Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabat Zirvə Görüşündə nitqi - 13 may 1997-ci il


Hörmətli cənab sədr!

Zati-aliləri!

Qonaqpərvərliyə görə və İqtisadi Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının gözəl Aşqabat şəhərində yaxşı hazırlandığına görə Turkmənistan rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Hörmətli Saparmurad Niyazov, sizi görüşümüzün sədri seçilməyiniz münasibətilə təbrik edirəm.

Ümidvaram ki, bizim zirvə toplantısı sülh, sabitlik və xalqlarımızın tərəqqisi naminə EKO bölgəsində səmərəli iqtisadi əməkdaşlığın dərinləşməsi və genişlənməsi yolunda mühüm addım olacaqdır.

Hörmətli cənablar!

Görüşümüz nəqliyyat, kommunikasiya və energetika sahəsində layihələrin müzakirəsinə həsr edilmişdir.

Bizim çox böyük təbii ehtiyatlarımızın olması, Avropa ilə Asiyanın, Şimal və Cənubun qovuşuğunda əlverişli coğrafi mövqeyimiz bu sahədə uğurlu əməkdaşlıq üçün bölgəmizin enerji ehtiyatlarının, malların və yüklərin nəql edilməsinin etibarlı və səmərəli sistemləri zonasına çevrilməsi üçün əlverişli şərait yaradır.

Nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığı inkişaf etdirmək ideyası EKO-nun əsas sənədinin - İzmir müqaviləsinin başlıca ideyalarından biridir. Bu sənəddə sabit iqtisadi yüksəlişin və EKO-nun üzvü olan ölkələr arasında səmərəli iqtisadi əməkdaşlığın təmin edilməsi üçün bu sektorun həyati əhəmiyyətə malik olduğu nəzərə çarpdırılır.

EKO bölgəsinin nəqliyyat-kommunikasiya infrastrukturlarını onun iqtisadi inkişafının potensial imkanlarına və dünya standartlarına uyğunlaşdırmaq vaxtı gəlib çatmışdır.

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yaradılması yolu ilə müasir Avroasiya tranzit nəqliyyat şəbəkəsinin təşkili əməkdaşlığın bu istiqamətində perspektivlidir.

Dəmiryol nəqliyyatının fəaliyyətini əlaqələndirmək haqqında və tranzit daşımaları sahəsində əməkdaşlıq haqqında Sərəxsdə dördtərəfli saziş imzalamış olan Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan bu istiqamətdə ilk addım atmışlar. Yeni Transqafqaz nəqliyyat dəhlizi uğurla sınaqdan çıxarılmışdır və Avropa ilə Asiya arasında yük daşınmasını təmin edir. Bir sıra digər ölkələr - Qırğızıstan, Qazaxıstan, Ukrayna, Moldova, Bolqarıstan və başqaları bu sazişə qoşulmaq istədiklərini bildirmişlər.

Bu layihənin tam həcmdə həyata keçirilməsi üçün beynəlxalq maliyyə təsisatları, beynəlxalq təşkilatlar və ən əvvəl, Avropa Birliyi həlledici yardım göstərə bilərlər. Orta Asiya və Zaqafqaziya ölkələrinin imkanları və maraqları nəzərə alınmaqla onlar üçün TRASEKA regional proqramlarının işlənib-hazırlanmasına Avropa Birliyinin göstərdiyi yardım xüsusilə nəzərə çarpır.

Yaradılmaqda olan Avroasiya dəhlizi infrastrukturunun əsas pillələri Xəzər dənizinin və Qara dənizin limanlarıdır, habelə mövcud dəmiryol və avtomobil magistrallarıdır.

Sərəxs sazişi və TRASEKA proqramları EKO bölgəsində gəmiçilikdən və liman təsərrüfatından səmərəli istifadə üçün yaxşı zəmin yaradır, çünki yüklər dəniz bərəsi ilə Türkmənbaşı - Bakı istiqamətində daşınır.

Artıq bu gün Bakı limanı nəqliyyatın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində bölüşdürülməsi qovşağının funksiyasını yerinə yetirmək iqtidarındadır və Xəzər hövzəsindəki bütün limanlar arasında ən güclü və yüksək texniki təchizata malik limandır. Onun imkanları İranın Ənzəli və Noşəhr limanlarına, habelə Türkmənbaşı, Mahaçqala, Həştərxan və Aktauya gedən yüklərin vurulması və boşaldılması işlərini tamamilə təmin etməyə şərait yaradır.

Bakı limanının və Xəzərdəki digər limanların inkişaf etdirilməsi işləri onlara ticarət-kommersiya mərkəzləri funksiyaları verilməsi yolu ilə həyata keçirilməlidir. Bununla əlaqədar iri proqramlara ehtiyac yaranır. Elə proqramlara ki, mövcud infrastrukturu beynəlxalq standartlara yaxınlaşdırmaq məqsədilə burada həm dəmiryolunun, avtomobil magistrallarının ayrı-ayrı qovşaqlarının, həm də liman təsərrüfatının yenidən qurulması, modernləşdirilməsi və inşası nəzərdə tutulsun.

Bu dediklərimi nəzərə alaraq, bütün əlaqədar tərəflərin iştirakı ilə Avroasiya dəhlizi ölkələri nəqliyyat nazirlərinin daimi konfransını təsis etmək, zənnimcə məqsədəuyğun olardı. Bu isə Avroasiya nəqliyyat dəhlizinin lazımınca fəaliyyət göstərməsi məsələlərini operativ həll etməyə və həmin istiqamətdə əməkdaşlıq proqramlarının işlənib hazırlanmasına vahid mövqedən yanaşmağa imkan verərdi.

Xəzər dənizinin Azərbaycan sektorunda və digər Xəzəryanı dövlətlərdə zəngin neft-qaz yataqlarının işlənməyə başlanması ilə əlaqədar bu ölkələrdən Azərbaycan ərazisi ilə keçib Aralıq dənizi və Qara dəniz limanlarına çıxacaq neft-qaz kəmərləri çəkilməsi haqqında danışıqlar aparılır.

Azərbaycanın dəmiryol və suüstü vasitələrindən, boru kəmərlərindən istifadə olunması nəzərdə tutulan bir çox variantlar müzakirə edilir. Bu isə əslində Avroasiya nəqliyyat dəhlizinin ən mühüm elementlərindən birinin işə salınması deməkdir. Zənnimcə, Türkmənistandan Xəzər vasitəsilə Azərbaycana, buradan isə Türkiyəyə qaz kəməri çəkilməsi çox səmərəli layihədir. Biz qısa müddətdə bu layihənin nəzərdən keçirilməsini və onun əməli surətdə reallaşdırılmasına başlanmasını zəruri hesab edirik.

Biz Qazaxıstanın "Tengiz" yatağından enerji ehtiyatlarını Xəzər dənizi vasitəsilə və Azərbaycan ərazisi ilə Türkiyəyə nəql etmək təkliflərinə böyük əhəmiyyət veririk. Bu məsələ Qazaxıstan prezidenti hörmətli Nursultan Nazarbayevlə müzakirələrimizin mövzusu olmuşdur və mən onun işlənib təkmilləşdirilməsini və əməli qərarlar qəbul edilməsini lazım bilirəm.

Hörmətli cənablar!

Bizim zirvə toplantısının işi sübut edir ki, EKO bölgəsində vahid kommunikasiya məkanı yaradılmasının yeni, mühüm mərhələsi başlanmışdır.

Mən Aşqabat Bəyannaməsini hazırlamış olan işçi qrupuna öz ehtiramımı və təşəkkürümü bildirirəm. Bu bəyannamə bölgəmizdə müasir, yüksək səmərəli nəqliyyat-kommunikasiya sistemi yaradılması və onun ümumdünya sistemləri ilə birləşdirilməsi sahəsində planlı, əməli işin yaxşı bünövrəsini qoyur.

Əminəm ki, bu gün qəbul olunan bəyannamədə əksini tapan layihələrin həyata keçirilməsi EKO ölkələrinin qarşılıqlı surətdə faydalı əməkdaşlığına və nəticə etibarı ilə sabit sülhün və ölkələrimizin, xalqlarımızın tərəqqisinin təmin olunmasına kömək edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 15 may 1997-ci il.