Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna baş nazirinin birinci müavini Oleq Dubina başda olmaqla bu ölkənin nümayəndə heyəti ilə görüş - Prezident sarayı, 29 avqust 2002-ci il


Azərbaycan prezidenti Heydər Əliyev nümayəndə heyətinin üzvlərini Ukraynanın dövlət bayramı – Müstəqillik günü münasibətilə təbrik etdi və dost ölkənin xalqına əbədi müstəqillik, habelə sülh, firavanlıq və uğurlar arzuladı.

Səmimi təbrik üçün minnətdırlıq edən Oleq Dubina müstəqillik günü münasibətilə göndərdiyi təbrik məktubuna görə Azərbaycan prezidentinə, Ukrayna prezidenti Leonid Kuçmanın təşəkkürünü yetirdi. Nümayəndə heyətinin başçısı hökumətlərarası iqtisadi komissiyanın fəaliyyətindən danışaraq dedi ki, fevralda Kiyevdə keçirilmiş iclasda Bakı görüşünə konkret nəticələrlə gəlmək üçün var qüvvə ilə səy göstərmək qərara alınmışdır. Belə nəticə əldə edilmişdir – əmtəə dövriyyəsi 1,7 dəfə artmışdır. İndiki iclasda bir sıra məsələlər müzakirə edildi və «heç bir məsələ barəsində heç bir tərəfdən anlaşılmazlıq olmadı». O, ümidvar olduğunu söylədi ki, iki prezidentin – Heydər Əliyevin və Leonid Kuçmanın rəhbərliyi ilə komissiya Azərbaycanın və Ukraynanın iqtisadi firavanlığının yüksəlməsinə bundan sonra da kömək edəcəkdir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Baş nazirin birinci müavini Abbas Abbasov bildirdi ki, Bakıda keçirilən iclasın gündəliyinə iqtisadi əməkdaşlıg məsələlərinin geniş spektrini əhatə edən 7 məsələ daxil idi. İkitərəfli əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində prezidentlərin qarşıya qoyduqları bütün vəzifələri hökumətlər, o cümlədən də hökumətlərarası komissiya uğurla həyata keçirir. Komissiyanın işinin yekunlarına əsasən, fövqəladə hallar zamanı qarşılıqlı yardım göstərilməsi haqqında, hökumətlər arasında əlaqə, kiçik və orta biznesin dəstəklənməsi, istehsal kooperasiyası haqqında Azərbaycan və Ukrayna hökumətləri arasında sazişlər imzalandı. Abbas Abbasov ölkələrimizin hökumətləri arasında işgüzar əlaqələri dəstəklədiyinə görə prezident Heydər Əliyevə komissiyanın Azərbaycan tərəfi adından təşəkkürünü bildirdi.

Prezident Heydər Əliyev vurğuladı ki, Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər dostluq, qardaşlıq münasibətləridir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu, gəlişi gözəl sözlər, ümumi ifadələr deyildir, bütün bunlar realdır. Bir çox məsələlərdə ölkələrimizin mövqeləri uyğun gəlir, beynəlxalq təşkilatlarda, MDB, GUÖAM çərçivəsində fəal əməkdaşlıq həyata keçirilir. Ukraynanın ictimai-siyasi həyatında, iqtisadiyyatında baş verən prosesləri Azərbaycanda çox diqqətlə izləyirlər. Çünki demokratiya yolu ilə irəliləməkdə, iqtisadi, sosial islahatların aparılmasında Ukraynanın qazandığı uğurlar mövcud tərəfdaşlıq münasibətləri baxımından ölkəmiz üçün də çox vacibdir. Ölkələrimizin prezidentləri beynəlxalq məclislərdə müxtəlif məsələlər barəsində daim fikir mübadiləsi aparırlar. Azərbaycan ilə Ukrayna arasında indiki münasibətlərin qaynaqları Ukrayna və Azərbaycan xalqlarının dostluğu ilə bağlıdır və bu dostluq müstəqillik illərində yeni keyfiyyət kəsb etmişdir. Ölkələrimiz öz müstəqilliyini çox fəal surətdə qoruyur və möhkəmləndirir.

Prezident Heydər Əliyev bildirdi ki, bu sahədə istər Azərbaycanda, istərsə də Ukraynada bir sıra çətinliklər də var. Dövlətimizin başçısı vurğuladı ki, bu baxımdan hökumətlərarası komissiyanın fəaliyyəti iki prezidentin həyata keçirdikləri böyük siyasi, iqtisadi işlərə sanballı köməkdir. Ukrayna Baş nazirinin birinci müavini Oleq Dubina «Üç dənizin əfsanəsi» beynəlxalq konfransında Azərbaycan prezidenti Heydər Əliyevin parlaq çıxışından danışaraq, bu anlayışı genişləndirib Baltik dənizi ilə tamamlamağı təklif etdi. Azərbaycan prezidenti Heydər Əliyev bu təşəbbüsü dəstəkləyərək dedi ki, o, həmin məsələni prezident Leonid Kuçma ilə hərtərəfli müzakirə etmişdir və hər iki tərəf onun gündəliyə çıxarılmasına yaxındır.

Oleq Dubina bildirdi ki, hökumətlərarası komissiyanın hazırkı iclasında Ukrayna tərəfinin irəli sürdüyü Odessa–Brodı boru kəməri layihəsinə baxmaq üçün GUÖAM çərçivəsində qrup yaradılması haqqında qərar qəbul olunmuşdur. Azərbaycan buna dəstək verərsə, Ukrayna hökuməti bu variantı nəzərdən keçirməyə hazırdır. Ukrayna Baltik dənizinə çıxmaq üçün Brodı–Qdansk boru kəmərinin inşası haqqında Polşa tərəfi ilə yaxın gələcəkdə saziş imzalamaq niyyətindədir. Bu layihənin həyata keçirilməsində Avropa Birliyi də maraqlıdır və ona görə də boru kəmərinin strateji cəhətdən vacibliyinə tezliklə zəmanət verəcəkdir. Ukraynanın səyləri, ilk növbədə, Avropa Birliyinə inteqrasiyanın genişləndirilməsi barədə prezident Leonid Kuçmanın hökumətə verdiyi göstərişlərlə bağlıdır. Oleq Dubina «Avropaya birlikdə daxil olmaq üçün» bu nəhəng layihəni GUÖAM çərçivəsində birgə fəaliyyətlə əlaqələndirməyi təklif etdi.

Azərbaycan prezidenti bu layihənin vacibliyini söyləyərək bildirdi ki, hələ Yalta zirvə toplantısında Ukrayna prezidenti Leonid Kuçma Baltikyanı ölkələrin nümayəndələri ilə görüşmüşdür. Bu görüşdən əsas məqsəd Qara dəniz və Baltik dənizi iqtisadi əməkdaşlığının birləşdirilməsinə yardım etmək idi. Prezident Heydər Əliyev Ukraynanın və şəxsən Leonid Kuçmanın bu layihənin həyata keçirilməsinə yönəldilmiş səylərini dəstəklədiyini bildirdi.

Oleq Dubina Ukrayna nümayəndə heyəti adından Ukraynarəssamı Qriqori Lısenkonun əsərini Azərbaycan dövlətininbaşçısına hədiyyə etdi.