Xalq artisti Mirzə Babayevə - Bakı şəhəri, 17 may 2002-ci il


Hörmətli Mirzə Babayev!

Sizi, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsini ifaçılıq yaradıcılığınızın 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycanda estrada musiqisinin təşəkkül tapmasında və inkişafında böyük xidmətləri olan sənətkarlardansınız. Dövlət Caz Orkestrinin ilk solistlərindən biri kimi çıxışlarınız bu musiqi janrının qısa müddət ərzində ölkəmizdə geniş yayılmasında mühüm rol oynamışdır. Ürəyəyatan səs, orijinal ifaçılıq tərzi və yüksək səhnə mədəniyyəti ilə səciyyələnən yaradıcılığınız musiqi tariximizdə ayrıca bir mərhələ kimi qiymətləndirilə bilər. Azərbaycan bəstəkarlarının yüzlərlə mahnısı məhz sizin ifanızda musiqisevərlər arasında geniş şöhrət tapmış, Sizə isə xalq arasında böyük rəğbət və məhəbbət qazandırmışdır.

Siz XX əsrdə öz çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin surətli inkişafına töhfələr vermiş ziyalılar nəslinə mənsub olan insanlardansınız. Pərəstişkarlarınız sizi təkcə müğənni kimi deyil, həm də, aktyor, memar və rəssam kimi tanıyırlar. Bir çox bədii filmlərdə yaratdığınız obrazlar öz təbiiliyi, orijinallığı və təsir gücü ilə kinoşünasların diqqətini cəlb etmiş, kino həvəskarları tərəfındən yüksək qiymətləndirilmişdir.

Sevindirici haldır ki, artıq dillər əzbəri olmuş mahnılarınızı yaşınızın bu müdrik çağında da əsl gənclik həvəsi ilə oxuyursunuz. Musiqi mədəniyyətimizə böyük məhəbbət və sıx bağlılıqla səciyyələnən fəaliyyətiniz sənətə sonsuz sədaqət nümunəsi, əsl həyat məktəbidir. İnanıram ki, hələ neçə-neçə sənətkarlar nəsli bu məktəbdən, sizin zəngin təcrübənizdən faydalanaraq Azərbaycan musiqisinin inkişaf etdirilməsinə öz layiqli payını verəcəkdir.

Sizə cansağlığı və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 may 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT