Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş "Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir" mövzusunda keçirilmiş beynəlxalq konfransda çıxışı - 11 sentyabr 2000, Vaşinqton


Hörmətli sədr!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatasının beşinci ildönümü münasibətilə və bu palatanın dördüncü konfransının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Konfransın işinə və ümumiyyətlə, Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının gələcəkdə bütün işlərində uğurlar arzulayıram.

Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatasının yaranması heç də təsadüfi hadisə deyildir. Azərbaycan 1991-ci ilin sonunda dövlət müstəqilliyi əldə etdikdən sonra həyatın çox çətin sınaqlarından keçmişdir. Bunu bilirsiniz, Azərbaycanı o vaxtlar görmüş və onun vəziyyəti ilə tanış olmuş adamlar yəqin ki, bunu xatırlayırlar.

İnsan elə bir məxluqdur ki, o, pis şeyi, mənfi şeyi tez unudur. Amma tarix bu şeyləri unutmur, öz səhifələrinə yazır və maraqlanmaq istəyənlər həmişə bunlarla tanış ola bilərlər.

Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman çox ağır bir vəziyyət içərisində idi. Birincisi, bir neçə il idi ki, Ermənistan ilə Azərbaycan arasında müharibə gedirdi və müharibənin də səbəbi hələ 1988-ci ildə Ermənistanın Azərbaycana etdiyi torpaq iddiası ilə əlaqədar idi. Yəni Ermənistan Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağ Vilayətini Azərbaycandan qopardıb Ermənistana birləşdirmək məqsədi ilə münaqişəyə başlamışdı. Bu münaqişə sonra müharibəyə çevrilmiş, qan tökülmüş, on minlərlə insan tələf olmuş, bir o qədər də insan əlil olmuş, xəsarət almışdır. On minlərlə ailə övladsız, qadınlar ərsiz qalmışdır. Təbiidir ki, bu, Azərbaycan üçün böyük faciə olmuşdur. Bunların nəticəsində və bir neçə başqa səbəblərə görə, - açığını desək, bəzi dövlətlər tərəfindən Ermənistana o vaxt göstərilən hərbi yardıma görə və eyni zamanda Azərbaycanın daxilində də ictimai-siyasi sabitlik olmadığına görə, - Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal etməyə nail olmuşlar. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı - kişi, qadın, uşaq zorla çıxarılmışdır. Bu xəritədə siz yaşıl, qırmızı, bir də sarı rənglə rənglənmiş bir hissəni görürsünüz. Bu, Azərbaycan ərazisinin 20 faizidir. Qırmızı rənglə rənglənən ərazi Dağlıq Qarabağ Muxtar Vilayətidir. Bu vilayət 1923-cü ildə qeyri-qanuni olaraq yaradılmışdı. Azərbaycanın daxilində bir muxtar vilayət yaratmaq, elə o vaxt demək olar ki, Azərbaycanın ürəyinə süngü sancılması kimi bir şey idi.

Ancaq o vaxt, Sovetlər İttifaqı təzəcə qurulduğu zaman onun tərkibində olan müttəfiq respublikaların xəritələrini təəssüf ki, xalqın iradəsi ilə yox, tarixi həqiqətə görə yox, istədikləri kimi yaradırdılar. O vaxt da Sovetlər İttifaqının rəhbərlərinin içərisində erməni millətinə mənsub olan insanlar az deyildilər.

Münaqişə başlayan zaman, yəni 1988-ci ildə, Dağlıq Qarabağda cəmi 170 min insan yaşayırdı. Bunun 30 faizi azərbaycanlı, 70 faizi erməni idi. İndi təsəvvür edin ki, 80 il bundan öncə orada nə qədər əhali olubdur. Yəqin ki, bir on dəfə az. Amma buna baxmayaraq, ermənilərin iddialarına əsasən belə bir muxtar vilayət yaranıbdır.

Sovetlər İttifaqının tərkibində muxtar vilayətlər, muxtar respublikalar, ümumiyyətlə, Sovetlər İttifaqının strukturuna daxil olan qurumlar bir muxtar vilayət, muxtar respublika öz hüdudları çərçivəsində və öz səlahiyyətləri içərisində yaşayırdı. Ancaq, 1987-1988-ci illərdə Sovetlər İttifaqı, kommunist hakimiyyəti artıq laxlamağa başladı. Bu zaman da Ermənistanın təcavüzkar separatçıları Dağlıq Qarabağın Azərbaycandan qoparılması, Ermənistana verilməsi üçün fürsət əldə etdilər. Buna görə də həmin münaqişə başladı.

Bu münaqişə getdiyi zaman Azərbaycanın daxilində xalqı birləşdirib münaqişənin qarşısını birlikdə almaq, torpaqların qorunması üçün müharibə aparmaq əvəzinə, təəssüflər olsun ki, ayrı-ayrı siyasi qüvvələr silahlı dəstələrinin olmasından istifadə edərək daxildə hakimiyyət mübarizəsi apardılar. Bütün bunların hamısı Ermənistan silahlı qüvvələrinin həmin böyük bir ərazini işğal etməsinə səbəb olmuşdur.

Onu da bildirmək istəyirəm ki, Dağlıq Qarabağın ətrafında olan yaşıl və sarı rənglə rənglənmiş ərazilərin Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir aidiyyatı yoxdur. Burada sırf azərbaycanlılar yaşayıblar və Azərbaycan rayonlarıdır. Dağlıq Qarabağ da Azərbaycanındır, amma orada əhalinin bir az çoxu erməni olduğuna görə, onlara muxtar vilayət statusu verilmişdir.

Beləliklə, gördüyünüz bütün bu ərazidən əhali - bir milyondan artıq azərbaycanlı çıxarılıbdır. Dağlıq Qarabağda olan azərbaycanlılar oradan, təbiidir ki, hələ 1989-cu ildə çıxarılmışdır. Ancaq Dağlıq Qarabağın ətrafında olan rayonların əhalisi müharibənin sonrakı gedişi zamanı, təxminən 1992-1993-cü illərdə oralar işğal olunarkən çıxarılmışdır. Yəni bir milyon azərbaycanlı, bizim vətəndaşımız öz yerindən-yurdundun məhrum olub və 8 ildir ki, çadırlarda yaşayır. Dünyada analoqu olan belə bir şey yoxdur.

İndi dünyanın bəzi ölkələrində, müxtəlif regionlarında da iki il, üç il, dörd il davam edən münaqişələr vardır. Amma bu qədər böyük tarixi olan münaqişə və eyni zamanda 8 milyon əhalisi olan Azərbaycan əhalisinin bir milyonunun öz ölkəsinin içərisində köçkün vəziyyətində, çadırlarda yaşaması, təbiidir ki, dünyada analoqu olmayan bir haldır.

Bütün bunlara baxmayaraq, biz 1994-cü ilin may ayında müharibənin dayandırıl­masının tərəfdarı olduq. Ermənistanla Azərbaycan arasında atəşin kəsilməsi və sülh danışıqları aparılması haqqında saziş imzalandı.

Altı ildən artıqdır ki, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Ancaq, təəssüflər olsun ki, hələ ki, məsələni həll edə bilməmişik.

1992-1993-cü illərdə Ermənistan silahlı qüvvələri Azərbaycanın bir neçə rayonunu işğal etdikləri zaman Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qətnamələr qəbul edibdir. Dörd dəfə qətnamə qəbul olunub və bu qətnamələrdə göstərilibdir ki, birincisi, Azərbaycanın ərazi bütövlüyü, sərhədləri toxunulmazdır və Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxmalıdırlar. Ancaq, təəssüflər olsun ki, Birləşmiş Millətlər Təşkilatının bu qətnamələri indiyə qədər kağız üzərində qalıb və məhz buna görə, bir neçə gün bundan öncə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin iclasında mən BMT-nin və onun Təhlükəsizlik Şurasını bu qədər acizliyinə görə və öz qərarlarının yerinə yetirilməsini təmin edə bilmədiklərinə görə ciddi tənqid etmişəm.

Məsələnin həll olunması üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu yaranıbdır və bu qrupa həvalə edilibdir ki, sülh danışıqları aparsın. Minsk qrupu bir neçə dəfə müvafiq təkliflər veribdir. Azərbaycan həmin təklifləri qəbul etmişdir. Buna baxmayaraq, Ermənistan tərəfi öz üstünlüyündən, yəni Azərbaycan torpaqlarını işğal etməsindən sui-istifadə edərək bu təkliflərdən imtina etmişdir.

1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə məsələnin həlli üçün, - deyə bilərəm ki, Azərbaycan üçün o qədər xeyirli olmasa da, - bu vəziyyətdən çıxmaq üçün bir sənəd qəbul olundu, biz bu sənədi qəbul etdik. Amma Ermənistan qəbul etmədi. Bu sənədin məğzi ondan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Deməli, bütün işğalçı ordu dəstələri Azərbaycandan çıxmalıdır. Dağlıq Qarabağa Azərbaycan dövlətinin daxilində ən yüksək dərəcəli özünüidarə statusu verilməlidir. Bu, Ermənistan üçün çox xeyirli bir şeydir. Amma onlar bunu da qəbul etmədilər. Ondan sonra Minsk qrupunun həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa - dünyanın böyük ümidlər bəslədiyimiz üç böyük dövləti təəssüf ki, indiyə qədər bu məsələnin həll edilməsinə nail olmamışlar. Hər dəfə vədlər vermişlər, amma onu yerinə yetirməmişlər.

Keçən il, yəni 1999-cu ilin əvvəlindən bu vəziyyətdən çıxmaq üçün Ermənistan və Azərbaycan prezidentləri arasında bilavasitə görüşlər başlandı. Bundan öncə onu demək istəyirəm ki, həmin Lissabon zirvə görüşündə verilən təklifləri Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan qəbul edirdi. 1997-ci ilin sonunda biz artıq saziş bağlaya bilərdik. O, bu barədə bəyanatlar da verdi. Amma Ermənistanın daxilində və ətrafında olan bəzi qüvvələr ona bu imkanı vermədilər. O, öz vəzifəsindən, yəni Ermənistanın prezidenti vəzifəsindən istefa verdi. Bundan sonra onun yerinə bugünkü prezident Robert Koçaryan seçildi. O, Ter-Petrosyanın o vaxtkı qərarının əleyhinə idi.

1998-ci ildə Ermənistanda yeni prezident seçildiyinə görə danışıqlar olmadı. Amma 1999-cu ildə Azərbaycan və Ermənistan prezidentləri - Əliyev və Koçaryan arasında danışıqlar başlandı. Bu danışıqlar müəyyən bir mərhələdə, deyə bilərəm ki, uğurlu oldu və hər iki prezident belə fikirdədir ki, məsələni həll etmək üçün ikitərəfli kompromislərə getmək lazımdır. Yəni Ermənistan da, Azərbaycan da gərək kompromislərə getsin. Hesab edirəm ki, indi bu, doğru yoldur. Başqa cür mümkün deyil. Ancaq təəssüflər olsun ki, 1999-cu ilin oktyabr ayında Ermənistanda sizə məlum olan böyük bir terror hadisəsi baş verdi.

Orada terroristlər parlamentə gələrək parlamentin başçısını, baş naziri və parlamentin bir neçə üzvünü öldürdülər. Ermənistanın daxilində vəziyyət çox gərginləşdi. Bizim bu danışıqlarımız müəyyən qədər dayandı. Ancaq biz danışıqları davam etdiririk. Nyu-Yorkda da biz - Ermənistan, Azərbaycan prezidentləri görüşdük və danışdıq. Qərara gəldik ki, danışıqları davam etdirək.

Mən bu gün bəyan edirəm ki, Azərbaycan müharibənin yenidən başlanmasının tərəfdarı deyildir. Məsələnin sülh yolu ilə həll olunmasına çalışır və çalışacaqdır. Amma Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalıdır. Dağlıq Qarabağa Azərbaycanın daxilində yüksək dərəcəli özünüidarə statusu verilə bilər.

Bu, mənim sizə verəcəyim vacib bir məlumatdır. Çünki əgər bunu bilməsəniz, dövlət müstəqilliyi əldə edəndən sonra Azərbaycanın keçdiyi yolu yaxşı bilməzsiniz.

Onu da əlavə edim ki, - burada cənab Matskе bunu qeyd etdi - Amerika Birləşmiş Ştatlarının Konqresi də bu işdə ədalətli olmaq əvəzinə, məsələlərin həllinə səy göstərmək əvəzinə, 1992-ci ilin oktyabr ayında Azərbaycana qarşı ədalətsiz, ayrı-seçkilik xarakteri daşıyan bir qanun düzəlişi etdi. Həmin düzəlişə əsasən, guya Azərbaycan Ermənistanı blokadaya aldığına görə, Konqres Azərbaycanı Amerika Birləşmiş Ştatlarının yeni müstəqillik əldə etmiş dövlətlərə göstərdiyi yardımlardan tamamilə məhrum etmişdir.

Bu, paradoksdur. Ermənistan Azərbaycanın torpaqlarını işğal edibdir. Əgər blokadadan söhbət gedirsə, Azərbaycandan keçən dəmir yolu, bax, görürsünüzmü, oradan İran sərhədi ilə keçir, gəlib buradan Ermənistana gedir. Bu xəritədə görürsünüz ki, həmin dəmir yolunun 130 kilometri Ermənistanın işğalı altındadır. Həmin yolu işğal etdiklərinə görə Azərbaycan bu dəmir yolundan istifadə edə bilmir. Azərbaycanın bir hissəsi olan Naxçıvan Muxtar Respublikası bütün kommunikasiya xətlərindən məhrum olubdur. Biz Naxçıvanla yalnız hava yolu ilə, təyyarələr vasitəsilə əlaqə saxlayırıq. İndi təsəvvür edin, kim kimi blokadaya alıbdır, Azərbaycan Ermənistanı, yoxsa Ermənistan Azərbaycanı? Amma Amerikanın Konqresində məsələ tərsinə qəbul olunubdur. Neçə illərdir ki, biz bu sahədə çalışırıq. Amerikanın hökuməti deyir ki, bu, ədalətsiz bir maddədir, bunu ləğv etmək lazımdır. Konqresin bir çox üzvləri deyirlər ki, ədalətsiz maddədir, ləğv etmək lazımdır.

1997-ci ildə mən Amerika prezidenti cənab Klintonla bəyanat imzalamışam. Orada onun da, mənim də imzam vardır ki, 907-ci maddə ləğv olunmalıdır. Bizim dostlarımız, bizimlə əməkdaşlıq edən neft şirkətləri də bu barədə çox çalışırlar. Mən bura gələndən bir gün əvvəl, "Ekson Mobil" şirkəti hansısa qəzetdə bu barədə, yəni 907-ci maddənin götürülməsi üçün bir məqalə də vermişdi. Ancaq həmin maddəni götürmək mümkün deyildir.

Nə üçün? Hər dəfə bizə cavab verirlər ki, Konqresdə ermənipərəst üzvlər çoxdur, səsvermə zamanı səsin çoxunu onlar götürürlər. Ona görə də 907-ci maddəni götürmək olmur.

Bilirsiniz, mən bu gün sizinlə açıq danışıram. Bunu təkcə sizə demirəm, bütün Amerika cəmiyyətinə deyirəm. Amerikanı dünyada ən ədalətli dövlət hesab edirlər. Mən də belə fikirdəyəm. Həm demokratik, həm ədalətli, həm humanist bir dövlətdir. Ancaq ədalətli, demokratik, humanist dövlətdə bu qədər ədalətsiz qanun qəbul olunursa və Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları, hökuməti, Konqresi ayrı-ayrı deputatların, yaxud konqresmenlərin, necə deyərlər, subyektiv fikirlərinə görə bu məsələnin ədalətli həllinə nail ola bilmirsə, onda bilin ki, burada biz çox şey itirmişik. Amma Amerika Birləşmiş Ştatları da çox şey itirir. Çünki o, ədalətlilik imicini itirir. Amerika Birləşmiş Ştatlarının hökuməti bunu bilməlidir.

Biz bu gün də çalışırıq və çalışacağıq. İş onda deyil ki, məsələn, Amerika Birləşmiş Ştatları Ermənistana ildə yüz milyon dollar birbaşa yardım göstərir, Gürcüstana, Orta Asiya ölkələrinə yardım edir, bizə isə bu qanun qadağan etdiyinə görə yardım göstərmir.

Əlbəttə ki, ildə yüz milyon dollar ağır iqtisadi vəziyyətdə yaşayan Azərbaycan üçün, elə həmin o qaçqınlarımıza çox vacibdir. Ancaq biz çox çətin dövrlər yaşamışıq, bunu da yaşayarıq. Məsələ bunda deyil, məsələ bunun mənəvi tərəfindədir. Məsələ maddi tərəfində deyil, ondadır ki, biz ayrı-seçkiliyə məruz qaldıq. Bizə qarşı ayrı-seçkiliyə heç bir əsas yoxdur.

Bax, belə bir şəraitdə Azərbaycan müstəqil bir dövlət kimi yaşamağa başlamışdır. Belə bir vəziyyətdə, dediyim kimi, Azərbaycanın daxilində müxtəlif silahlı qüvvələr çalışmışdılar ki, hakimiyyəti ələ keçirsinlər, dövlət çevrilişlərinə silahlı cəhd etmişdilər.

1993-cü ildə Azərbaycanda artıq vətəndaş müharibəsi başlanmışdı və ölkə dağılmaq təhlükəsi qarşısında idi. Bilirsiniz ki, mən o vaxt Bakıda yaşamırdım. Xalq məni Azərbaycana dəvət etdi. Azərbaycana rəhbərlik etmək vəzifəsini öz üzərimə götürməyi xalq məndən xahiş etdi. Mən də bununla razı oldum, o vaxtdan da Azərbaycan Respublikasının prezidentiyəm.

Ancaq ondan sonra da biz çətin dövrlər yaşadıq. Mənim yenidən hakimiyyətdə olduğum zaman ayrı-ayrı silahlı qüvvələr iki dəfə dövləti devirmək istədilər. Ancaq biz bunun qarşısını xalqın gücü ilə aldıq. Silah gücü ilə yox, xalqın gücü ilə aldıq. Azərbaycanda daxili vəziyyəti sabitləşdirməyə başladıq. 1994-cü il, 1995-ci il demək olar ki, dönüş illəri oldu. Ondan sonrakı illər Azərbaycanda ictimai-siyasi sabitlik tamamilə təmin olundu.

Məhz belə şəraitdə, 1994-cü ilin sentyabr ayında, deməli, altı il bundan öncə ilk dəfə dünyanın böyük neft şirkətləri ilə, xüsusən Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində ölkəmizin zəngin neft yataqlarının müştərək işlənilməsi üçün müqavilə imzaladıq. O müqavilənin imzalanmasından altı il keçir. Bu, o qədər də böyük vaxt deyildir. Ancaq o müqavilə həm bizim ölkəmiz üçün, həm də onu imzalamış 11 böyük neft şirkəti üçün, o cümlədən, Amerika Birləşmiş Ştatlarının şirkətləri üçün böyük hadisə oldu. O müqavilə ümumiyyətlə Xəzər dənizinin enerji ehtiyatlarını - neft və qaz resurslarını dünya ölkələrinin istifadə etməsi üçün yol açdı.

Azərbaycan geoloqları Xəzər dənizini çox yaxşı bilirlər. Azərbaycanda biz hələ 50 il bundan öncə, Sovetlər İttifaqı dövründə dənizdə neft hasil etdik. O vaxt nə Şimal dənizində, nə Meksika körfəzində, nə də başqa yerdə dənizdən neft çıxarılmırdı.

Azərbaycan 1948-ci ildə dünyada ilk dəfə dənizdə neft fontanı alıbdır, yəni sənaye üsulu ilə neft çıxarmağa başlayıbdır. 1949-cu ildə isə ölkəmiz dünyada ilk dəfə olaraq dənizin dərinliklərindən neft hasil etməyə başlayıbdır. Bizim alimlərimiz, geoloqlarımız, mütəxəssislərimiz, neftçilərimiz görün nə qədər böyük potensiala malikdir. Buna görə də biz Xəzər dənizini çox yaxşı öyrənmişdik.

Sovetlər İttifaqının tərkibində olarkən sovet hökuməti başqa yerlərdə, məsələn, Sibirdə və sair yerlərdə neft daha ucuz başa gəldiyinə görə oralarda neft çıxarırdı, bizim açdığımız bu yataqlar elə belə də qalırdı. Amma bizim imkanımız yox idi ki, bu yataqlardan istədiyimiz kimi istifadə edək. Məhz Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi, xalqımızın azad olması və öz taleyinin sahibi olması, öz məsələlərini müstəqil həll etmək imkanı qazanması respublikamıza bu addımı atmağa imkan verdi. Biz bu addımı atdıq.

İndi məlumdur ki, həmin o birinci müqavilə üzrə on milyon tondan çox neft hasil edilmişdir. Həmin neft əvvəlcə Bakı-Novorossiysk xətti ilə ixrac olunurdu. Ancaq o vaxt biz düşündük ki, alternativ boru xətti də lazımdır. Bakı-Supsa neft kəmərini çəkdik. İndi hasil olunan neft bu iki kəmərlə xaricə çıxarılır. Ümumiyyətlə, indiyə qədər biz 19 müqavilə imzalamışıq. Sabah birini də imzalayacağıq. Bu, iyirminci müqavilə olacaqdır.

1997-ci ildə mən burada rəsmi səfərdə olduğum zaman Ağ evdə ABŞ administrasiyasının iştirakı ilə biz dörd müqavilə imzaladıq. Onun da biri bizim "Şevron" şirkəti ilə Ağ evdə imzaladığımız müqavilədir. 1997-ci ildən artıq üç il keçibdir, dostum Matske mənə deyir ki, yaxın zamanlarda "Abşeron" neft yatağından çox böyük miqdarda neft və qaz alacağıq. Mən buna inanıram. Çünki inanmasaydım, o neft yatağını təklif etməzdim. Əgər cənab Matske və onun mütəxəssisləri buna inanmasaydılar, onlar "Abşeron" neft yatağı uğrunda o qədər mübarizə aparmazdılar. Amma onlar çox çalışdılar. Mən gözləyirəm və tamamilə inanıram ki, biz buna nail olacağıq. Amma bu bir müqavilədir.

Digəri mənim dediyim "Əsrin müqaviləsi"dir. Neft şirkətləri oradan artıq gəlir götürürlər. 1 milyard 200 milyon dollar gəlir götürülübdür. O cümlədən Amerika şirkətləri 350 milyon dollar gəlir götürüblər. Bilirsinizmi, investisiya qoyulub, ancaq gəlir də götürülübdür. Əgər Amerika şirkətlərini götürsək, onlar cəmisi 1 milyard 200 milyon dollar investisiya qoyublar. İnvestisiyaların ümumi həcmi 3 milyard 200 milyon dollardır. Ondan 1 milyard 200 milyon dollar Амеriка şirkətləri qoyublar. Ancaq 350 milyon dollar gəlir götürüblər. İndi neft hasilatı artacaqdır. Qoyduqları bütün sərmayəni 2-3 il ərzində çıxaracaq və neftdən gəlir əldə edəcəklər. Yəni dediyim bu misal göstərir ki, o biri müqavilələrdə biz nə qədər uğurlar əldə edəcəyik.

Ümumiyyətlə, indiyə qədər imzalanmış 19 müqavilə üzrə Azərbaycana təxminən 60 milyard dollar sərmayə gəlməlidir.

Təbiidir ki, neft hasilatı artdıqca onun dünya bazarlarına çıxarılması üçün yeni, böyük neft kəmərinin tikilməsi də lazımdır. Bunun üçün biz hələ bir neçə il bundan öncə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikilməsi haqqında qərar qəbul etdik. Doğrudur, bu çox böyük müqavimətlərə rast gəldi. Bir tərəfdən, Azərbaycanın Xəzər dənizində bu qədər böyük iş görməsi və Amerika şirkətlərinin, Qərb ölkələri şirkətlərinin Xəzər dənizinə gətirilməsi qonşularımız tərəfindən bizə qarşı narazılıq yaradır. Bunu siz bilməlisiniz. İkincisi, bizim bu layihələrə çox şübhələrlə baxırlar. Bəzən Amerikanın qəzetlərində də yazırlar ki, Xəzər dənizində o qədər neft yoxdur.

Yalan şeylər yazırlar, biri də budur. Ona görə də həmin neft kəmərinin tikilməsi bir də bununla bağlıdır. İkincisi də ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri bu işdə bir balaca mühafizəkar mövqe tutublar. Yəni, hələ tələsməyək, bir az da gözləyək, neft daha da çox çıxsın. Amma biz bunlara baxmadıq, işimizi davam etdirdik. Keçən ilin noyabr ayında İstanbulda ATƏT-in zirvə görüşündə dörd prezident - Türkiyə, Azərbaycan, Gürcüstan və Qazaxıstan prezidentləri Bakı-Ceyhan neft kəmərinin tikilməsi haqqında son müqaviləni imzaladılar. Bizim parlamentlərimiz bunu təsdiq edibdir. İndi biz əməli işə başlamışıq.

Doğrudur, yenə də ABƏŞ-də, - biz ona Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti deyirik, bu, bir yerə cəmləşmiş şirkətlərin adıdır, - bu işə bəzi maneçilik törətmək istəyirlər. Ona görə də mən bu gün müraciət edirəm, o cümlədən "Ekson" şirkətinə müraciət edirəm. Çünki onlar da elə bu məsələyə bir az badalaq vurmaq istəyirlər. Müraciət edirəm ki, onlar düşünsünlər. Düşünsünlər ki, görülən bu iş lazımlı işdir və bunu etmək vacibdir və bunu biz edəcəyik.

Əvvəllər bunun qiyməti haqqında düzgün məlumatlar verilməmişdir. Deyilmişdi ki, guya bu boru xəttinə 3 milyard 200 milyon dollar lazımdır. Bu qiyməti də konsorsium vermişdi. Ancaq hesablayandan sonra bu rəqəm 2 milyard 200 milyon dollara gəlib düşdü. Türkiyə öhdəlik götürüb ki, bu boru xətti tikiləndə 2 milyard 200 milyon dollardan artıq olan vəsaiti Türkiyə verəcəkdir. Yəni biz hər bir şeyi həll etmişik.

Beləliklə, görürsünüz ki, Azərbaycan qısa bir zamanda - 6 il müddətində Xəzər dənizinin enerji resurslarından istifadə olunması üçün böyük işlər görübdür. Bu işlər təkcə bizim üçün deyil, həm də Amerika, Avropa şirkətləri üçündür. İndi artıq bir neçə yapon şirkəti Azərbaycana gəlibdir.

Tarixi hadisədir ki, Xəzər dənizində olan bu zəngin neft-qaz yataqlarının bəşəriyyət üçün, dünya üçün açılmasının müəllifi Azərbaycandır. Biz bunu etmişik. Çünki indi Xəzər dənizinin Qazaxıstan sektorunda da işlər görülübdür. Məlumat veriblər ki, böyük bir yataq açıblar. Xəzərin Türkmənistan sektorunda da ayrı-ayrı işlər görülməyə başlayır. Məsələn, mənə məlumat veriblər ki, Xəzərin Rusiya sektorunda "LUKoyl" şirkəti bir quyu qazıb və ondan yaxşı nəticələr əldə edibdir. Bunlar təbiidir. Biz bilirik ki, Xəzər dənizinin hər yerində, - bəzisində çox, bəzisində az, - belə neft və qaz yataqları vardır. Biz bununla fəxr edirik. Biz bu işin çox gözəl gələcəyini görürük. İmzalanmış müqavilələr 30 il müddətinədir. Ancaq biz onları vaxtından əvvəl yerinə yetiririk.

Amerika-Azərbaycan palatasının işi haqqında. Güman edirəm ki, bu gün bizim baxdığımız sərgi yaxşı məlumatlar verir. Sonra Amerika-Azərbaycan palatasının rəhbərləri, bizim nazirlərimiz burada çıxış edəcəklər, konkret misallar gətirəcəklər. Amma onu demək istəyirəm ki, bu illərdə Amerika-Azərbaycan iqtisadi əlaqələri çox inkişaf edibdir. Birincisi, neft sektorunda, ikincisi də qeyri-neft sektorunda. Əgər ötən dövrdə Amerika Birləşmiş Ştatlarının şirkətləri Azərbaycana 1 milyard 600 milyon dollar sərmayə qoyublarsa, gərək ki, onun 1 milyard 400 milyon dolları neft sektoruna, 200 milyon dolları isə qeyri-neft sektorunadır.

İndi Azərbaycanda ABŞ-ın müxtəlif xarakterli 200-ə qədər şirkəti fəaliyyət göstərir. Onların bəziləri Amerika-Azərbaycan birgə şirkətləri, müəssisələridir. Bəziləri böyuk işlər, bəziləri isə kiçik işlər görürlər. Məsələn, mən sərgidə baxdım ki, burada bir şirkət tərcümə işləri görür, yaxud başqa işlər görür. Mən bunların çoxunu heç tanımıram. Amma görürəm ki, əgər buradan şirkət gəlib Azərbaycanda tərcümə işləri ilə məşğul olursa, - amma deyim ki, bizdə də tərcümə etmək istəyən adamlar çoxdur, amma rəqabətdir. Onlar gəlib bazarı tutublar, bizimkilər üçün çətin olacaqdır, - bu onu göstərir ki, Azərbaycanda investisiya şəraiti indi çox yaxşıdır. Orada mənə verilən məlumatlar, Azərbaycanın investisiya imkanları barədə xüsusi bir kitab çıxıbdır. Bunları deməklə mən istədim ki, Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimizin əsas hissəsinə toxunum.

Ancaq bizim bugünkü konfransın mövzusu Avropa, Asiya və Azərbaycanın burada coğrafi-strateji vəziyyətidir. Bunlar haqqında onu deyə bilərəm ki, çətinliklərə baxmayaraq, artıq doqquz ildir ki, ölkəmiz müstəqil yaşayaraq inkişaf edir. Bu, iki mərhələdədir. Məsələn, 1995-ci ilə qədər Azərbaycanın iqtisadiyyatı ildən-ilə tənəzzül edirdi. Sənaye və kənd təsərrüfatı istehsalı, ümumi daxili məhsul ildə təxminən 10, 15, 20 faiz aşağı düşürdü. 1995-ci ildə biz vəziyyəti sabitləşdirdik. 1996-cı ildən inkişaf başlayıbdır. İndi bizdə ümumi daxili məhsul, məsələn, bu il təxminən 9 faiz artıbdır, sənaye istehsalı 4,5 faiz artıbdır. Kənd təsərrüfatı istehsalı təxminən 8 faiz artıbdır və başqa sahələr. Səbəbi nədir? Səbəbi ondan ibarətdir ki, Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra və xüsusən biz ölkəmizin daxilində ictimai-siyasi sabitlik yaradandan sonra respublikamız iqtisadi islahatların həyata keçirilməsi ilə ciddi məşğul olur. Amma iqtisadi islahatları həyata keçirmək üçün gərək Azərbaycanda dövlət quruluşu prosesini təmin edəydik. Gərək qanunlar qəbul edəydik. Azərbaycan tutduğu yolla gedir. Bu da ondan ibarətdir ki, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi gedir. 1995-ci ildə qəbul etdiyimiz Konstitusiyada bunların hamısı öz əksini tapıbdır. Ötən beş ildə biz bu yolla gedirik və bundan sonra da gedəcəyik.

Olduqca çoxlu qanunlar qəbul edilibdir. Birincisi, qanunvericilik, icra və məhkəmə orqanları arasında hakimiyyət bölgüsü təmin olunubdur. Son illərə qədər biz keçmiş Sovetlər İttifaqının ayrı-ayrı qanun məcəllələri ilə işləyirdik. Ancaq biz bu il, keçən il bir çox məcəllələr, qanunlar qəbul etdik. Bunlar həm dövlət quruculuğu prosesini, həm məhkəmə hakimiyyətini təmin edir, həm də ki, iqtisadi islahatların həyata keçirilməsini təmin edir.

Noyabr ayında bizdə yeni parlament seçkiləri keçiriləcəkdir. Ona ciddi hazırlıq gedir və demək istəyirəm ki, bəzən burada qeyri-obyektiv məlumatlar verilir. Ona görə də mən bildirmək istəyirəm ki, seçkiqabağı proses çox normaldır, demokratik şəraitdədir. İndi artıq 15 siyasi partiya seçkidə iştirak etmək üçün qeydiyyatdan keçibdir. Onlar imza toplayırlar ki, seçkilərdə iştirak etmək hüququ alsınlar. Birmandatlı seçki dairələri üzrə 800 namizəd irəli sürülübdür. Deməli, bir yerə 8 namizəd verilibdir. İndi görün, seçkilərin azad, sərbəst, demokratik keçməsi üçün nə qədər əsas yaranıbdır.

Azərbaycanda tam mətbuat azadlığı yaranıbdır. İnsan hüquqları qorunur. Bunların hamısı var. Təəssüflər olsun ki, burada ayrı-ayrı qəzetlər qeyri-obyektiv məlumatlar verirlər. Bunlar bizi incidir, narahat edir. Bilirsiniz, heç kəsin qarşısında cavabdeh deyilik. Biz müstəqil dövlətik. Heç kəs bizi məcbur etmir ki, demokratiya yolu ilə gedək. Demokratiya, bazar iqtisadiyyatı yolu ilə gedək. Heç kəs də buna bizi məcbur edə bilməz. Bu, bizim özümüzün tutduğumuz yoldur. Biz bu yolla gedirik. Amma bu yolla gedən hər bir ölkənin özünəməxsus xüsusiyyəti var. Amerika Birləşmiş Ştatlarının, yaxud da Avropanın ayrı-ayrı inkişaf etmiş ölkələrinin mənzərəsinin surətini çıxarıb gətirib hər bir ölkəyə tətbiq etmək olmaz. Bu yolda bizim çətinliklərimiz, anlaşılmazlıqlarımız var. Amma biz bu yolla gedirik və gedəcəyik.

Məsələn, son altı-yeddi ay ərzində biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu. Bu, Azərbaycanın tarixində birinci dəfədir. Onu da deyim ki, məsələn, test üsulu ilə imtahan zamanı uzun illər - 20 il, 30 il, hakim işləmiş bəzi insanlar testdən keçə bilmədilər, kənarda qaldılar. Yəni biz bunun çox müsbət tərəfini gördük və əvvəl də görürdük. Amma indi nəticəsinə görə bunu daha çox görürük.

İqtisadiyyatda müxtəlif islahatlar həyata keçirilir. Bilirsiniz ki, Azərbaycanda torpaq islahatı həyata keçirilibdir. Bütün torpaqlar kəndlilərə verilibdir. Özəlləşdirmə proqramı həyata keçirilir, biz onun da nəticələrini görürük. İqtisadiyyat sərbəstləşibdir. İndi Azərbaycanda kənd təsərrüfatı istehsalının 98 faizi özəl sektorun payına düşür. Bilin ki, MDB dövlətləri arasında biz bu sahədə ön sıralarda gedirik. Yaxud da ticarətin 99 faizi özəl sektordadır. Sənaye istehsalının təxminən 40 faizi özəl sektordadır. Eləcə də yükdaşımalarda və başqa sahələrdə.

Biz özəlləşdirmənin birinci mərhələsini keçmişik. İndi ikinci mərhələni keçmək üçün qanun qəbul etmişik. Mən öz fərmanımla proqram təsdiq etmişəm və bunu biz həyata keçiririk. Yəni, burada da biz öz iqtisadiyyatımızı sərbəst iqtisadiyyata malik ölkələrin iqtisadiyyatı ilə uyğunlaşdırır, inteqrasiya edirik, xarici investisiyanın Azərbaycana gəlməsini təmin edirik.

Son beş ildə Azərbaycana 5 milyard dollardan artıq xarici investisiya gəlibdir. MDB dövlətləri içərisində adambaşına düşən investisiyanın məbləğinə görə Azərbaycan birinci yerdədir. Bu, nəyə görədir? Birincisi, ona görədir ki, Azərbaycanda investisiya qoymaq üçün şərait yaratmışıq. Sabitlik, qanunlar, qaydalar - əgər bunlar olmasaydı, ölkəmizə investisiya gəlməzdi. İkincisi də, biz iqtisadiyyatı liberallaşdırmışıq, insanlara sərbəstlik vermişik. Biz sahibkarlığın inkişafına kömək edirik. Bunların hamısının nəticəsində Azərbaycana həm xaricdən investisiya gəlir, həm də daxili istehsal daha da çox inkişaf edir.

Ancaq bu bizim, Azərbaycanın daxili işləridir. Eyni zamanda bilirsiniz ki, öz coğrafi vəziyyətinə görə Azərbaycan çox vacib rol oynayır. Mən artıq dedim ki, dünya üçün, o cümlədən Amerika Birləşmiş Ştatları üçün Azərbaycanın xidməti, - indi kim bunu necə qiymətləndirəcəksə, özü bilər, - ondan ibarətdir ki, Azərbaycan Xəzər dənizinin və hövzəsinin imkanlarını açdı, dünyaya göstərdi. İndi oradan istifadə etmək lazımdır. Xəzər dənizinin zəngin neft-qaz yataqlarının Xəzəryanı ölkələr üçün istifadə edilməsi lazım deyil, çünki bizim tələbatımız o qədər deyildir. Demək, bu, dünya üçün lazımdır. Biz bunu etmişik. İkincisi isə, ondan ibarətdir ki, Azərbaycan Böyük İpək yolunun bərpasında çox mühüm mövqedədir, həm strateji mövqedədir, həm də ki, fəal iştirak edir.

Bilirsiniz ki, Böyük İpək yolu tarixdə böyük izlər qoymuşdur. Bu, təkcə iqtisadiyyatın inkişafı üçün, dövlətlər arasında mal dövriyyəsinin təmin olunması üçün yox, eyni zamanda sivilizasiyaların bir-birinə yaxınlaşması, yəni Şərq sivilizasiyası ilə Qərb sivilizasiyasının bir-birinə yaxınlaşması üçündür.

Bu yol öz tarixi rolunu oynayıbdır. Sonra, təbiidir ki, tarixə çevrilibdir. İndi bu yolun bərpa olunmasına hər yerdə maraq göstərirlər. Yaponiyada da, Orta Asiyada da, Qafqazda da, Avropada da maraq göstərirlər. Bunun üçün Avropa Birliyi TRASEKA proqramı yaradıbdır. Təbiidir ki, TRASEKA proqramı İpək yolunun bir hissəsini, yəni Qafqaz-Orta Asiya, bir də ki, Balkan ölkələrini - Rumıniyanı, Bolqarıstanı əhatə edir. Amma İpək yolunun bütöv bərpası məsələsi çox böyük bir proqramdır. Biz burada da təşəbbüskarlıq etmişik. 1998-ci ildə sentyabr ayında bizim təşəbbüsümüzlə və Gürcüstanın təşəbbüsü ilə Azərbaycanda, Bakıda beynəlxalq konfrans keçirildi. Belə bir beynəlxalq konfransı ilk dəfə biz təşkil etdik. Bu beynəlxalq konfransa 32 ölkədən yüksək səviyyəli nümayəndələr gəldi. O cümlədən Yaponiyadan da, Amerika Birləşmiş Ştatlarından da. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları İpək yolunun üzərində deyil, amma marağı böyükdür. Nümayəndə heyətlərinin doqquzuna prezidentlər rəhbərlik edirdilər. Orada 14 beynəlxalq təşkilat iştirak edirdi. Biz məsələni müzakirə etdik, hamımız eyni fikirdəyik. Biz sənəd qəbul etdik. TRASEKA proqramı çərçivəsində olan on iki dövlət bu sənədi imzaladı. Təbiidir ki, bu, Şərqdən Qərbə gedən yolları çox qısaldır, təxminən iki min kilometr qısaldır. Ancaq məsələ təkcə məsafənin qısalmasında deyil, bir də ondan ibarətdir ki, bu, alternativ yoldur. Əgər əvvəllər Şərqdən yalnız okeanlar, dənizlər vasitəsilə Qərbə gedirdilərsə, yaxud da ki, Rusiya ərazisindən Qərbə gedirdilərsə, indi okeanlardan da, Rusiya ərazisindən də istifadə oluna bilər, ancaq bu, keçmiş İpək yolu marşrutu da istifadə oluna bilər. Bu sahədə biz öz rolumuzu oynamışıq, oynayırıq və bundan sonra da oynayacağıq.

Sizə Qafqaz, xüsusən Cənubi Qafqaz haqqında bir neçə kəlmə demək istəyirəm. Cənubi Qafqaz, xüsusilə Azərbaycan Şərqlə Qərb arasında bir qapıdır. Eyni zamanda, Cənubi Qafqaz çox mürəkkəb bir regiondur. Burada indi üç müstəqil dövlət vardır - Gürcüstan, Azərbaycan, Ermənistan. Təəssüflər olsun ki, hamısında münaqişə vardır. Ən ağır münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir. Çünki bu, iki dövlət arasında olan münaqişədir. Gürcüstanda Abxaziya münaqişəsi, Osetiya münaqişəsi vardır. Bu münaqişələr aradan götürülərsə, Cənubi Qafqaz həm öz strateji imkanlarına görə, həm də təbii ehtiyatlarına görə çox sürətlə inkişaf edə bilər.

Birincisi, Cənubi Qafqaz ölkələri arasında iqtisadi əlaqələr inkişaf edə bilər. İkincisi də, İpək yolundan istifadə olunması, başqa ölkələrlə iqtisadi əlaqələrin inkişaf etdirilməsi çox vacib olardı. Ancaq bunun kökü Ermənistan-Azərbaycan münaqişəsindədir. Əgər Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsa, hesab edirəm ki, gürcü-abxaz münaqişəsi də həll oluna bilər. Ondan sonra Şimali Qafqazdakı Çeçenistan münaqişəsi də həll oluna bilər.

Sizin nəzərinizə onu çatdırmaq istəyirəm ki, keçmiş Sovetlər İttifaqı ərazisində, sovet məkanında birinci münaqişə 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsi olubdur. O münaqişə, necə deyərlər, zəncirvarı reaksiya veribdir. Ondan sonra Gürcüstanda Abxaziyanı, Osetiya münaqişəsi başlayıbdır. Nəhayət, Çeçenistan münaqişəsi başlayıbdır. Çeçenistan münaqişəsi də, təbiidir ki, Şimali Qafqazda çox mürəkkəb bir vəziyyət yaradıbdır.

Burada bir tərəfdən münaqişələr həll olunmalıdır, ikinci tərəfdən, bütün Qafqaz, o cümlədən Cənubi Qafqaz da gərək bu terrorizmdən, ekstremizmdən, aqressiv separatizmdən xilas olsun.

Cənab Sestanoviç, buyurun. Təəssüf edirəm ki, siz mənim çıxışımın axırında gəlmisiniz. Amma eybi yoxdur, sonra sizə danışarlar. Çünki bu hadisələr, yəni bu amillər - beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizm indi dünya üçün ən təhlükəli hallardan biridir. Bu, Cənubi Qafqazda da özünü göstərir. Şimali Qafqazda, Çeçenistanda da özünü göstərir. İndi artıq Orta Asiya ölkələrinin - Özbəkistan, Qırğızıstan, Tacikistan, - onların cənub hissəsində özünü göstərir və çox böyük təhlükədir.

Azərbaycan islam fundamentalizminin əleyhinədir. Amma ondan da təhlükəli islam fundamentalizminin bir cinahı vəhhabilikdir. Vəhhabizm həm Əfqanıstanda olan talibanlar tərəfindən idarə olunur, məşhur terrorist Bin Laden tərəfindən idarə olunur, həm də ayrı-ayrı ölkələr tərəfindən maliyyələşdirilir. Rusiya kimi böyük bir dövlət neçə ildir ki, Çeçenistanda terroristlərin qarşısını ala bilmir. Çünki həmin o vəhhabizm hərəkatı müxtəlif kanallarla orada insanlarda dini fanatizm yaradıbdır. Bu fanatizm də insanları elə vəziyyətə gətiribdir ki, o, özünü öldürür, amma ideyasını həyata keçirmək istəyir. İndi vəhhabizm bizim qonşumuz olan Dağıstana da müəyyən qədər sirayət edir. Bu, bizi çox narahat edir, ora Rusiyanın ən cənub hissəsidir. Bizi narahat edir ki, ola bilər, o, Azərbaycanın da bəzi regionlarına keçsin. Biz bununla mübarizə aparırıq. Biz bilirik ki, Amerika Birləşmiş Ştatları beynəlxalq terrorizmə qarşı həmişə çox ciddi mübarizə aparıbdır və aparır. Ancaq hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının hökuməti gərək bizim bölgədə olan vəziyyətə də daha çox diqqət yetirsin.

Ümumiyyətlə, bir halda ki, dünyanın böyük neft şirkətlərinin və başqa şirkətlərinin iştirakı ilə Xəzər dənizi hövzəsinin ehtiyatlarının istifadə olunması prosesi güclənməyə başlayıb, biz üç neft kəməri tikmişik, görün Xəzərin Azərbaycan sektorunda nə qədər yataqlar vardır. Amma bunların da bəziləri təhlükə altındadır.

Bilirsiniz ki, biz 1994-cü ildə Xəzər dənizinin ehtiyatlarını istifadə etməyə başlayanda əleyhimizə güclü təbliğat getdi. O da ondan ibarət idi ki, Xəzər dənizinin hüquqi statusu müəyyən olunmayana qədər Xəzər dənizində heç bir iş görmək olmaz. Biz bunun əleyhinə olduq və buna cavab verdik. Nə cur cavab verdik?

Hələ 1970-ci ildə, sovet hökuməti zamanı Xəhər dənizi sektorlara bölünmüşdü. Bilirsiniz ki, Xəzər dənizinin İran hissəsi vaxtilə bu xətt üzrə bölünübdür. İranın bu xətdən yuxarıya çıxmağa ixtiyarı yoxdur. Çünki bu xətt hələ 1921-ci ildə, sonra 1940-cı ildə İran ilə SSRİ arasında imzalanmış sənədə görə SSRİ-nin və İranın sərhədi hesab olunurdu. Bu sərhəd həmişə SSRİ Sərhəd Qoşunları tərəfindən mühafizə edilibdir. Bu xətdən yuxarı hissə Sovetlər İttifaqına, keçmişdə isə Rusiya imperiyasına məxsus olubdur. Ancaq biz, Azərbaycan, - mən sizə dedim, - 1949-cu ildən Xəzər dənizində neft yataqlarını istismar etməyə başlayanda, təbiidir ki, sovet hökuməti belə qərar qəbul etdi ki, Xəzər dənizi sektorlara bölünsün. Bax, bu, Azərbaycan sektorudur, o biri Türkmənistan sektorudur. O hissə Qazaxıstan sektorudur, bu isə Rusiya sektorudur.

Biz bu prinsipləri əsas götürmüşük. Başqa prinsip yoxdur və bu prinsiplər əsasında da biz işimizi görürük. Amma vaxtilə Rusiya, Türkmənistan, İran bu prinsiplərin əleyhinə çıxdılar. Biz isə öz işimizi görürdük. Bilirdik ki, başqa prinsipə gəlmək mümkün deyildir. Gördülər ki, biz işimizi görmüşük, Qazaxıstan da, Rusiya da, Türkmənistan da öz sektorunda iş görməyə başladı. Hətta Rusiya ilə Qazaxıstan arasında orta xətt haqqında saziş imzalanıbdır. Bu orta xətt müəyyən olunubdur. Orta xətt çox əhəmiyyətlidir, Xəzərin o tərəfi ilə bu tərəfində olan Xəzəryanı dövlətlərə mənsub olan sektorların sərhədidir. Ancaq indi bəziləri deyirlər ki, gərək Xəzər dənizi beş bərabər yerə bölünsün və beş Xəzəryanı dövlətin hər birinin eyni bərabərdə sektoru olsun. Bu, nə cür ola bilər?

Təsəvvür edin, İran üçün bir sektor yaratmaqdan ötrü gərək elə bölünsün ki, onun 20 faiz payı olsun. Onda Azərbaycan üçün nə qalacaq? Onda gərək Azərbaycan ya Qazaxıstandan, ya da Türkmənistandan götürsün. Bu, real bir şey deyildir. Ancaq hər halda məsələni belə qoyurlar.

Son vaxtlara qədər Rusiya o qədər dəqiq mövqedə deyildi. Amma son 5-6 ayda Rusiyanın yeni prezidenti cənab Putin Xəzər dənizi üzrə öz xüsusi nümayəndəsini təyin etdi. Keçmiş energetika naziri Viktor Kalyujnı Xəzər dənizi üzrə Rusiya prezidentinin nümayəndəsi təyin olundu. O, Xəzəryanı ölkələrin hamısında oldu. Azərbaycana da gəldi. Rusiya Xəzərin bu sektorlara bölünməsinə indi razıdır. Amma iki il bundan qabaq razı deyildi. Lakin onlar İranla dil tapa bilməyiblər. Mən də onlara demişəm ki, siz gedin İranla dil tapın. Çünki indi İran ilə Rusiya çox sıx əməkdaşlıq edir, dostluq edir. Gərək dost dosta kömək etsin.

Bir sözlə, Xəzər dənizində indi bizim apardığımız işlər təkcə ondan ibarət deyil ki, biz oradan çoxlu neft, qaz götürəcəyik. Bir də təkrar edirəm, bu ondan ibarətdir ki, biz Xəzər dənizini dünyaya açdıq. Bizim yaratdığımız bu nümunə Xəzər dənizinin sərvətlərindən Xəzəryanı dövlətlər tərəfindən ədalətli istifadə olunması üçün böyük imkanlar açır.

Bunlar hamısı birlikdə - İpək yolunun istifadə olunması, Xəzəryanı ölkələrin dünyanın başqa şirkətləri ilə birlikdə Xəzərin ehtiyatlarını istifadə etməsi, Avropa ilə Asiya arasında həm iqtisadi, həm elmi, həm də mədəni əlaqələrin inkişaf etməsi üçün yeni bir mərhələ açıbdır. Biz Azərbaycan olaraq qürur hissi keçiririk ki, bu işin yaranmasında təşəbbüslər göstərmişik, cəsarətli hərəkətlər etmişik və başqa dövlətlərin də bu yolla getməsi üçün nümunə göstərmişik və bundan sonra da göstərəcəyik.

Mən sizinlə bu görüşümdən çox məmnun olduğumu bir daha bildirmək istəyirəm və Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatasını artıq böyümüş, ayaq üstə möhkəm dayanan bir təşkilat kimi görürəm. Hesab edirəm ki, bu palatanın gələcəkdə uğurla işləməsi üçün Amerikanın bütün şirkətləri ona qatılmalıdır. Ancaq ona ən çox Azərbaycanda fəaliyyət göstərən böyük neft şirkətləri qatılmalıdır.

Cənab Matskenin indiki vaxtda palatanın həmsədri olması mənə çox böyük ümidlər verir. Çünki cənab Matske ilə, "Şevron" ilə bizim münasibətlərimiz həmişə çox gözəl olubdur. O, çox mütərəqqi bir insandır. "Şevron" da Azərbaycanda, Xəzər dənizində çox yerlər götürübdür.

Mən arzu edirəm ki, birincisi, biz tezliklə "Abşeron" yatağından nəticə alaq. İkincisi də arzu edirəm ki, siz və başqa böyük neft şirkətləri Amerika Birləşmiş Ştatları - Azərbaycan palatasının gələcək fəaliyyətində daha fəal iştirak edəsiniz və hər cür yardımlar göstərəsiniz.

Diqqətinizə görə sizə təşəkkür edirəm. Hamınıza cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Mənim bir suvenirim var. Bu, Bakı şəhərinin keçmiş hissəsini təsvir edən istedadlı Azərbaycan rəssamının əsəridir. Azərbaycan prezidenti kimi mən bunu Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasına hədiyyə verirəm.

Sağ olun.

"Azərbaycan" 15 sentyabr 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Yüksək tribunalardan

Tarixi arayış

Yüksək tribunalardan