Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Ticarət Nazirliyinin yeni müstəqil dövlətlər üzrə müşaviri, enerji məsələləri üzrə səlahiyyətli şəxs Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 3 mart 2000-ci il


Heydər Əliyev:  Hörmətli cənab Kalitski, hörmətli qonaqlar, mən sizi salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Cənab Kalitski, biz sizinlə cəmi 15 gün bundan öncə Vaşinqtonda görüşmüşdük. İndi isə siz Azərbaycandasınız, çox məmnunam. Mən hər dəfə sizinlə görüşməkdən çox məmnun oluram. Çünki artıq bir neçə ildir ki, bizim aramızda çox səmimi əlaqələr yaranıbdır. Bu əlaqələr də Amerika-Azərbaycan münasibətlərinin, xüsusən iqtisadi əlaqələrinin inkişafına kömək edir. Bir sözlə, sizin hər səfəriniz faydalı olur.

Bilirəm ki, siz artıq burada bir sıra görüşlər keçirmisiniz. Güman edirəm, bunlar yaxşı keçibdir. Mən bu görüşümüzdən məmnunam. Buyurun.

Yan Kalitski: Çox sağ olun, cənab prezident. Vaşinqtondakı görüşümüzdən sonra Sizi yenidən Bakıda görmək necə də xoşdur. İstərdim ki, prezident Klintonla çox məhsuldar, əla görüşümüz münasibətilə Sizi təbrik edim ki, o, özünü həm Sizə, həm də Azərbaycana yaxın hesab edir. İş belə gətirdi ki, biz Sizinlə Vaşinqtonda görüşdükdən dərhal sonra Bakıda görüşürük.

Cənab prezident, biz Sizinlə xeyli müddətdir əməkdaşlıq edirik. Sizin buyurduğunuz kimi, bu şəxsi əməkdaşlıq həqiqətən ölkələrimiz arasında əməkdaşlıqdır. Bu əməkdaşlıq şəxsən mənim özümə çox ləzzət edir, mən bundan həzz alıram. Onu da bildirməliyəm ki, hər dəfə Bakıya gələndə burada yeni bir tərəqqi ilə rastlaşıram. Sizin rəhbərliyiniz altında burada iqtisadiyyat inkişaf edir, sabitlik daha da güclənir, təhlükəsizlik daha da təmin olunur. Ən başlıcası da odur ki, Amerika Birləşmiş Ştatları ilə əlaqələr daha sıx olur, daha da inkişaf edir.

Hörmətli prezident Əliyev! Sizin uzaqgörənliyinizin nəticəsidir ki, Azərbaycanda iqtisadiyyat bu cür inkişaf edir, bizim əlaqələrimiz bu cür inkişafdadır. Lakin təkcə iqtisadiyyatda deyil, ümumiyyətlə, həyatın bütün sahələrində bu inkişafı, tərəqqini görmək mümkündür. Elə hava limanına gəldikdə, yeni terminalı görəndə də biz bu dəyişikliyi hiss etdik. Onu da deyim ki, Sizin ofisinizə gələndə gördük ki, qəbul otağı da tamamilə dəyişmiş, gözəlləşmişdir. Bu gün bizimlə görüşdüyünüzə görə Sizə bir daha minnətdaram.

Heydər Əliyev: Çox sağ olun, çox sağ olun. Mən Amerika Birləşmiş Ştatlarına səfərimdən çox razıyam. Təbiidir ki, cənab Bill Klintonla Ağ evində görüşüm xüsusi əhəmiyyət kəsb edir. Biz, demək olar ki, həm Amerika üçün, həm də xüsusən Azərbaycan üçün vacib olan məsələlrin hamısını yenidən, bir daha müzakirə etdik, bu sahədə dostluğumuzu, əməkdaşlığımızı bir daha bəyan etdik.

Bilirsiniz ki, bu danışıqlarda xanım Olbrayt da, cənab Səndi Berger də iştirak edirdilər. Mən bundan çox məmnunam. Digər görüşlərim - enerji naziri Riçardsonla, müdafiə naziri Kohenlə, kənd təsərrüfatı naziri Qlikman ilə görüşlərim, Eksimbankda görüşüm də çox faydalı olmuşdur.

Bir özəl görüşüm də oldu, mənim üçün o da çox əhəmiyyətli idi. Bazar günü məşhur siyasətçi, bizim dostumuz cənab Bjezinskinin evində, ailəsində oldum. O, çox arzu etmişdi ki, onun ailəsi ilə - xanımı, oğlu ilə tanış oldum. Vaxtilə Amerika Birləşmiş Ştatlarının müdafiə naziri olmuş cənab Selincer, keçmişdə müdafiə nazirinin müavini olmuş səfir Vulfoviç də orada idilər.

Doğrudur, mən dəvət almışdım ki, biz sadəcə, ailəvi görüş keçirəcəyik. Ama bizim görüşümüz yenə də siyasi xarakter daşıyırdı. Çox maraqlı söhbətimiz oldu. Məsələ də bundadır ki, sizdə insanlar çox səmimi münasibətdədirlər, baxmayaraq ki, biri respublikaçı, biri demokratdır.

Yan Kalitski: Cənab prezident, çox doğru deyirsiniz. Mənim özümün də hər iki partiyadan - həm respublikaçılar, həm də demokratlar arasından olan dostlarım vardır. Bu, çox doğru müşahidədir. Vaxtilə hökumət işinə başlayarkən mənə belə bir xoşbəxtlik nəsib oldu ki, Henri Kissincerin rəhbərliyi altında işlədim. Elə bilirəm, bu işdən çoxlu təcrübə qazanmışam.

Heydər Əliyev: Təbiidir, bu, çox gözəl haldır ki, cəmiyyətdə müxtəlif partiyalara mənsub olan adamlar bir-biri ilə xoş münasibətlərdədirlər. Hesab edirəm ki, bu, demokratiyanın ən yüksək səviyyəsidir. Mən çox arzu edirəm ki, bizdə də belə olsun. Biz oturmuşduq, yemək yeyirdik. Biri bir partiyadan, o birisi digər partiyadan idi. Amma çox səmimi, dostluq münasibətləri vardı.

Yan Kalitski: Cənab prezident. Çox doğru deyirsiniz. Bir Amerika Birləşmiş Ştatlarında ümid edirik ki, Azərbaycanda da yeni seçkilər olacaq, bu seçkilərdən sonra müxtəlif partiyalardan olan insanlar arasında yaxşı, sağlam münasibətlər yaranacaqdır. Müxtəlif məsələlərdə fikir ayrılığına baxmayaraq, onlar milli məsələlərdə daim bir-birinə dəstək verəcəklər.

Heydər Əliyev: Bu, bizə çox lazımdır, həddindən artıq lazımdır. Təəssüf ki, biz bu barədə geridəyik. Doğrudur, demokratiya yolu ilə gedən yeni müstəqil ölkələrin heç biri bu səviyyəyə gəlib çatmayıbıdr. Buna müəyyən qədər zaman lazımdır, təcrübə lazımdır. İnsanlar bu mədəniyyəti - demokratiya mədəniyyətini, müxalifət mədəniyyətini, iqtidar mədəniyyətini mənimsəməlidirlər. Bunun üçün zaman və bir də istək lazımdır ki, bu, mənimsənilsin.

Yan Kalitski: Cənab prezident, bizə 200 ildən də artıq vaxt lazım olmuşdur ki, demokratik təsisatların hamısı var qüvvəsi ilə işləsin. Lakin indinin özündə də qarşımızda çətinliklər çoxdur və biz onları hələ dəf etməkdəyik. Bizə həqiqətən uzun müddət lazım oldu ki, elə cəmiyyət yaradaq ki, orada hər kəs özünü siyasi sistemin bərabər hüquqlu üzvü hesab edə bilsin.

Digər tərəfdən, cənab prezident, mən Azərbaycanda siyasi liderliyin keyfiyyətinə valeh olmuşam. Ona görə də belə fikirdəyəm ki, Azərbaycana bütün bunları həyata keçirmək üçün Birləşmiş Ştatlar kimi 200 il lazım olmayacaqdır.

Heydər Əliyev: Yox, əlbəttə ki, biz 200 il gözləyə bilmərik. Bir də ki, axı, mən 200 il yaşaya bilmərəm.

Yan Kalitski: Heç olmasa, 50 il.

Heydər Əliyev: 50 il. Bəli, bir 25 il də yaşasam, 25 ilə gəlib çata bilərik.

Yan Kalitski: Xeyr, cənab prezident. Mən elə bilirəm ki, 50 ildən az yaşamayacaqsınız. Cənab prezident, ona görə hesab edirəm ki, heç 50 il də lazım olmayacaqdır. Belə məhsuldar iş gedəndən sonra burada demokratiya tam bərqərar olacaqdır.

Heydər Əliyev: Təşəkkür edirəm. Buyurun, sizi dinləyirəm.

Yan Kalitski: Cənab prezident, Sizinlə üç mövzu ətrafında müzakirə aparmağı təklif edirəm. Birincisi - iqtisadiyyat mövzusudur. Mən istərdim ki, hazırda ölkələrimiz arasında mövcud olan iqtisadi münasibətləri və gələcək əməkdaşlığımızın konturlarını müzakirə edək. İkinci mövzu neft və qazın nəqli məsələsidir. Bu məsələni də Sizinlə müzakirə etmək istəyirəm. Üçüncüsü isə Qafqazda iqtisadi və siyasi vəziyyət və perspektivlər barədədir.

Cənab prezident, Sizə məlum olduğu kimi, Bakıya gəlməzdən əvvəl mən Türkiyədə oldum, ondan sonra Ermənistanda görüşlər keçirdim. Gürcüstanda da prezident Şeverdnadze ilə görüşdüm. Prezident Şevardnadze mənim vasitəmlə Sizə səmimi salamlarını göndərərək dedi ki, Sizinlə tezliklə görüşünü çox böyük səbirsizliklə gözləyir.

Cənab prezident, nə qədər ki, mətbuat nümayəndələri buradadır, son sözümü demək istəyirəm. Mən Sizi təbrik etmək istəyirəm - bu həftə Gürcüstan nümayəndələri ilə birlikdə İstanbulda çoxböyük tərəqqi əldə etmisiniz. Mən bunu deyərkən əsas ixrac kəmərini nəzərdə tuturam. Cənab prezident, bu münasibətlə mən ilk növbədə Sizi və prezident Şevardnadzeni təbrik etmək istəyirəm. Bu əməkdaşlığı Siz başlamısınız, onun təşəbbüskarı Siz olmusunuz. Məhz Sizin sayənizdə bu regiondan Türkiyəyə və sonra Qərbə uzanacaq boru kəməri reallığa çevrilmişdir. Elə bilirəm ki, Sizin sayənizdə, prezident Şevardnadzenin, prezident Dəmirəlin sayəsində biz Bakıdan Tbilisiyə, daha sonra Ceyhana uzanacaq boru kəmərini inşa edəcəyik və Azərbaycanın enerji ehtiyatları müvəffəqiyyətlə Türkiyəyə, oradan da Qərb bazarlarına çatdırılacaqdır.

Heydər Əliyev: Bəli, beş ildir ki, biz bunun üçün çalışmışıq. Noyabr ayında İstanbulda prezident Bill Klintonun iştirakı ilə müqaviləni imzaladıq. Ondan sonra məsələ bir az gecikdi. Amma bilirsiniz, bu, bizə görə, bizdən asılı deyildi. Gürcüstanlı dostlarımız bəzi şərtlər qoydular. Biz onlara izahatlar verdik. Amma bilirəm ki, məsələnin həll edilməsində Sizin - Amerika Birləşmiş Ştatlarının xüsusi rolu oldu. Səfir Vulf bu barədə həm Bakıda, həm Ankarada, həm də İstanbulda çox çalışmışdır. Məsələ həll edilibdir. Amma bilirsiniz, bir məsələ qalıbdır - tarif məsələsi.

Yan Kalitski: Cənab prezident, bu, kiçik məsələdir.

Heydər Əliyev: Yox, kiçik məsələ deyil, böyük məsələdir. Bu, bizim üzərimizdədir. Bəlkə Gürcüstan hesab edir ki, bu, kiçik məsələdir, çünki onlar daha yüksək tarif istəyirlər. Ancaq bunu da həll edəcəyik. Mən göstəriş vermişəm, bizim nümayəndə heyəti bu gün baş nazirin yanında bu məsələni müzakirə edir, mənə məruzə edəcəklər. Güman edirəm, mən Gürcüstana gedənə qədər bu məsələni həll edəcəyik.

Bu yaxın vaxtlarda Gürcüstana gedəcəyəm. Sadəcə, işlər çoxdur, 15 gün ölkədə olmamışdım. Mən prezident Şevardnadzeni Azərbaycanın ən yüksək ordeni ilə təltif etmişəm.

Yan Kalitski: Çox gözəl.

Heydər Əliyev: Bəli, dünən mətbuatda dərc olunubdur.

Yan Kalitski: Cənab prezident, mən tam əminəm ki, həm Gürcüstan tərəfindən, həm də Azərbaycan tərəfindən danışıq aparan şəxslər məsələni o qədər daraldacaqlar ki, Sizinlə prezident Şevardnadzenin görüşü çox uğurlu olacaqdır.

Heydər Əliyev: Yox, bu məsələ görüşə qədər həll ediləcəkdir.

Yan Kalitski: Cənab prezident, mətbuata sözünüz yoxdursa, bəlkə biz müzakirəyə keçək?

Heydər Əliyev: Sözüm yoxdur, təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 4 mart 2000-ci il.