Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin kənd təsərrüfatı naziri professor, doktor Hüsni Yusif Gökalpla görüşdə söhbətindən - Preziden sarayı, 19 iyul 2001-ci il


Heydər Əliyev: Hörmətli nazir!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz. Hər belə səfər Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin inkişaf etməsi üçün çox fayda verir. Mən sizin bu səfərinizi yüksək qiymətləndirirəm. Bilirəm ki, burada bir çox işlər görmüsünüz, müştərək komissiyanın iclasını keçirmisiniz.

İrşad Əliyev (Azərbaycanın kənd təsərrüfatı naziri): Cənab prezident, Türkiyənin nümayəndə heyətindən və bizim yerli adamlardan ibarət qruplar rayonlara gedəcəklər. Biz Bakıda işçi komissiyasının iclasını keçirdik və protokol imzaladıq.

Heydər Əliyev: Hansı rayonlara gedəcəklər?

İrşad Əliyev: Cənab prezident, sabah burada müəyyən işlər görüləcək, qonaqlarımız kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan texnika ilə, respublikamızın elmi araşdırma mərkəzləri ilə tanış olacaqlar.

Heydər Əliyev: Rayonlara gedəcəksiniz, yoxsa yox?

İrşad Əliyev: Bəli, qonaqlarımız Xaçmaz, Quba, Qusar rayonlarını ziyarət edəcəklər.

Heydər Əliyev: Türkiyənin hörmətli dövlət naziri bu yaxınlarda Bakıya səfəri zamanı Xaçmaza getmişdi. Orada çox gözəl birgə kənd təsərrüfatı müəssisəsi vardır.

Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsindəki əməkdaşlığın böyük əhəmiyyəti vardır. Çünki biz bir çox baxımdan eyni iqlim şəraitindəyik və eyni bitkilər becəririk. Sizdə də, bizdə də heyvandarlıqla məşğul olurlar. Biz vaxtilə böyük miqdarda pambıq əkirdik, istehsal edirdik, indi çox azalıbdır. Çoxlu üzüm istehsal edirdik. Çünki keçmişdə Sovetlər İttifaqına şərab istehsal etmək üçün çoxlu üzüm lazım idi. İndi bu da azalıbdır.

Biz əvvəllər az taxıl əkirdik. Çünki SSRİ dövründə, Sovetlər İttifaqı dövründə ixtisaslaşdırma var idi və harada nə əkiləcəyi qabaqcadan planlaşdırılırdı.

Yəqin siz bilirsiniz, indi biz artıq hər şeyi özəlləşdirmişik, kəndlilər, fermerlər onlar üçün nə əlverişlidir onu da əkirlər. Bu, həm onlar üçün, həm də bizim üçün faydalıdır. Onlar əkdikləri şeydən gərək qazanc, fayda götürsünlər. Amma onların əkdikləri, becərdikləri eyni zamanda bizə lazımdır. Mən hesab edirəm ki, bizdə kənd təsərrüfatı sahəsi bəlkə də hələ istədiyimiz səviyyəyə gəlib çatmayıbdır. Ancaq bu yol - torpaq islahatı, özəlləşdirmə, torpağın, heyvanların, hər şeyin kəndlilərə verilməsi bizi çox irəli aparır. Sizin bu sahədə təcrübəniz çoxdur. Çünki sizdə heç vaxt torpaq dövlətə mənsub olmayıbdır, ümumiləşdirilməyibdir, kolxoz, sovxoz olmayıbdır. Amma bir vaxt sizdə dövlət təsərrüfatları da var idi. Bilmirəm, indi var, yoxdur.

Hüsnü Yusif Gökalp: Cənab prezident, var.

Heydər Əliyev: Çünki mən Naxçıvanda yaşayarkən oradan avtomobil ilə Ankaraya gedəndə görmüşəm. Gərək ki, aralıqda bir dövlət təsərrüfatı var, mən orada olmuşam, hələ bir gecə də onların otelində qonaq qalmışam. Amma bizdə dövlət təsərrüfatı daha yoxdur. Biz hamısını dağıtdıq.

Mən təşəkkür edirəm ki, siz vaxt tapıb respublikamıza gəlmisiniz. Hər halda sizin təcrübəniz və buradakı müşahidələriniz bizim üçün çox əhəmiyyətlidir.

Hüsnü Yusif Gökalp: Hörmətli cümhur başkanım, çox sağ olun. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm. Bizim nümayəndə heyətimizin tərkibində Türkiyənin kənd təsərrüfatı və xarici işlər nazirliklərinin nümayəndələri, millət vəkilləri, özəl sektorun 20-yə qədər təmsilçisi vardır. Biz Azərbaycan kənd təsərrüfatı nazirinin dəvəti ilə Bakıya səfər etmişik və buraya gəldiyimiz andan etibarən özümüzü ölkəmizdəki kimi hiss edirik. Azərbaycan ilə Türkiyə iki qardaş ölkədir. Sizin Türkiyə Böyük Millət Məclisindəki gözəl nitqinizdə dediyiniz hər bir söz mənim yaxşı yadımdadır. Biz Türkiyə parlamentində Sizin dəyərli nitqinizi böyük maraqla dinlədik.

Biz uzun illər Sizin rəhbərliyiniz sayəsində Azərbaycanın kənd təsərrüfatında qazanılmış inkişafı gördük və 1969-cu ildən sonra görülmüş işləri yada saldıq, Bakıdakı şampan zavoduna getdik, bu zavodla yaxından tanış olduq. Mən bir mütəxəssis kimi dünyanın əksər ölkələrini gəzmişəm və gəzirəm, amma belə bir gözəl zavodu heç bir yerdə görməmişəm, lakin burada gördüm. Həmin zavod sizin ölkənin aqrar sənayesi üçün bir örnəkdir. Siz 1978-ci ildə bu zavodun tikilməsinə qərar vermisiniz və belə bir gözəl müəssisə iki il ərzində tikilib tamamlanmışdır.

Biz eyni zamanda Azərbaycanda bitkiçilik, heyvandarlıq, toxumçuluq, kənd təsərrüfatının mexanikləşdirilməsi sahələrində olan yenilikləri gördük. Sizin ölkədə bitki, heyvan xəstəlikləri ilə çox həssaslıqla mübarizə aparırlar. Azərbaycanda kənd təsərrüfatı sahəsində əldə edilmiş nailiyyətlər çox önəmlidir. Respublikanızda bir sıra məhsulların xarici ölkələrə ixrac edilməsi də çox əhəmiyyətlidir. Biz də Türkiyədə kənd təsərrüfatı ilə bağlı görülən bütün işlərə çox önəm veririk.

Cənab prezident, Sizin ölkədə iş görən türkiyəli iş adamları ilə və azərbaycanlı qardaşlarımızla bizim çox faydalı görüşlərimiz oldu. Biz çox əhəmiyyətli bir protokol imzaladıq. Həmin mərasimdə həm azərbaycanlı, həm də Türkiyədən gələn iş adamları iştirak edirdilər. Hörmətli nazirinizlə biz orada çıxış etdik, onların ehtiyaclarını ödəyəcəyimizə və onlara geniş imkanlar yaradacağımıza söz verdik. Mərasimdə iş adamları da çıxış etdilər və onlara göstərilən qayğıdan razılıqla söhbət açdılar.

Türkiyədən gəlib burada 7-8 ildən bəri ticarətlə məşğul olanlar var. Onlar da həmin mərasimdə çıxış etdilər və bir sıra məsələlərə toxundular. Hörmətli nazirinizə təşəkkür edirəm ki, iş adamlarına çox gözəl cavablar verdi.

İmzaladığımız protokolda kənd təsərrüfatı sahəsində biliklərin artırılması, torpaqdan daha səmərəli istifadə edilməsi, uyğun toxum yetişdirilməsi məsələləri öz əksini tapıbdır. Biz qərara almışıq ki, iki qardaş ölkənin alimləri və mütəxəssisləri birlikdə araşdırmalar aparsınlar. Biz bu işə xüsusi önəm veririk.

Bu gün Avropada bir sıra heyvan xəstəlikləri mövcuddur. Çox şükür ki, Türkiyədə heyvan xəstəlikləri yoxdur. Biz xəstəliklərin qarşısını vaxtında almaq üçün çox önəmli tədbirlər görürük. Türkiyənin bəzi bölgələrində mövcud olan dabaq xəstəliyini dərhal nəzarət altına almışıq.

Biz azərbaycanlı həmkarlarımızla bu sahədə də birgə işlər görməyi qərara almışıq. Türkiyədə çox gözəl bir institut var. Orada çox yaxşı tədqiqatlar aparılır.

Hörmətli nazirinizlə biz sabah bir sıra elmi-tədqiqat institutlarında olacağıq. Dövlət naziri Əbdülxalıq Çay TİKA-nın başkanı ilə bir həftə öncə buraya gəlmişdi. Türkiyədə yetişdirilən bəzi toxumların Azərbaycanda tətbiq edilməsi üçün müəyyən işlər görülür.

Bu, mənim Azərbaycana ikinci səfərimdir. Mən 1997-ci ildə də buraya gəlmişdim. O zaman Bakıda bir çox universitetləri ziyarət etdim, konfranslarda çıxış etdim, Azərbaycan universitetləri ilə Türkiyə universitetləri arasındakı tələbə mübadiləsinin inkişaf etdirilməsi, dərslərin səviyyəsinin yüksəldilməsi məsələlərindən danışdım. Öz gözlərimlə gördüm ki, o gündən indiyə qədər, ötən üç il altı ayda Azərbaycanda çox gözəl inkişaf var. Mən bundan çox böyük fərəh duydum.

Dünən mən millət vəkillərimizlə birlikdə heç kimə xəbər vermədən burada mətbuat nümayəndələri var, onların xəbərləri olacaq küçələri gəzdik. Hətta gedib bir yerdə oturub çay içdik. Çox məmnun oldum, iftixar hissi keçirdim. Mən sevgili azərbaycanlılara dərin minnətdarlığımı bildirirəm.

Son iki ildir biz Türkiyədə kənd təsərrüfatı sahəsində köklü dəyişikliklər aparırıq, islahatlar həyata keçiririk. Biz özəl sektoru kənd təsərrüfatına cəlb etmək istəyirik. Dövlətin əlində olan bəzi sahələri onlara verməyə çalışırıq. Türkiyədə 38 dövlət təsərrüfatı vardır. Onların təməli Atatürk dövründə qoyulmuşdur. O zaman Atatürk bunları toxumçuluğu, heyvandarlığı inkişaf etdirmək məqsədi ilə qurmuş, yaratmışdı. Amma indi onların fəaliyyəti tamamlandı.

Biz inkişafa çatdıqdan sonra mən dedim ki, torpağı özəlləşdirib dövlət təsərrüfatı ilə özəl sektorun birgə istifadəsinə verək. Fikrimcə, torpağın üzərində çoxlu binalar tikməkdənsə kənd təsərrüfatını daha da dirçəltmək lazımdır. Bir sıra böyük şirkətlər bu sahədə işə başladılar. "Qoç" şirkəti Şərqi Anadoluda heyvandarlığın inkişafında çox böyük rol oynayacaq bir mərkəz yaradır. Eləcə də digər böyük şirkətlər bir sıra işlər görürlər. Biz elmi mərkəzləri də özəl sektora veririk.

Cənab prezident, Sizin bəhs etdiyiniz və gedib gördüyünüz İğdır dövlət təsərrüfatı bizim böyük təsərrüfatlarımızdan biridir.

Heydər Əliyev: Elədir.

Hüsnü Yusif Gökalp: Bilirsiniz ki, həmin təsərrüfat çox strateji yerdə - Türkiyənin Ermənistanla, İranla və Azərbaycan ilə sərhədində yerləşir. Biz orada çox mühüm bir layihə həyata keçiririk. İnşallah, onun yüksək səviyyədə açılışını edəcəyik.

Mən Naxçıvan barədə də bir neçə söz demək istəyirəm. Biz oraya nümayəndə heyətləri göndərdik, təhsilin, elmin vəziyyəti ilə tanış olduq, bir çox işlərə kömək etmək istəyirik. Bu sahədə heç bir sıxıntı olmayacaqdır.

Çox dəyərli prezidentim, mən hörmətli cümhur başqanımızın, baş nazirimizin və Milliyyətçi Hərəkat Partiyasının sədri, baş nazirin müavini Dövlət Baxçalının sevgilərini, məhəbbətlərini, salam və ehtiramlarını Sizə çatdırıram. Sizin söylədiyiniz kimi, biz eyni millətin iki dövlətiyik. Sizin fikirləriniz biz nazirlər üçün hər zaman örnək olmuşdur və bu, davam edəcəkdir.

Keçən dəfə mən Azərbaycana gələndə Gəncəyə qədər getdim. Gəzdiyim yerlərdə çox gözəl şeyləri gördükcə Sizin nələr etdiyinizi sanki əzbərləmişəm. Qoyduğunuz bünövrədən bu millət dünən də bəhrələnib və bu gün də bəhrələnir.

Bizim buradakı səfirimiz böyük səylə çalışır. Azərbaycanın Ankaradakı böyük elçisi də gözəl çalışır. Hörmətli nazirinizlə dostluğumuz, çox yaxın qardaşlığımız var. Çox təşəkkür edirəm, sağ olun. Bizi qəbul etdiyiniz üçün Sizə minnətdarıq.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Məmnunam ki, siz üç il bundan öncə də burada olmusunuz. İndi yenidən gəlmisiniz, Azərbaycanı və buradakı inkişafı görürsünüz. Baxmayaraq ki, bizim bir çox çətinliklərimiz də var - xüsusən Ermənistanın bizim torpaqlarımızı işğal etməsi, məsələn, kənd təsərrüfatı sahəsində ən gözəl torpaqlarımız Ağdam, Füzuli Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarındadır. Orada həm pambıq, həm üzüm, həm taxıl - hər şey bitir. Yaxud Laçın və Kəlbəcər rayonları - onlar əsasən heyvandarlıq rayonlarıdır. Oralardan bir milyondan artıq insan ermənilər tərəfindən zorla, məcburi çıxarılıbdır. Siz kənd təsərrüfatı mütəxəssisi kimi təsəvvür edə bilərsiniz, indi o torpaqlar neçə illərdir özbaşına qalıbdır. Torpağın erroziyası və sair məsələləri siz yaxşı bilirsiniz.

Ankarada olanda o zamankı hörmətli cümhur başqanı Süleyman Dəmirəlin Çankaya köşkündə erroziya ilə əlaqədar keçirilən konfransda iştirak etmək mənə də nəsib oldu.

Hüsnü Yusif Gökalp: Cənab prezident, Siz o vaxt həmin toplantıda iştirak edirdiniz və mən də orada idim. Sizi orada böyük məmnuniyyətlə dinlədik. Mən o zaman nazir idim.

Heydər Əliyev: Doğrusu, mən heç bilmirdim ki, belə bir şey olacaqdır. Çünki başqa yerlərdə idik. Amma sonra mənə dedi ki, bizim konfransımız var, gedək ora. Gəldim, dedim ki, mən burada nə edim… Biz də bu işlə məşğuluq. Hər halda, orada nitq söylədim.

Hüsnü Yusif Gokalp: Hörmətli cümhur başqanım, mən çox yaxşı xatırlayıram. Sizin oradakı nitqinizi məmnuniyyətlə xatırlayıram.

Heydər Əliyev: Çox sağ olun. Dediyim kimi, bizim torpaqların bir qismi indi istifadəsizdir. Halbuki biz o torpaqlardan nə qədər məhsullar əldə edə bilərdik. İnsanlar o torpaqlardan məhrum olublar. Onlar o torpaqda işləyib özlərinə ev-eşik, həyat yaratmışdılar. İndi nə evləri var, nə heyvanı, nə də torpağı var. Gəlib başqa yerdə, çadırda çox ağır vəziyyətdə yaşayırlar.

Amma bunlara baxmayaraq, bizim ölkəmiz müstəqillik yolu ilə gedərək inkişaf edir. Əgər Gürcüstanla, Ermənistanla müqayisə etsək, - bunu heç müqayisə etmək də mümkün deyil, - onların iqtisadi vəziyyəti çox ağırdır. Bizdə təkcə sənaye, neft-qaz sahəsində deyil, məsələn, görürsünüz, kənd təsərrüfatı sahəsində də işlərimiz yaxşı gedir. Amma sözümüzün əvvəlində dedim ki, hələ daha da çox iş görmək lazımdır. Ona görə də mən sizin komissiyanın işinə və Azərbaycana gəlməyinizə, fikir mübadiləsinə böyük əhəmiyyət verirəm.

Xüsusən, mənim üçün əhəmiyyətlidir ki, siz özəl sektordan adamlar gətirmisiniz. Çünki sizdə özəl sektorun böyük tarixi var. Yəni tarixi var deyəndə, sizdə həmişə özəl sektor olubdur. Amma bizdə vaxtilə özəl sektor olub, sonra - 20-ci illərdə bu sektoru dağıdıblar, hamısını birləşdiriblər. İnsanların öz evindən, yaxud başqasından başqa heç bir mülki olmayıbdır. Biz bir vaxt, 20-30-cu illərdə o prosesin ağırlıqlarını yaşamışıq, indi də ikinci bir prosesin ağırlığını yaşayırıq. Dövlət, kolxoz sektorunu dağıtdıq, indi insanları yenidən özəl sektora keçiririk. Buna görə də sizinlə birlikdə buraya özəl sektorda çalışan adamların gəlməsi çox yaxşıdır. Çünki bizim özəl sektor hələ gəncdir. Amma sizinkilərin təcrübəsi var və bu təcrübədən də istifadə etmək lazımdır.

Siz İğdır və Naxçıvan barəsində dediniz. Bilirsiniz ki, Ermənistanla münaqişəmizə görə Naxçıvan indi blokadada qalıbdır, yollar bağlıdır. Amma Naxçıvanda kənd təsərrüfatı üçün çox gözəl imkan var. Orada hər şey bitir. Məsələn, vaxtilə pambıq da əkilirdi. Mən 60-70-ci illərdə burada rəhbər olanda oradan pambığı götürdüm. Çünki pambıq orada o qədər fayda vermirdi. Bizim başqa bölgələrdə pambıq ondan iki dəfə artıq fayda verirdi. Amma orada çox gözəl üzüm yetişir. Mən üzüm bağları saldım. İndi üzüm bağlarının 10 faizi qalıbdır. Nə üçün? Çünki o vaxt üzümü istehsal edirdilər, ilkin şərab məhsulu alırdılar, Bakıya göndərirdilər, biz də buradan Rusiyaya göndərirdik. Çoxlu pul qazanırdılar. Amma indi… Hətta mən 1990-93-cü illərdə Naxçıvanda olduğum zaman gedib o bağlara baxanda gözümdən yaş tökülürdü. Hər bir üzüm bağının yetişdirilməsi üçün 5-6 il vaxt lazımdır. Siz bunu yaxşı bilirsiniz. Bunları etdik. Amma sonra bunların bir hissəsi Sovetlər Birliyi zamanı dağıldı. Digər hissəsi də… Axı üzümü istehsal etdin, sonra bunu nə edəcəksən? Bu qədər üzümü yemək mümkün deyil, başqa bir yerə də çıxarıb satmaq mümkün deyildir.

Mən orada olanda şərab zavodlarında çoxlu şərab yığılıb qalmışdı, onu spirtə çevirdik. Sonra Türkiyənin bir şirkəti ilə danışıq apardıq ki, bu spirti onlara sataq. Bir qismini sataq. Bir qismini satdıq, amma o biri qismini sata bilmədik. Elə indi də orada çoxlu spirt qalır. Yəni blokada şəraitində Naxçıvanın kənd təsərrüfatı sahəsində imkanlarından istifadə olunmur. Bəzi hallarda Naxçıvandan İran ərazisi ilə Bakıya avtomobillərlə gəlirlər. Amma onlar baxırlar, əgər spirt varsa, buraxmırlar. Digər şeyləri buraxırlar, amma spirti buraxmırlar.

Yaxud da Naxçıvanda çox gözəl meyvələr olur, bunları da aparıb satmağa yer yoxdur. Çünki təyyarə ilə Bakıya gətirmək... Birincisi, o qədər təyyarəmiz yoxdur, ikincisi də, bu baha başa gəlir. İranda özlərinin meyvələri çoxdur. Meyvəni almırlar, sərhəddən buraxmırlar. Amma, məsələn, Türkiyənin o hissəsində, mən o yerləri tanıyıram, gəzmişəm, İşğırda bir az meyvə var.

Vaxtilə, 1992-ci ildə mən Naxçıvanda işləyəndə biz orada körpü açdıq. Onun açılışı vaxtı sizin tərəfdən böyük nümayəndə heyəti gəlmişdi. Hörmətli Süleyman Dəmirəl, 50 nəfər millət vəkili, nazirlər və s. Onda Ərdal İnönü baş nazirin müavini idi. Orada bir az yemək yedik. Biz ərik deyirik, siz qaysı deyirsiniz. Çox ləzzətli idi. Ərdal bəy mənə dedi ki, Türkiyədə İğdır qaysısını çox sevirik, İğdır qaysısından da yeyin. Belə anladım ki, İğdırdan başqa heç yerdə qaysı yoxdur. Bəlkə də var, amma çox az.

Hüsnü Yusif Gökalp: Cənab prezident, o bölgədə təkcə İğdırda var.

Heydər Əliyev: Məsələn, Ərzurumu, Qarsı, Vanı, Ağrını götürək. Mən o yerlərdə olmuşam, meyvə yoxdur, çox azdır. Ona görə də Naxçıvan meyvələrinin oraya aparılması, Qarsa gətirilməsi insanlar üçün gözəl olar. Bunu siz də bilirsiniz, biz də bilirik. Avropada bu meyvələri yetişdirməkdən ötrü çox kimyəvi maddələr verirlər. O meyvələrin görünüşü çox gözəl olur, amma ləzzəti yoxdur. Amma Naxçıvanda da, buralarda da meyvələr - qaysı, yaxud digərləri çox ləzzətlidir.

Aslan Aydar (Qars millət vəkili): Hörmətli cümhur başqanı, bizim çoxlu miqdarda yaxşı, gözəl qaysımız var.

Heydər Əliyev: Demək, siz özünüzü təmin edirsiniz?

Aslan Aydar: Bəli.

Heydər Əliyev: Sizə qaysı lazım deyil?

Hüsnü Yusif Gökalp: Cənab prezident, digər bölgələr üçün lazımdır.

Heydər Əliyev: Biz keçən il bunu çox kiçik etdik, olmadı. Hörmətli səfir də bilir. Amma bu il mən mart ayında Ankarada olanda hörmətli baş nazir Bülənd Ecevit ilə danışdım. Naxçıvanın Milli Məclisinin sədri ona məktub da verdi. İndi siz icazə vermisiniz, oradan hər bir adamın Türkiyəyə 200 kiloqram meyvə aparması mümkündür. Bunun özü də Naxçıvana yardımdır. Çünki Naxçıvan becərdiyi məhsulları itirməməlidir.

Naxçıvan sizinlə şəkər çuğunduru sahəsində daha yaxşı əlaqələr qurubdur. Keçmişdə Azərbaycanda heç yerdə şəkər çuğunduru əkilmirdi. Amma indi görünür ki, Azərbaycanın çox yerlərində şəkər çuğunduru çox yaxşı fayda verir. Naxçıvanda heç vaxt şəkər çuğunduru əkilməyibdir. Başqa şeylərdən çətinlik olsa da, mən Naxçıvanda işləyərkən bir neçə yerdə şəkər çuğunduru əkdik. Çox yaxşı nəticə verdi. Amma bunu harada emal edəsən? Onda Türkiyə ilə danışdıq.

Hüsni Yusif Gokalp: Hörmətli cümhür başqanı, bu il Ağrı fabrikində işlər görüldü və bunu yenə davam etdirəcəyik.

Heydər Əliyev: Bunun özü naxçıvanlılar üçün böyük yardımdır. Çünki orada da şəkər çuğunduru əkini genişlənibdir və çox yaxşı məhsul alınır. Onu sizə göndərirlər. Ondan şəkər alırsınız, onun yaşıl hissəsi də sizə qalır. Çünki başqa yerdə onu heyvanlara verirlər. Sizin şəkər bizə qayıdır. Naxçıvan bundan çox razıdır. Yəni bölgədə Naxçıvanla kənd təsərrüfatı sahəsində əlaqələri daha da genişləndirmək lazımdır.

Hüsnü Yusif Gökalp: Cənab prezident, Sizin məktubunuzla və baş nazirlə tanışlığınızla bağlı mən Naxçıvana Kənd Təsərrüfatı Nazirliyindən bir nümayəndə heyəti göndərdim. Orada müzakirələr apardılar və bundan sonra da yardımçı olacağıq. Bizim orada işimiz davam edəcəkdir. Ancaq əsas istəyimiz odur ki, Naxçıvanın özündə olmayan bəzi məhsullar oradan gətirilməsin.

Heydər Əliyev: Xeyr, Naxçıvanda olmayan göndərilə bilməz.

Hüsnü Yusif Gökalp: Bu da artıq həll olundu. Hətta imzaladığımız protokola bu barədə bir maddə də əlavə etdik.

İrşad Əliyev: Cənab prezident, Sizin tapşırığınızla bu ilin yanvar ayında mən Türkiyədə olanda Naxçıvanla bağlı geniş müzakirələr apardıq. Oraya Türkiyədən nümayəndə heyəti göndərildi. İndi bizim imzaladığımız protokolda Naxçıvanın məhsulunun Türkiyədə davamlı satılması qeyd olunubdur.

Heydər Əliyev: Çox gözəl. Mən sizin bu ziyarətdən çox məmnunam. Hörmətli cümhur başqanı, hörmətli baş nazirə, baş nazirin müavini hörmətli Dövlət Baxçalıya mənim salamlarımı, ehtiramımı çatdırmağınızı rica edirəm. Bir də qeyd edirəm ki, belə görüşlər aramızda olan əlaqələri genişləndirir, inkişaf etdirir, gücləndirir. Əlaqələr çox gözəldir. Bizə Türkiyə qədər, Türkiyə səviyyəsində dost olan heç bir ölkə yoxdur. Bu sözləri ki, indi siz Türkiyədə təkrar edirsiniz - bir millət, iki dövlət, biz bunu başqa bir ölkə barəsində deyə bilmərik. Ona görə də bu, heç vaxt unudulmamalıdır.