AzərbaycanRespublikasının Prezidenti Heydər Əliyev şəhidlərin əziz xatirəsini yad etdi – 20 yanvar 2002-ci il


1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə tarixinə parlaq və şərəfli səhifə kimi daxil olmuşdur. Bu qanlı hadisədən 12 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Keçmiş SSRİ rəhbərliyinin havadarlığı ilə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin Azərbaycana yeridilməsi misli görünməmiş faciə ilə nəticələndi.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il Ümumxalq hüzn günü kimi geniş qeyd edir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərə, günahsız insanların qətlinə səbəb olan 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

* * *

Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldi.

Şəhidlərin ruhuna dua oxundu.

Respublikamızın rəhbəri matəm müsiqisinin sədaları altında müqəddəs ziyarətgahda ucaldılmış «Əbədi məşəl» abidəsi önünə əklil qoydu. Əklilin üzərindəki lentdə bu sözlər yazılmışdı: «Azərbaycan Respublikasının Prezidentindən – 20 Yanvar şəhidlərinə».

Azərbaycanın dövlət himni ifa olundu.

Dövlətimizin başçısı Heydər Əliyev şəhidlərin xatirəsini yad etməyə gəlmiş xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusların hərbi attaşeləri ilə görüşdü. Onlar Prezident Heydər Əliyevə dərin hüznlə başsağlığı verdilər, xalqımızın kədərinə şərik olduqlarını söylədilər.

Prezident Heydər Əliyev diplomatik korpusun rəhbərlərinə, xarici qonaqlara təşəkkürünü bildirdi.

Dövlət təşkilatlarının rəhbər işçiləri, respublikamızda fəaliyyət göstərən dini icmaların rəhbərləri şəhidlərin xatirəsini yad etməyə gəlmişdilər.

* * *

Azərbaycan Prezidenti Heydər Əliyev paytaxtın yüksək nöqtəsindən Bakının mənzərəsini seyr etdi, son illərdə tikilmiş çoxmərtəbəli binaların şəhərə xüsusi gözəllik verdiyini vurğulayaraq dedi:

– Görürəm, yeni hündür evlər tikilir. Vağzalın yanında da hündür binalar var, onlar nədir?

Hacıbala Abutalıbov (Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı): Cənab Prezident, onlar Hökumət evinin yaxınlığında tikilir. Orada üç yeni bina tikilir.

Heydər Əliyev: Neçə mərtəbəlidir, artıq orada yaşayırlar?

Hacıbala Abutalıbov: Bəli, artıq hamısında yaşayırlar və 16-17 mərtəbəli binalardır.

Heydər Əliyev: Bunlar küçə ilə gedəndə görünmür. Gözəl, yaraşıqlı evlərdir. Belə binalar daha harada tikilir?

Hacıbala Abutalıbov: Cənab Prezident, şəhərin çox yerində tikilir. Amma indi Təzə bazarın yanında tikilir.

Heydər Əliyev: Onlar da bu cür hündür evlər olacaqdır?

Hacıbala Abutalıbov: Bəli, dördü 25 mərtəbəli, qalanları isə 13-16 mərtəbəli olacaqdır.

Heydər Əliyev: Bu cür evlərin kommunikasiya məsələsi həll olunub, yoxsa yox?

Hacıbala Abutalıbov: Bəli, hamısı həll olunubdur.

Heydər Əliyev: Yaxşı, Təzə bazarın yanında küçələr daralır, ətrafdakı insanların yaşaması üçün gərək şərait olsun. Bunlar hamısı təmin olunur?

Hacıbala Abutalıbov: Cənab Prezident, dörd yaşayış binasının ikisində ticarət mərkəzi yaradılacaq, binaların altında isə avtomobillər üçün qarajlar tikilmişdir.

Heydər Əliyev: Çox gözəl.

Hacıbala Abutalıbov: Cənab Prezident, torpaq sürüşməsi olan yerlərdə çoxlu ağac əkmişik.

Heydər Əliyev: «Əbədi məşəl» abidəsini görürsünüz, gözəl bir əsər yaratmışam. Bunun memarı mənəm, bütün kompozisiyasını mən vermişəm. Ağacları burada, sürüşkən yerlərdə əkmisiniz?

Hacıbala Abutalıbov: Bəli, hər şeyi sökdük və aşağıya qədər ağaclar əkdik.

Heydər Əliyev: İndi burada hər şey normaldır, yoxsa yox?

Artur Rasizadə (Baş nazir): Bəli.

Heydər Əliyev: Siz oradan adamları köçürmək istəyirdiniz, nə oldu?

Artur Rasizadə: Cənab Prezident, yavaş-yavaş köçürürük. Sürüşmə dayanandan sonra bəziləri köçmək istəmirlər. Amma hamını köçürəcəyik.

Heydər Əliyev: İndi Bakı çox gözəl görünür.

Artur Rasizadə: Cənab Prezident, bunu ölkəmizə gələn xarici qonaqlar da etiraf edirlər.

Heydər Əliyev: Bəzən başqa şəhərlərə gedəndə biz heyran olurduq. Amma indi görürsünüz, Bakı nə gözəl şəhərdir. Hündür binalar bu tərəfdə var.

Hacıbala Abutalıbov: Bəli, o binalar Nərimanovun heykəlinin arxasında yerləşir.

Kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edən Prezident Heydər Əliyev dedi:

– Siz səfalət içində yaşayırsınız?

Jurnalistlər: Xeyr.

Heydər Əliyev: Görürsünüz, şəhər necə gözəlləşibdir. Yeni binalar buradan necə gözəl görünür. 1970-ci illərdə keçmiş Sovet küçəsinin tikintisi haqqında biz bir neçə dəfə baş plan təsdiq etdik. Orada həmin bu evlərin tikilməsi planlaşdırıldı. İndi işlər həmin baş plan üzrə gedir. Bunu o vaxt, sovet dövründə edə bilmədik. Amma indi bunu insanların özləri, özəl sektor edir. Budur, özəl sektorun inkişafı. Görürsünüz, nə qədər gözəl, böyük evlər tikilibdir. Biz sovet dövründə çox evlər, binalar tikmişik. Ancaq indi özəl sektor onlardan daha yaxşı, gözəl tikir. Həm də şəhəri gözəlləşdirirlər. Demək, bazar iqtisadiyyatı var, özəl sektor inkişaf edir, insanların alıcılıq qabiliyyəti var. Belə mənzillər alıb yaşaya bilirlər. Ona görə də inşaat biznesi çox geniş inkişaf edibdir. Mən belə görürəm ki, bizdə ən geniş inkişaf edən inşaat biznesidir.

Artur Rasizadə: Cənab Prezident, bəli, elədir.

Heydər Əliyev: Görürsünüz, bu qədər evlər tikiblər. Görün nə qədər pul qazanıblar. Bu evlərin tikintisində nə qədər insanlar – inşaatçılar, fəhlələr işləyibdir və bu gün də işləyirlər, maaş alırlar, yaşayırlar. Demək, bu, iş yerləridir.

Mən bunu çox təqdir edirəm. Çünki birincisi, yeni iş yerləri açılır, ikincisi, biznes inkişaf edir, özəl sektor inkişaf edir, üçüncüsü, bizneslə məşğul olan adamlar bazarın tələbatını bilirlər. Mənzillərə, yaşayış evlərinə tələbat da yüksəkdir.

Əgər mənzillərə, yaşayış evlərinə tələbat yüksəkdirsə, demək, insanların yaşayış tərzi də yüksəlib ki, böyük məbləğdə vəsait ayırıb özlərinə mənzil ala bilirlər. Bunların hamısı da, ümumiyyətlə, şəhərin gözəlliyini təmin edir, memarlıq, şəhər salma barədə bizim planlarımızın həyata keçirilməsini təmin edir. Bu çox yaxşı haldır. İnşaat infrastrukturu inkişaf edir. İndi Azərbaycanda sexlər açılıbdır. Mənə deyirlər, onlar elə pəncərə, qapı və başqa şeylər düzəldirlər ki, vaxtilə bunu heç görə də bilməzdin.Bunlar çox gözəldir. Siz o evləri görürsünüz?

Qənirə Paşayeva (ANS telekanalının əməkdaşı):Bəli.

Heydər Əliyev: Oradakılar səfalət içində yaşayırlar?

Qənirə Paşayeva: Yox.

Heydər Əliyev: Bəs sən niyə deyirsən, səfalət içində yaşayırlar?

Qənirə Paşayeva: Cənab Prezident, mən deməmişəm.

Heydər Əliyev: Gördüyün bu evlərdən o tərəfdə də çoxdur. Sən hərdən gəl buradan bax. Televiziyaya çağırdığın bəzi adamları da buraya göndər baxsınlar ki, nə qədər evlər var, nə qədər adam yaşayır. Onlar bu evlərdə səfalət içində yaşaya bilməzlər. Elədir, yoxsa yox?

Qənirə Paşayeva: Bəli, bu evlərdə yox.

Heydər Əliyev: Amma o birilər də var. Sən elə bilirsən, mən bilmirəm?! Amma hamı belə evlərdə yaşaya bilməz. Bu binalar tikiləndə burada işləyən fəhlənin yaşayışı yaxşılaşır. Təkcə fəhlələrin yox, məsələn, mütəxəssislərin də. Sovet vaxtından qalan nə qədər inşaat təşkilatlarımız var. Onlar bir ara dayandılar. İndi mən görürəm ki, onlar özəl sektorda çox inkişaf ediblər. Çünki Azərbaycanda, xüsusən Bakıda gedən bu qədər tikinti işlərini indi onlar görürlər. Bunları bir müddət özümüzünkülər tikmirdilər. Amma indi Azərbaycanın yerli təşkilatları, bizim özəl təşkilatlarımız tikir. Yerli xammaldan istifadə edirlər. Bir çox məhsulları, hansıları ki, bir müddət xaricdən – Türkiyədən, İrandan gətirirdilər, indi onları burada özləri istehsal edirlər, sexlər yaranıbdır. Müxtəlif başqa işlərdə iştirak edirlər. Görürsən, bunları «Nəzər nöqtəsi»ndə ver. De ki, Heydər Əliyevlə «Nəzər nöqtəsi» aparırdım.

Qənirə Paşayeva: Cənab Prezident, rayonlarda böyük müəssisələrimiz var idi. Bunlarla bağlı hansısa addımlar atılacaqmı? Məsələn, Şəkidə neçə min işçisi olan müəssisə var idi.

Heydər Əliyev: Bilirsən, neçə yaşın var? Düzdür, qızdan yaş soruşmazlar. Amma, hər halda, 25 yaşın olar.

Qənirə Paşayeva: Bəli.

Heydər Əliyev: Həmin o Şəki kombinatını biz yaradanda sən dünyada yox idin. Başa düşürsən. Onu yaratdıq, qaldırdıq, orada 7-8 min adam işləyirdi. Orada sizlər üçün, xanımlar üçün çox gözəl ipəklər toxunurdu. Bizim xanımların o ipəklərdən ötrü ürəkləri gedirdi. Hətta o, qıt mal idi. Onu başqa yerə göndərirdik. İnsanlar işləyirdi və çox gözəl də məhsul var idi. Yaxşı pul alırdılar, yaxşı istehsal var idi – hamısı var idi. Amma indi bunlar çətinləşibdir. Çünki o dövr keçdi. O dövr keçəndən sonra indi bu məhsula ehtiyac olmadığına görə, tələbat olmadığına görə və bu müəssisənin avadanlığı müasir olmadığına, bugünkü tələbata cavab vermədiyinə görə böyük bir dəyişiklik lazımdır. Birincisi, bazar lazımdır. Bazar lazımdır ki, biz görək, o məhsulu istehsal edib sata bilərik, yoxsa yox. İkincisi, yüksək keyfiyyətli məhsul istehsal etmək üçün avadanlıq lazımdır, mütəxəssislər lazımdır. Bunlar bir gündə, iki gündə olmur. Bunlar da prosesdir.

İndi mən həmin bu evlərə baxıram. Dörd, beş il öncə bu evlər yox idi. Burada bəzi bir neçə evləri xarici ölkədən gələn inşaatçılar tikiblər. Elədirmi?

Artur Rasizadə: Bəli, əksəriyyəti Türkiyədən gələnlər idi.

Heydər Əliyev: Bəli, indi bu evlər var. Bu nə deməkdir? Birincisi, bizim özümüzün sahibkarlarımız yaranıbdır. İkincisi, əgər tələbat olmasa, o bunu tikməz. Başa düşürsünüz, bunun bazarı var. Məsələn, indi Şəkidəkinin bazarı yoxdur, onu alan yoxdur. Ona görə istehsal etmək lazım deyil. Bazar iqtisadiyyatıdır. Amma bunun bazarı var, bunu alan var. Əgər biznesmen bilsə ki, bunu satmayacaq, heç onu tikməz. Çünki o, vəsait qoyur. Vəsait qoydu, tikdi, sata bilmədi, vəsaiti getdi, gərək gözləsin. Bunlar hamısı bazar iqtisadiyyatının qanunlarıdır. Ona görə Şəkidəki də, o birisi də, bu birisi də – hamısı olacaqdır. Tələsməyin. Bunlar da bir gündə olmayıbdır. Bir ildə də olmayıbdır.

Görürsünüz, neçə illərdir biz bu sahədə çalışırıq. Deyəndə ki, bunlar olacaq, olacaq, bəziləri, sənin kontingentin var, onlar başlayırlar ki, yox, niyə o olmadı, bu olmadı. Axı, sən bilmirsən, bu nə deməkdir. Bir dənə ev tikməmisən, zavod tikməmisən, bir dənə fabrikin yanından keçməmisən, bir dənə müəssisədə olmamısan. Küçədə gəzirsən, qəzetdə yazırsan, yaxud siyasi partiyanın nümayəndəsi kimi, orada müsahibə verirsən, burada danışırsan, orada birləşirsən, burada ayrılırsan, nə bilim, planlar cızırsan.

Qənirə Paşayeva: Cənab Prezident, Bakı şəhərinin statusu qəbul ediləcək, bəs İçərişəhərin qorunub saxlanması necə olacaqdır?

Heydər Əliyev: Bu da bizim planımızda var. Sən bil ki, İçərişəhərin bərpası, onun bütün tarixi abidələrinin aşkar olunması hələ 1970-ci illərdə Azərbaycanın rəhbəri kimi, şəxsən mənim ən birinci vəzifəm idi. İndi siz o Karvansaraya gedirsiniz, onu görürsünüz. Amma o yox idi, torpağın altında idi. Karvansaranın yanındakı başqa şeylər, orada sərgi düzəldilib – qədim yazılı daşlar və sair, bunların heç biri yox idi. Biz bunları həmin o illərdə qazdıq çıxardıq. Bu orada aparılan işlərin nəticəsidir. Bu işlər də gedirdi. Amma təəssüflər olsun ki, Azərbaycanda bir müddət durğunluq əmələ gəldi. Həqiqətən, kim olur-olsun, mən ya başqası, bu işlərlə məşğul olmağa imkan yox idi. İndi imkanımız var, məşğul oluruq. Hamısı açılacaqdır. Azərbaycanın tarixi, tarixi abidələri mənim üçün əzizdir. Çünki mən tarixi və tarixi abidələri çox sevən adamam. Hələ vaxtilə, gənc yaşlarımda memarlıq təhsili alarkən bu tarixi abidələrin hamısını öyrənmişəm.

Bax, bunu, «Əbədi məşəl» abidəsini görürsən, o yox idi. Bura da yox idi. Elədirmi? Gəlirdik oraya, oradan da düşüb gedirdik. Mən düşündüm, yaxşı, burada şəhidlərin qəbirləri var. Amma bütün şəhidlərimizə rəmzi bir abidə qoymaq lazım idi, yoxsa yox? Bunu yaratdım. Amma burada bu yer yox idi. Torpaq, daş gətirib tökdürdüm, buranı bərkitdik. İndi bir halda ki, biz səmimi, sadə söhbət aparırıq, deyirəm, memarlar üç-dörd dəfə müxtəlif layihələr gətirdilər. Biri bunu gətirdi, yaramadı. Biri onu gətirdi, yaramadı. Mənə dedilər, nə istəyirsən?

Artur Rasizadə: Cənab Prezident, bizim yanımızda oldu.

Heydər Əliyev: Sənin yadındadır, dedim, bunu istəyirəm, bunu istəyirəm. Gedin bunları düzəldin. Getdilər düzəltdilər. Gözəl bir abidədir. İndi şəhərin hər yerindən görünür. Xüsusən axşam vaxtı, qaranlıq vaxtı baxırsan ki, yanır. Birincisi, bu, şəhərə gözəllik verir, ikincisi də, onun yanan qülləsi göstərir ki, bəli, burada məşəl yanır, bura müqəddəs yerdir. Bu bir gündə olmayıbdır. Amma bunu etdik.

* * *

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev şəhid ailələrinin üzvləri ilə səmimi görüşdü, onların vəziyyəti ilə maraqlandı. Dövlətimizin başçısı bütün şəhidlərin qohum-əqrəbasına başsağlığı verdi və həlak olanlara Tanrıdan rəhmət dilədi.

Şəhid anası Hökumə Əliyeva Prezident Heydər Əliyevə müraciətlə dedi:

Cənab Prezident, Siz həmişə bizi yada salırsınız, qayğı göstərirsiniz. Biz Sizə minnətdarıq. Allah Sizə cansağlığı, uzun ömür versin. Sizin qayğınızı həmişə hiss edirik. Arzumuz odur ki, bizim torpaqlarımızı da işğaldan azad edəsiniz.

Cənab Prezident, Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məktubda yazdığım məsələdə bizə kömək göstərəsiniz.

Heydər Əliyev: Yaxşı, mən Hacıbala Abutalıbova tapşırdım, baxacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin. Sağ olun.