Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin yanında keçirilən müşavirənin protokolu - 12 mart 1993-cü il


H.Əliyev: Mənim Bakıda Prezidentlə görüşlərim oldu. Bu, təbii bir məsələdir. Biz istərdik ki, Əbülfəz Eçibəy Naxçıvana gəlsin, lakin onun imkanı olmadı. Bizim söhbətimiz Naxçıvanın ağır problemləri və onun bu vəziyyətdən çıxarılması barədə oldu. Biz qışı keçirdik. Qabaqdan yaz gəlir. Heç kim istəməzdi ki, biz bu vəziyyətə düşək. Əbülfəz bəylə də bu barədə ətraflı söhbət etdik və Naxçıvanın tam təmin olunması haqqında danışdıq. Hələlik dəmir yolu bağlıdır. Nə vaxt açılacaq, məlum deyil. Horadizdən yol açıldı. Maşınlar hərəkət etməyə başladı. Lakin yenə də çətinliklərimiz var. Biz İrandan un və buğda alırıq. Bu imkanlardan tam istifadə etməliyik. Mən Bakıda Amerikanın, Fransanın, Türkiyənin, İranın, İngiltərənin və Rusiyanın səfirləri ilə görüşdüm. Geniş söhbət etdik. İngiltərənin Moskvadakı səfiri ilə söhbətdə o dedi ki, əgər Amerika Naxçıvana yardım edirsə, biz də Naxçıvana kömək etmək istəyirik. Səfir dedi ki, Siz çox ağır vəziyyətdə yaşayırsınız. Fransanın səfiri ilə söhbət zamanı o dedi ki, biz də Naxçıvana köməklik edəcəyik. Mən öz növbəmdə çatdırdım ki, əgər Ermənistanın blokadada olmasından danışırsınızsa, Naxçıvan ondan da pis vəziyyətdədir. Birləşmiş Millətlər Təşkilatı qərar qəbul etmişdir ki, Ermənistana köməklik göstərilsin. Əgər əsas səbəb blokada şəraitidirsə, deməli Naxçıvana da köməklik göstərilməlidir. Bill Klinton belə qərar qəbul edib ki, Naxçıvana yardım olunsun. Bunun siyasi əhəmiyyəti çox böyükdür. Bizə yardım etməklə prezident konqresin qərarını pozur. Bizim təbliğatımız çox zəifdir. Təbliğatımız elə əvvəldən zəif olub. Hazırda Moskvada yüksək vəzifələri ermənilər tutur. Rusiyanın 3 naziri ermənidir. Amerikada, İngiltərədə və Fransada ermənilərin nüfuzu çox böyükdür. Litvada Ermənistan cəmiyyəti yaranıb. Bizdə isə imkan olmayıb. Özümüz bu işlərlə az maraqlanırıq. Bizimkilərin bazarlarda alver etmələri Azərbaycan haqqında çox mənfi təsəvvür yaradır. Biz müxtəlif ölkələrdə özümüzü lazımi qədər təbliğ edə bilmirik. Ermənilər bizim torpaqları işğal ediblər. Bir sıra bədxah adamlar çalışırlar Naxçıvanı Bakıdan ayrı salsınlar. Mən Naxçıvana qayıdan kimi Türkiyənin baş naziri Süleyman Dəmirəllə danışdım. Çalışacağıq kreditin qalanını da bizə versinlər ki, buna ərzaq məhsulları alaq. İran da bizə yardım edəcəkdir. 2 gün bundan əvvəl İrandan 60 ton un gəldi. Bu danışıqlar əsasında axır ki, İrandan 300 ton un və 270 ton buğda aldıq. Yanacaq da gəlir. İran bizə heç bir işi müftə görmür. Azərbaycan bunların əvəzinə İrana yanacaq məhsulları verir. Mən İranın başçılarına və Azərbaycan rəhbərliyinə çatdırdım ki, Siz elə etməlisiniz ki, bizdə heç olmazsa bir aylıq ehtiyat olsun. Çalışmalıyıq un, buğda və yanacağı tez gətirək.

Məmməd Abbasov (Baş nazirin birinci müavini): Biz nəzərə almışıq ki, bayramla əlaqədar adambaşına 1 kq düyü, 1 kq yağ, 1 kq şəkər tozu, 0,5 kq qənd verilsin. Kənd əhalisinə də ərzaq verilməsi nəzərdə tutulub.

Heydər Əliyev: Qoy Nazirlər Kabinetində təşkil edilmiş komissiya televiziya vasitəsilə əhaliyə məlumat versin.

Nazirlər Kabinetinə tapşırılsın ki, maşınların bir yerə yığılıb mal gətirmələri üçün lazımi tədbirlər görsün.

Məmməd Abbasov: Amerikadan yardım alındı. Onların mütəşəkkil surətdə invertarizasiyası aparıldı. 146 adda dərman ləvazimatı gətirilib. Təklif verilib ki, çernobılçılara və bəzi təşkilatlara dərmanlar pulsuz verilsin. Qalanı əhaliyə satılsın.

Heydər Əliyev: Yaz gəlir. Kənd təsərrüfatı işləməlidir. Biz tez bir vaxtda bu məsələni geniş müzakirə etməliyik. Ona görə də Məmməd Abbasova tapşırılsın, müəyyən tədbirlər hazırlasın və Ali Məclisin müzakirəsinə çıxarsın. Bu, nə qədər tez olsa, bizim üçün o qədər xeyirlidir.

Komissiyanın sədri dərmanların satılması və verilməsi barədə tədbirlər hazırlasın və bu məsələni bizim müzakirəmizə çıxarsın.

"Qayıdış 1990-1993" səh. 330