Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq yazıçısı Əkrəm Əylislinin 65 illik yubileyi münasibəti ilə təbriki - Bakı şəhəri, 4 dekabr 2002-ci il


Hörmətli Əkrəm Əylisli!

Sizi - Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz 60-cı illərdə ədəbi mühitimizə yeni nəfəs gətirən sənətkarlardansınız. Zəngin ədəbi irsimizdən və Azərbaycan dilinin tükənməz imkanlarından ustalıqla bəhrələnərək qələmə aldığınız əsərlər sizə oxucuların dərin rəğbətini qazandırmışdır. Başlıca mövzusunu insan və təbiət, milli və ümumbəşəri dəyərlər təşkil edən bu əsərlər dərin lirik-psixoloji ovqatı ilə seçilir.

Siz Azərbaycanda altmışıncı illər nəsrinin təşəkkülündə bilavasitə iştirak edərək milli nəsrdə yenilik axtarışlarını özünəməxsus tərzdə təmsil etməklə müstəqillik fikrinin ideya-bədii cəhətdən hazırlanması işinə mühüm xidmət göstərmisiniz. Müxtəlif illərdə qələmə aldığınız esse və məqalələr müasir Azərbaycan ədəbi-bədii fikrində yazıçı tənqidinin gözəl nümunələridir. Siz dünya xalqları ədəbiyyatından Azərbaycan dilinə çevirdiyiniz bir çox qiymətli əsərlərlə müasir bədii tərcümə sənətimizə öz təhfənizi vermisiniz.

Sizin yaradıcılığınızın ən yetkin dövrü respublikamızın müstəqilliyinin möhkəmlənməkdə olduğu illərə təsadüf edir. İnanıram ki, siz Azərbaycanın müstəqillik dövrünün ədəbiyyatını yeni əsərlərinizlə bundan sonra da zənginləşdirəcəksiniz.

Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 dekabr 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT