eyni zamanda, ölkəmizdəki ictimai-siyasi sabitlik Azərbaycana xarici investisiyanın gəlməsini əsas şərt olaraq təmin edir.
Bir daha qeyd edirəm, bütün bunlar çox sevindirici haldır. Bildirmək istəyirəm ki, bu işlər Azərbaycanda bundan sonra da sürətlə davam edəcəkdir, Azərbaycanın iqtisadiyyatı gündən-günə inkişaf edəcəkdir, Azərbaycan vətəndaşlarının rifah halı yaxşılaşacaqdır.
Mən Azərbaycanın rabitəçilərini əldə etdikləri müsbət nailiyyətlərə görə və bu gün bu telefon stansiyasının açılışı münasibətilə bir daha təbrik edirəm. Sizə bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.
"Azərbaycan" qəzeti, 15 aprel 1999-cu il.