Özbəkistanın milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 31 avqust 1999-cu il


Hörmətli səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Özbəkistanın milli bayramı - Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm. Qardaş özbək xalqına sülh, firavanlıq və səadət arzulayıram.

Özbəkistanla Azərbaycan arasında dostluq münasibətlərinin böyük tarixi var. Burada cənab səfir bu əlaqələri, bu dostluğu təsdiqləyən çoxlu faktlar gətirdi. Lakin indi ən maraqlısı istər Özbəkistanın, istərsə də Azərbaycanın dövlət müstəqilliyi yolu ilə getdiyi, azad ölkələr, müstəqil dövlətlər olduğu dövrdür. Buna görə də Özbəkistanın müstəqilliyinin 8-ci ildönümünün bayram edilməsi özbək xalqı üçün də, Azərbaycan xalqı üçün də tarixi hadisədir.

Bu 8 ildə Özbəkistan böyük yol keçmiş və böyük uğurlara nail olmuşdur. Məncə, ən başlıcası budur ki, Mərkəzi Asiyanın iri dövləti, böyük sayda əhalisi, çox böyük iqtisadi potensialı olan Özbəkistan öz dövlət müstəqilliyini qorumuş və möhkəmlətmişdir.

Müstəqil dövlət olaraq Özbəkistan Mərkəzi Asiyanın, bütün Asiyanın həyatında mühüm rol oynayır, bütün dünya siyasətində fəal iştirak edir. Özbəkistanın mövqeyi həmişə aydın və dəqiqdir, suverenlik, azadlıq və müstəqillik prinsipinə əsaslanır. Bir çox digər amillərlə yanaşı, bu da bizi çox yaxınlaşdırır və münasibətlərimizi, dostluğumuzu möhkəmləndirir.

Son illərdə Özbəkistanla Azərbaycan arasında olduqca yaxşı münasibətlər yaranmışdır. Bu gün, görünür, onu da qeyd etmək lazımdır ki, istər Özbəkistanın, istərsə də Azərbaycanın müstəqilliyinin ilk illərində ölkələrimiz arasında münasibətlər baş tutmadı. Diplomatik münasibətlər də, bir-birimizə nümayəndə heyətləri göndərilməsi də, çoxsaylı sənədlər imzalanması da ancaq 1995-ci ildən sonra mümkün oldu. Görünür, burada Özbəkistan tərəfindən deyil, məhz Azərbaycan tərəfindən asılı olmuş səbəblər vardı. Bunu çoxları gözəl bilir. Bu səbəblər o vaxtkı - Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra hakimiyyətə gəlmiş iqtidarın yeritdiyi yanlış siyasətin nəticəsi idi.

Xoşbəxtlikdən, bunu çox tez aradan qaldırmaq mümkün oldu. Axı xalqlarımız arasında dostluğun, bir daha nəzərə çarpdırıram, dərin tarixi, zəngin ənənələri var və heç kim onlara xələl gətirməyə, onları pozmağa və ya qırmağa qadir deyildir. Subyektiv xarakterli ayrı-ayrı cəhdlər xalqlarımızın dostluğuna təsir göstərə bilməmişdir.

O ki qaldı dövlətlərarası münasibətlərə, diplomatik münasibətlərə, onlar prezident İslam Kərimovun iradəsi ilə və Azərbaycan prezidentinin iradəsi ilə yaranmış və qısa müddətdə çox uğurlu inkişaf tapmışdır.

Həm Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana, həm də Azərbaycan prezidentinin Özbəkistana rəsmi səfərləri zamanı, istər Özbəkistan torpağında, istərsə də Azərbaycan torpağında görüşlər zamanı, beynəlxalq müşavirələrin, görüşlərin gedişində, görüşlər zamanı, beynəlxalq təşkilatların işində iştirak zamanı da aramızda çoxlu təmaslar olur. Bu təmaslar, xüsusən də Özbəkistan və Azərbaycan prezidentləri arasında təmaslar müxtəlif səviyyələrdə baş verir. Belə təmaslar dövlətlərarası münasibətlərlə bağlı məsələlərin həllində, bu münasibətlərin inkişafının təmin olunmasında və hər cür maneələrin aradan qaldırılmasında bizə fəal kömək edir.

Bütün bunlar qısa müddətdə gözəl nəticə vermişdir. Həqiqətən, Özbəkistan Transqafqaz magistralından istifadə olunmasına dair TRACEKA proqramının həyata keçirilməsində lap əvvəldən çox fəal iştirak edir. Asiya regionundan Avropaya göndərilən yüklərin ən çox hissəsi Özbəkistandan və Xəzər dənizindən, Bakıdan keçərək Avropaya və oradan da Asiyaya bu dəhlizlə daşınır. Görünür, bu, Özbəkistana çox sərfəlidir. Biz şadıq ki, Özbəkistan belə imkana malikdir və ondan istifadə edir.

TRACEKA proqramının inkişafında və tarixi İpək yolunun bərpasında Özbəkistanın rolunu xüsusi qeyd etmək istəyirəm. Ötən ilin sentyabrında Bakıda TRACEKA proqramına və tarixi İpək yolunun bərpasına dair beynəlxalq konfransda Özbəkistan və prezident İslam Kərimov çox böyük töhfə vermiş və bütün sənədləri imzalamışlar.

Biz MDB, Birləşmiş Millətlər Təşkilatı, ATƏT və bu yaxınlarda yaradılmış GUÖAM kimi təşkilat çərçivəsində fəal əməkdaşlıq edirik. Bu ilin aprelində biz - Ukrayna, Gürcüstan, Moldova, Özbəkistan və Azərbaycan prezidentləri - Vaşinqtonda görüşüb, regional təşkilatımızın məsələlərini müzakirə etdik. Təşkilatımızın məqsədi iqtisadi, mədəni əməkdaşlıq üçün, ölkələrimizin, xalqlarımızın yaxınlaşması üçün daha səmərəli tədbirlər həyata keçirməkdir.

Zənnimcə, gələcəkdə dövlətlərimiz arasında həyata keçiriləcək bir çox digər layihələr də var. Hər halda, böyük fərəh hissi ilə deyə bilərəm ki, müstəqil Özbəkistanla müstəqil Azərbaycan arasında hazırda dostluq, qardaşlıq münasibətləri mövcuddur. Biz bu münasibətlərin inkişaf etməsi və möhkəmlənməsi üçün öz tərəfimizdən bütün tədbirləri görəcəyik.

Özbəkistan Mərkəzi Asiyanın mürəkkəb bölgəsində yerləşir. Orada yaxınlıqda müxtəlif proseslər və çox ciddi münaqişələr baş verir. Allaha şükür ki, belə çətin vəziyyətdə Özbəkistan dövləti öz ölkəsini hər cür qəsdlərdən qoruyur, müdafiə edir, müstəqilliyi möhkəmləndirir və öz dövlətinin inkişafı üçün, öz müstəqilliyinin möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

Bu gün, milli bayram günü özbək xalqına sülh və firavanlıq arzulamaq istəyirəm. Müstəqil Özbəkistan dövlətinə öz müstəqillik prinsiplərini həyata keçirməkdə bu cür mərdlik, mətanət və əzmkarlıq arzulamaq istəyirəm.

Özbəkistan prezidentinə, dostum İslam Kərimova Özbəkistana rəhbərlik sahəsində də, Asiya regionunda sülhün və əmin-amanlığın daha da möhkəmlənməsi sahəsində də böyük və çox mühüm fəaliyyətində uğurlar arzulamaq istəyirəm.

Sizi bayram münasibətilə bir daha təbrik edirəm. Səadət və firavanlıq arzulayıram.