Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclasında iştirak etmək üçün ölkəmizə gəlmiş MDB-nin üzvü olan dövlətlərin sərhəd qoşunları nümayəndə heyətləri ilə görüşdə söhbəti - Prezident sarayı, 20 fevral 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, sərhədçilər, mən sizi salamlayıram. MDB ölkələri sərhəd xidmətlərinin qarşılıqlı fəaliyyəti ilə bağlı mühüm məsələləri həll etmək üçün burada keçirdiyiniz görüşə şadam. Düşünürəm ki, siz artıq işləmisiniz, nə isə etmisiniz, nə isə edəcəksiniz. Şadam ki, bu görüş Azərbaycanda keçir. Səhv etmirəmsə, Azərbaycanda belə görüş olmayıbdır.

Sərhəd xidməti mənə gənclik illərimdən məlumdur. Çox fəxri, eyni zamanda, çox ağır, çətin xidmətdir. Doğrudur, sərhəd qoşunlarına birbaşa münasibətim olduğu illərdəki vəziyyətlə indiki vəziyyət arasında fərqi bilmirəm, lakin hər halda, sərhəd qoşunlarının işinin başlıca obyekti dövlət sərhədini qorumaqdır. Sərhədləri qorunan ölkənin sərhədlərinin bütövlüyü də, toxunulmazlığı da, suverenliyi də, şübhəsiz, dövlət sərhədinin necə qorunmasından asılıdır. Bəziləri keçmiş barədə danışmağı sevmirlər, mən isə, hər halda, hesab edirəm ki, keçmişsiz indi yoxdur. Keçmiş vaxtlarda sərhəd xidməti çox sahmanlı idi. Sərhəd qoşunlarında nizam-intizam son dərəcə yüksək idi. Deyərdim ki, qoşunların heç bir növündə sərhəd qoşunlarında olduğu kimi, belə yüksək nizam-intizam, mütəşəkkillik yox idi. Ona görə də sərhədçilər xüsusi növ hərbçilər sayılırdılar. 

Məndə Azərbaycan sərhədləri ilə bağlı şəxsi xatirələr də çoxdur. O vaxtlar mən zastavaların əksəriyyətini, bütün sərhəd çimərliklərini, komendantlıqları gəzib dolaşmışdım. Azərbaycan artıq müstəqil dövlət olduqdan sonra mən bəzi sərhəd məntəqələrində olmuşam. Ancaq o vaxtlar tez-tez olurdum, çünki öz vəzifəmə görə bu sahənin kuratoru idim. Sərhəd xidmətində çox şey xoşuma gəlirdi. Bu barədə ona görə danışıram ki, biz - mən Azərbaycan sərhədçilərini nəzərdə tuturam və yəqin bu, digər ölkələrin sərhədləri tərəfindən də qəbul oluna bilər - keçmiş təcrübədə əhəmiyyətli, yaxşı, faydalı nə vardısa, onların hamısından istifadə edək.

Mən sizə baxıram və görürəm ki, sizlərdən heç kim dövlətləriniz müstəqillik əldə etdikdən sonra doğulmayıbdır. Mən sərhədçilər kimi, sizin xidmətinizi nəzərdə tuturam. Yəqin ki, sizin hamınız, hər halda, əksəriyyətiniz o vaxtlarda sərhəd qoşunlarında xidmət etmisiniz, təcrübəyə, biliyə, iş stajına maliksiniz. Ona görə də bunların hamısını məndən yaxşı bilirsiniz. Mən öz təəssüratlarımdan, ən xoş təəssüratlarımdan danışıram. Sərhədçi borşu xoşuma gəlirdi. Bilirsinizmi, mən çox qoşun hissələrini gəzib dolaşmışam, amma zastavalarda verilən borşun xüsusi dadını indiyədək xatırlayıram. Bəzən düşünürəm ki, belə borşun dadına bir dəfə də baxmaq nə yaxşı olardı. Təəssüf ki, belə borş ələ büşmür.

Bu gün müzakirə etdiyiniz məsələlər - terrorizmlə mübarizə hamı üçün çox aktualdır. Təəssüf ki, bu, indi artıq bütün dünya üçün çox təhlükəli hal olmuşdur. Ona görə də beynəlxalq terrorizmlə, ekstremizmlə mübarizə indi, şübhəsiz, son dərəcə böyük əhəmiyyət kəsb edir. Siz yəqin ki, bu məsələni müzakirə etmisiniz, bu məsələlər üzrə qarşılıqlı fəaliyyət göstərmək barədə razılığa gəlmisiniz. Biz belə fəaliyyəti çox mühüm və faydalı hesab edirik. Bir sözlə, mən sizi bir daha salamlayıram, gələcək işinizdə uğurlar arzulayıram. Sizi dinləməyə şad olardım.

Konstantin Totski (Rusiya Federasiyası Federal Sərhəd Xidmətinin direktoru generalpolkovnik): Çox hörmətli Heydər Əliyeviç, hər şeydən əvvəl, görüşümüzün Azərbaycan torpağında, gözəl Bakı şəhərində keçirilməsinə razılıq verdiyinizə görə şəxsən öz adımdan və həmkarlarımın tapşırığı ilə Sizə səmimi təşəkkürümüzü bildirmək istərdim. Bizlərdən bir çoxu Bakı şəhərini tanıyır, Azərbaycanda, Bakıda olmuşdur. Yoldaşlarımızın bir qismi dedi ki, onlar buraya ilk dəfə gəlirlər. Odur ki, plana görə sabah iki saat şəhərlə tanışlıq nəzərdə tutulmuşdur. 

Heydər Əliyev: Hələ tanış olmayıbsınız?

Konstantin Totski: Xeyr, hələlik yox. Əvvəlcə işləmək lazımdır. Düşünürəm ki, bu gözəl şəhərə ilk dəfə gələn həmkarlarımızın sabah belə təəssüratları olacaqdır. Bir sözlə, çox sağ olun. Biz çox şadıq ki, Komandanlar Şurasının iclası, nəhayət, Azərbaycanda keçirilir. Siz terrorizmlə mübarizə kimi mühüm məsələləri və bu gün müzakirə olunmuş bəzi digər məsələləri doğru qeyd etdiniz. Biz yekdil rəyə gəldik, bəzi tərəddüdlər oldu, bir məsələni təxirə saldıq. Lakin Sizə məlumat vermək istərdim ki, Komandanlar Şurasının bütün üzvləri Sizin doğru olaraq söylədiyiniz mövqeyi yekdilliklə dəstəkləyirlər.

Biz mürəkkəb bir zəmanədə yaşasaq da, vahid ailədə doğulmuşuq, sərhədçilər olaraq, eyni məktəblərdə oxumuşuq, birlikdə, bəzən müxtəlif məntəqələrdə, bəzən də eyni məntəqələrdə xidmət etmişik, görüşmüşük, indi isə müstəqil xidmət idarələrinə rəhbərlik edirik. Şübhəsiz ki, bizlərdən hər biri öz dövlət rəhbərinin, ali siyasi rəhbərinin, hökumətinin də iradəsini yerinə yetirir. Amma aydın başa düşürük ki, sərhəddə biz hamımız qonşuyuq. Bir yerə toplaşdıqda söhbətə vəziyyətin birlikdə müzakirəsindən başlayırıq. Əvvəlcə bütövlükdə MDB sərhədləri üzrə əlaqələndirmə xidmətinin sədri bizə vəziyyət barədə məlumat verir, sonra hər bir komandan onu düşündürən problemlər barəsində çıxış edir. Sərhədin birgə sahələrində qayda-qanunu da, normal, yaxşı, qarşılıqlı əlaqəni, əməkdaşlığı da birgə səylərimizlə təmin etmək lazımdır.

Biz transsərhəd cinayətkarlığının müxtəlif növləri ilə mübarizə üzrə çoxlu birgə əməliyyat aparırıq. Bir çox səbəblərə görə, yəqin ilk növbədə dövlətlərimizin coğrafi mövqeyinə görə biz qaçaqmalçılığın yolu, narkotiklərin, qanunsuz miqrasiyanın tranzit marşrutları üstündəyik. Bizim ümumi problemlərimiz həddindən artıqdır. Çox şadam ki, Komandanlar Şurası əvvəlkitək kifayət qədər fəal işləyir. Biz sənədlər də qəbul edirik, müvafiq qərarlar da. Bu da çox mühüm amildir ki, biz vaxtaşırı görüşürük. Bu bizi həm insani cəhətdən yaxınlaşdırır, həm də tamam başqa mühit yaradır. Qarşıya hər hansı bir problem çıxdıqda, istər-istəməz telefona əl uzadırsan, dəstəyi götürüb həmkarına zəng vurmağa, səni düşündürən, narahat edən fikirləri bölüşməyə çalışırsan. Danışıb bir qərar qəbul edirsən. Sözün düzü, belə insani ünsiyyət olmayanda, məktublar da, teleqramlar da, Xarici İşlər Nazirliyinin notaları da olur. Bu isə əsla biz deyən mühit deyildir.

Planımızın əsas hissəsi yerinə yetirilmişdir, işgüzar görüşümüzə aid hissəni bu gün başa çatdırdıq, müvafiq sənədlər imzaladıq. Şübhəsiz ki, hələ dünən başlanmış ikitərəfli görüşlər davam etdiriləcəkdir. Problemləri ikitərəfli formatda müzakirə edəcəyik. Bir daha çox sağ olun. Sərhəd qoşunları kimi sayca kiçik görünən güc strukturuna dövlət rəhbərinin böyük diqqət yetirməsi mənim üçün çox xoşdur.

Heydər Əliyev: Bu çox vacibdir. Hər bir dövlətin silahlı qüvvələri onun təhlükəsizliyinin, suverenliyinin, müstəqilliyinin təminatçısıdır, sərhəd qoşunları isə ən ön xəttədir. Odur ki, sərhəd qoşunları - söhbət say tərkibindən getmir - xüsusi rol oynayırlar, özü də indi, sərhəd qoşunlarının köhnə sisteminin, hər halda, dağıldığı, yeni sistemin yaradılmasının isə çətin olduğu bir vaxtda. O vaxtlar sərhədi qorumaq asan idi, çünki olduqca çox müvafiq qurğular vardı. Bunu siz də, mən də yaxşı bilirik. Başqa ölkələrdə necə olduğunu bilmirəm, amma bizim ölkəmizdə bu qurğular vaxtilə dağıdılmış, oğurlanıb aparılmışdır. Ona görə də sərhədi qorumaq çətinləşmişdir. Burada təcrübə mübadiləsinin, bir-birinə köməyin böyük əhəmiyyəti var.

Konstantin Totski: Sərhəd Qoşunları Komandanları Şurasının sədri kimi, mənə Sizə minnətdarlıq sözləri yetirmək və bunu bildirmək tapşırılmışdır ki, sərhəd qoşunlarının komandanı, bizim hörmətli həmkarımız general-mayor Abbasəli Novruzov məsələnin təşkilati tərəfini, hava limanında qarşılanmadan başlamış iclasın hazırlanmasınadək hər şeyi gözəl, yüksək səviyyədə həll etmişdir. Bütün təşkilati-texniki məsələlər yüksək səviyyədə həll olunmuşdur.

İcazə verin, Komandanlar Şurasının tapşırığı ilə Sizə xatirə olaraq kiçik bir suvenir təqdim edim. Bu suvenir ona görə xoşumuza gəlir ki, o bizim sevdiyimiz yaşıl rəngdə - furajkalarımızın rəngindədir. Hələ də yadımdadır, bunun nə üçün yaşıl rəngdə olduğunu məktəbdə bizə izah etmişdilər. Dünyanın bir çox xalqlarında belə bir inanc var ki, yaşıl rəng ümid rəngidir. Odur ki, sevdiyimiz rəngdə olan bu suveniri biz Azərbaycan prezidentinə belə bir böyük ümidlə təqdim edirik ki, sərhədlərimiz, xalqlarımız, nəhayət, sakit, etibarlı şəkildə qorunmuş şəraitdə yaşayacaqlar.

Heydər Əliyev: Mən elə soruşmaq istəyirdim, bu yaşıl furajkalar hamıda qalıbmı?

Konstantin Totsi: Demək olar, qalıbdır.

Heydər Əliyev: Bu yaxşıdır. Mən yaşıl furajkaları hələ öz cavanlıq çağlarımdan xatırlayıram. Axı mən sərhəddə, Naxçıvanda doğulmuşam. Naxçıvan sərhəd şəhəridir. Buna görə də biz oğlan uşaqları şəhərdə, küçədə sərhədçi əsgərlər gördükdə həmişə onların ardınca qaçırdıq. Bu bizim üçün nə isə xüsusi bir hadisə idi. Biz yaşıl furajkalı əsgərə yandan, bu və digər tərəfdən baxmaq üçün onun ardınca qaçırdıq. Nə yaxşı ki, bu furajka saxlanmışdır. Yeri gəlmişkən, bu çox yaxşı rəngdir.

O ki qaldı hədiyyəyə, sağ olun. Mən keçmiş vaxtlarda sərhədçilərdən, adətən, hansısa bir sərhəd qülləsinin maketini hədiyyə alırdım. Görünür, indi siz varlanmısınız. Özü də mənə həmişə deyiblər ki, maket əsgərlərin əli ilə düzəldilmişdir. Məndə çoxlu belə maket vardı. Təəssüf ki, mən Moskvaya köçdükdən sonra burada bəzi arxivlərim məhv edildi. Maketlərdən bəziləri yoxa çıxdı, ancaq bəziləri qalır. Siz bunu gətirərkən elə bildim ki, qüllədir. Mən sərhəd qülləsinə elə öyrəşmişəm, indi isə... Bu hədiyyəyə görə sağ olun.

Mən sizi bir daha salamlayıram, yaxşı işləməyiniz münasibətilə təbrik edirəm, hamınıza öz xalqlarınız, öz dövlətləriniz naminə çətin işinizdə uğurlar arzulayıram. Arzum budur ki, MDB ölkələri bacardıqca daha səmimi, açıq əməkdaşlıq etsinlər, qarşılıqlı fəaliyyət göstərsinlər və bir-birinə kömək etsinlər, o cümlədən də sərhəd qoşunları.