Azərbaycan Prezidenti Heydər Əliyevin "Mərmərə" qrupunun strateji və sosial araşdırmalar vaqfinin keçirdiyi mərasimdə cıxışı - 30 oktyabr 1998-ci il


Hörmətli xanımlar və cənablar!

"Mərmərə" qrupunun başcıları və bu salona toplaşmış dostlarımız, qardaşlarımız!

Mən sizi səmimi qəlbdən salamlayıram. Sizə və sizin şəxsinizdə bütün türk xalqına, Türkiyə Cümhuriyyətinin vətəndaşlarına ən dərin sevgimi və məhəbbətimi bildirmək istəyirəm.

Bilirsiniz ki, sizin ölkənizə Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü bayramı münasibətilə gəlmişəm. Bu bayramlarda əvvəldən axıradək sizinlə bərabər iştirak edirəm və biz bu gün də bu bayram içərisindəyik. Mən sizi, türk xalqını, Türkiyə Cümhuriyyətinin bütün vətəndaşlarını Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Türkiyəyə sülh, əmin-amanlıq və Türkiyənin vətəndaşlarına səadət, bütün işlərində uğurlar arzulayıram.

Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü bayramı eyni zamanda Azərbaycan xalqının bayramıdır. Çünki Türkiyə ilə Azərbaycan arasında, xalqlarımız arasında olan dostluq, qardaşlıq əlaqələri bunun əsasını yaradıbdır. Sizin bayramınız bizim də bayramımızdır.

Bu günlər sizin kimi, Azərbaycanda biz də, hər bir vətənpərvər azərbaycanlı iftixar hissi keçirir. Çünki 75 il bundan öncə Osmanlı imperatorluğunun dağıntıları içərisində çox çətin şərtlər çərçivəsində belə böyük bir cümhuriyyət yaranıbdır və o, 75 ildir ki, yaşayır. Bu cümhuriyyəti yaradan, onun banisi, qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün xidmətləri bu gün hər kəsin gözünün önünə gəlir. O, hər kəsin ürəyindədir. Biz bu bayramı qeyd edərkən hər şeydən öncə, bu cümhuriyyətin banisinin xatirəsinə, onun yaratdığı demokratik, dünyəvi cümhuriyyətin 75 illik tarixinə öz hörmətimizi və hədsiz sədaqətimizi bildiririk.

Həmin illərdə, Türkiyənin ağır dövründə cümhuriyyət yaratmaq böyük cəsurluq, mərdlik, qəhrəmanlıq, vətənpərvərlik və uzaqgörənlik tələb edirdi. Türk xalqının ən böyük nailiyyəti və xoşbəxtliyi ondan ibarətdir ki, XX əsrin əvvəllərində ağır və çətin bir dövrdə xalqın lideri, böyük şəxsiyyəti meydana çıxdı və onun iradəsi ilə 1920-ci ildə ilk dəfə Böyük Millət Məclisi yarandı. Onun zəkası, iradəsi, uzaqgörənliyi ilə 1923-cü ildə Türkiyə Cümhuriyyəti yarandı. Biz bu tarixə, bu xidmətlərə sizin kimi həmişə minnətdarıq və sona qədər, ömür boyu minnətdar olacağıq.

Mustafa Kamal Atatürk cümhuriyyəti yaratdı, amma eyni zamanda da onu qurdu, yaşatdı. Şübhəsiz ki, hər bir yeni işi yaratmaq asan deyil. Bu, böyük iradə, ağıl, qəhrəmanlıq tələb edir. Ancaq qurulan hər bir şey yaşaya bilmir. Mustafa Kamal Atatürkün xidmətləri bir də ondan ibarətdir ki, o, Türkiyə Cümhuriyyətinin nəinki əsasını, təməlini qoydu, həm də onu qurdu, onun bütün təsisatlarını yaratdı, onu yaşatdı, böyük dövlət etdi, bugünkü nəsillərə, gənclərə əmanət edərək özünü əbədiyyətə qovuşdurdu.

Türkiyənin bugünkü nəsillərinin nailiyyəti yüksək qiymətə layiqdir. Biz Azərbaycanda çox sevinirik və fəxr edirik ki, Türkiyə Cümhuriyyəti ardıcıl olaraq, davamla, sürətlə, inamla Mustafa Kamal Atatürkün yolu ilə gedir. Baxmayaraq ki, bu cümhuriyyətin müxtəlif tarixi dövrlərində çətinliklər də, müxtəlif fikirlər də olubdur. Onlar bəlkə bu gün də mövcuddur. Ancaq Türkiyə hökuməti, xalqı, vətəndaşlarının tam əksəriyyəti Türkiyə Cümhuriyyətinin Mustafa Kamal Atatürkün yolu ilə, dünyəvi yolla irəli getməsini istəyir. Biz də bunu istəyirik. Biz bütün bu məsələlərdə sizinlə bir yerdəyik, bərabərik.

Türkiyə Cümhuriyyətini 75 ildə yaşadan və bu günlərə çatdıran Türkiyənin dəyərli insanları xalqınız tərəfindən heç vaxt unudulmayacaqdır. Qardaş, dost olaraq biz də bu xidmətləri heç vaxt unutmamışıq və unutmayacağıq.

Bu gün bizi sevindirən odur ki, Türkiyə dövlətinin bu ölkəni Mustafa Kamal Atatürkün yolu ilə apara bilən liderləri vardır. Bu liderlər içərisində Türkiyənin siyasi səhnəsində 40 ildən çox fəaliyyət göstərən və böyük uğurlar qazanan Türkiyə prezidenti, cümhur başqanı, Azərbaycan xalqının böyük dostu, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəldir.

Mən bu hissiyyatlarla, duyğularla bu günlərdə Türkiyədəyəm, bu böyük bayramı sizinlə birlikdə keçirirəm. Mən məhz bu hissiyyatlarla sizin dəvətinizi qəbul edib Ankaradan İstanbula gəldim, indi burada sizin qrupla görüşürəm. Sizinlə bu görüşə gecikməyimizin səbəbkarı mən deyiləm, təyyarədir. Mən Ankara hava limanında buraya gəlməkdən ötrü bir saat gözləməli olmuşam.

Mən əvvəl də bilirdim, amma bu gün hiss etdim ki, "Mərmərə" qrupu həqiqətən çox böyük hörmətə layiqdir. Buraya dəvət olunanların adları artıq çəkildi. Mən hiss etdim ki, buraya görkəmli iş adamları, elm xadimləri, alimlər, ziyalılar, yazarlar, mühəndislər, dövlət adamları toplaşıblar. Şübhəsiz ki, belə tərkibdə bir qrup öz işlərində çox uğurlu ola bilər. Mən belə başa düşdüm ki, siz 14 ildir fəaliyyət göstərirsiniz. Sizin fəaliyyətiniz indiyə qədər uğurlu olubdur. Mən ümid edirəm ki, bundan sonra da uğurlu olacaqdır. Hər halda "Mərmərə" qrupu mənim şəxsimdə öz dostunu qəbul edə bilər.

Azərbaycan barədə, bizim həyatımız haqqında, mənim haqqımda sizin yetərli qədər məlumatlarınız vardır. Burada verilən məlumatlardan gördüm ki, siz hər şeyi bilirsiniz. Ona görə də mən burada əlavə məlumat verməyimə ehtiyac duymuram. Bu da çox sevindiricidir ki, siz bunları bilirsiniz. İnsan o şeyi bilir ki, onunla maraqlanır. Əgər sən bir şey ilə maraqlanmasan, onu bilməyəcəksən. Əgər sən bir şey bilirsənsə, demək, sən onunla maraqlanmısan, öyrənmisən, ona görə də bilirsən.

Mən çox məmnunam ki, Türkiyədə Azərbaycana böyük maraq var. Türkiyə Azərbaycanı həmişə öyrənir, bilir, Azərbaycanın keçmişini də, həyatını da, bu gününü də bilir. Bu da bizim dostluğumuzun, qardaşlığımızın və gələcək iş birliyimizin çox uğurlu olduğunu göstərir.

Azərbaycan yeddi ildir ki, öz dövlət müstəqilliyini elan edibdir. Mən Azərbaycan dilində danışıram. Bilirsiniz, mən sizinlə Türkiyə türkcəsində sizin kimi danışa bilərəm. Yəni Türkiyə türkcəsində danışmaq imkanım var. Ancaq mən bunu etmirəm. Çünki mən istəyirəm ki, siz də mənim dilimi öyrənəsiniz, mən sizin dilinizi bildiyim kimi, siz də mənim dilimi biləsiniz. Ancaq bu dillərin də fərqi yoxdur. Bunlar eyni dildir. Bizim ən böyük uğurumuz, ən böyük xoşbəxtliyimiz odur ki, əcdadlarımız, ulu babalarımız bizi eyni dildə yaşadıblar və bu dil də tarix boyu yaşayıbdır.

Dünyada türkdilli millətlər çoxdur. Biz bir soydanıq. Özbəkistan da, Qazaxıstan da, Türkmənistan da, Qırğızıstan da, Azərbaycan da, Türkiyə də və digərləri də eyni soydanıq. Hamımızın bir kökü, bir soyu vardır, bir dilimiz vardır. Ancaq Azərbaycan ilə Türkiyədə olan dilin bir-birinə yaxınlığı qədər heç bir dilin yaxınlığı yoxdur.

Mən slavyan dilləri qrupunu da yaxşı bilirəm. Slavyan dilləri qrupuna bir çox dillər daxildir. Ancaq Ukrayna ilə Rusiyanı götürsək, onlarda Azərbaycan - Türkiyə qədər yaxınlıq yoxdur. Bu, bizim - Türkiyə ilə Azərbaycanın bir-biri ilə nə qədər əlaqəli olmasını göstərir. Ona görə də bizə tərcüməçi lazım deyildir. Mən dediyimi siz anlayırsınız, siz dediyinizi isə mən anlayıram. Mən sizi Azərbaycan dilində danışmağa öyrətmək istəyirəm. Ona görə də mənim dilimi dinləyin və hansı sözü anlamasınız məndən soruşun. Mən onu sizə izah edərəm.

Əziz dostlar, beləliklə, bugünkü görüş Türkiyə-Azərbaycan dostluğunun yeni bir təzahürüdür. Bilirsiniz, dostluq hissələrdən ibarətdir. İnsanların, ailələrin, qrupların bir-biri ilə dostluğu, əlaqələri xalqların, ölkələrin, dövlətlərin dostluğunu yaradır. Biz bax, beləliklə, belə görüşlərlə dostluğumuzu daha da inkişaf etdiririk, daha da möhkəmləndiririk.

Sizi əmin etmək istəyirəm ki, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti Türkiyə ilə dostluğuna, qardaşlığına, əməkdaşlığına xüsusi əhəmiyyət verir. Bu, Azərbaycanın prezidenti kimi mənim xarici siyasətimin əsas istiqamətlərindən biridir və bundan sonra da belə olacaqdır. Bu, xalqın ürəyindən gələn hissiyyatlardır. Amma xalqın ürəyindən gələn hissiyyatları dövlət siyasətinə keçirməyin özü də çox əhəmiyyətlidir. Çünki Azərbaycana bir müstəqil dövlət kimi müxtəlif yerlərdən, cürbəcür istiqamətlərdən maraq çoxdur. Soruşurlar ki, Azərbaycan hansı ölkə ilə daha yaxındır. Azərbaycan ən çox hansı ölkəyə önəm, diqqət verir, Azərbaycan hansı ölkə ilə daha yaxın əlaqə qurur. Bunları sual verənlər çoxdur. Amma dünya da bilir, qoy hamı da bilsin - Türkiyə Azərbaycan üçün ən yaxın ölkədir, türk xalqı ilə Azərbaycan xalqı arasında dostluq, qardaşlıq əlaqələri böyük, zəngin tarixə malikdir. Bu gün bir daha bəyan edirəm ki, bu dostluğumuz əbədidir, sarsılmazdır.

Biz yeddi ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Amma bu illər bizim üçün çox ağır bir dövr olubdur. Bilirsiniz ki, Azərbaycanın həyatını ağırlaşdıran, çətinləşdirən 10 il bundan öncə, 1988-ci ildə Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz, Dağlıq Qarabağ vilayətini Azərbaycandan qoparıb Ermənistana birləşdirmək cəhdi olmuşdur. Bunun əsasında müharibə, savaş başlanmışdır. Ancaq bu, istənilən nəticəni verməmişdir. Cürbəcür səbəblər olmuşdur. Siz bunları bilirsiniz. Bunların nəticəsində Azərbaycan öz torpaqlarının bir qismindən geri çəkilibdir, yəni Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının yüzdə iyirmi faizini işğal edibdir. İşğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı, Azərbaycan vətəndaşı yerindən-yurdundan zorla çıxarılbdır. İndi onların əksəriyyəti çadırlarda ağır vəziyyətdə yaşayırlar və şübhəsiz ki, öz torpaqlarına qayıtmaq istəyirlər. Ancaq məlumdur ki, o işğal olunmuş torpaqlarda hər şey viran edilib, dağıdılıbdır. Orada Azərbaycanın əsrlər boyu topladığı iqtisadi potensial dağıdılıbdır. İnsanların əsrlər boyu qurduğu, yaratdığı evlər, əmlak, hər şey dağıdılıbdır. Bizim dini ocaqlarımız - məscidlərimiz, camelərimiz dağıdılıbdır. Xalqımızın qəbiristanları, müqəddəs yerləri dağıdılıbdır. Bu, Azərbaycanın həyatının bütün sahələrini pozmuş bir haldır.

Bilirsiniz ki, 1994-cü ilin may ayında biz atəşi dayandırdıq və atəşkəs haqqında saziş imzaladıq. İndi dörd ildən artıqdır ki, atəş yoxdur. Atəşkəs şəraitində, rejimində yaşayırıq. Ancaq hələ tam sülh də əldə etməmişik. Biz sülh istəyirik. Ancaq sülhün də şərti vardır. Bu şərt ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir, Azərbaycanın ərazi, torpaq bütövlüyü təmin olunmalıdır, Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınmış dövlət sərhədlərinin hamısı təmin olunmalıdır və bunun nəticəsində Ermənistanla Azərbaycan arasında sülh yarana bilər. Dağlıq Qarabağ Azərbaycanın tərkibində kiçik bir vilayətdir. Orada 50 min azərbaycanlı yaşayırdı, onlar oradan çıxarılıbdır. Orada cəmi 100 min erməni yaşayır. Nəhayət, onlar üçün Dağlıq Qarabağa özünüidarəetmə statusu verməyə razı olmuşuq.

Mənim əziz dostum buradakı çıxışında bildirdi ki, 1996-cı ilin dekabr, yəni aralık ayında ATƏT-in Lissabon zirvə görüşündə biz bu şərtləri qəbul etdirə bildik. 54 dövlətdən, Ermənistan istisna olmaq şərti ilə - Ermənistan bunu dəstəkləmədi - 53 dövlət başçısı bunu qəbul etdi və Lissabon zirvə görüşündə belə bir qərar qəbul edildi. Fürsətdən istifadə edib demək istəyirəm ki, həmin o tarixi qərarın qəbul olunmasında da Türkiyənin böyük xidmətləri olmuşdur. Biz Ermənistan - Azərbaycan münaqişəsinin həll edilməsi üçün, Dağlıq Qarabağ məsələsini həll etmək üçün həmişə Türkiyə ilə bərabərik, Türkiyə həmişə bizə dəstək verir, kömək edir. Türkiyə bizimlə birlikdə bu məsələnin həll olunmasına çalışır. Biz Lissabonda da bir yerdə idik. Mənim dostum Süleyman Dəmirəl də, mən də Lissabonda idik. Biz bir yerdə çalışdıq və Türkiyənin, Süleyman Dəmirəlin dəstəyi, bir çox başqa dövlətlərin dəstəyi, demək olar ki, 54 dövlətdən 53-nün bizə dəstək verməsi nəticəsində Lissabon zirvə görüşünün qərarı qəbul olunubdur. Biz indi bunun əsasında tamamilə sülh əldə etmək istəyirik. Mustafa Kamal Atatürkün dediyi sözlər təkcə Türkiyə üçün yox, hamı üçün bu gün də aktual sözlərdir: "Yurdda sülh, bölgədə sülh, cahanda sülh". Biz bunu istəyirik.

Bu barədə, bu mövzuda danışarkən mən xüsusi qeyd etmək istəyirəm ki, - burada bu, bir daha səsləndi - bizim mücadiləmizdə Türkiyə Azərbaycanla bərabər hərəkət edir və edəcəkdir. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir ki, Türkiyə Ermənistanla ümumi sərhədi olmasına baxmayaraq, indiyə qədər Ermənistanla diplomatik əlaqələr qurmayıbdır, Ermənistanla heç bir işbirliyi yapmır və Türkiyə Ermənistana bəyan edibdir ki, Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistan silahlı qüvvələri çıxmayana qədər, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə qədər Türkiyə ilə Ermənistan arasında heç bir əlaqə, heç bir ilişki ola bilməz. Biz bunu yüksək qiymətləndiririk. Bizim xalqımız da buna çox həssasdır.

Mən 1996-cı ildə Türkiyəyə gələndə burada bir neçə söz dedim. Bəzi iş adamları ticarət naminə sərhədlərin açılması, Qarsdan qapının açılması, İqdırdan qapının açılması və s. məsələləri qoymuşdular. Mən gəldim, Böyük Millət Məclisində nitq söylədim, gəldim, İstanbulda da nitq söylədim. Mən dedim ki, bilirsiniz, bizim Türkiyə - Azərbaycan dostluğu, qardaşlığı hər bir ticarətdən alınan gəlirdən qat-qat üstündür. Bizim bu dostluğumuzu, qardaşlığımızı ticarətə qurban vermək olmaz. Bizim xalqımız etiraz etmişdi, qəzetlər yazmışdı ki, bəzi iş adamları Ermənistana getmişdilər, orada iş birliyi yaratmaq istəmişdilər. Sonra mənim dostum Süleyman Dəmirəl bir çox ağıllı, gözəl sözlər dedi. Dedi ki, bu, bizdən asılı deyildir. Bu, Türkiyə xalqından, kamoyundan asılıdır. Kimsə bunu istəsə Türkiyə xalqı, Türkiyə kamoyu buna yol verməz. Biz buna görə minnətdarıq. İnanıram ki, biz bu və bütün başqa məsələlərdə sona qədər bir olacağıq. İnanıram ki, biz birlikdə mücadilə edib, Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəyik. Bütün Qafqazda, bütün bölgədə tam sülhün yaranması bizim üçün də, Türkiyə üçün də, Ermənistan üçün də lazımdır. Ermənistan özü anlamır ki, indi artıq Ermənistan tamam təcrid olunmuş vəziyyətdə qalıbdır.

Məsələn, Türkiyə Cümhuriyyətinin 75 illik yubileyində bütün Qafqaz burada, dünyanın bütün ölkələri burada, Mərkəzi, Orta Asiya hamısı burada, amma Qafqazdan bir Ermənistan yoxdur. Ermənistan təcrid olunmuş vəziyyətdə qalıbdır. Ona görə də Ermənistan bunu anlamalıdır. Siz də, biz də bilirik ki, ermənilər tarixən Türkiyəyə qarşı, Azərbaycana qarşı nə qədər cinayətlər ediblər. Onlar bizə qarşı cinayətlər ediblər, amma eyni zamanda bütün dünyaya yayıblar ki, guya Türkiyə Ermənistana qarşı soyqırım edibdir. Bu, yanlış bir fikirdir. Türkiyə heç vaxt soyqırım etməyibdir. Ermənilər Türkiyəyə qarşı soyqırım ediblər. Ermənilər Azərbaycana qarşı soyqırımı ediblər. 1918-ci ildə böyük bir qırğın törədiblər və Türkiyə ordusu gəlib və azərbaycanlıları ermənilərin əlindən xilas etdi. Bütün bu tarix bizi birləşdiribdir və biz bundan sonra da bir olacağıq. Bizim bugünkü, gələcək işlərimizin əsası məhz buradadır.

Siz bu gün Bakı - Ceyhan boru xətti haqqında danışdınız və mənim xidmətlərimi qiymətləndirdiniz. Çox təşəkkür edirəm. Mən məmnunam ki, bunu Türkiyədə hamı anlaya bilir və buna lazımi qiymət verilir. Həqiqətən, bu, tarixi bir hadisə, olaydır. Çünki Xəzər dənizinin enerji ehtiyatlarının dünyaya açılmasının əsasını, təməlini Azərbaycan qoyubdur. Azərbaycan 50 ildir ki, Xəzər dənizində neft hasil edir. Ancaq biz onu sovetlər birliyi çərçivəsində edirdik. Azərbaycan müstəqillik, istiqlaliyyət əldə edəndən sonra, Azərbaycan suveren dövlət olandan sonra bütün işlərini, öz taleyini özü həll edir. Mən bunu dünən imzalanma mərasimində dedim. Dedim ki, indi ən böyük hadisə bir də ondan ibarətdir ki, biz müstəqilik, müstəqil olaraq özümüz öz taleyimizi həll edirik və istədiyimiz addımı atırıq. Dünən Bakı - Ceyhan haqqında bəyannamənin imzalanması da tarixi bir hadisə olmuşdur.

Biz buna uzun bir yol ilə gəlmişik. Bilirsiniz ki, 1994-cü ilin sentyabr ayında Azərbaycan dünyanın ən böyük şirkətləri ilə, 7 ölkənin 11 şirkətinin yaratdığı bir konsorsiumla müqavilə imzaladı. Bu, dünyada bir partlayış oldu. Elə bil ki, bomba partladı. Çünki bu böyük müqavilədir və buna dünya "Əsrin müqaviləsi" adı verdi. Buna sevinənlər də oldu, ancaq bundan rahatsız olanlar da oldu. Azərbaycana qarşı təzyiqlər, basqınlar başladı: "Nə üçün Azərbaycan bunu etdi? Nə üçün Azərbaycan Amerika, İngiltərə, Türkiyə, Norveç və başqa ölkələrin şirkətlərini Xəzər dənizinə gətirdi? - Bizi qınadılar, məhkum etdilər, bizim əleyhimizə təbliğat apardılar. Guya bu müqavilə həyata keçməyəcəkdir, çünki Xəzər dənizinin statusu məlum deyildir. Hətta o müqaviləni imzalayan şirkətlər qorxdular, bizim yanımıza gəldilər ki, bu nədir, deyirlər bu müqavilə işləməyəcəkdir.

Rusiya bəyanat verdi ki, Rusiya bu müqaviləni tanımır. Amma Rusiyanın bir şirkəti bu müqavilənin içindədir. Rusiyanın xarici işlər nazirliyi bəyanat verdi ki, Rusiya bu müqaviləni tanımır. Başqa bir xarici Qərb ölkəsinin xarici işlər naziri mənim yanıma gəldi, dedi ki, bəs nə olacaqdır, bunu tanımırlar. Dedim, bunun tanınmasına görə sən niyə rahatsız olursan? Bizə onların tanıması lazımdırmı? Bizim buna ehtiyacımız yoxdur.

Sonra Xəzər dənizinin statusu məsələsi meydana çıxdı: "Xəzər dənizinin statusu müəyyən olunmayıbdır, belə halda bu müqaviləni imzalamaq olmaz". Biz də dedik ki, Xəzər dənizinin statusu hələ 1970-ci ildə Sovetlər Birliyi tərəfindən müəyyən olunubdur. Çünki o vaxt Xəzər dənizi Sovetlər Birliyinə məxsus idi. Xəzər dənizinin cənubunun kiçik bir hissəsi İrana məxsus idi. Qalan hamısı Sovetlər Birliyinə məxsus idi. İndi Sovetlər Birliyi dağılıbdır. Xəzər dənizi ətrafında ölkələr vardır - Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran. Cəmi beş ölkə. Keçmişdə yaranmış ənənəyə görə Xəzər dənizi sektorlara bölünübdür. Burada yerləşən hər cümhuriyyətin Xəzər dənizində öz sektoru vardır. Biz öz sektorumuzun içindəyik, öz sektorumuzdan kənara çıxmamışıq. Söylədilər ki, bu sektor prinsipi qəbul edilmir. Xəzər dənizi ümumi dəniz olmalıdır - kim harada istəyir, qoy orada iş görsün. Biz isə dedik ki, belə olmaz. Bu sektor prinsipini bizdən başqa heç kəs qəbul etmədi. Ancaq mən sizə deyə bilərəm ki, indi hamı, bütün Xəzər dənizi ölkələri - Rusiya da, Qazaxıstan da, Türkmənistan da, hətta İran da sektor prinsipini qəbul edir. Yəni 1994-cü ildə bizim müqavilənin əleyhinə çıxanlar deyirdilər ki, sektor prinsipi qəbul olunmur, status müəyyən deyil və bu işi görmək olmaz.

Amma görün onlar nə işlər gördülər. 1994-cü il sentyabr ayının 20-də biz müqavilə imzaladıq. Sentyabr ayının 21-22-də Azərbaycanda böyük bir cinayət törədildi. Azərbaycanda dörd cinayətkar bir ölkənin xüsusi xidmət orqanları tərəfindən həbsxanadan çıxarılıb qaçırıldı. Azərbaycanın daxilində bir qarışıqlıq yarandı.

Mən Nyu-Yorka, Birləşmiş Millətlər Təşkilatının toplantısına getmişdim. Mən Nyu-Yorkda olanda Azərbaycanın Milli Məclisinin başqan yardımçısını və bir albayı terror edib öldürdülər.

Mən Nyu-Yorkdan geriyə dönərkən buraya, İstanbula gəldim. Süleyman Dəmirəl məni burada qarşıladı. Azərbaycanda elə bir vəziyyət yaranmışdı ki, Azərbaycanda artıq çevriliş baş verirdi. Güman edirdilər ki, Heydər Əliyev Azərbaycana qayıda bilməyəcəkdir. Ancaq mən buraya, İstanbula gəldim. Burada dostum Süleyman Dəmirəllə görüşdüm və Bakıya getdim. Ondan bir həftə sonra, oktyabr ayının 3-4-də Azərbaycanda çevriliş, dərbə olayı başladı. Mən nə etməli idim? O vaxt mənim əlimdə o qədər də güc, silah yox idi. O vaxta qədər Azərbaycanın durumu ayrı-ayrı qanunsuz silahlı dəstələrin əlində idi. Mən televiziya vasitəsilə xalqa müraciət etdim. Siz onu eşitdiniz. İki saatın içərisində gecə vaxtı prezident, cümhur başqanı sarayının önünə yarım milyon insan toplaşdı. Onlar Azərbaycanın dövlətini, Azərbaycanın prezidentini, cümhur başqanını qorudular.

Çevriliş cəhdini nə üçün edirdilər? Bu, həmin o müqaviləyə zərbə vurmaq üçün edilirdi. Bunu bizi pozmaq, müstəqil Azərbaycan dövlətini dağıtmaq üçün etdilər. Amma biz dözdük, bunun qarşısını aldıq.

1995-ci ilin mart ayında da bir dərbə olayı oldu. Siz bunu bilirsiniz, bu məlumdur. Təəssüflər olsun ki, Türkiyədən də bəzi məmurlar, Türkiyənin Bakıdakı böyük elçiliyində işləyənlərin bəziləri də bu işə qatılmışdılar. Siz bunu bilirsiniz. Onlar da Azərbaycanın prezidentini öldürmək, hakimiyyəti ələ almaq istəyirdilər. Bu da cürbəcür ölkələrin xüsusi xidmət orqanlarının işləri idi. Bu da Azərbaycanın nefti üçün edilirdi, Azərbaycanın o müqaviləsini dağıtmaq üçün edilirdi. Biz bunun da qarşısını aldıq.

Sonra biz işləməyə başladıq. Dedilər ki, bu olmayacaq, o olmayacaq və s. Ancaq işlədik və keçən il noyabr ayının 12-də ilkin nefti aldıq. Hörmətli baş nazir Məsud Yılmaz gəlib orada bizim bayramımızda iştirak etdi. Oraya bütün dünya gəldi. İlkin nefti aldıq və onu Bakı-Novorossiysk xətti ilə Rusiyanın Qara dənizdə olan Novorossiysk limanına xaric etdik. İndi ora neft gedir.

Həmin o "Çıraq" neft yatağında səkkiz quyu qazılıbdır. Biz hər quyudan bir gündə 500 ton neft gözləyirdiksə, indi iki min ton, yəni dörd dəfə artıq alırıq. İndi həmin o bir yataqdan gündə 10 min ton neft çıxır. Amma orada 8 quyu yox, 24 quyu olmalıdır və bu yaxınlarda da olacaqdır. Demək, gündə üç dəfə artacaqdır. Hesablayın, bir yataqdan gündə 30-35 min ton neft çıxacaqdır. Biz müqaviləni imzalayanda üç yataqdan - "Azəri", "Çıraq", "Günəşli" yataqlarından proqnoz olaraq 510 milyon ton neft gözlənilirdi. Amma işlədiyimiz müddətdə bu rəqəm artıb - 630 milyon ton neft gözlənilir.

Biz sonralar yeni müqavilələr imzaladıq. Dörd il içərisində biz 15 müqavilə imzalamışıq. Hər bir müqavilənin özünün böyük bir işi vardır və bütün bu 15 müqavilədən gözlədiyimiz proqnoza görə, bir milyard beş yüz milyon ton neft çıxacaqdır, ola bilsin ki, 60-70 milyard kubmetr qaz çıxacaqdır. 15 müqavilə üzrə şirkətlərin Azərbaycana yatırımı 50 milyard dollar məbləğində olacaqdır.

Bilirsiniz ki, bu nefti ixrac etmək lazımdır. Yenə də bizə maneçilik törədirdilər. Mən Bakı - Ceyhanı 1994-cü ildə bəyan etdim. Yəni bildirdim ki, Azərbaycandan dünya bazarına çıxan neft Bakı-Ceyhan xətti ilə getməlidir. Dörd ildir ki, biz bu Bakı - Ceyhan marşrutunu reallaşdırmaq üçün çalışmışıq.

Türkiyədə də çox rahatsızdırlar. Hər dəfə Türkiyənin qəzetçiləri məndən soruşanda - ya buraya gələndə, yaxud da başqa yerdə - birinci sual belə olubdur ki, Bakı-Ceyhan necə olacaqdır? Hər dəfə demişəm ki, Bakı-Ceyhan olacaqdır. Nə vaxt olacaqdır? Demişəm ki, tələsməyin, gözləyin, olacaqdır. Mən bunu bir-iki il bundan öncə İstanbulda demişəm, Bakıda Türkiyənin bütün mətbuat nümayəndələrinin hamısına demişəm. İndi bu gün sizə də deyirəm. Bakı - Ceyhan artıq var.

Dünən bizim imzaladığımız bəyannaməni bir neçə vaxtdır hazırlayırdıq. Şübhəsiz ki, bu bəyannamə birinci növbədə Azərbaycan ilə Türkiyə arasında idi. Amma Gürcüstan olmasa biz Türkiyəyə keçə bilmərik. Demək, Gürcüstan da olmalıdır. Ancaq biz son vaxtlar işlərimizi genişləndiririk və bu işə Qazaxıstan da, Özbəkistan da cəlb olundu. Hətta biz Türkmənistanı da cəlb etməyə çalışdıq, amma o, dünən imza atmadı. Güman edirəm, gələcəkdə atacaqdır.

Beləliklə, əgər dörd il bundan öncə Bakı-Ceyhan haqqında ancaq Azərbaycan və Türkiyə düşünürdüsə, indi, dörd il keçəndən sonra Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan da cəlb olundu.

Beləliklə, əgər dörd il bundan öncə Bakı - Ceyhan haqqında ancaq Azərbaycan və Türkiyə düşünürdüsə, indi, dörd il keçəndən sonra Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və ABŞ-ın energetika naziri bu bəyannaməni imzaladı, bunu, Bakı - Ceyhanı dəstəklədi. Bu, artıq real bir şeydir.

Doğrudur, buna bu gün də mane olanlar var. Siz bilməlisiniz ki, digər konsorsiumlar hələ iş aparırlar. Amma Xəzər dənizindən neft çıxaran əsas konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 11 şirkətdən ibarətdir. Bunlar Bakı - Ceyhanı istəmirlər və bir neçə dəfə bizim Dövlət Neft Şirkətində olublar, rəqəmlər, yazılar, kağızlar veriblər. Onlar deyirlər ki, "Bakı-Ceyhan bahadır, biz ucuz istəyirik. Siyasət bizə lazım deyildir. Bizə para, kommersiya lazımdır. Biz para qoymuşuq və para, qazanc götürmək istəyirik". Son zamanlar onlar Bakı-Ceyhanın qiymətini də artırıblar. Məlumat verdilər ki, bu, 3 milyard 900 milyon dollara başa gələcəkdir. Bir il bundan öncə demişdilər ki, 2 milyard 700 milyon dollar olacaqdır. İndi deyirlər 3 milyard 900 milyon dollar. Şübhəsiz ki, bu paranı, vəsaiti onlar qoymalıdırlar. Buraya özəl şirkətlər para qoya bilməz, bunu onlar qoymalıdırlar. Çünki bu layihəni onlar həyata keçirirlər.

Məsələn, indiyə qədər həmin konsorsium Azərbaycana 1 milyard 600 milyon dollar yatırım, sərmayə gətiribdir. Yəni indiyədək görülən işlərə 1 milyard 600 milyon dollar yatırım qoyulubdur. Bundan sonra da qoyulacaqdır.

Mən sizə dedim, Bakı - Novorossiysk boru xətti tikildi. İndi oradan neft gedir. İndi Gürcüstanın Qara dənizdə Supsa limanı vardır, oraya Bakı - Supsa boru xətti çəkilir. O da gələn il aprel ayının sonuna qədər hazır olacaqdır. Biz oradan da neft ixrac edəcəyik. Ona görə də konsorsiumun rəhbərləri deyirlər ki, bizim iki boru xəttimiz vardır - biri Novorossiyskə, biri də Supsaya gedir. Hələ ki, biz çıxardığımız nefti ixrac edirik. Bakı -Ceyhanı tikməyə nə üçün tələsməliyik, ora nə üçün para qoymalıyıq? Biz paranı qoyan kimi, gərək qazancı da götürək. Bunları da anlamaq, başa düşmək olar. Ona görə də onlar buna etiraz edirlər.

Mən buraya gəlməmişdən öncə onları qəbul etdim, onlarla danışdıq. Bizim Dövlət Neft Şirkətinin prezidenti və onlar mənə 15 gün ərzində bu layihənin həqiqi qiyməti barədə birgə hesabat verməlidirlər. Bunlara baxmayaraq, mən qərar qəbul etdim ki, Bakı - Ceyhan yaradılmalıdır və bu bəyannamə imzalanmalıdır. Bilin ki, bu bəyannamənin layihəsini də biz hazırlamışıq. Burada Türkiyəyə və başqalarına payladıq və dünən də buna imza atdıq. Bu, tarixi bir hadisədir.

Hesab edirəm ki, Bakı - Ceyhan bir bu gün, ya da sabah üçün deyildir. Bizim bu işimiz yüz ildən çox yaşayacaqdır. Mən sizə dedim, çünki bizim Azərbaycan sektorunda 15 müqavilə imzalanıbdır. İndi Qazaxıstan bizdən rica edir. Qazaxıstanın həm Xəzər dənizi sektorunda, həm də qurudakı "Tengiz" yatağında çoxlu nefti vardır. Onlar da bunu ixrac etmək istəyirlər. Gələcəkdə Türkmənistan da bu yol ilə getməyə məcbur olacaqdır. Bu da olacaqdır.

İndi mən deyirəm ki, bizim müqavilələr üzrə bir milyard 500 milyon ton proqnozlaşdırılır, amma bu proqnoz bir neçə dəfə artacaqdır. Onlar da gələcəkdir. Ona görə bu, ən azı XXI əsrin sonuna qədər yaşayacaqdır. Biz xalqlarımızı, dövlətlərimizi, ölkələrimizi birləşdirən və gələcək nəsillərə XXI əsrdə böyük bir töhfə olan Bakı - Ceyhan boru xətti haqqında bəyannaməni dünən imzaladıq. Mən bunu böyük tarixi hadisə hesab edirəm və bu münasibətlə sizi də təbrik edirəm. Sizin bu işə yüksək diqqət verməyinizi, maraq göstərməyinizi mən qiymətləndirirəm və əmin ola bilərsiniz ki, Azərbaycanın siyasəti, Azərbaycan prezidenti Heydər Əliyevin siyasəti sabitdir və axıra qədər də sabit olacaqdır.

Türkiyə ilə Azərbaycan arasında olan əməkdaşlıq, iş birliyi genişdir. Mənim dostum artıq bu barədə dedi ki, Azərbaycanda Türkiyənin 10 mindən çox insanı çalışır. Şirkətlər çoxdur. Amma hələ imkanlar da bundan çoxdur.

Mən prezident seçiləndən sonra oktyabr ayının 18-də andiçmə mərasimində demişəm və bunu burada bir daha bəyan edirəm: Biz Azərbaycana xarici sərmayənin, yatırımın gəlməsi üçün daha da əlverişli şərtlər yaradacağıq. Mən bilirəm ki, Azərbaycanda bəzi iş adamlarının iş görməsi üçün ayrı-ayrı məmurlar maneçilik edirlər. Ayrı-ayrı yerlərdə bəlkə qanunlar da o qədər ona imkan vermir. Bilin ki, bunlar bizə çatır. Amma siz də anlayın ki, mən müstəqilliyin yeddi ilinin beş ilində bütün bu mərhələləri keçib gəlməyə məcbur oldum. Bunların hamısını birdən etmək mümkün deyildir. Ancaq biz bunları edirik və edəcəyik. Yəni xarici sərmayənin, o cümlədən Türkiyədən yatırımların, iş adamlarının gəlib Azərbaycanda iş görməsi üçün biz bundan sonra daha da uyğun, əlverişli şərait yaradacağıq.

Mən hesab edirəm ki, bugünkü görüşümüz Türkiyə - Azərbaycan dostluğunun, əməkdaşlığının inkişaf etməsi üçün yeni bir addımdır. Ona görə bu görüşə, mənə göstərdiyiniz bu qayğıya, diqqətə, hörmət və ehtirama görə sizə təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, mən bundan sonra da bu dostluğa, bu qardaşlığa sadiq olacağam. Sağ olun.

"Azərbaycan" qəzeti, 1 noyabr 1998-ci il.