Amerika Ticarət Palatasında rəsmi qəbul zamanı Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 26 aprel 1999-cu il


-Hörmətli xanımlar və cənablar, əziz dostlar!

Mən sizi bu axşam Vaşinqtonda, bu əzəmətli salonda səmimi qəlbdən salamlayıram və sizinlə bir yerdə olmağımdan çox məmnunluğumu bildirirəm.

Amerika-Azərbaycan Ticarət Palatası bir neçə ildir ki, fəaliyyət göstərir və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etməsinə, ticarətin genişlənməsinə və ümumiyyətlə dostluğun, əməkdaşlığın yüksəlməsinə dəyərli xidmətlər göstərir. Mən bu fürsətdən istifadə edib Amerika-Azərbaycan Ticarət Palatasını əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edirəm. Palatanın üzvlərinə, tərəfkeşlərinə bu nəcib işlərində yeni-yeni uğurlar arzulayıram.

Amerika-Azərbaycan Ticarət Palatası eyni zamanda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafına da xidmət edir. Bu gün bir daha bəyan edirəm ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarını özünə strateji tərəfdaş hesab edir. Biz Amerika-Azərbaycan əlaqələrini strateji tərəfdaşlıq əlaqələri kimi, yüksək qiymətləndiririk, bu əlaqələrə sadiqik və bundan sonra da sadiq olacağıq.

Mən Vaşinqtona NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən mərasimlərdə iştirak etmək üçün gəlmişəm. Bu mərasimlər artıq arxada qalıbdır. NATO-nun 50 illik yubileyi münasibətilə dünən əsas toplantıda hamımız olduq. Hər kəs öz fikirlərini bildirdi. Mən də verilən vaxtdan istifadə edib toplantıda öz sözlərimi dedim. Bu gün onu bəyan edirəm ki, əlli il müddətində NATO Avropada, dünyada sülhün, əmin-amanlığın, sabitliyin təmin olunmasında dəyərli xidmətlər göstərmişdir. Biz NATO-nun fəaliyyətini yüksək qiymətləndiririk. NATO-nun gələcək fəaliyyətinə də dəstək veririk. Vaşinqtonda NATO-nun irəli sürdüyü yeni strategiya konsepsiyasını bəyənir və alqışlayırıq. Əlli il müddətində NATO bəşəriyyət qarşısında böyük xidmətlər göstərib və bu gün əminliklə demək olar ki, o, gələcəkdə öz fəaliyyətini genişləndirəcək, dünyada sülhün, əmin-amanlığın, sabitliyin təmin edilməsində yeni-yeni xidmətlər göstərəcəkdir.

Eyni zamanda Amerika Birləşmiş Ştatlarının NATO-nun əlli illik tarixindəki xidmətlərini də biz yüksək qiymətləndiririk. Əlli il ərzində Amerika Birləşmiş Ştatları NATO-nun digər üzvləri ilə birlikdə böyük sınaqlardan keçmişdir. "Soyuq müharibə" on illərlə davam edibdir. Nəhayət, ona son qoyulubdur. Sosializm sistemi dağılıb və sovet imperiyası, Sovet İttifaqı süqut edibdir. Bunun nəticəsində isə Sovetlər Birliyinə daxil olan, onun tərkibində yetmiş il yaşamış respublikalar öz dövlət müstəqilliyini əldə ediblər. Bu respublikalar içərisində Azərbaycan da 1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar öz müstəqilliyini əldə edibdir. Bu gün sizə bəyan edirəm ki, ötən səkkiz il ərzində Azərbaycan çox ağır və mürəkkəb vəziyyətdə çətin sınaqlardan keçərək dövlət müstəqilliyini qoruyub saxlayıb, inkişaf etdiribdir. Bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əbədidir və dönməzdir.

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur. Azərbaycanda siyasi, iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurur və inkişaf etdirir. Azərbaycan sülhsevər xarici siyasət aparır, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa və bunları inkişaf etdirməyə çalışır. Bütün bunlar Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsaslarını təşkil edir. Mən bu gün burada, Vaşinqtonda bir də bəyan edirəm ki, demokratiya yolu Azərbaycan üçün dönməz yoldur. Biz Azərbaycanı tam demokratik dövlət səviyyəsinə qaldıracağıq, buna qadirik və buna nail olacağıq.

Azərbaycanda iqtisadiyyat bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edir. Biz özəlləşdirmə proqramını geniş surətdə həyata keçiririk. Torpaq islahatı proqramını həyata keçiririk, torpağı şəxsi mülkiyyətə, kəndlilərə vermişik. Özəlləşdirmə Azərbaycanın iqtisadiyyatına yeni-yeni nailiyyətlər gətirir.

Bildiyiniz kimi, keçmişdə Sovetlər İttifaqına mənsub olmuş digər respublikaların iqtisadiyyatı kimi, Azərbaycanın iqtisadiyyatı da hazırda keçid dövrünün bütün çətin problemlərini yaşayır. Bu çətinliklərə baxmayaraq, biz həmin problemləri aradan qaldırırıq. Üç il bundan öncə Azərbaycanda inflyasiyanın qarşısı alınıb, əvvəlki illərdə mövcud olan iqtisadi tənəzzülün qarşısı alınıbdır. İqtisadiyyatda sabitlik yaranıb və bunun nəticəsində 1995-ci ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı inkişaf yolu keçib. İnflyasiyanın qarşısını tamamilə almışıq, Azərbaycanın milli valyutasının - manatın dəyəri sabitdir. Azərbaycanda istehsal inkişaf edir. Ümumi daxili məhsul istehsalında ilbəil artım mövcuddur.

Biz Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, digər maliyyə mərkəzləri ilə sıx əməkdaşlıq edirik. Bu gün iftixar hissi ilə sizə bildirmək istəyirəm ki, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının fikrinə görə, Azərbaycan keçmişdə Sovetlər İttifaqına mənsub olmuş, indi Müstəqil Dövlətlər Birliyi tərkibində olan respublikalar içərisində iqtisadiyyatına görə ən yüksək göstəricilər əldə etmişdir.

Nəzərə almalısınız ki, Azərbaycan bütün bu nailiyyətləri ağır şəraitdə əldə edibdir. Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən Ermənistan 1988-ci ildən ölkəmizə hərbi təcavüzə başlayıbdır. Bu təcavüz nəticəsində və bir çox ölkələrin böyük yardımı sayəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. Ermənistan silahlı qüvvələrinin apardığı etnik təmizləmə nəticəsində, işğal olunmuş torpaqlardan bir milyon azərbaycanlı zorla köçürülüb və onlar indi çadırlarda ağır vəziyyətdə yaşayırlar.

Biz 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs sazişi əldə etmişik. Beş ildir ki, atəş yoxdur. Ancaq hələ sülhə də nail olmamışıq, danışıqlar aparırıq. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bu münasibətlə ATƏT-in Minsk qrupuna və onun həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın fəaliyyətinə ümid bəsləyirik. Ancaq təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu hələ də öz fəaliyyətini lazımi səviyyəyə qədər qaldırmayıbdır. O cümlədən, ATƏT-in həmsədrlərindən biri olan Amerika Birləşmiş Ştatlarının da fəaliyyəti zəifdir. Mən bu barədə fikirlərimi bu gün dövlət departamentində dövlət katibi xanım Olbraytla görüşümdə bir daha bildirdim. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün biz Amerika Birləşmiş Ştatlarından daha da ciddi addımlar gözləyirik.

Bu sahədə Amerika Birləşmiş Ştatlarının imkanları böyükdür. O, bu imkanlarından istifadə etməlidir. Çünki biz Amerika Birləşmiş Ştatları ilə çox səmimi, vicdanlı əməkdaşlıq edirik. Amerika Birləşmiş Ştatlarının Qafqazda, o cümlədən Xəzər dənizində, Azərbaycanda maraqlarının həyata keçirilməsinə yardım göstəririk. Ona görə də biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli sahəsində Amerika Birləşmiş Ştatlarından daha da kəsərli fəaliyyət gözləyirik. Ümidvaram ki, biz bu fəaliyyətin şahidi olacağıq.

Nəzərə alınmalıdır ki, - mən bu gün dövlət departamentində bunu da bildirmişəm, - Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya son bir neçə ildə Ermənistanı silahlandırıbdır. Son üç il ərzində Rusiyadan Ermənistana qanunsuz, gizli olaraq bir milyard dollar dəyərində silah-sursat, hərbi texnika verilibdir. Ermənistanın ərazisində Rusiyanın hərbi bazası yerləşir. Həmin hərbi bazada böyük miqdarda qoşun hissələri yerləşdirilibdir. Son aylarda hərbi bazaya yeni silahlar, o cümlədən C-300 raketləri, MİQ-29 təyyarələri gətirilir.

Biz Rusiyanın Ermənistanda hərbi baza saxlamasına və Ermənistana qanunsuz, gizli olaraq silah verməsinə etiraz edirik. Bu etirazımızı Rusiyaya bildirmişik və Amerika Birləşmiş Ştatlarına da çatdırmışıq. Ancaq bunlara baxmayaraq, Rusiya öz siyasətini davam etdirir. Bu isə Qafqazda sülhün, əmin-amanlığın təmin olunmasına təhlükə yaradır. Ona görə Amerika Birləşmiş Ştatları Qafqaz regionuna daha da çox diqqət yetirməlidir. Qafqaz regionuna onun iqtisadi marağı eyni zamanda siyasi marağı ilə də uzlaşmalı, birləşməlidir. Bunlar Qafqazda sülhün, əmin-amanlığın qorunmasına xidmət etməlidir.

Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu şəraitdə ölkəmizin ərazisində bir milyondan artıq qaçqın vardır. Keçmiş dövlət katibi cənab İqlberger burada qeyd etdi ki, onlar Azərbaycanda olarkən qaçqın düşərgələrində yaşayan vətəndaşlarımızı görüblər. Təsəvvür edin, insanlar altı ildir çadırlarda, ağır vəziyyətdə yaşayırlar...

Şübhəsiz ki, biz Amerika Birləşmiş Ştatlarının, NATO-nun Balkanda, Yuqoslaviyada Kosovo probleminin həll olunması üçün göstərdiyi səyləri qiymətləndiririk, bunu dünyada münaqişələrin qarşısının alınması yolunda göstərilən xidmət hesab edirik. Ancaq eyni zamanda sual olunur: beş, altı, yeddi il bundan öncə Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edərkən, Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti apararkən, minlərlə insanları şəhid edərkən Amerika Birləşmiş Ştatları nə üçün Azərbaycan xalqının hüquqlarının qorunmasına qalxmadı və öz güclü səsini ucaltmadı? Mən təəccüb edirəm.

Mən bir daha qeyd edirəm, - şübhəsiz ki, Yuqoslaviyada, Kosovoda Amerika Birləşmiş Ştatlarının, NATO-nun tədbirlərini biz bəyənirik və insan azadlığının, hüquqlarının qorunması sahəsində görülən işləri yüksək qiymətləndiririk. Ancaq bu, hər yerdə olmalıdır. O cümlədən Azərbaycanda da olmalıdır, Qafqazda da olmalıdır.

Belə bir şəraitdə, belə ağır vəziyyətdə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi gedir. Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirir. Azərbaycan öz iqtisadiyyatını dünya iqtisadiyyatı ilə daha da sıx bağlamaq istəyir.

Bu məqsədlərlə biz Xəzər dənizinin enerji ehtiyatlarını ilk dəfə dünyaya təqdim etməkdə təşəbbüs göstərmişik. Mən hesab edirəm ki, bu, Azərbaycan dövlətinin dünya birliyi qarşısında xüsusi xidmətidir. Çünki Xəzər dənizi böyük enerji ehtiyatlarına malikdir və Azərbaycan Xəzər dənizinin neft ehtiyatlarından istifadə olunmasına hələ 50 il bundan öncə, Sovet İttifaqının tərkibində olarkən başlayıbdır. İlk dəfə 1949-cu ilin noyabr ayında Xəzər dənizinin ortasında, sahildən yüz kilometr məsafədə Azərbaycan neftçiləri neft istehsalına başlayıblar, neft fontanı vurubdur. Bu da dünyada dənizin dərinliklərində neftçıxarma sahəsində ilk addım olmuşdur. Bunlar keçmişdə olubdur. Biz böyük təcrübə toplamışıq.

Azərbaycan müstəqillik əldə edəndən sonra, öz təbii sərvətlərinin, ehtiyatlarının tam sahibi olandan sonra bu təbii sərvətlərdən daha da səmərəli istifadə etməyə başladı. Bu məqsədlə biz dünyanın böyük neft şirkətləri ilə 1994-cü ilin sentyabr ayında ilk müqaviləni imzaladıq. Buna "Əsrin müqaviləsi" adı verildi. Bu müqavilədə Amerika Birləşmiş Ştatlarının bir neçə şirkəti - "AMOKO", "Yunokal", "Penzoyl" şirkətləri iştirak edirlər. O şirkətlərlə və dünyanın başqa şirkətləri ilə - "Bİ-Pi", "Statoyl" və digər şirkətləri ilə birlikdə biz Xəzər dənizinin enerji ehtiyatlarından dünya miqyasında istifadə olunması üçün ciddi addım atdıq, bunun əsasını qoyduq.

Son üç-dörd il ərzində bu məsələ çox sürətlə inkişaf edibdir.

Biz ötən illərdə yeni müqavilələr imzalamışıq. Müqavilələrin ümumi sayı 16-ya çatıbdır. Bu müqavilələrə görə Azərbaycana qoyulan investisiya təxminən 50 milyard dollar dəyərində olacaqdır. Biz ilk müqavilənin həyata keçirilməsinə nail olmuşuq. 1997-ci iln noyabr ayında ilkin neft əldə etmişik və o neftin dünya bazarlarına ixrac edilməsinə nail olmuşuq. Şimal marşrutu - Bakı-Novorossiysk marşrutu ilə neft daşınmasına nail olmuşuq. Ancaq eyni zamanda alternativ neft boru xətti yaratmağa çalışmışıq və buna da nail olmuşuq. Aprel ayının 17-də, on gün bundan öncə Gürcüstanın Qara dənizdəki Supsa limanına çəkilmiş 820 kilometr uzunluğunda Bakı-Supsa neft borusunun istismara verilməsini biz təntənəli qeyd etdik. Bu boru vasitəsilə neft artıq dünya bazarlarına çıxarılır. Beləliklə, biz Xəzər dənizinin enerji ehtiyatlarını dünyaya tanıtdıq, dünyaya təqdim etdik. İndi Xəzər dənizinin Azərbaycan sektoru ilə yanaşı, digər sektorlarda - Qazaxıstan, Türkmənistan, İran sektorlarında da iş gedir və beləliklə, Xəzər dənizi indi dünyanın neft-qaz istehsal edən ən böyük bir regionuna çevrilibdir. Bu da müstəqil Azərbaycanın xidmətidir, dünya birliyi qarşısında xidmətidir. Biz bununla fəxr edirik. Bunların hamısını həyata keçirərkən biz Amerika Birləşmiş Ştatları ilə, Amerikanın hökuməti ilə və Amerikanın özəl sektoru ilə, neft şirkətləri ilə sıx əməkdaşlıq edirik.

Sabah Vaşinqtonda yeni üç müqavilə imzalanacaqdır. Bunlar bir daha onu göstərir ki, Xəzər dənizinin enerji ehtiyatları böyükdür, Azərbaycanın enerji ehtiyatlarına Amerika Birləşmiş Ştatlarında maraq artır və bir neçə neft şirkətləri bizimlə yeni müqavilələr imzalamaq üçün təkliflər irəli sürüblər. Bu təkliflərə baxırıq və güman edirəm ki, biz onları da həyata keçirməyə nail olacağıq.

Budur, Azərbaycanın bugünkü reallığı. Ancaq bununla yanaşı, biz böyük çətinliklərlə qarşılaşırıq. Burada cənab İqlberger çox düzgün qeyd etdi ki, 907-ci maddənin Azərbaycana tətbiq olunması, deyə bilərəm ki, dünyada ədalətsizliyin ən parlaq nümunəsidir. Təəssüflər olsun ki, biz belə bir ədalətsizliyə məruz qalmışıq. Biz neçə ildir çalışırıq ki, 907-ci maddəni aradan götürək. 907-ci maddə Azərbaycana qarşı 1992-ci ildə tətbiq olunubdur. Bunun da səbəbi odur ki, guya Azərbaycan Ermənistanı blokadaya alıbdır. Ancaq bu, həqiqətdən uzaqdır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edibdir. Ermənistan Azərbaycanın dəmir yolunun böyük bir hissəsini işğal edibdir, əlinə keçiribdir və beləliklə bizim imkanlarımızı məhdudlaşdırıbdır. Ancaq Amerika Konqresində isə məsələyə tərsinə baxıblar - Ermənistanı cəzalandırmaq əvəzinə, əksinə, Azərbaycanı cəzalandırıblar. Təəssüf ki, belə hallar da olur.

Biz Amerikaya dünyanın ən demokratik ölkəsi kimi baxırıq. Biz Amerikaya dünyanın ən ədalətli ölkəsi kimi baxırıq. Amerikanın Konqresində, dünyanın belə bir demokratiya mərkəzində, ədalət mərkəzində bu qədər ədalətsizliyi təsəvvür etmək mümkün deyildir. Ancaq bu da reallıqdır. Biz çalşırıq, mən sizə təşəkkür edirəm ki, siz də bizimlə bərabər çalışırsınız ki, 907-ci maddə götürülsün. Bunun mənəvi tərəfi bizim üçün hər şeydən çətindir. Çünki Azərbaycan belə bir ədalətsizliyə layiq deyildir. Güman edirəm ki, nəhayət, Amerika Konqresində də bu qərarın ədalətsizliyini dərk edəcəklər və biz bu maddənin ləğv olunmasına sizinlə birlikdə nail olcağıq.

Hesab edirəm ki, Azərbaycanın dünya birliyi qarşısında xidmətlərindən biri odur ki, Azərbaycan qədim Böyük İpək yolunun bərpasında təşəbbüskar olubdur. Bilirsiniz ki, qədim Böyük İpək yolunun bərpası indi dünyanın bir çox dövlətlərini - Yaponiyadan tutmuş Avropanın qurtaracağına qədər, eləcə də Amerika Birləşmiş Ştatlarını maraqlandırır.

Biz son bir neçə ildə Avropa ilə Asiya arasında, Qərblə Şərq arasında əlaqələr yaradaraq, boru kəmərləri və Transqafqaz dəhlizi yaradaraq qədim Böyük İpək yolunun bərpası üçün əsaslar təşkil etdik. Bunların əsasında Avropa Birliyi ilə keçən ilin sentyabr ayında Bakıda qədim Böyük İpək yolunun bərpası ilə əlaqədar beynəlxalq konfrans keçirildi. Bu konfransda dünyanın 32 dövləti təmsil olunurdu, 14 beynəlxalq təşkilat iştirak edirdi. Biz bu konfransda Böyük İpək yolunun bərpası ilə əlaqədar mühüm sənədlər imzaladıq. Böyük məmnuniyyətlə bu gün bildirirəm ki, Amerika Birləşmiş Ştatlarının Senatında senator Braunbək bu məsələ ilə bir neçə ildən çoxdur ki, məşğuldur. O, bu barədə qanun layihəsi hazırlayıbdır və qanun layihəsi artıq Senatın komitəsində bəyənilibdir. İki gün bundan öncə burada, Konqresin binasında senator Braunbək İpək yolu üzərində olan ölkələrin prezidentlərini dəvət etdi, bizimlə birlikdə bu məsələ müzakirə olundu və biz hamımız senator Braunbəkin bu qanun layihəsini təsdiqlədik. Əmin olduğumu bildirmək istəyirəm ki, Senat, Konqres nəhayət, bu qanun layihəsini qəbul edəcəkdir. Bu, Amerika Birləşmiş Ştatları üçün lazımdır. Bu, Avropa üçün lazımdır. Bu, Asiya üçün lazımdır. Bu, Qafqaz üçün lazımdır. Bu, Azərbaycan üçün lazımdır. Mən bizim bu sahədə əməkdaşlığımızı uğurlu hesab edirəm və Azərbaycanın xidmətləri də sizin gözünüzün qabağındadır.

Beləliklə, Azərbaycan bir tərəfdaş kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Əmin ola bilərsiniz ki, biz gələcəkdə də dostluğa, əməkdaşlığa, tərəfdaşlığa sadiq olacağıq. Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizi bundan sonra da sürətlə inkişaf etdirəcəyik. Bunun üçün imkanlar böyükdür. Azərbaycanın iqtisadiyyatında Amerika Birləşmiş Ştatlarının özəl sektorunun çox hissəsi iştirak edə bilər və beləliklə, biz əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik.

Hörmətli dostlar, bu sözləri sizə çatdıraraq bugünkü görüşə görə hamınıza bir daha təşəkkür edirəm. Sizin hər birinizə cansağlığı, səadət arzulayıram. Amerika-Azərbaycan Ticarət Palatasına yeni-yeni uğurlar arzulayıram.

Amerika xalqına, Amerika dövlətinə bəşəriyyət qarşısında üzərinə düşən böyük və nəcib missiyanı həyata keçirməsində uğurlar arzulayıram

Amerika-Azərbaycan dostluğuna və əməkdaşlığına eşq olsun!

Sizin hər birinizə cansağlığı, səadət arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 27 aprel 1999-cu il.