Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının tikinti və şəhərsalma naziri Əli Əbdüləlizadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 7 avqust 1999-cu il


Heydər Əliyev: Əziz dostum, qardaşım Əbdüləlizadə!

Hörmətli nümayəndə heyəti üzvləri, hörmətli qonaqlar, hörmətli səfir!

Mən sizi səmimi qəlbdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz. Sizin Azərbaycanda olmağınızdan, bugünkü görüşümdən çox məmnunam.

Ağayi Əbdüləlizadə ola bilər ki, mənim İranla əlaqələrimdə birinci yerdə duran adamdır. Çünki o vaxtlar, Naxçıvanın çətin dövründə mən orada olarkən biz İranla əlaqələrimizi birinci növbədə Təbriz, Şərqi Azərbaycan vasitəsilə yaradırdıq. Bu əlaqələrin yaranmasında və sonra bu əlaqələrdən Naxçıvanın faydalanmasında mənim əziz dostum ağayi Əbdüləlizadənin çox böyük fəaliyyəti və rolu var.

Naxçıvanda o ağır dövrdə keçirdiyimiz günlər, həm də Təbrizdəki görüşlərimiz hamısı mənim xatirimdədir, onlar heç vaxt yaddan çıxmaz. Təkcə ona görə yox ki, mən bunu şəxsi nöqteyi-nəzərdən deyirəm, ancaq bizim dövlətlərarası münasibətlərimizə görə bunların hər biri, hər bir nöqtəsi tarixi hadisədir. Ağayi Əbdüləlizadə iki tərəfdən Azərbaycana çox yaxındır: birincisi, o illər Şərqi Azərbaycanın ostandarı olub, Təbrizin böyüyü olubdur, ikincisi də ki, urmiyalıdır. Elədir, yoxsa yox, səhv eləmirəm? Urmiyalıdır, ora da Qərbi Azərbaycandır. Bunlar hamısı bizi çox doğma edibdir. Mən çox məmnunam.

Bu qısa zamanda ikinci dəfədir ki, mən İran İslam Cümhuriyyətinin nümayəndə heyəti ilə görüşürəm. Ola bilər ki, son həftə, yaxud son ongünlük Azərbaycanda İran günləridir. Bu da çox gözəldir və çox lazım idi. Çünki gediş-gəlişdə müəyyən bir fasilə var idi. Doğrudur, bizim nümayəndələrimiz İranı ziyarət edirlər. Bizim parlamentin sədri də İranı həm rəsmi ziyarət etmiş, həm də sonra İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin parlament sədrlərinin görüşündə iştirak etmişdir. Başqa nümayəndələrimiz də İranda olmuşlar. Ancaq İrandan Azərbaycana ziyarət az idi. İndi siz yaxşı başlamısınız. Əvvəl Şərqi Azərbaycanın nümayəndə heyəti gəldi, indi də İran İslam Cümhuriyyətinin naziri, bizim dostumuz ağayi Əbdüləlizadə başda olmaqla nümayəndə heyəti gəlmişdir.

Mən keçən dəfə də görüşümdə demişdim, bu gün də deyirəm ki, İranla bizim əlaqələrimiz mehriban, səmimi dostluq, qonşuluq və qardaşlıq əlaqələri xarakteri daşıyır. Əlbəttə ki, bəzi qüvvələr bu əlaqələri ləkələmək istəyir, bəziləri mane olmaq istəyir. Ancaq buna mane olmaq mümkün deyildir. Çünki xalqlarımızın dostluğunun, qardaşlığının dərin kökləri var. Köklərimiz bizi uzaq keçmişə aparır. Biz bir mədəniyyətə - Şərq mədəniyyətinə mənsub xalqlarıq, bir dinə - islam dininə mənsub xalqlarıq. Ən əsası da odur ki, biz qonşuyuq.

Azərbaycanın İranla olan məsafəcə uzun sərhədi, demək olar, başqa ölkələrin heç birisi ilə yoxdur. Demək, İran bizim həm yaxın qonşumuzdur, həm də Araz çayının o tayı, bu tayı həmişə azərbaycanlılar üçün əziz olmuşdur. Vaxtilə Araz bizi birləşdirirdi, heç vaxt da ayırmırdı. Ancaq sonra, 70 il bundan öncə, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bu əlaqələr get-gedə azaldı, sonra isə tamam kəsildi.

Xatirimdədir, o vaxtlar Azərbaycan Sovet İttifaqının tərkibində bir cümhuriyyət olarkən insanlarımız xarici ölkələrə səfərlər edirdilər. Mən də 70-ci illərdə, 80-ci illərin əvvəlində Azərbaycanın başçısı kimi bir çox ölkələrə səfər edirdim, hətta Sovet İttifaqının nümayəndə heyətinin başında da olurdum. Ancaq bizə İrana səfər etməyə imkan vermirdilər. Mən Moskvada işləyəndə - Sovetlər İttifaqının rəhbərlərindən biri, baş nazirin birinci müavini və Siyasi Büronun üzvü idim - çox ölkələrə səfər etdim. Sovetlər İttifaqının çox ölkələrə gedən dövlət nümayəndə heyətlərinin başçısı oldum. Bir neçə dəfə dedim ki, bəlkə İrana da bir səfər olsun, - buna imkan vermədilər. Yəni demək istəyirəm ki, bizdən asılı olmayaraq 70 il bizi bir-birimizdən ayırdılar.

Ancaq Allaha şükürlər olsun ki, sərhədlər açıldı, Azərbaycan öz milli azadlığına, müstəqilliyinə çatdı, nail oldu. İndi Azərbaycan sərbəst, müstəqil dövlətdir və müstəqil dövlət kimi bütün ölkələrlə öz əlaqələrini qurur. Ancaq yenə də deyirəm, qonşu insan üçün həmişə qonşudur. Bəzən bizim xalq arasında belə deyirlər: yaxşı qonşu pis qohumdan yaxşıdır. Bəzən də deyirlər ki, bəlkə də qohum qohumdur, ancaq uzaqdadır, qonşu isə divarın o tərəfindədir. Böyük şəhərlərdə qonşular bəlkə də bir-birini tanımırlar. Xatirimdədir, gənc vaxtlarımda Naxçıvanda yaşayanda orada qonşular arasında divar vardı, bəzən onu götürürdülər ki, heç divar da olmasın. Ona görə qonşu ölkə bizim üçün, şübhəsiz ki, başqa ölkələrdən vacibdir.

Mən bunları deyərək bir daha məmnun olduğumu bildirmək istəyirəm ki, ağayi Əbdüləlizadə, sizinlə və sizinlə birlikdə gələn nümayəndə heyətinin üzvləri ilə görüşürəm. Mən sizi bir daha salamlayıram.

Əli Əbdüləlizadə: Allaha çox şükür edirəm ki, neçə illərdən sonra bu gün böyük və əziz qardaşım, alicənab prezident Heydər Əliyevi Bakı şəhərində ziyarət edirəm. Hər şeydən əvvəl, Sizin məhəbbətinizə və səmimiyyətinizə görə öz adımdan və nümayəndə heyətinin üzvləri adından təşəkkürümü bildirirəm.

Buyurduğunuz kimi, İran və Azərbaycan cümhuriyyətləri iki qonşu, müstəqil məmləkətdir. Bu qonşuluqdan əlavə, bizim çoxlu müştərək əlaqələrimiz vardır. Dinimiz müştərəkdir, İranın çox böyük hissəsi ilə buranın dili müştərəkdir, qibləmiz müştərəkdir. Buyurduğunuz kimi, qonşu qonşu ilə bir-birinə bəlkə qardaşdan da yaxındır. Yaxşı qonşu qardaşdan da irəlidir. Şükür olsun Allaha ki, Azərbaycan Cümhuriyyəti ilə İran İslam Cümhuriyyəti yaxşı qonşudurlar, bir-birinə qardaşdan yaxındırlar.

İnşallah, tezliklə biz şəxsinizi, alicənab prezidenti Tehranda görəcəyik. Ağayi Xatəmi Sizi dəvət edibdir. Təşəkkürünü bildirir ki, bu dəvəti qəbul edibsiniz. Gərək günbəgün çalışaq ki, qonşuluqda əlaqələrimiz çox olsun, gediş-gəliş çoxalsın. Azərbaycan Cümhuriyyəti müstəqillik qazandığı ilk günlərdən İran məmləkəti sizə dayaq, qardaşdır.

Dediyiniz kimi, Siz Naxçıvanda çətin şəraitdə olanda, Azərbaycanın, Naxçıvanın ağır günlərində İran İslam Cümhuriyyəti qardaş, yaxın qonşu kimi öz yolunu sizin ixtiyarınıza verdi ki, Azərbaycanla Naxçıvan bir-birindən ayrı düşməsin. Əlimizdən gələn qədər çalışdıq ki, Naxçıvanın ağır günlərinə şərik olaq. Şükür olsun ki, Sizin rəhbərliyinizlə o ağır günlər aradan götürüldü və mən görürəm ki, Azərbaycanda günbəgün abadlıq və inkişaf nəzərə çarpır.

4-5 il olardı ki, Bakını görməmişdim. Sizi təbrik edirəm, Bakı çox gözəl olub. Arzum budur ki, Azərbaycanın hər yeri elə bu cür olsun. Mən qardaşlarıma dedim ki, Azərbaycanın tarixində prezident Heydər Əliyevin adı abadlıqla, inkişafla qoşa çəkilir. Siz xəstələnmişdiniz, cərrahiyyə əməliyyatı keçirmisiniz. Allaha şükür olsun ki, indi səhhətiniz yaxşıdır. Sizin həyatınız Azərbaycan üçün çox gərəklidir. Sizin rəhbərliyiniz altında Azərbaycanın cavanları, qeyrətli milləti daha böyük uğurlar qazanacaqlar və buna layiqdirlər. Cavanlar təhsil alacaq, Sizin rəhbərliyinizlə böyük şəxslər yetişəcək, Azərbaycan öz müstəqilliyini həmişə qoruyub saxlayacaqdır.

Mən prezident Xatəminin salamını Sizə çatdırmağı özümə borc bilirəm. Hökumətdə olan həmkarlarımın - nazirlərin də hamısının salamını Sizə yetirirəm, onlar Tehranda Sizinlə görüşməyi səbirsizliklə gözləyirlər. Bizi buraya dəvət etdiyinizə görə də bir daha təşəkkürümü bildirirəm. Bu iki-üç gündə bizə o qədər məhəbbət göstəriblər ki, mən Bakını öz vətənim bilirəm. Amma mənimlə gələn fars qardaşlarım da bu günlərdə o qədər məhəbbət, qardaşlıq münasibəti görüblər ki, mənə deyirlər, deyəsən, elə Bakı da İran kimidir. Dedim ki, heç fərqi yoxdur, bura bizim hamımızın evidir.

Heydər Əliyev: Doğrudur, sizin öz vətəninizdir.

Əli Əbdüləlizadə: Bu, Sizin şəxsinizdədir. Hamı bilir ki, alicənab prezident Heydər Əliyevin çox böyük qonaqpərvərliyi var. Sizə bir də təşəkkür edirəm.

Mən Təbrizdə olanda çalışırdıq ki, Azərbaycana, Naxçıvana, əziz bacı-qardaşlarımıza əlimizdən gələn köməkliyi edək. İndi nazirəm, həm öz vəzifəm daxilində, həm də İran İslam Cümhuriyyətinin dövləti çərçivəsində çalışıram ki, əlaqələrimiz günbəgün genişlənsin, Azərbaycanda qardaşlıq borcumuzu yerinə yetirək. Ərz etməliyəm ki, Allaha şükür olsun, keçən il Azərbaycandan, Naxçıvandan bir milyon nəfər İranı ziyarət edibdir.

Heydər Əliyev: Bir milyon? Çox gözəl.

Əli Əbdüləlizadə: Çox gözəl haldır. Bu, son hədd deyil, getdikcə çoxalacaqdır. Arzu edirəm ki, hər bir azərbaycanlı İranı ziyarət edə bilsin, hər bir azərbaycanlı Tehranı, Təbrizi, Məşhədi öz vətəni bilsin. Qonşuluq elə budur. Buyurduğunuz kimi, kiçik yerlərdə - kəndlərdə, balaca şəhərlərdə çox vaxt qonşu qonşudan gizlənməz, gəlib-gedər, onun evini öz evi bilər. Gərək biz də elə o cür olaq. Gərək hər bir azərbaycanlı İranı özünün evi, ikinci vətəni hesab etsin. Hər bir iranlı da gərək Azərbaycana gələ, buranı öz vətəni hesab eləyə bilsin. Buyurduğunuz kimi, əgər bir vaxtlar - şura hökuməti zamanı Araz çayı İranla Azərbaycanı bir-birindən ayırırdısa, indi Araz ölkələrimizi birləşdirir.

İnşallah, ölkələrimizin rəhbərlərinin sayəsində Arazın hər iki tərəfi inkişaf edəcəkdir. Arazın hər iki sahilində ona həsr olunmuş şerlər, mahnılar ürəklərimizi də bir-birinə bağlayacaqdır. Nə qədər ki, bəşəriyyət mövcuddur, İran və Azərbaycan Arazın iki sahilindəki müstəqil məmləkətlər kimi əl-ələ verəcək, qardaşlığı davam etdirəcəklər. Mən bizə göstərdiyiniz hörmət və məhəbbətə görə şəxsinizə və bütün azərbaycanlı bacı-qardaşlarımıza öz adımdan və nümayəndə heyətimizin üzvlərinin adından bir daha təşəkkür edirəm. Ümidvaram ki, tezliklə İranda Sizinlə görüşəcəyik.

Heydər Əliyev: Əvvəla, İran İslam Cümhuriyyətinin prezident zati-aliləri Xatəminin mənə çatdırdığınız salamına görə təşəkkürümü bildirirəm. Sizdən rica edirəm ki, mənim salamımı və hörmət-ehtiramımı cənab Xatəmiyə çatdırasınız. Bildirəsiniz ki, İslam Konfransı Təşkilatının toplantısı zamanı Tehranda onunla görüşüm mənim üçün çox əhəmiyyətli olmuşdur. Təbii ki, o vaxt mən onu Azərbaycana dəvət etdim, o da məni İrada dəvət etdi. Mən çox arzu edirdim ki, əvvəlcə o, Azərbaycana gəlsin. Ancaq sonra dedi ki, əvvəl mən İrana gəlim. Şübhəsiz ki, mən bu dəvəti məmnuniyyətlə qəbul etmişəm, mütləq gələcəyəm, görüşəcəyik, danışacağıq.

Son vaxtlar İranda gedən işlər bizi sevindirir. Yəni 20 il bundan öncə olmuş İran İslam İnqilabından sonra İranda çox böyük müsbət dəyişikliklər baş veribdir. Siz deyirsiniz ki, Bakını tanımadınız. Ancaq gedib Tehrana baxsan, Tehran da 20 il bundan öncəki Tehran deyildir, heç 10 il bundan öncəki Tehran deyildir. Nə qədər dəyişiklik var, nə qədər tikintilər gedib, işlər görülübdür. Bunlar hamısı islam inqilabının bəhrələri, nəticələridir.

Son vaxtlar sizdə prezident seçkiləri keçirildi, ağayi Xatəmi xalqın çoxluğunun iradəsi ilə prezident seçildi. Bundan sonra İran İslam Cümhuriyyətinin həm xarici siyasəti, həm də daxili siyasəti sahəsində görülən işlər, hesab edirəm ki, İran xalqının mənafeyinədir, ümumiyyətlə, İranın dünyada öz yerini daha möhkəm tutması üçün çox vacib işlərdir. Ona görə bu, Azərbaycanda bizi sevindirir. Ağayi Əbdüləlizadə, siz də məhz bu prezident seçkilərindən sonra yeni hökumət yarananda Şərqi Azərbaycan ostandarlığından İran Cümhuriyyətinin naziri olmusunuz. Bunlar hamısı sizin də işlərinizdir. Güman edirəm ki, bu yolla gedən İran bundan sonra daha böyük uğurlar əldə edəcəkdir.

Bu baxımdan mən prezident cənab Xatəminin fəaliyyətini xüsusi qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, İran bütün işlərini daha da uğurla həyata keçirərək, bundan sonra İran-Azərbaycan əlaqələrinin inkişafına daha çox fikir verəcək və çox səy qoyacaqdır. Mən buna heç şübhə etmirəm.

Siz indi tikinti və şəhərsalma nazirisiniz, elədirmi? Yaşar Əliyev mənə bildirdi ki, siz burada danışıqlar aparmısınız və bu sahədə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirsiniz. Bu, çox gözəldir. Belə bir əməkdaşlığın genişlənməsinə bizim ehtiyacımız çoxdur. Doğrudur, Azərbaycan müstəqillik qazandıqdan, yollar açılandan sonra İrandan buraya çox mallar gətirilir. Xüsusən İran mərməri - haraya baxırsan, İrandan gətirilmiş mərmər işlədilir. Çox gözəl mərmərlər var. Bizim binaların çoxunda İran mərmərindən istifadə olunmuşdur. Elə siz qaldığınız otelin mərməri də İrandan gətirilmişdir. Amma təkcə mərmər yox, başqa tikinti materialları da gətirilməsi, yaxud da tikinti sahəsində daha çox iş görmək olar. Güman edirəm ki, sizin buradakı danışıqlarınız, görüşləriniz nəticəsində bu sahədə əməkdaşlığımızı daha da genişləndirmək olar.

Ancaq mən bir daha İran İslam Cümhuriyyətinin, hökumətinin, o cümlədən Şərqi Azərbaycan ostandarlığının o ağır illərdə Naxçıvana göstərdiyi yardımı xüsusi qeyd etmək istəyirəm. Şübhəsiz ki, o vaxt Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra İran ilə Azərbaycan arasında əməkdaşlıq gendən-genə genişlənməyə başladı. Ancaq bilirsiniz ki, o vaxtlar Naxçıvan çox ağır vəziyyətə idi. Azərbaycanın bir hissəsi olan Naxçıvan Azərbaycanın o biri hissəsindən, - Ermənistan ortaya girdiyinə görə, - ayrı düşübdür. Ermənistanla bizim münaqişəmiz olduğuna görə, - siz bilirsiniz, o vaxtlar Naxçıvana gəlib gördünüz - Naxçıvanın Bakı ilə, Azərbaycanın başqa yerləri ilə əlaqələri tamam kəsilmişdi. O vaxt İran ərazisindən Azərbaycana yol vermək ki, Naxçıvandan Bakıya, Bakıdan Naxçıvana nəqliyyat işləsin, insanlar gedib-gələ bilsin, yüklər daşınsın - bu, Azərbaycana, Naxçıvana çox xeyir verdi.

Mən heç unutmaram, biz elektrik enerjisindən məhrum idik. Qısa zamanda elektrik xətti çəkildi. Xatirimdədir, siz də, ağayi Şafeyi də gəldiniz, biz bu elektrik xəttini birlikdə, böyük ruh yüksəkliyi ilə açdıq. O da xatirimdədir ki, mən sizi dəvət etmişdim, Naxçıvana gəlmişdiniz. O vaxt biz çox kasıb idik, amma mən sizə olandan yemək verdim. Ancaq oturduğumuz yer o qədər soyuq idi ki, titrəyirdik. Yadınızdadırmı?

Əli Əbdüləlizadə: O günlər yaddan çıxmaz!

Heydər Əliyev: Yaddan çıxmaz! Mən gördüm ki, sən baxırsan, deyirsən ki, burada nə təhər yaşayırsınız? İndi təsəvvür edin, əgər əziz, mötəbər qonaqlarımızı qəbul eləyəndə qışın şaxtasında o cür soyuq binada idiksə, görün, insanlar necə yaşayırdı, o cümlədən mən özüm necə yaşayırdım. Gecə yatırdım, səhər görürdüm ki, hər yer donubdur. Biz bu günləri yaşadıq, amma o günlərin ağırlığını götürmək üçün İranın köməyi çox qiymətli idi. Mən bunu xüsusi xatırlayıram.

Siz mahnıları, şərqiləri dediniz. Axı həqiqətən də bizim mədəniyyətimiz, musiqimiz qədimdən eynidir, bir-birinə yaxındır. Azərbaycanın mahnıları, şərqiləri İranda sevilir, İranınkı Azərbaycanda sevilir. Xatirimdədir - bu günlərdə bunu yadıma saldılar, - Naxçıvanda olanda mənə dedilər ki, hamımız üçün əziz olan "Ayrılıq" mahnısını yazan bəstəkar Əli Səlimi, - o, Təbrizdə yaşayırdı, 1938-ci ildə, uşaqkən, gənc ikən Azərbaycandan, Bakıdan köçüb getmişdi, orada yaşayırdı, - çox istəyir ki, Azərbaycanı, Bakını görsün, amma gedə bilmir. Mən Naxçıvanda bizim Mədəniyyət Nazirliyinə göstəriş verdim ki, nə edirsən - et, onları buraya dəvət elə. Dəvət elədilər, Culfa körpüsündən keçib Naxçıvana gəldilər. 35-40 nəfərlik böyük bir orkestr idi, siz onları yaxşı tanıyırsınız, Təbrizin orkestri idi. Əli Səlimi ilə görüşdük. Mən çox məmnun oldum. Çünki təkcə "Ayrılıq" mahnısını yox, o qədər gözəl musiqilər bəstələmişdi ki, biz heyran olduq. Onlar bizim teatrda konsert verirdilər, şübhəsiz ki, üst paltarlarını çıxarmışdılar. Biz isə salonda üst paltarlarımızda oturmuşduq, çoxları papağını da çıxarmamışdı. Onlar isə o soyuqda konsert verirdilər. Çöldə, eşikdə 30 dərəcə, içəridə də azı 10 dərəcə şaxta vardı. Amma, bilirsiniz, nə qədər çətin olsa da bu, o vaxt insanlara ruh verirdi. Naxçıvanda insanlar Əli Səliminin konsertini böyük iftixarla, böyük ruh yüksəkliyi ilə qarşıladılar. Mən onu Naxçıvandan Bakıya yola saldım. Deyirdi ki, çox arzu edirəm yaşadığım evi, yaşadığım küçəni görüm.

Bu yaxınlarda eşitdim ki, o, rəhmətə gedibdir. Allah rəhmət eləsin. Mən mahnılarına görə, yaxud, sadəcə, görüşməyimə görə onu çox sevdim. Çox gözəl, istedadlı bir insan və bəstəkar, musiqiçi idi.

Bax, budur, biz birik, yəni burada heç nə ayrı deyildir. Əli Səlimi də, yaxud bizim Azərbaycan bəstəkarları da hamısı birdir. Hamısı bir musiqi, mahnılar yazır. Ona görə də bunları heç vaxt ayırmaq olmaz. 70 il də ayıra bilmədi, 100-200 il də olsa, ayıra bilməz. İndi biz bu əlaqələri inkişaf etdirməliyik. Mən bildirmək istəyirəm ki, dövlətimizin siyasəti, şəxsən prezident kimi mənim siyasətim İran İslam Cümhuriyyəti ilə əlaqələrimizi bütün sahələrdə genişləndirmək, inkişaf etdirmək məqsədi daşıyır. Həm iqtisadi əlaqələri, həm siyasi əlaqələri, həm humanitar, elm, mədəniyyət və bütün başqa sahələrdə əlaqələri inkişaf etdirmək istəyirik və etdirəcəyik.

Çox məmnun oldum, mən bu rəqəmi bilmirdim ki, Azərbaycandan İrana bir ildə bu qədər adam gedir. İndi Azərbaycanın əhalisi 8 milyona çatır, təxminən 7 milyon 800 min nəfərdir. Axı bunun içərisində uşaqlar da var. İndi ildə bir milyon adam gedib-gəlirsə, bu, çox gözəldir.

Elə bunun özü çox gözəl göstəricidir ki, insanlar İrana getmək, bu ölkəni ziyarət etmək istəyirlər. Çoxları ticarət edirlər ki, bu da çox gözəldir. Bunların hamısı çox sevindirici haldır.

Mən bir daha qeyd etmək istəyirəm ki, xüsusən son vaxtlar Naxçıvan üçün yaranmış yeni şərait bizdə çox böyük məmnunluq hissi doğurur. Yəni orada gömrük xidməti artıq 24 saat işləyir, qatarlar Təbrizə, hətta Məşhədə gedir, insanlar rahat gedib-gəlirlər. Bunlar Naxçıvan üçün, - təkcə Naxçıvan üçün deyil, Azərbaycanın başqa yerlərindən də insanlar Naxçıvana gedir və həmin yolla İrana keçib ticarət edirlər, - bizim üçün çox faydalıdır. Mən bunları xüsusi qeyd etmək istəyirəm.

Güman edirəm ki, biz keçən illərdə çox şeyə nail ola bilmişik. Ancaq bundan sonra daha da çox işlər görməliyik.

Əli Əbdüləlizadə: Cənab prezident, şura hakimiyyəti vaxtında heç kimin ağlına gəlməzdi ki, Arazın o tayına sərbəst gedib-qayıtsın. Yadımdadır ki, o vaxtlar 4-5 ildə bir dəfə bir nəfər özünü Araza vurub o taya keçə bilirdi. Atalarımız demişkən, o zaman Arazın üstündən quş da səkə bilməzdi. Biz Rəşid Behbudovun, Bülbülün oxuduğu mahnılara Təbrizdə, Azərbaycan əyalətinin digər yerlərində böyük həsrətlə qulaq asardıq.

Bildiyiniz kimi, Azərbaycan ilə İran mədəniyyəti bir-birindən heç vaxt ayrı olmayıbdır. Nizaminin, Füzulinin, Firdovsinin, Şəhriyarın və o cümlədən digər şairlərin şerləri həmişə sevilə-sevilə oxunubdur. Mən bu gün burada Firdovsi barədə soruşdum və gördüm ki, Azərbaycan Cümhuriyyətində onu çox yaxşı tanıyırlar.

Heydər Əliyev: Xalqımız Firdovsini çox yaxşı tanıyır.

Əli Əbdüləlizadə: Hətta mənə dedilər ki, burada Firdovsinin şerlərini Azərbaycan dilinə tərcümə edərək nəşr ediblər. Yaxşı deyirlər ki, mədəniyyət sərhəd tanımır. Şura hakimiyyəti dövründə quşun da səkə bilmədiyi bir sərhəddən mədəniyyət çox asanlıqla keçirdi. Yəni bizim millətimiz də, mədəniyyətimiz də birdir.

Cənab prezident, inşallah, Allahın lütfü və Sizin sağlığınız, həyata keçirdiyiniz tədbirlər nəticəsində Azərbaycan Cümhuriyyətinin bütün vətəndaşları gedib Məşhədi ziyarət edəcəklər, Təbrizi görəcəklər. Mən hesab edirəm ki, Azərbaycan Cümhuriyyətinin qapısı 60 milyon əhalisi olan İran vətəndaşlarının üzünə həmişə açıqdır. İstəyirik ki, biz tez-tez Bakıya gələk və Azərbaycanın tarixi abidələrini ziyarət edək. Biz çox istəyirik ki, Gəncəyə, Şəkiyə, Şamaxıya və inşallah, tezliklə Qubadlıya, Füzuliyə, Dağlıq Qarabağa, xüsusən Şuşaya gəlib orada görüşlər keçirək. İnşallah, tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və o, öz qonşuları ilə daha sıx əlaqələr quracaqdır.

Cənab prezident, çox ümidvaram ki, mənim bu səfərimdən sonra Siz tezliklə Tehrana səfərə gələcəksiniz və Azərbaycan ilə İran arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əlaqələr gündən-günə daha da möhkəmlənəcəkdir.

Heydər Əliyev: Siz Rəşid Behbudovu, Bülbülü yada saldınız. Rəhmətlik Rəşid Behbudov və Bülbül ilə mənim şəxsi dostluğum var idi. Bülbül 1942-43-cü illərdə İranda olmuşdur. Ancaq Rəşid Behbudov 1960-cı illərin sonunda, 1970-ci illərin əvvəllərində İrana bir neçə dəfə səfər etmişdi. Onu orada çox təntənə ilə qarşılamışdılar. Mən bir dəfə onun evində qonaq idim. O, İranda konsertlərinin çox yüksək səviyyədə keçməsi, insanların onu alqışlarla qarşılaması barədə mənə danışdı və şəkillər göstərdi. Həqiqətən, Rəşid Behbudov və başqaları sovet hakimiyyəti dövründə, sərhədlərin bağlı olduğu vaxtda körpülər yaradırdılar.

Məsələn, siz Firdovsidən söhbət saldınız. Təxminən 15-16 yaşımda mən Firdovsinin "Şahnamə"sini Azərbaycan dilində oxumuşam. O vaxtlar - 1937-1938-ci illərdə, bəlkə də ondan əvvəl, 1930-cu illərdə Firdovsinin 1000 illik yubileyi idi. Onun "Şahnamə" əsərinin, demək olar ki, əksər hissəsini Azərbaycan dilinə tərcümə etdilər. Onun orada təsvir etdiyi qəhrəmanlar - pəhləvan, şah, xan obrazları bizdə böyük heyranlıq doğururdu. Bizim böyük yazıçımız, dramaturqumuz mərhum Hüseyn Cavid "Şahnamə"nin əsasında "Səyavuş" əsərini yaratmışdır. Bu əsərin mövzusu "Şahnamə"dən götürülübdür. Təxminən 1937-ci ildə "Səyavuş" əsərini tamaşaya qoydular. 1938-ci ildə Hüseyn Cavidi həbs etdilər və bundan sonra onun əsərləri qadağan olundu.

Yaxud, məsələn, Ömər Xəyyam İranın böyük şairidir. Amma o, eyni zamanda Azərbaycanda çox sevilir. İnsanların çoxu Xəyyamın şerlərindən misralar söyləyir, öz fikirlərini təsdiqləyirlər. İranda bunu bilmək lazımdır.

Görkəmli şairimiz, dramaturqumuz Hüseyn Cavid Ömər Xəyyam haqqında böyük bir teatr əsəri, pyes yazmışdı. O vaxtlar həmin əsəri də qadağan etmişdilər. Amma siz bilirsiniz, mən sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərlik etdiyim illərdə Hüseyn Cavidin Sibirdə olan cənazəsini vətənə gətirtdim. Hüseyn Cavidi sürgün etmişdilər, aparıb uzaq Sibirdə saxlamışdılar və o, orada həbsxanada vəfat etmişdi. Bilirsiniz ki, həbsxanada ölənlərin məzarını tapmaq çox çətindir. Ancaq biz aradıq, məzarını tapdıq, onun cənazəsini 1981-ci ildə Azərbaycana gətirdik. O, naxçıvanlı olduğuna görə, mən məsləhət bildim ki, onu Naxçıvanda torpağa versinlər.

Doğrudur, o vaxt bu barədə çoxlu mübahisələr oldu. Çoxları deyirdilər ki, Hüseyn Cavid həqiqətən böyük bir şəxsiyyətdir və onun məzarı da Azərbaycanın paytaxtında olmalıdır. Amma mən isə hesab edirdim ki, nə fərqi var, Azərbaycanın hər yeri gözəldir. Bu insan Naxçıvanda doğulub, böyüyüb, qoy onun məzarı da Naxçıvanda olsun. Mənim fikrim bir də belə idi ki, o, adi bir qəbirstanlıqda dəfn olunmasın, - necə ki, siz orada Şəhriyara gözəl bir abidə düzəltmisiniz, - Naxçıvanda torpağa verilsin və onun məzarı üzərində böyük bir abidə, məqbərə düzəldək. Ona görə də onu aparıb Naxçıvanda dəfn elədik.

Sonra mən buradan, Azərbaycandan Moskvaya getdim. Bilirsiniz ki, sonra mən Moskvada bütün vəzifələrdən istefa verməyə məcbur oldum. Hüseyn Cavidin məzarı qaldı, ona heç kəs baxmadı. Mən 1990-cı ildə Moskvadan Bakıya, sonra Naxçıvana bacımın evinə gəldim. Orada olduğum birinci gün dedim ki, mən Hüseyn Cavidin məzarını ziyarət etməliyəm. Gəlib gördüm ki, məzar bərbad vəziyyətdədir. Oturub fikirləşdim ki, nə edim? Amma mən 1981-ci ildə Hüseyn Cavidin məzarı üzərində məqbərə yaratmağı niyyət etmişdim və sonra onu da yaratdım. İndi Naxçıvana yolunuz düşsə, imkan olsa gedib baxın. O, çox gözəl bir məqbərədir.

Hüseyn Cavid bizim böyük şairimiz, dramaturqumuzdur. Onun əsərləri çoxdur. Amma onun iki əsəri - "Səyavuş", "Ömər Xəyyam" Azərbaycan ədəbiyyatında xüsusi yer tutubdur. Məsələn, mən Məşhəddə olanda iki müqəddəs yeri çox böyük iftixar hissi ilə ziyarət etdim. İmam Rzanın qəbrini ziyarət etmək mənim çoxdankı arzum idi, gedib onu ziyarət etdim. Mən bir də gedib Firdovsinin qəbrini ziyarət etdim. Yadımdadır ki, o vaxtlar mən sənin yanına gələndə gedib Şəhriyarın qəbrini ziyarət etdim. Şəhriyar mənim üçün çox əzizdir. Mən güman edirəm ki, Azərbaycandan Təbrizə gedən hər bir şəxs ən əvvəl Şəhriyarın qəbrini ziyarət edir. Çünki Şəhriyar doğrudan da həm İran, həm də Azərbaycan şairi kimi XX əsrin ən böyük şəxsiyyətlərindən biridir.

Görürsünüz, bu barədə 2-3 saat danışmaq, çoxlu misallar gətirmək olar. Yəni bu cür bağlı olan xalqları bir-birindən ayırmaq olarmı? Ayırmaq olmaz, mümkün deyil.

Əli Əbdüləlizadə: Doğrudur, ayırmaq olmaz, bu mümkün deyildir.

Heydər Əliyev: Amma gərək elə edək ki, bundan sonra araya heç kim girməsin, bədxahlar bizim bu işimizə mane ola bilməsinlər. Şübhəsiz ki, bu əlaqələri inkişaf etdirmək lazımdır.

Əli Əbdüləlizadə: Mən iftixar edirəm ki, Siz rəhmətlik Hüseyn Cavidə elə böyük abidə yaratmısınız. Arzu edirəm ki, həmin abidəni daha da böyüdəsiniz, genişləndirəsiniz. Mən bu sahədə hər cür kömək göstərməyə hazıram. Çünki İranda belə böyük abidələrin hamısını biz tikirik. Mən həmin abidəni Siz arzu etdiyiniz naxışla bəzətdirə bilərəm.

Heydər Əliyev: Əziz dostum, çox sağ ol. Mən bunu artıq görmüşəm. Doğrudur, Azərbaycanın o qədər vəsaiti yoxdur. Amma biz bu işi etdik. Sizdə də, bizdə də "əhdi-pehman" sözü vardır. Mən 1982-ci ildə Hüseyn Cavidin cənazəsini Sibirdən gətirəndə niyyətin bu idi ki, onun qəbrində böyük bir məqbərə tikək. Biz onu etdik. Gedib onu ziyarət et, bir bax. Əgər həmin abidənin ətrafında bir iş görmək istəsən, mən çox məmnun olaram.

Əli Əbdüləlizadə: Mən səfir Abbasəli Həsənə söz vermişəm ki, Naxçıvana gələcəyəm. İnşallah, tezliklə Naxçıvana gedib Hüseyn Cavidin qəbri üzərində bir fatehə verəcək, abidəsini ziyarət edəcəyik.

Cənab prezident, iş görən əlləriniz heç vaxt ağrımasın. Sizin gördüyünüz bu cür işlər Azərbaycanın hər yerində vardır. Allah Sizi hifz etsin. Hüseyn Cavidin torpağı qədər yaşatsın!

Bilirsiniz ki, Şəhriyarın "Heydərbabaya salam" şeri tarixi səpkidədir. Heç kim, heç bir bədxah adam həmin əsəri azərbaycanlının - Bakıda, Gəncədə, Füzulidə, Qubadlıda, Təbrizdə olsun, fərqi yoxdur - ürəyindən çıxara bilməz. Yəni həmin sözləri qəlblərdən silmək olmaz. Fikrimcə, Nizaminin də, Füzulinin də şerləri, Bülbülün oxuduğu mahnılar da heç vaxt unudula bilməz.

Dünən biz burada keçirdiyimiz görüşlərdən sonra bir yerdə nahar etdik, gətirib Bülbülün kassetini oxutduq. O, "Koroğlu" operasından ariyanı ifa edirdi. Yadıma düşdü ki, mən hələ universitetdə oxuduğum illərdə biz dostlarımızla birgə "Koroğlu" operasına dönə-dönə qulaq asardıq və yeri gələndə özümüz oxuyardıq.

Cənab prezident, biz bəyan etdiyimiz bu mövzu elədir ki, bu barədə sübhəcən də danışsaq, qurtaran deyildir. İranla Azərbaycan arasında əlaqələrin min illərlə tarixi vardır. Bu əlaqələri bir gecəyə soyutmaq mümkün deyildir. İnşallah, biz Sizin rəhbərliyiniz altında və prezident cənab Xatəminin hüsni-niyyəti ilə əlaqələrimizin gündən-günə daha da möhkəmləndirilməsi imkanlarından tam istifadə etməyə çalışacağıq ki, tariximiz, mədəniyyətimiz bizə həmişə başucalığı gətirsin, hər iki millət - həm İran, həm də Azərbaycan milləti bundan yaxşı yaşasınlar.

Cənab prezident, sizə bir böyük qardaş, insan kimi mənim böyük ehtiramım vardır. Arzumuz budur ki, həmişə Sizə kömək edək, bütün niyyətləriniz, inşallah, həyata keçsin.

Heydər Əliyev: Sağ olun.

"Azərbaycan" qəzeti, 8 avqust 1999-cu il.