Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda "Park Həyat" otel kompleksinin təntənəli açılışı mərasimində nitqi - 10 avqust 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Hörmətli səfirlər!

Biz bu gün Azərbaycanda, Bakıda xarici sərmayənin Azərbaycana qoyulması və onun müsbət nəticələri ilə əlaqədar olan əlamətdar bir hadisəni qeyd edirik.

Mən çox məmnunam ki, Amerika Birləşmiş Ştatlarının "Həyat Recensi" şirkəti Azərbaycana ilk gələn xarici investorlardan biridir.

Xatirimdədir, 1993-cü ildə "Həyat Recensi" şirkətinin nümayəndəsi cənab Paolo Pərviz Azərbaycana gəlib, vəziyyəti öyrənib, burada qədimdən qalan, yəni 50-ci, ya 60-cı illərdə tikilmiş "Naxçıvan" otelini icarəyə götürüb və qısa bir zamanda orada müasir tələblərə cavab verən bir otel yaradıbdır.

Mən demişdim ki, "Həyat Recensi" oteli "Həyat Recensi-Naxçıvan" oteli olsun. Çünki onun qədim adını itirmək olmaz. Artıq bir neçə ildir ki, o, Azərbaycanı ziyarət edən və müxtəlif sahələri təmsil edən insanlara xidmət edir və Azərbaycanda müasir tələblərə cavab verən otel kimi xidmətini göstərir.

İlk "Həyat" otelinin Azərbaycanda yaranması təxminən 1993-cü ildən sonra ölkəmizdə xarici investorlar üçün iş görmək şəraiti yaranmasının başlanğıcı ilə bərabər olmuşdur. Təxminən o vaxtdan, 1993-cü ilin ikinci yarısından biz Azərbaycana xarici sərmayəçilərin axınını müşahidə etdik. Bunlardan da ən böyüyü dünyanın iri neft şirkətləridir ki, biz 1994-cü ilin sentyabr ayında ilk müqaviləni, "Əsrin müqaviləsi" adlanan müqaviləni imzaladıq.

Böyük şirkətlərin, iş adamlarının Azərbaycana gəlməsi üçün, şübhəsiz ki, onların burada qısa ya uzun müddətdə yaşaması üçün müasir tələblərə cavab verən otel xidməti lazım idi və bu xidməti də bizim bəzi keçmiş otellərin modernləşdirilmiş hissələri ilə bərabər, xüsusən "Həyat" oteli yerinə yetirir. Şəxsən mən bu təşəbbüsü qiymətləndirdim və "Həyat" şirkətinin burada fəaliyyətinin genişlənməsi üçün, daha da çox iş görməsi üçün, lazımi şəraitin yaranması üçün müvafiq hökumət orqanlarına göstəriş verdim.

Bu gün mən burada yaranmış binaları seyr edərək bildirirəm ki, vaxtilə mən "Həyat" otelinə ancaq bəzi hallarda, müəyyən mərasimlər zamanı gəlirdim. Bundan sonra isə "Həyat" otelinin yanında bir bina tikildi. Xatirimdədir, orada Böyük Britaniya bankının bir hissəsi yerləşdi, yaxud bir də Böyük Britaniyanın Azərbaycandakı səfiri yerləşdi. Ancaq bunlardan başqa burada son vaxtlar yaranmış binaları görməmişdim.

Mən imkan çərçivəsində bu gün həm bu otel kompleksini, həm də ətrafda olan binaları seyr etdim və çox şadam ki, qısa müddətdə burada böyük bir otel, ofis, yaşayış, istirahət kompleksi yaranıbdır. Güman edirəm səhv etmərəm, əgər desəm ki, xaricdən gələn böyük investorlarla bərabər, yəni neft yataqlarından müştərək istifadə olunması üçün gələn böyük neft şirkətləri ilə bərabər, Azərbaycana gələn digər iş adamları, digər şirkətlərin nümayəndələri içərisində "Həyat" daha çox iş görübdür və bunlar hamısı da bu gün bizi sevindirir. Buradakı bu binaların bizim üçün əhəmiyyətli cəhəti ondan ibarətdir ki, bunlar Azərbaycana gələn, Azərbaycanı ziyarət edən, müxtəlif sahələri təmsil edən insanlara xidmət etmək üçün yaranmışdır.

Adətən, hava limanı, dəmir yolu vağzalı və bir də otel hər bir ölkənin, hər bir şəhərin demək olar ki, vizit kitabçasıdır. Yəni o şəhər barədə yaxşı bir fikir yarada bilən, yaxud da pis bir fikir yarada bilən ilk müəssisələrdir. Hansı ölkəyə gedirsən-get, orada əgər yaxşı, yüksək səviyyəli xidmət növləri ilə rastlaşırsansa, rahat olursansa və xüsusən oteldə müasir tələblərə cavab verən xidmətlərlə rastlaşırsansa və ondan istifadə edə bilirsənsə, bu, hər bir ölkəyə gələn insanı, o cümlədən Azərbaycana gələn insanı ruhlandırır, onun üçün burada daha da çox qalmaq imkanları yaradır və onun burada, Azərbaycanda iş görməsi üçün imkanlar yaradır. Bu baxımdan "Həyat" şirkətinin Azərbaycanın, Bakının bu gözəl guşəsində yaratdığı kompleks yüksək qiymətə layiqdir. Güman edirəm ki, bu, Azərbaycana gələn ziyarətçilərin hamısına beynəlxalq standartlara cavab verən, beynəlxalq standartlar səviyyəsində müxtəlif xidmətlər göstərəcəkdir.

Eyni zamanda qeyd etməliyəm ki, "Həyat" şirkəti Azərbaycanda, Bakıda müasir səviyyədə olan otel xidmətini azərbaycanlılar üçün yaradır və azərbaycanlıları bu işə cəlb edir. Bu, müstəqil Azərbaycan üçün, demokratiya, hüquqi dövlət quruculuğu prosesi ilə məşğul olan Azərbaycan dövləti üçün, bazar iqtisadiyyatını inkişaf etdirən Azərbaycan üçün çox vacib bir işdir. Biz bu kompleksdə eyni zamanda bazar iqtisadiyyatının nədən ibarət olduğunu görürük, həm də bunu bizim insanlar görür, buna alışır və bu da onları bazar iqtisadiyyatının, sərbəst iqtisadiyyatın, təşəbbüskarlığın Azərbaycanda yaranmasına, genişlənməsinə daha da ruhlandırır.

Burada yaranmış bu kompleksin bir müsbət cəhətini də qeyd etmək istəyirəm. O da ondan ibarətdir ki, bu kompleks bizim paytaxtımızın, gözəl Bakı şəhərimizin böyük bir hissəsini abadlaşdırıbdır və daha da gözəlləşdiribdir. Bütün bunlara görə mən hesab edirəm ki, "Həyat" şirkətinin Azərbaycanda gördüyü işlərə görə bu şirkətə təşəkkür etməliyik.

Mən xatırlayıram ki, 1997-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olduğum zaman Çikaqoda "Həyat" şirkətinin Pritskerlər ailəsinin nümayəndələri ilə görüşdüm, danışıqlar apardım. Onlar mənə bildirdilər ki, Azərbaycanda daha da çox iş görmək istəyirlər. Mən onlara dedim, gəlin. Siz Azərbaycanda artıq xeyli iş görmüsünüz və öz işlərinizin müsbət tərəfini göstərmisiniz. Bundan sonra da iş görə bilərsiniz. Məmnunam ki, ötən iki il müddətində həqiqətən, burada çox işlər görülübdür. Ancaq məlumdur və mən də bilirəm ki, burada bu işləri görmək asan olmamışdır. Ona görə yox ki, buna çox vəsait lazım idi, çox sərmayə qoyulmalı idi, yaxud da burada görülən işlərin yüksək səviyyədə aparılması üçün mütəxəssislər lazım idi. Bir də ona görə ki, burada "Həyat" şirkətinin və onun nümayəndəsi cənab Paolo Pərvizin iş görməsinə maneçilik göstərənlər də çox olmuşdur.

Xatirimdədir, 1994-cü ildə cənab Paolo Pərviz mənə şikayət etdi ki, burada iş görmək üçün Azərbaycanın bir hökumət orqanında bunlardan rüşvət istəyirlər. Bu da həqiqət idi. Mən həmin yüksək vəzifəli şəxsi dərhal işdən azad etdim və bir daha göstəriş verdim ki, "Həyat" şirkətinin işlərinə burada maneçilik törədilməsin. Ancaq bilirəm, bundan sonra da asan olmayıbdır. O maneçilik törədən adamlar bəzən elə yerlərdə maneçilik edirlər ki, indi hər dəfə gəlib prezidentə şikayət etməyəcəklər ki, hər dəfə gəlib mübarizə aparmayacaqlar ki! Mənim qulağıma gəlib çatır. Bir də burada çox köhnə binalar var idi, onları köçürmək lazım idi, başqa işlər görmək lazım idi. Müqavimət göstərənlər çox idi.

Məsələn, burada bir keçmiş avtovağzal var idi. Burada uzun müddət işləyirdi. İndi onun yerini mənə göstərdilər. Bu şirkətin buradakı nümayəndəsi Paolo Pərviz dedi ki, mən o avtovağzalın əvəzinə gözəl bir avtovağzal tikəcəyəm. Amma bunu götürün ki, mən burada işlərimi genişləndirdim. Gözəl təşəbbüs idi. Demək, sərmayəsinin bir hissəsini də ora qoyubdur. Azərbaycanda müasir tələblərə cavab verən avtovağzal tikibdir. Mən görməmişəm, amma bunu mənə deyirlər. Ancaq ondan sonra bu köhnə vağzalı buradan çıxarmaq, yaxud da ki, o adamları buradan uzaqlaşdırmaq asan olmamışdır. Burada nə qədər cürbəcür proseslər getmişdir. Mənə baş nazir bir neçə dəfə məruzə etdi və təəssüflər olsun ki, bizim bəzi orqanlar da qanunun keşiyində durmaq əvəzinə, qanunun icrasını təmin etmək əvəzinə belə yaramaz ünsürlərə havadarlıq etmişlər.

Mən bu gün xarici sərmayənin Azərbaycana qoyulmasının müsbət nəticəsini qeyd edərək, eyni zamanda etiraf etmək istəyirəm ki, xarici sərmayəçilər üçün, ümumiyyətlə iş adamları üçün hələ Azərbaycanda maneçilik törədən ünsürlər var. Onlar ayrı-ayrı hökumət orqanlarındadırlar, ayrı-ayrı nazirliklərdədirlər, ayrı-ayrı yerli icra orqanlarındadırlar, hüquq-mühafizə orqanlarındadırlar və başqa orqanlardadırlar. Bunların bir qismi bu maneçilikləri yaradaraq öz şəxsi məqsədlərinə nail olmaq istəyirlər, bizim apardığımız siyasətə zərbə vuraraq bu yollarla qanunsuz qazanc götürmək istəyirlər. Digər hissəsi isə sadəcə keçmiş bürokratiyanın qalıqlarıdırlar, bürokratdırlar. "Bürokrat" sözünü mən sözün ən mənfi mənasında işlədirəm. Yəni bu işləri o qədər süründürürlər, o qədər ləngidirlər, insanları o qədər get-gələ salırlar ki, iş görmək istəyən adam da artıq bezir, ya çəkilir kənara, ya da çıxıb gedir. Yaxud, elə Azərbaycanın öz sahibkarını o qədər incidirlər ki, o, sərmayəsini də qoymaq istəmir, aparır onu xarici bankda gizləyir.

Bəzən xarici ölkələrin iş adamları, ayrı-ayrı nümayəndələri mənimlə görüşərkən bu barədə öz narazılıqlarını bildirirlər və deyirlər ki, Azərbaycanda neft sənayesinə gələn şirkətlər, sərmayəçilər rahat işləyirlər. Çünki onların bütün işləri, bütün müqavilələri ən yüksək səviyyədə nəzarət altındadır. Amma başqa sərmayəçilərin, başqa investorların bir qismi, yaxud da ki, bir çoxu çox əziyyətlər çəkirlər. Mən bu şirkətlərə inanıram.

Azərbaycanın müxtəlif orqanlarında olan bu məmurlar və bəzən də təşkilatların özü bu cür hərəkətləri ilə ölkəmizin iqtisadiyyatına zərbə vururlar, bizim həyata keçirdiyimiz bazar iqtisadiyyatına zərbə vururlar, Azərbaycana xarici investisiyanın cəlb edilməsi ilə əlaqədar bizim həyata keçirdiyimiz siyasətə zərbə vururlar. Demək, bizim xalqımıza zərbə vururlar. Mən bu gün bu barədə tam açıq, aydın danışaraq Azərbaycanın bütün dövlət, hökumət orqanlarından, o cümlədən hüquq-mühafizə orqanlarından, başqa orqanlardan, yerli icra orqanlarından - hamısından tələb edirəm ki, bu nöqsanlara son qoysunlar, vəzifələrindən sui-istifadə hallarına son qoysunlar və nəhayət, anlasınlar ki, onlar müstəqil Azərbaycanın vətəndaşlarıdır, onlar müstəqil Azərbaycana xidmət etməlidirlər, öz şəxsi mənafelərinə görə bizim ümumxalq, ümummilli mənafelərimizə zərər gətirməməlidirlər.

Eyni zamanda mən xarici sərmayəçilərə müraciət edirəm, sahibkarlara müraciət edirəm, iş adamlarına müraciət edirəm və bildirmək istəyirəm ki, Azərbaycanın həm daxili, həm xarici siyasəti, həm iqtisadi-sosial siyasəti bu cür mənfi hallarla mübarizə aparır və aparacaqdır. İş adamları, sərmayəçilər Azərbaycana gəlsinlər. Biz bu halların aradan qaldırılması üçün mübarizəni daha da gücləndirəcəyik və iş adamları üçün, xarici sərmayəçilər üçün bundan da yaxşı şərait yaradacağıq.

"Həyat Recensi" şirkətinin gördüyü işlər göstərir ki, əgər əzmkarlıq etsən, əgər çalışsan, əgər vuruşsan hər şeyə nail olmaq olar.

Mən bu ilin əvvəlində bəyan etmişdim ki, sahibkarlarla, Azərbaycanda iş görən şirkətlərin nümayəndələri ilə, iş adamları ilə müxtəlif görüşlər keçirəcəyəm, onları dinləyəcəyəm və əlavə tədbirlər həyata keçirəcəyik. Təəssüflər olsun ki, sizə məlum olan bəzi səbəblərdən mən bu fikrimi, bu istəyimi vaxtında həyata keçirə bilmədim. Ancaq güman edirəm ki, mən bu fikrimin üzərində dururam və bu işləri, yəni sahibkarlığı Azərbaycanda inkişaf etdirmək üçün, xarici sərmayənin Azərbaycana gəlməsini həvəsləndirmək üçün bundan sonra da cürbəcür tədbirlərin həyata keçirilməsini təmin edəcəyəm və özüm də şəxsən bu işlərlə məşğul olacağam.

"Həyat Recensi" şirkətinin Azərbaycanda gördüyü işləri bir daha alqışlayıram. "Həyat Recensi" şirkətini bundan sonra da Azərbaycanda daha çox işlər görməyə dəvət edirəm və onlara bütün işlərində yeni-yeni uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 13 avqust 1999-cu il.